Sayğacın nə fərqi?
"Azəriqaz”ın sayğac dəyişikliyi əhalini narazı
salıb, qurum isə deyir ki...
"Dekabr ayının18-i "Azəriqaz” smart kartla olan
sayğacı dəyişib mexaniki sayğac quraşdırdı. Yanvarın 1-i isə 458 kub qazın
ödənişi gəldi. Mexaniki sayğacın hesablamalarına görə, 13 günə 82 manatlıq qaz
işlətmişəm. Halbuki, bundan öncəki smart kartla 1 aya 45 manat qaz istifadə
edirdim. Bu, necə olur? Smart sayğacla 1
aya 45 manat istehlak etdiyim halda nə baş verir ki, digər sayğacla 13 günə bu
rəqəm 82 manat olur?”
"Yenə də
həmin koordinat, həmin dalğadır”
"Multimedia”
İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, istehlakçının şübhələnməsi üçün həmişə
əsaslar olacaq: "Azəriqaz” təbii inhisar subyektinin saytında yalnız bir növ
sayğac, "İTRON” firmasının istehsalı olan smartkart tipli sayğac haqqında məlumat
var. Hansı ki, bunlar da mexaniki-elektron tipli ilə əvəz olunmağa başlayıb.
Qalan sayğaclar haqqında məlumatlar rəsmi resursdan yığışdırılıb və ya
ümumiyyətlə belə məlumatlar saytda açıqlanmayıb. İndi "Azəriqaz” rəsmi olaraq
açıqlayıb ki, 1 fevral tarixdən daha bir yeni növ sayğaclar quraşdıracaq. Bu
dəfə Almaniya istehsalı olan "Zenner” markalı sayğaclara üstünlük veriləcək.
Qurum elan edib ki, bu sayğacların zavod tərəfindən quraşdırılan proqram
təminatına qurum tərəfindən müdaxilə edilib və yeni, əlavə bir yerli proqram
təminatları quraşdırılıb. Maraqlı məqam odur ki, bu proqram təminatının kim
tərəfindən hazırlanması, aidiyyəti dövlət qurumu tərəfindən audit edilməsi,
hansı funksiyanı icra etməsi haqqında heç bir kəlmə açıqlanmayıb. Yenə də həmin
koordinat, həmin dalğadır. Xidməti satan da, tərəzini alıb ona müdaxilə edən
də, tərəzidə çəkən də özüdür. Məlumatları emal edən proqram təminatını da özü
hazırlayıb, alınan məlumatları da özü ötürür. Odur ki, biz yenə o fikirdə
qalırıq ki, yuxarıda sadalanan funksiyalar xidməti verənin özündə qalacaqsa,
hansı tip sayğacın qoyulmasından asılı olmayaraq, istehlakçının şübhələnməsi
üçün həmişə əsaslar olacaq. Çünki sistemin mahiyyəti bu cür şübhələrə əsas
yaradır”.
"Bəzi sayğaclar sərfiyyatı normaya uyğun
hesablamayıb”
"İstismar
müddəti bitmiş” ifadəsi düzgün deyil”
"Azəriqaz”
İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, Energetika Nazirliyinin yaydığı
məlumatda qeyd olunub ki, istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı
laboratoriya şəraitində yoxlanılıb: "Əslində, "istismar müddəti bitmiş” ifadəsi
düzgün deyil. Çünki istismar müddəti başa çatmış sayğaclar artıq istifadəyə
yararsızdır. Burada söhbət ondan gedir ki, narazı vətəndaşlara açıq qapı
günlərində mexaniki elektron sayğaclarını yoxlamaya təqdim etmələrini demişdik.
Həmçinin dövlət yoxlanış müddəti var ki, 5 ildən bir əhali abonent qrupunda
tədqiq olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin tətbiq etdiyi qaydalarla 5 ildən bir əhali abonent
qrupunda sayğacları dövlət yoxlanışına götürülür. Həmin prosesdə də açıq qapı
günlərində biz vətəndaşlara dedik ki, dövlət yoxlanışında sayğaclar necə
yoxlanılır, gəlib baxa bilərlər. Eyni zamanda, mexaniki elektron sayğac
istəməyən narazı abonentlərin iştirakı ilə sayğacların yoxlanışa götürülməsi
üçün tam şəffaf şərait yaradılmışdı. Bir sözlə, "istismar müddəti bitmiş”
ifadəsi düzgün deyil. Artıq ödəniş qeydə alınmayıb, belə bir hal
təsdiqlənməyib. Sadəcə, oradakı cümlə qəlizdir, hamı elə başa düşüb ki, abonent
artıq ödəniş edib”.
"İstehlakçıların
hüquqlarını tam təmənnasız qoruyaram”
Azad
İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da qeyd edib ki, istehlakçılardan hər gün sayğaclarla
bağlı şikayətlər qəbul edirlər: "İstehlakçılar düşünür ki, dəyişdirilən
sayğaclar çox yazır. AİB sayğaclarla bağlı müəyyən tədqiqatlar aparıb. Məlum
olub ki, istehlakçıların bu fikirləri haqsızdır. Ona görə də "Azəriqaz” İB ilə
danışıq nəticəsində belə qərar verildi ki, fevral ayının 1-dən istehlakçıların
seçim hüququ tam təmin edilsin. Yəni istehlakçı istəyərsə, smart tipli sayğac,
istəməzsə də elektron-mexaniki sayğac qoyular. Qeyd edim ki, bu sayğaclar
mexaniki olsa da, ağıllı sayğaclardır, çoxlu funksiyaları var. İstehlakçıların
seçim hüququ var, bununla bağlı hər hansı problemləri olarsa, buyursunlar, bizə
müraciət etsinlər: 012 441 28 33 nömrəsi ilə əlaqə saxlasınlar, onların
hüquqlarını tam təmənnasız qoruyarıq”.
Hazırda
istifadədə olan sayğaclar hansı xüsusiyyətlərinə görə fərqlənir?
"Azəriqaz”dan
verilən
məlumata görə, öncədən ödəniş tipli sayğacın (smart-kart tipli sayğac) və
mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq
yoxdur, ölçmə prosesi eynidir. Hər birinin daxili mexaniki hissəsinin quruluşu
da eynidir. Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. Belə
ki, abonent öncədən ödəniş tipli sayğaclarda dövri olaraq istehlak edəcəyi
qazın dəyərini əvvəlcədən karta yükləyir və bəlli həcmdə qaz həcmini öncədən
alır, sonra isə alınan həcmdə qazı istifadə edir.
Öncədən ödəniş tipli sayğacla müqayisədə
mexaniki-elektron sayğac vasitəsi ilə hansısa bir zaman kəsiyində istifadə
edilmiş qazın həcmini abonent asan müəyyən edə bilir. Ümumiyyətlə, qeyd
olunmalıdır ki, Avropanın əksər ölkələrində öncədən ödəniş tipli sayğacdan
istifadə çox azdır.
Seçim
vətəndaşındır...
Əhalinin narazılığını nəzərə alan "Azəriqaz”ın baş direktoru Ruslan Əliyev
də seçimi vətəndaşların ixtiyarına verdiklərini bəyan edib: "Hörmətli
abonentlər, müştəri məmnuniyyətini daim üstün tutan "Azəriqaz” İstehsalat
Birliyi dövlət yoxlanışı üçün sayğacları əvəzləyərkən seçimi sizin ixtiyarınıza
verib. Yəni siz əvəzlənəcək sayğacın yerinə tam sərbəst şəkildə ya
mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilərsiniz. Hesab edirəm
ki, "mexaniki-elektron sayğacım sərfiyyatı çox qeydə alır” deyən abonentlər
üçün də əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner” markalı yeni
sayğaclar quraşdırıldıqdan sonra onlar da razı qalacaqlar. Narahat olmayın,
kifayət qədər əvvəlcədən ödənişli sayğacımız var, istəkləriniz yerinə
yetiriləcək”.
Aygün ƏZİZ