AZE | RUS | ENG |

Şamaxıdan Balakənə qədər beynəlxalq turizm zonası

Şamaxıdan Balakənə qədər beynəlxalq turizm zonası
Ekspertlər böyük potensiala malik olan bu bölgənin perspektiv inkişafı ilə bağlı Prezidentin müəyyən etdiyi istiqaməti real və faydalı hesab edirlər

Son dövrlərdə qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biri hesab olunur. Bu məqsədlə həyata keçirilən  yeni iqtisadi islahtalar qeyri-neft sektorunun  inkişafına daha da təkan verməkdədir. Azərbaycan güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsi də getdikcə inkişaf etməkdədir. Bu günlərdə ölkənin şimal-qərb bölgəsinə səfər edən Prezident İlham Əliyev də turizmin əhəmiyyətindən söz açıb. 

APA-nın məlumatına görə, Prezident İlham Əliyev İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd edib ki, son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur: "Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi. Qəbələdə beynəlxalq aeroport tikildi. İndi beynəlxalq uçuşlar həyata keçirilir. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir. Bu gün mən İsmayıllı-Qaraməryəm yolunun açılışını etmişəm. Yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, əlbəttə ki, turizm üçün əsas şərtdir”.

Bəs görəsən, belə bir layihənin həyata keçirilməsi ümumilikdə ölkə iqtisadiyyatına necə təsir edəcək? Hazırda bu sahədə hansı boşluqlar mövcuddur?

Turizm üzrə araşdırmaçı Əhməd Əlili deyir ki, hazırda Azərbaycanda  turizmin inkişafına mane olan əsas problemlərdən biri viza məsələsidir: "İslam ölkələri ilə vizanın ləğvindən sonra turistlərin sayının artması bir daha göstərdi ki, viza bu sahədə böyük rol oynayır. Xüsusilə Avropa ölkələrində hər zaman yeni turizm mərkəzləri diqqətdə saxlanılır. Onlar yeni turizm nöqtələri axtarmaqda hər zaman maraqlıdırlar. Həmçinin Avropa ölkələri üçün viza şərtləri bir qədər sadələşdikdən sonra Avropadan ölkəyə turist axınının sürətlənəcəyi də istisna deyil”.

Ə.Əlilinin sözlərinə görə, şimal-qərb bölgəsində beynəlxalq turizm zonasının yaradılması məsələsi çox vacibdir: "Azərbaycanın mərkəzi aran rayonlarını çıxmaq şərti ilə, bütün regionlarının kifayət qədər turizm potensialı var. Ümumilikdə götürəndə, Azərbaycan ərazisinə görə, özlüyündə turizm baxımından kifyayət qədər cəlbedici ölkədir. Sözügedən zonada turizmin inkişaf etdirilməsi üçün həmin zonadan olan sahibkarlar üçün xüsusi güzəştlər tətbiq olunmalıdır. Hesab edirəm ki, bu, indiki halda mümkündür. Burada beynəlxalq təcrübədən Yaponiyanı misal çəkmək olar. Onlar daxili və yaxud da regional turizmin inkişafı üçün yerlərdə olan müxtəlif toplumların mədəniyyətinə investisiya qoymağa başladılar. Bu baxımdan Azərbaycan da multikultural və tolerant bir ölkədir. Ölkənin tərkibində kifayət qədər müxtəliflik var. Məhz regionlardakı indentikliyi inkişaf etdirməklə turistləri müxtəlif bölgələrə cəlb etmək olar”.

İqtisadçı Rəşad Həsənov da deyir ki, turizm hazırda ən potensiallı sektorlardan biri hesab olunur: "Xüsusilə ölkəyə valyuta axınının azaldığı bir dövrdə qısa müddətdə itirilmiş valyutanın müəyyən bir qisminin kompensasiya olunmasında turizmin inkişafı böyük rol oynayacaq. Son dövrlərdə bu sektorun əsas prioritetlər sırasına daxil olmasının əsas səbəbi də elə bu amil hesab olunur. Bu sahədə əsas problemlərdən biri infrastruktur məsələsidir. İnfrastrukturun təkmilləşdirilməsi ilə bağlı əvvəllər də müəyyən addımlar atılıb və hazırda da bu proses davam etdirilir. Lakin Azərbaycan turizminə xarici investisiyanın cəlb edilməsində müəyyən problemlər hələ də var. Burada əsas məsələlərdən biri investorların inandırılmasıdır”.

R.Həsənov bildirdi ki, özəl sektorun da üzərinə böyük məsuliyyət düşür: "Manatın devalvasiyasının müsbət təsirlərini turizm sektorunda hiss etmək mümkündür. Belə ki, əvvəlki dövrlərdə qiymətlər baxımından sektorun rəqabətliliyi yox idi. Məhz bu səbəbdən də hətta daxili turistlər belə, yerli turizm imkanlarından az istifadə edirdi. Devalvasiyadan sonra bu məsələlərdə müəyyən yumşalma müşahidə olunur. Devalvasiya təbii olaraq turizm qiymətlərinin rəqabətliliyini artırıb. İndi əsas məsuliyyət turizm işçilərinin üzərinə düşür. Onlar xidmət keyfiyyətlərini artırmalı, qiymətləri region ölkələri ilə balanslaşdırmalı, eyni zamanda, növbəti dövrlər üçün öz gəlirlərinin müəyyən bir qismini yeni infrastrukturun formalaşmasına yönəltməlidirlər ki, mövcud turizm imkanlarını genişləndirə bilsinlər. Qeyd edim ki, şimal zonasının təbiəti də turizmin inkişafına imkan verir. Burada müəyyən infrastruktur artıq formalaşıb. Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ kimi rayonlarda böyük turizm potensialı mövcuddur. Bu bölgələr artıq yavaş-yavaş beynəlxalq səviyyədə də turizm bölgəsi olaraq tanınır”. 

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov qəzetimizə açıqlamasında bildirdi ki, bu sahədəki vəziyyət bir neçə il bundan öncə ilə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib: "Prezidentin İsmayıllıya səfəri zamanı Şamaxıdan Balakənə qədər beynəlxalq turizm zonasının yaradılması haqqında verdiyi tapşırıqlar isə bu sahədə mövcud olan imkanların daha sürətlə realllaşdırılmasını təmin etməyə yönəlik bir addımdır. Digər tərəfdən, Bakıda keçirilən "Formula-1” yarışları öncəsi xarici vətəndaşlara viza verilməsi məsələlərinin sadələşdirilməsi turistlərin ölkəyə axınının artmasına səbəb olan amillərdən biridir. Azərbaycan turizm baxımından cəlbedici ölkələrdən biridir. Statistikaya görə, təkcə Şəki şəhərinə gələn turistlərin sayı son bir neçə il ərzində 10 dəfələrlə artıb. Bu, o deməkdir ki, ora gələn insanlar həm də təbliğatçı rolunu oynayaraq, ətraflarında olan digər şəxslərin də ölkəmizə gəlməsinə vasitəçilik edirlər. Ən başlıca məsələ isə odur ki, Azərbaycanda tam ictimai-siyasi sabitlik hökm sürür və bura gələn hər bir turist təhlükəsizliyinin yüksək səviyyədə qorunacağına əmindir”.

F.Yusifov qeyd etdi ki, yaranmış vəziyyətdə ölkənin turizm sektoru bütün məsələlərin həllində çevilklik nümayiş etdirməyi bacarmalıdır: "Təssüf ki, hələlik bu sahədəki bəzi məsələlərdə biz bir qədər geridə qalırıq. Turizm sektorunun ən ciddi məsələlərindən biri qiymət siyasətini düzgün qura bilməkdir. Bu gün turizm sektorunda xidmət göstərənlər qonşu dövlətlərin, xüsusilə də Türkiyənin təcrübəsindən faydalanmalıdırlar. İnsanlar haradasa istirahət üçün seçim edərkən kompüter qarşısında oturaraq, bu barədə araşdırma aparırlar. Onlar qiymətləri, xidmətin keyfiyyətini müqayisə edirlər. Bu baxımdan, bizdə turizm xidməti göstərənlər qiymət məsələlərində reallığa söykənməlidirlər”.

Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6958
GBP 1 İngilis funt sterlinqi 2.2839
TRY 1 Türk lirəsi 0.3765
KWD 1 Küveyt dinarı 5.6280
SEK 1 İsveç kronu 0.1939
EUR 1 Avro 1.9978
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000