Saytını göstər, tamaşaya bilet sifariş edim

Saytını göstər, tamaşaya bilet sifariş edim

Mədəniyyət
23 Yanvar 2020, 10:00 1569
Və ya mədəniyyət ocaqlarının zəmanədən geri qalan "vizit kartları”

Təxminən bir neçə il bundan əvvələ qədər mədəniyyət ocaqlarımızın, xüsusən də teatrlarımızın saytlarının fəaliyyət göstərməsi böyük bir mədəni hadisə kimi qiymətləndirilirdi. İndi isə nəinki paytaxt teatrları, hətta bölgə teatrlarının da saytları var. Mədəniyyət ocaqlarının, xüsusən də teatrların saytın olması həm onların, həm də teatra getməyə maraqlı olan tamaşaçıların xeyrinədir. Belə odluğu təqdirdə hər iki tərəfin işi asanlaşır. İndi texnologiya əsridir. Tamaşaçı hansı teatrda hansı tamaşanın olacağını və saat necədə başlayacağını öyrənmək üçün tetarın binasına getməməli və ya qəzetlərə nəzər salmamalıdır. Eləcə, tarların, mədəniyyət ocaqlarının saytlarında onları maraqlandıra n bütün məlumatları əldə etməlidir. Texnoloji vasitələrə uyğunlaşmaq istəyən, yeni trendlərə açıq olan, inkişafı düşünən bütün mədəniyyət ocaqları bu amili nəzərə almalıdır. Üstəlik, mədəniyyət ocağının saytı həm də bütün dünyaya çıxışdır. İndi Azərbaycana milyonlarla turist gəlir. Turistlərin sayı ildən-ilə də artır. Təbii, o turistlər arasında mədəniyyət ocaqlarına, tetrlara getmək istəyənlər də var. Azərbaycana gəlməyi planlaşdıran belə turistlər hələ səfərdən əvvəl teatrların afişaları ilə maraqlanırlar, məlumat əldə etməyə çaşırlar. Sayt, bir növ teatrların vizit kartı rolunu oynayır. Sayt, həm də teatrın beynəlxalq arenada tanıdılmasına kömək edir. Bir çox teatrlarımızın beynəlxalq festivallarda iştirakı da məhz sayt vasitəsi ilə gerçəkləşib. Belə ki, xarici festivallarda teatrın fəaliyyəti və repertuarı ilə tanış olduqdan sonra dəvət göndərirlər.
Biz də bu amilləri nəzər alıb mədəniyyət ocaqlarının, teatrların saytlarının hansı vəziyyətdə olduğunu araşdırmaq qərarına gəldik.

Ölkədə ilk saytı yaradılan mədəniyyət ocaqlarından biri Heydər Əliyev Sarayı olub. Sarayın ha_saray.az saytı fəlaiyyət göstərir. Hazırda saytda yenilənmə işləri aparılır. Belə ki, yeni sistemə keçidlə bağlı sayt fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Saryala bağlı məlumatlar isə sosial şəbəkələrdə - "Facebook”, "İnstagram” səhifələrində və "Youtube” kanalında yayılır.
 
Teatrlara gəldikdə isə öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının saytına baş çəkdik. Bir neçə il bundan öncə "Azdrama.az” saytının yaradılması üçün 5000 manat vəsait xərcləndiyi barədə məlumat yayıldığını xatırlayıram. Hətta teatrın saytının yaradılması ilə bağlı təmtəraqlı mətbuat konfransı da keçirilmişdi. Saytın müxtəlif bölmələri var ki, burada əsas diqqəti mətbuat bölməsi çəkir. Mətbuatda Akademik Milli Dram Teatr haqqında davamlı materiallar dərc olunsa da, saytdakı bu bölmədə cəmi 4 məqalə yerləşdirilib. Sonuncu material isə 3 ay bundan əvvəl yer alıb. Yerləşdirilən 4 məqalə arasında bir il fasilə var. Saytın ən aktiv hissəsi isə aktyor truppasıdır ki, burada Xalq, əməkdar və dram artistləri bölməsi var. Saytın ana səhifəsində isə bir ay bundan əvvəl Aydın Talıbzadənin "Kaspiy” qəzetində dərc olunan müsahibəsi yerləşdirilib. Saytda aylıq olaraq teatrın repertuarı
yerləşdirilir və hər ay repertuar yenilənir.
 
Ölkədə digər böyük və masştablı teatr olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrıdır. Elə teatrlar arasında da ilk sayt məhz bu teatra məxsusdur. "Tob.az” saytında ən son xəbər 2020-ci ilin yanvarın 14-də yerləşdirilib. Yerləşdirilən material isə xalq artisti "Fidan Hacıyevanın ifasında Karmen yenidən canlanacaq” xəbəridir. Saytda teatr, opera, balet, xor, simfoniya, repertuar, anonslar, qalareya, xəbərlər, media və əlaqə bölməsi mövcuddur. Saytda teatrın tarixi də öz əksini tapıb. Saytın repertuar bölümündə teatrda oynanılan tamaşaların annotasiyası da yerləşdirilib.

Akademik Rus Dram Teatrının "Rusdrama-az.com” saytı 2008-ci ildən fəaliyyət göstərir. Saytın xəbərlər bölümü, ümumiyyətlə, yoxdur. Xəbər bölümü yerində isə sosial şəbəkələrə yönləndirmələr var ki, saytda daxil olan izləyici ilk növbədə xəbərləri sosial şəbəkədən öyrənmək imkanı əldə edir.
Yenicə Akademik statusu alan Akademik Musiqili Teatrın "Musiqiliteatr.az” saytı fəaliyyət göstərir. Saytda teatrın repertuarında olan tamaşalar ön planda nümayiş olunur. Daha sonra isə xəbərlər diqqəti çəkir. Sayta ən son xəbər yanvarın 17-də yerləşdirilib. Belə ki, həmin xəbər yanvarın 31-də teatrda nümayiş olunacaq "Fransızsayağı qarnir” tamaşası haqqında qısa məlumatdan ibarətdir. Bundan öncəki xəbər isə 2020-ci ilin yanvarın 1-də "İstintaq” tamaşasının məşq prosesi haqqındadır. Saytda teatrın qastrol səfərləri, nailiyyətləri, əldə etdikləri uğurlar öz əksini tapıb.

Üslubuna görə seçilən teatrlarımızdan olan Azərbaycan Dövlət Pantomima Teatrının saytına da baş çəkdik. "Pantomima.az” saytı teatrın repertuarında olan tamaşalarla bəzədilib. Hər ayın sonu saytda yeni ayın repertuarı yer alır. Di gəl ki, saytın xəbər bölümündə cəmi 2 xəbər yerləşdirilib. Hansı ki, ən azı ayda iki dəfə bu teatrla bağlı materiallar, aktyorlardan alınan müsahibələr mətbuatda dərc olunur. Saytda yerləşdirilən o iki xəbərin ən sonuncusu isə 2010-cu ilin oktyabrında yerləşdirilib. Saytın məqalələr bölümü də fəaliyyət göstərir ki, o bölmədə 4 material dərc olunub. Ən sonuncu material 2011-ci ildə yerləşdirilib.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının "Kuklateatri.az” saytına da diqqət ayırdıq. Bu teatrda hər ayın sonunda yeni ayın repertuarı yerləşdirilir. Saytda teatrın nəzdində fəaliyyət göstərən "Oyuq teatr studiyası”nın da məlumatları yer alır. Saytda xəbərlər bölməsi yer almayıb.
 
Teatrların saytlarına baş çəkdikdən sonra görünən mənzərə odur ki, mətbuatda teatrlarımız haqqında dərc olunan məqalələr heç də onların saytlarında yerləşdirilmir. Teatrlarımızın saytları "üstü bəzək, içi təzək” şəklində fəaliyyət göstərir. Belə ki, bər-bəzəkli sayt kimi diqqəti çəksələr də, amma xəbər qıtlığı yaşayırlar. Xəbərlərini 3-5 aydan bir, hətta illərlə yeniləməyən saytlar var. Məsələ isə ondadır ki, bu gün yerli mətbuatda mütəmadi olaraq teatrlarımız barədə yazılar, aktyorlardan alınan müsahibələr dərc olunur. Amma teatrların saytları bu yazılara, müsahibələrə olduqca biganə münasibət göstərirlər. Görünən odur ki, teatrlarla bağlı dərc olunan yazılar, aktyorlardan alınan müsahibələr və ya onların haqqındakı portret məqalələr saytların fəaliyyətinə məsul şəxslərin maraq dairəsində deyil. "Müasir dövrdə sayt teatrın vizit kartıdır” dedik. Teatrın tamaşalarına getmək istəyən tamaşaçı öncə onun saytına baş çəkir. Bu saytlara baş çəkən tamaşaçı, o teatrların tamaşalarına niyə bilet sifariş versin ki? Axı eləcə, saytların fəaliyyətindən hiss olunur ki, teatrlarımız müasirliklə ayaqlaşa bilmirlər.

Xəyalə Rəis