AZE | RUS | ENG |

Saqi, turistə şərab süz

Saqi, turistə şərab süz
Mütəxəssislər deyirlər ki, turistlər getdikləri ölkələrin şərab mədəniyyəti ilə tanış olmaqda maraqlıdırlar

Turistlərin maraq dairəsi fərqli olur. Biri getdiyi yeri tarixi abidələrə görə seçərsə, digərini mətbəx maraqlandırar, başqası təbiət qoynunda dincəlmək istəyər, yaxud dəniz, çimərlik və s. məqamlar onun üçün daha zövqverici olar. Ona görə, turist cəlb etmək üçün gərək mümkün olan bütün potensialdan istifadə edəsən. Bu üsullardan biri də şərabçılıqdır, yəni şərab turizmi.

Və dünya təcrübəsində bundan geniş istifadə olunur. Heç uzağa getməyək. Gürcüstanda Şərab muzeyi, Ukraynada "Lvivarnya” Pivə Tarixinin Muzey-mədəniyyət mərkəzi, Moldovanın "Mileştii Miçi” şərab anbarı və s. nümunələri göstərmək olar. 

Hətta ötən ayın əvvəli Gürcüstanın Milli Turizm Administrasiyası bir kampaniyaya başlamışdı. Kampaniya çərçivəsində Gürcüstana gələn turistlərə hava limanında gürcü şərabı hədiyyə edilirdi. Turizm administrasiyasının dediyinə görə, bu kampaniyanın məqsədi gürcü şərabının populyarlaşdırılması və turistlərin ölkəyə cəlb olunmasıdır.

Anbarlar, muzeylər, festivallar və s. üsullarla şərabları, şərabçılıq ənənələrini, o dadları turistlərə çatdırmaq artıq dünya təcrübəsində geniş istifadə olunur. Əgər bir dadan bir də dadmaq istəsə, təbii ki, artıq o turist həmin ölkənin şərablarının alıcısına çevrilir. Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir? Ölkəmizə gələn turistlərin şərablarımız, şərabçılıq ənənələrimizlə tanışlığı üçün nə kimi imkanlar var?

Azərbaycan Turizm Asossiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var: "Şərab turizminin Azərbaycanda öz tarixi ənənələri var. Qafqazda şərab turizmi əvvəldən mühüm rol oynayıb. Hələ SSRİ dövründə Azərbaycan şərabları, xüsusilə, şirin şərablar medallara layiq görülmüşdü. SSRİ dağılandan sonra şərab turizmi "axsadı". Ona görə ki, artıq üzüm ağacları, tingliklər məhv edilmişdi. Son illərdə isə şərabçılıq yenidən inkişaf etmək üzrədir. Tovuz, Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ kimi rayonlarda şərab turizmini inkişaf etdirmək üçün lazım olan müəssisələr fəaliyyət göstərir. Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları təbliğ və təşviq aparmalıdır. Şərab turizminin ənənələrini davam etdirmək, proqramlar yaratmaq, marşrutlar təşkil etmək olar. Bu sahənin geniş reklamı aparılmalıdır. Bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilməlidir".

Turizm Assosiasiyası sədrinin müşavirinin sözlərinə görə, şərab turizmi ilə Avropa ölkələrinin vətəndaşlarını Azərbaycana turist kimi cəlb etmək olar: "Avropa ölkələrinin əksəriyyətində bu turizm sahəsinə maraq var. Bir sıra Asiya ölkələri də şərab turizmi çərçivəsində Azərbaycana cəlb oluna bilər. Bunun üçün həmin ölkələrdə təbliğat aparılmalıdır".

Turizm Assosiasiyasından qəzetimizə bildirildi ki, qurum bu işi daim diqqətdə saxlayır. Şərab istehsalçıları ilə danışıqlar gedir, turizm şirkətlərinin maarifləndirilməsi istiqamətində işlər görülür.

Son vaxtlar şərabçılığın turistlərə təqdim olunması ilə bağlı Şamaxı rayonun Meysəri kəndində yerləşən "Abqora” restoran və şərab klubunun adı çox çəkilir. "Abqora”nın öz zavodunda istehsal olunan şərablar restoranda müştərilərə təqdim olunur. Bununla yanaşı, məkanda şərabçılıq turları da təşkil edilir. Bu haqda "Kaspi”yə danışan "Abqora” restoran və şərab klubunun meneceri Şahin Hümbətov deyir ki, şərabçılıq turları ilə maraqlananlar əsasən turistlərdir, ancaq yerli əhali arasında da tur üçün gələnlər az deyil: "Restoranımız ötən ilin dekabr ayında açılıb. Şərab turlarımız isə açılışdan bir neçə ay sonra fəaliyyətə başladı. Bu işdə yeniyik, şərablarımızın növləri hələ ki, çox deyil. Ancaq turistlər maraqlanıb gəlirlər. Zavodumuzu görməyə, şərablarımızın dadına baxmağa gələnlər arasında Avropa və Ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edir. Bizim kompleksin ərazisində restoran və şərab zavodu fəaliyyət göstərir. Restoran olaraq iaşə xidməti də göstəririk, ancaq qonaq tur üçün gəlibsə, onu restoranda qəbul edirik, sonra tura başlayırıq, zavodla tanış edirik. Tur üçün birbaşa restoranla əlaqə saxlayıb gələnlər də olur. Sosial şəbəkə səhifələrimizdə turla bağlı məlumat yerləşdirmişik. Bir də turizm şirkətləri turlar təşkil edirlər, əvvəlcədən əlaqə saxlayıb qeydiyyata yazılırlar, biz onun əsasında qonaqları qəbul edib tur təşkil edirik”.

Ş.Hümbətov bildirdi ki, tur çərçivəsində ilk olaraq qonaqlar şərabın hazırlanması prosesi ilə tanış olurlar: "Zavodda üzümün qəbul edilməsindən tutmuş, üzərinə stikerlərin yapışdırılmasına qədər, bütün proseslə tanış olurlar. Oonlara hər bir proses izah edilir. Sonra qonaqlar dequstasiya otağına dəvət olunurlar. O otaq restoranın mənfi ikinci mərtəbəsində yerləşir. Burda isə qonaqlara dequstasiya servisi olur, şərabların dadına baxırlar. Və bu müddətdə qonaqlara şərabla bağlı məlumat verilir, sualları ətraflı şəkildə cavablandırılır”.

Ş.Hümbətov qeyd etdi ki, qonaqların şərab turu ilə bağlı təəssüratları gözəl olur: "Təbii ki, şərab turuna gələnlər şəraba sevgisi, marağı olan şəxslərdir. Ona görə, onlara təqdim olunan məhsulun keyfiyyətinə fikir verirlər. Bizdən çox yaxşı təəssüratla ayrılırlar, çünki məhsullarımız yüksək keyfiyyətdə hazırlanır. Bizim şərabın bioloji sertifikatı var. Bu, Azərbaycanda bir ilkdir. Fransanın ECOCERT firması tərəfindən 3 illik nəzarətdən sonra verilən sertifikatdır. Ona görə, bütün qonaqlarımızın burdan ayrılanda təəssüratı çox yaxşı olur”.

Turizm üzrə ekspert Əhməd Qurbanov deyir ki, şərabçılıq turizmi əksər turistləri maraqlandırır: "Çünki şərab dünyada populyar içki növüdür. Hətta müəyyən kəsim insanlar var ki, bu içkinin fanatıdır. Onlara da getdikləri ölkənin şərab mədəniyyəti, istehsal müəssisələri ilə tanış olmaq xoş gəlir, bunu tələb edirlər. Ona görə, bu turizm növü də dünyada geniş yayılıb. Hər ölkənin özünəməxsus şərabçılıq mədəniyyəti var və turistlər də bu mədəniyyətlə tanış olmağa maraq göstərirlər. Azərbaycanda turizmin bir çox növləri hazırda gündəmdədir. Şərabçılıq da bunlardan biridir. Təəssüf ki Azərbaycanda şərabçılıq turizmi ilə bağlı kütləvi şəkildə işlər görülmür, amma müəyyən addımlar atılır”.

Ə.Qurbanovun sözlərinə görə, turizm şirkətləri turistləri şərabçılıqla tanış etməklə bağlı aktivlik göstərsələr, müəssisələr onlar üçün şərait yaradarlar: "Düzü, sırf şərabçılıq turizmi ilə bağlı ayrılmış yerlər o qədər də yoxdur. Amma bu, həm də hər bir turizm şirkətinin özündən asılı olan məsələdir. Əgər turistlərinin bu turizm növünə marağı olarsa, onlar İsmayıllı, Qəbələ, Tovuz və s. yerlərdəki şərab müəssisələri ilə danışıqlar aparsalar, istehsalçılar məmnuniyyətlə, həm istehsalat prosesini göstərərlər, həm dequstasiya etmələrinə şərait yaradarlar, həm də master-klasslar təşkil edərlər. Yəni bunları etmək mümkündür. Turizm şirkətləri tərəfindən istək olarsa, şərabçılar onlar üçün şərait yaradarlar”.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973