AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Satanın da, alanın da olmadığı bazar

Satanın da, alanın da olmadığı bazar

İqtisadiyyat
01 İyul 2020, 11:00 371
Və ya elektron mağaza səhm bazarının formalaşmasına yardım edəcək? 
 
Azərbaycanda səhm almağa imkan yaradacaq elektron mağaza yaradılacaq. Bununla bağlı "Apa”ya "Investme” layihəsinin rəhbəri Emin Sultanov deyib. Onun sözlərinə görə, mağaza investor və sahibkarlar arasında investisiya əlaqələrini yaxşılaşdırmaq məqsədilə yaradılan "investme.az”onlayn platforma çərçivəsində fəaliyyət göstərəcək: "Birjanın necə işlədiyini, səhmləri necə alacağını bir o qədər dərindən bilməyən, lakin vəsaitini yatırmaq istəyən müştərilər sözügedən platforma vasitəsilə istədiyi şirkətin səhmlərini əldə edə biləcək. Əlbəttə, bu əməliyyatları aparmaq üçün zəruri olan hüquqi və maliyyə komponentlər mövcuddur. Məhz buna görə də, bu layihədə tərəfdaş qismində "BTB Capital Investment” investisiya şirkəti çıxış edir”.

Layihə rəhbəri onu da əlavə edib ki, elektron mağaza vasitəsilə müştərilər həm yerli, həm də ABŞ, Avropa və Türkiyə şirkətlərinin səhmlərini ala biləcəklər. Digər ölkələrin də bu sistemdə olması, əslində yaxşı haldır. Ancaq biz yerli şirkətlərin bu duruma necə hazır olmasına toxunaq. Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimli deyir ki, Azərbaycanda səhm bazarının işləməsi üçün qanunvericilik, infrastrukturu olsa da, işin "amma”sı var: "Qanunvericilik, infrastruktur formalaşıb və onlar işləyir. Milli Depozit Mərkəzi, Bakı Fond Birjası 2000-ci illərdə yaranıb.  Azərbaycanda hazırda 7-8 investisiya şirkəti fəaliyyət göstərir. Və ölkəmizdə 1500-dən çox açıq səhmdar cəmiyyət var. Onlar açıq səhmdar cəmiyyət olduqları üçün səhmləri alınıb-satıla bilər. Təəssüf ki Azərbaycanda açıq səhmdar cəmiyyətlərin səhmlərinin böyük hissəsi məhdud insanların əlindədir. Onlar isə əllərində olan səhmləri alğı-satqıya çıxarmırlar, qapalı şəkildə saxlayırlar”.

C.İbrahimlinin sözlərinə görə, dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi ilə bazara daha çox səhm daxil oldu. Ancaq investorlar o müəssisələrin səhmlərini almaqda maraqlı deyillər: "Azərbaycanda dövlət müəssisələrinin bir hissəsinin özəlləşdirilməsi prosesi getdi və onlar açıq cəmiyyətə çevrildi, bu zaman həmin müəssisələr Milli Depozit Mərkəzində qeydiyyatdan keçdi və Bakı Fond Birjasında alğı-satqının aparılması mümkün oldu. Köhnə dövrdən qalan, müasir standartlara cavab verməyən həmin müəssisələrin çoxunda korporativ idarəetmə standartlarının tətbiqi aşağı səviyyədə olduğu üçün maliyyə hesabatlılıqları qaneedici deyil. Maliyyə hesabatlılığı şəffaf olmayan strukturların səhmlərinin investorlar tərəfindən alınması isə bu bazarın ruhuna uyğun deyil. Vətəndaş, şirkətin parametrlərini, vəziyyətini görmədən o şirkətə investisiya etməz. Səhmdar cəmiyyətlərin böyük əksəriyyəti ölü vəziyyətində işləyir. Gəlir gətirməyən, ölü vəziyyətdə işləyən bir müəssisənin səhmləri heç kimə lazım deyil”.

Ekspert bildirir ki, Azərbaycandakı açıq səhmdar cəmiyyətlərinin böyük səhmdarları, səhmlərin açıq şəkildə bazarda hərəkətində o qədər də maraqlı deyillər: "Bu olmadığı müddətdə, səhmlərin alğı-satqısında, istər-istəməz bir tormozlanma mexanizmi avtomatik işə düşür. Bu səhmlərin alğı-satqısını aparmaq prosesi çətinləşir. Şirkət, səhmlərinin bazarda real qiymətinin formalaşmasında, layihələrinin maliyyələşdirilməsi üçün bu vasitə ilə uzunmüddətli kapital cəlb etməkdə maraqlı olmalıdır. Bu çox maraqlı olmadığı üçün Azərbaycanın səhm bazarında əməliyyat həcmləri, qiymət dəyişmələri məhduddur”.

C.İbrahimli qeyd etdi ki, onlayn mağaza yaradılması həm investorların, həm emitentlərin (səhm buraxan şirkət) məlumatlandırılması cəhətdən önəmli olacaq: "Xüsusilə investorlar üçün bunu vacib hesab edirəm. Nəticə etibarilə hazırda Azərbaycanda mövcud investisiya şirkətləri, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının vahid elektron sistemi üzərindən əməliyyat gedir. Ən böyük rəqəmsal elektronlaşma bu bazarda olub. Sadəcə olaraq, orda mexanizmdə bir çətinlik var ki, investor istəyəndə, fond birjasından çıxıb birbaşa hansısa kağızı elektron şəkildə, xarici bazarlarda gördüyümüz formada özü ala, sifariş göndərə bilmir. Bizim elektron və ticarət  mexanizminin içərisində infrastrukturun zəif olduğu nöqtə oradır”.

İqtisadçı ekspert Ramin Rəhimov bildirdi ki, belə bir onlayn mağazanın olması müsbət addımdır, ancaq gözlənilən nəticəni qısa müddətdə verməyəcək: "Bizdə qiymətli kağızlar bazarı hələ o dərəcədə inkişaf etməyib. Sadəcə olaraq, məhdud sayda şirkətlərin istiqrazları, eyni zamanda səhmləri Bakı Fond Birjası vasitəsilə satışa çıxarılır. Əgər elektron səhm mağazası yaradılacaqsa, səhm sahiblərinə daha geniş imkan verəcək ki, daha ucuz tariflər hesabına öz səhmlərini satışa çıxarsınlar. Bu, ilkin mərhələdə bizə gözlədiyimiz effekti verməyəcək. Çünki bizdə qiymətli kağızlar bazarına o dərəcədə inam da yoxdur. Əhalimiz tam həssasdır. Son dönəmlər bir neçə bankın bağlanması əhalinin banklara, maliyyə təşkilatlarına olan inamını azaldıb. Səhmlərin də əsas istehlakçıları hüquqi şəxslər, kampaniyalar, şirkətlərdirsə, bizdə hazırda bazar durğun vəziyyətdədir. Yəni yerli səhm sahiblərinin səhmlərini emisiya edərək, ikinci bazarda satılmasına qısa müddətdə nail olmaq gözlənilən effekti verməyəcək. Amma uzunmüddətli dövr üçün baxsaq, bu, gözəl addımdır. Artıq hər bir şəxs istənilən vaxt öz şəxsi platformasını yaradaraq onun üzərindən elektron səhm mağazasına daxil olaraq investisiya portfelini formalaşdıra bilər. Portfelin istər özü, istər də peşəkarlara həvalə olunması vasitəsilə səmərəli idarə olunması qiymətli kağızların inkişafına təkan verə bilər. Bunları nəzərə alsaq, gözəl addımdır”.

R.Rəhimovun sözlərinə görə, yaxşı nəticə əldə edilməsi, həm də hüquqi bazadan asılı olacaq: "Elektron mağaza yaradılarkən hüququ baza hansı formada olacaq? Səhmlərin satışa çıxarılması zamanı tələb olunan ilkin marja məbləği , ticari platformaların hansı formada qurulması və s. bütün bunlarla bağlı hüquqi baza olmalıdır. İnanmıram ki hazırkı vəziyyətdə bizim yerli qanunvericilik bunu dəstəkləyəcək səviyyədə olsun”.

Ekspert bildirdi ki, səhm bazarının inkişaf etməməsi ilk növbədə təşkilatların, şirkətlərin maliyyə dayanıqlılığı ilə bağlı beynəlxalq investorlar qarşısında öz nəticələrini göstərə bilməmələrinə səbəb olur. Bu da ölkəyə xarici kapital axınını məhdudlaşdırır: "Beynəlxalq reytinq agentlikləri tərəfindən müəssisələrin reytinqləri verilir. Bizdə şirkətlər o reytinqlərdən kənarda qaldıqları üçün səhm bazarında şirkətlərin səhmlərinin real bazar dəyəri formalaşmır. Bu da ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərən amillərdəndir. İqtisadiyyatın inkişafı həm daxili bazarın formalaşdırılması, istehsalatın genişləndirilməsi, həm də buna təkan verə biləcək maliyyə sektorunun formalaşdırılmasından asılıdır. Kapital axınının, investorların cəlb olunması, maliyyə resurslarının formalaşdırılması önəmlidir. Bazarda xarici kapitalın cəlb olunması istər ticari sərmayələrin yatırımları, istər uzunmüddətli olaraq səhmlərə edilmiş yatırımlarla əldə edilir”.

Ekspert hesab edir ki, elektron səhm mağazası yaradılarkən ilk növbədə müstəqil reytinq agentlikləri formalaşdırılsa, daha yaxşı olar: "Reytinq agentlikləri nəinki maliyyə institutlarının (bank, kredit təşkilatları), eyni zamanda şirkətlərin kredit, maliyyə sabitliyi və s. ilə bağlı reytinqi aparılmalıdır. Artıq həmin elektron mağazaya daxil olarkən qısa müddətdə reytinq almış şirkətlərin səhmləri ədalətli bazar dəyəri qazanacaq, qiymətləri və faiz dərəcələri cəlbedici olacaq”.

Aygün Asimqızı