AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sarkisyanın impiçmenti tələb olundu

Sarkisyanın impiçmenti tələb olundu

Siyasət
28 Noyabr 2014, 09:35 912
Ermənistana məxsus helikopterin vurulması prezident Serj Sarkisyanın istefasını daha da yaxınlaşdırıb. Artıq müxalifət Sarkisyanın impiçmenti məsələsini gündəmə gətirib. Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan Serj Sarkisyanın impiçmentini elan etmək təşəbbüsü ilə çıxış edib. Sarkisyanın prezident səlahiyyətlərinə xitam verilməsi məsələsi müxtəlif partiyalarda da ciddi şəkildə müzakirə edilir.

“Biz hakimiyyətin tam dəyişdirilməsinə aparan istənilən təşəbbüsü dəstəkləyirik” - deyə “İRS” partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan jurnalistlərə bildirib. Erməni deputatın ideyası ilə bağlı “Daşnaksutyun” və “Çiçəklənən Ermənistan” partiyaları, başqa ictimai təşkilatların da fikirlərini açıqlayacaqları gözlənilir. Politoloqlar Ermənistan dövlət başçısının impiçmentini tamamilə mümkün hesab edirlər. Ermənistan konstitusiyasına görə, bu məsələni parlamentin plenar iclasına çıxarmaq üçün 44 deputatın imzasını toplamaq yetərlidir.

Yeri gəlmişkən, bu məsələ erməni müxalifətinin dekabrın 10-da İrəvanda keçiriləcək ümumerməni mitinqi və etiraz marşında da prioritet şüar kimi səslənəcək. Belə ki, aksiyada əsas tələb prezident Serj Sarkisyanın vəzifədən getməsi elan edilib.

Öz növbəsində, Ermənistanın ilk prezidenti və müxalif “Ermənistan Milli Konqresi”nin (EMK) lideri Levon Ter-Petrosyan bildirib ki, konstitusiya çərçivəsində ümumxalq təzyiqi yolu ilə hakimiyyətin istefaya getməsinə nail olmaq niyyətindədirlər. Ter-Petrosyan “EMK”, “Çiçəklənən Ermənistan” və “İrs” partiyalarının birgə nümayişində səsləndirdiyi fikri yenidən təkrar edib. Onun sözlərinə görə, hakimiyyəti istefaya göndərdikdən sonra növbədənkənar azad və ədalətli prezident və parlament seçkilərini keçirməyi təmin edəcəklər: “Cinayətkar və rüşvətxor hakimiyyətdən azad olmağın vaxtı artıq çatıb” - deyə eks-prezident qeyd edib. Mitinqdə hökumətdə dəyişikliklərin edilməsi tələb olunub və etirazçılar hər tərəfdən mühasirədə olan ölkədəki hal-hazırkı rəhbərləri yoxsulluğun və korrupsiyanın qarşısını ala bilməməkdə təqsirləndirib. Sarkisyana istefa şüarları səslənən mitinqdə 12 tələb irəli sürülüb. Qeyd edək ki, son vaxtlar mütəmadi olaraq Ermənistanda insanlar etiraza qalxaraq hazırkı hakimiyyətdən narazılıqlarını ifadə edirlər.

Ən maraqlısı odur ki, hakimiyyət müxalifətə qarşı ən müxtəlif təzyiq vasitələri həyata keçirir. Məsələn, son 24 saat ərzində Ermənistan paytaxtında müxalif “Predparlament” təşkilatının 4 nümayəndəsinin - Şagen Petrosyan, Vardan Akopyan, Varujana Avetisyan və Susanna Melkonyanın avtomobilləri yandırılıb. Təşkilatın digər üzvü Karo Eqnukyanın maşınının yandırılmasına cəhd olunsa da, bunun qarşısı alınıb. Qeyd edək ki, təşkilatın məhz bu nümayəndələri öz maşınları ilə “100 illiyə rejimsiz” avtomobil yarışında iştirak ediblər. Yarışın keçirilməsində məqsəd qondarma “erməni soyqırımı”nın 100 illiyinə qədər Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirməkdir.

Bu arada, Ermənistanın parlament üçlüyü (“Ermənistan Milli Konqresi”, “İrs” və “Çiçəklənən Ermənistan”) hökumətə təqdim etdiyi 12 tələb üzrə hakimiyyətlə danışıqlar aparılmasını mənasız hesab edən bəyanat yayıb. Bunu jurnalistlərə “Ermənistan Milli Konqresi”nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. Onun sözlərinə görə, bu, vaxtı uzatmaqdan başqa bir şey deyil: “Hakimiyyət bununla ümumxalq hərəkatının gücünü sındırmaq niyyətindədir”.

Öz növbəsində, “İrs” partiyasının lideri Raffi Ovanisyan hesab edir ki, Ermənistanda düşüncə, xalq, vətəndaş və milli gələcək inqilabına ehtiyac var: “Hər şey konstitusiya çərçivəsində həyata keçirilməlidir. Bu inqilab konstitusiya çərçivəsində, dinc və qanuni olacaq”. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan və hökumət istefaya getməli, bundan sonra isə müvəqqəti hökumət formalaşdırmaq lazımdır: “Ermənistanda xalq artıq hakimiyyətə inanmır. Buna görə də Serj Sarkisyan tezliklə istefaya getməlidir”.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan isə bəyan edib ki, ölkədə zərurət yaranacağı təqdirdə, cəmiyyəti səfərbər etməyə hazır olan qərargahlar formalaşdırılacaq. Ermənistan Mərkəzi Bankının keçmiş sədri, iqtisadçı Baqrat Asatryan isə bu qənaətdədir ki, ölkə sürətlə iqtisadi fəlakətə sürüklənir. O, ölkənin 2015-ci il dövlət büdcəsinin iflasa uğradığını açıqlayıb. Əlavə edib ki, büdcədə cüzi də olsa, iqtisadi artım proqnozlaşdırılmır. Gəlirlərin artım səviyyəsi 4,4%, xərc hissəsi isə 4,3% nəzərdə tutulur. Bu, narahatlıq üçün ciddi əsas yaradır. Ümumiyyətlə, ölkəni fəlakət gözləyir. Ermənistan üçün 2015-ci il təhlükə altındadır və buna səbəb Rusiyadır”. Asatryan hökuməti 2015-ci ildə gözlənilən maliyyə problemləri haqqında ictimaiyyətə məlumat verməməkdə günahlandırıb. O, həmçinin qeyd edib ki, Ermənistan parlamentinin iqtisadiyyat üzrə komissiyası Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə sazişi bəyənib. 5 deputat sənədin lehinə, 2 deputat isə əleyhinə səs verib.

Müstəqil ekspertlər Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün imzalanan sənədi təslim aktı sayırlar və qurumda rəsmi üzvlüyə başlanılan 1 yanvar 2015-ci il tarixini Ermənistan dövlətçiliyinin sonu kimi dəyərləndirirlər.

Azər NURİYEV