Sadəcə küləyi düşünün...
(Haruki Murakaminin "Küləyin nəğməsini dinlə” romanı haqqında düşüncələr)
Haruki Murakami yaradıcılığa "Küləyin nəğməsini dinlə” adlı romanı ilə başlamışdır. Romanın adı XX əsr amerikan yazıçısı Truman Kapotenin 1947-ci ildə qələmə aldığı "Shut a Final Door” (Son qapını bağla) hekayəsinin sonuncu – "Heç bir şey düşünməyin, küləyi düşünün” cümləsindən götürülmüşdür. H.Murakami 1978-ci ildə ilk romanını tamamladıqdan sonra onu "Bungey” ədəbiyyat jurnalının gənc istedadlar müsabiqəsinə göndərmişdir. 1979-cu ilin aprel ayında roman müsabiqənin qalibi olaraq "Yeni yazarlar üçün Gunzo mükafatı”na layiq görülmüşdür. "Küləyin nəğməsini dinlə” romanının ilkin adı "Happy Birthday and White Christmas” (Ad günün mübarək və Bəyaz Milad bayramı) olmuşdur. 1979-cu il iyul ayının 23-də Kodanşa nəşriyyatında "Küləyin nəğməsini dinlə” adı ilə işıq üzü görən romanın üz qabığında ilkin adı "Happy Birthday and White Christmas” sözləri də öz əksini tapmışdır. Roman 81-ci "Akutaqava mükafatı”na namizəd göstərilmiş, əhəmiyyətli bir əsər olaraq dəyərləndirilsə də, mükafatı qazana bilməmişdir. Əsər 1981-ci ildə rejissor Kazuki Omori tərəfindən ekranlaşdırılmışdır.
Haruki Murakami yaradıcılığa "Küləyin nəğməsini dinlə” adlı romanı ilə başlamışdır. Romanın adı XX əsr amerikan yazıçısı Truman Kapotenin 1947-ci ildə qələmə aldığı "Shut a Final Door” (Son qapını bağla) hekayəsinin sonuncu – "Heç bir şey düşünməyin, küləyi düşünün” cümləsindən götürülmüşdür. H.Murakami 1978-ci ildə ilk romanını tamamladıqdan sonra onu "Bungey” ədəbiyyat jurnalının gənc istedadlar müsabiqəsinə göndərmişdir. 1979-cu ilin aprel ayında roman müsabiqənin qalibi olaraq "Yeni yazarlar üçün Gunzo mükafatı”na layiq görülmüşdür. "Küləyin nəğməsini dinlə” romanının ilkin adı "Happy Birthday and White Christmas” (Ad günün mübarək və Bəyaz Milad bayramı) olmuşdur. 1979-cu il iyul ayının 23-də Kodanşa nəşriyyatında "Küləyin nəğməsini dinlə” adı ilə işıq üzü görən romanın üz qabığında ilkin adı "Happy Birthday and White Christmas” sözləri də öz əksini tapmışdır. Roman 81-ci "Akutaqava mükafatı”na namizəd göstərilmiş, əhəmiyyətli bir əsər olaraq dəyərləndirilsə də, mükafatı qazana bilməmişdir. Əsər 1981-ci ildə rejissor Kazuki Omori tərəfindən ekranlaşdırılmışdır.
Yeniyetməlik
illərini Qərb ədəbiyyatı oxumaqla keçirən və Ədəbiyyat fakültəsini bitirən
Haruki Murakami yaradıcılığa 29 yaşında başlamışdır. "Heç ağlımın ucundan belə
keçirməmişdim, lakin roman yazmağı düşündüm” deyən yazıçı ilk addımını 1978-ci
il aprel ayında atmışdır. Həmin ilin 1 aprel tarixində Cinqu stadionunda çəmənlikdə
uzanıb beyzbol yarışını izləyən H.Murakami anidən roman yazmağa qərar
vermişdir: "Mənim, "Bəli, mən roman yazım” deyə ilk dəfə ağlımdan keçirdiyim
andı bu. Açıq səma, yaşıl tər çəmənlərin toxunuşu, beyzbol çomağının həzz verən
səsini hələ də xatırlayıram. O an göydən bir şey səssizcə süzülərək aşağı enmiş
və mən də onu uğurlu şəkildə yaxalamışdım sanki”.
H.Murakami yaradıcılığının erkən dönəmlərində caz
klub-bar işlədirdi, yazmağa isə iş arası 30 dəqiqə – 1 saat vaxt ayırırdı. İlk qələm təcrübəsi
"Küləyin nəğməsini dinlə” məhz iş arası fasilələrdə fiziki yorğunluqla, zamanla
yarışaraq yazılan romandır. Baxmayaraq ki,
romanda müəyyən yeniliklər var, lakin duyğular çox zəifdir. H.Murakami əsəri xronoloji ardıcıllıqla yazmadığını,
hər bir səhnəni ayrılıqda yazıb, sonradan onları tam parça halına gətirdiyini
bildirmişdir. Əsərin ilk səhifələrində mətnin yazılmasının əhəmiyyətindən
danışılaraq özünümüalicə üçün faydalı olacağı nəzərə çatdırılır. Əsərin təhkiyyəçisi
– baş qəhrəmanı adsız "Boku – Mən” Derek Hartfild yaradıcılığından bəhrələndiyini
xüsusi diqqətə çatdırır. Bundan sonrakı hissələrdə isə oxuculara ötürülən bir
ismarış yoxdur, əsərin hər hansı bir ideyası önə çıxmır. Təhkiyyəçi 1970-ci
ilin yay tətili zamanı Tokyodan doğma şəhəri olan Kobeyə dönmüş və 18 gün müddətində
həyatındakı əhvalatları nəql etmişdir. Romanın xüsusi bir ideyası olmadığını
vurğulayan yazıçı bu məsələyə belə bir aydınlıq gətirmişdir: "Burada mənim də anlamadığım çoxlu şeylər var.
Çox şey bilinməyən şəkildə meydana çıxır, sanki avtomatik yazı kimi. İlk səhifələrdə
demək istədiklərimi yazmışam, sonrasında isə heç bir mesaj yoxdur. Mən heç nəşr
olunacağını belə düşünmürdüm”.
H.Murakami bədii yaradıcılığa özünümüalicə üsulu kimi başlamışdır. Gənc Harukinin
atası ilə olan problemli münasibətləri, yaxın dostunu itirməsi, ilk uğursuz eşq
macəraları kimi məsələlər yazıçıya böyük təsir göstərmişdir. Yazıçının
avtobioqrafik cizgilərlə zəngin ilk yaradıcılıq məhsulu olan "Küləyin nəğməsini
dinlə” romanının baş qəhrəmanı Boku (Mən) müəyyən dərəcədə Haruki Murakaminin
prototipidir. Boku iyirmi yaşından yazmağa çalışdıqlarını iyirmi doqquz yaşında
söyləməyi bacarmışdır. Səkkiz il ərzindəki müxtəlif təcrübələrlə – ağrılı zərbələr,
anlaşılmazlıqlar, saysız kələklər, yalanlarla üzləşən gənc yazmaqla özünümüalicə
istiqamətində bir addım atmışdır: "Əlbəttə, bu heç bir problemi həll etməyəcək,
hətta ola bilsin ki, hekayə bitdikdən sonra hər şey olduğu kimi qalacaq.
Göründüyü kimi, mətnin yazılması özünümüalicə vasitəsi deyildir, sadəcə olaraq,
özünümüalicə istiqamətində zəif bir addımdır. Uğurla irəliləyərsə, bəlkə illər
sonra – on il sonra xilas olmuş özümü tapa bilərəm”.
Roman 29 yaşındakı Bokunun təhkiyəsi ilə başlayır və
təhkiyyəçinin dilindən verilən epiloqla sona çatır. Hətta əhvalatların cərəyan
etdiyi tarixlər də 8-26 avqust 1970-ci il - 18 gün kimi dəqiqliklə göstərilmişdir.
Əsərin birinci hissəsini proloq adlandıra bilərik ki, burada 29 yaşında
qarşımıza çıxan Boku hekayəti qələmə almaqdakı məqsədini izah edərək Derek
Hartfild yaradıcılığından bəhrələndiyini vurğulayır. Bundan sonra hekayəni nəql
edən Boku 21 yaşındadır. Universitet üçün Tokyoya getmiş Boku 21 yaşında –
1970-ci ilin yay tətili zamanı 18 günlük doğma şəhəri Kobeyə geri dönür.
Universitetə qəbul zamanı tanış olduğu "Siçovul” ləqəbli dostuyla isti yay günlərini
barda pivə içməklə, hovuzda üzməklə keçirirlər. Qısa müddət ərzində barda tanış
olduğu bir neçə qadınla olan münasibətləri, doğma şəhərindəki uşaqlıq xatirələri
əsərin süjetini təşkil edir. Məlum olduğu kimi, H.Murakami 1949-cu ildə anadan
olmuş və iki yaşından universitetə qəbul olana qədər Kobedə yaşamışdır. Bu
prizmadan yanaşdıqda 1970-ci ilin 21 yaşındakı Boku yazıçının özüdür. Ailənin tək
övladı olan Boku mütaliə etmək və musiqiyə olan dərin sevgisi ilə də yazıçının
həyat faktlarını xatırladır. Romanın epiloqunda Boku yenidən 29 yaşında meydana
çıxır və artıq evlənmiş, xanımı ilə birlikdə Tokyoda yaşayır. Boku sonda yenidən
Derek Hartfild yaradıcılığına dönərək hekayətini tamamlayır.
"Küləyin nəğməsini
dinlə” romanı Haruki Murakaminin kosmopolitizmini və dilindəki amerikan təsirlərini
ən yaxşı əks etdirən əsərlərindəndir.
"Danışsaq uzun məsələdir, mənim 21 yaşım var. Kifayət
qədər cavanam, lakin əvvəl daha cavan idim. Əgər bu xoşuma gəlməsə, bazar günü
səhər Empayr Steyt Bildinqin damından özümü aşağı ata bilərəm. Böyük Depressiya
ilə bağlı çəkilən köhnə filmdə belə bir zarafat eşitmişdim: "Mən Empayr Steyt
Bildinqin yanından keçəndə həmişə çətrimi açıram. Yuxarıdan hey adam tökülür”."Küləyin nəğməsini dinlə” əsərindən verilmiş bu
nümunəyə nəzər yetirsək, müəllif
simvolik Amerika obyekti olan "Empayr Steyt Bildinq” binasına və tarixi hadisələrə
əsaslanan filmə istinad edərək yaponcaya xas olmayan yeni ədəbi xüsusiyyət
ortaya çıxartmışdır. Roman orijinal dili olan
yapon dilində başqa bir dildən çevrilmiş əsər təsiri bağışlayır. H.Murakaminin
dili və ədəbi mənzərəsi müasirləri ilə müqayisədə tamamilə fərqlidir. Bu
baxımdan da, həm ədəbi tənqidçilər, həm də dilçilər H.Murakaminin mübahisəli
dil istifadəsinə qarşı çıxmışdırlar. Bütün bu tənqidlər qarşısında H.Murakami
"Küləyin nəğməsini dinlə” romanını əvvəl ingilis dilində yazdığını və sonra
yapon dilinə tərcümə etdiyini bildirmişdir. Qərb, xüsusilə, Amerika ədəbiyyatını
oxuyan H.Murakami üçün yapon dilində yazmaq çox çətin idi: "Mən iyirmi doqquz
yaşım olanda roman yazmağa başladım. Mən nəsə yazmaq istəyirdim, lakin necə edəcəyimi
bilmirdim. Yaponca necə yazacağımı bilmirdim, yapon yazıçılarının əsərlərindən
demək olar ki, heç nə oxumamışdım. Buna görə də üslubu, quruluşu – hər şeyi
oxuduğum amerikan və Qərb kitablarından götürdüm. Nəticədə isə mən öz üslubumu
yaratdım. Beləliklə, bu bir başlanğıc idi”.
H.Murakami dilinin və üslubunun ən önəmli tərəflərindən
biri qəhrəmanlarının kosmopolit davranışı və bu qəhrəmanların şüurlarının, təxəyyüllərinin
kəskin şəkildə əks olunmasıdır. Qeyri-ənənəvi üslub – qlobal mədəniyyət məhsulları,
istehlak mallarına istinad, milliyyətçi olmayan, özü ilə mübarizə aparan qəhrəmanlar
Haruki Murakaminin tamamilə özünəməxsus mənlik duyğusundan xəbər verir. "Küləyin
nəğməsini dinlə” romanının dili, ritmi, tonu kosmopolitizmin yazıçının qəhrəmanlarının
şüurunda və şəxsiyyətlərinin formalaşmasında nə dərəcədə rol oynadığını meydana
çıxartmağa kömək edir. Əsərin qəhrəmanları yaponlardır, məkan olaraq da
Yaponiyadır, lakin bu qəhrəmanlar Qərb musiqisini dinləyir, Qərb ədəbiyyatını
oxuyur, Qərb markalarından istifadə edirlər. Müəllif Yaponiyanın
regionallığını, mədəniyyətini aşkar edən bütün simvolları ortadan çıxartmışdır. Romanda nəinki mədəniyyət və istehlak malları, eyni
zamanda, zamanın tarixi hadisələrlə bağlı xatırlanması, xarici görünüşün bənzədilməsi
kimi şüura hopmuş hər şey Qərb məhsuludur: "Məndə onun bircə fotosu var.
Arxasında tarix yazılıb: "Avqust, 1963-cü il”. Prezident Kennedinin başından
vurulduğu il. Dəniz kənarında, hansısa bir bağ yerində bəndin üstündə oturub,
candərdi gülümsəyir. Cin Seberq stilində qısa kəsilmiş saçlar (əslində isə,
onun saç düzümü mənə Auşvitsi xatırladırdı), əynində isə qırmızı damalı uzun
don”.
Romandan verilmiş bu nümunədə, Boku iyirmi bir yaşında canına qəsd edən üçüncü rəfiqəsi
haqqında danışarkən əlində mövcud olan bir fotodan bəhs edir. Fotonun arxasında
tarix göstərilmişdir ki, təhkiyyəçi bu tarixi Amerikanın 34-cü prezidenti Con
Kennedinin başından vurulduğu tarixlə xatırlayır, rəfiqəsinin xarici görünüşünü amerikan
kinoaktrisası Cin Seberqə bənzədir. Prezident Con Kennedinin adı əsərdə çox sıx
çəkilir. Con Kennedinin vurulduğu il Bokunun həyatında bir dönüş nöqtəsi olmuşdur:
"Əlimə xətkeş alıb ətrafıma göz gəzdirməyə başladığım il prezident Kennedinin
öldürüldüyü il idi. Deməli, artıq 15 il keçib. Düz 15 il hər şeyi atmaqla məşğul
olmuşam”. Bu nümunədə də H.Murakaminin kosmopolitizmi açıq şəkildə meydana
çıxır. Romanda Yaponiyadakı bir hadisəni deyil, prezident Kennedi ilə bağlı
hadisələrin seçilməsini H.Murakami belə izah etmişdir: "Kennedi siyasətinə
heyran olmamışdım, lakin 1960-cı illərin əvvəllərində gətirdiyi idealist,
liberal atmosferdən çox təsirlənmişdim”.
Yuxarıda romandan verilmiş nümunələrdə Haruki
Murakaminin daha çox Amerikadan təsirləndiyi aşkar olur. Əlbəttə, bunun səbəbi
H.Murakaminin doğulduğu tarixdən bir neçə il sonra Yaponiya ilə ABŞ arasında
imzalanan sazişlər olmuşdur. Bu anlaşmalara əsasən, işğal rejiminə son
qoyulmuş, ABŞ və Yaponiya münasibətləri hərtərəfli inkişaf mərhələsinə daxil
olmuşdur. Haruki Murakaminin böyüdüyü
Kobe kimi liman şəhəri isə amerikanların və ABŞ istehsalı məhsulların daxil
olduğu ilk yerlərdən idi. Lakin H.Murakaminin dünyagörüşünün formalaşmasında
Amerika ilə yanaşı, ümumilikdə, Qərb mədəniyyətinin böyük rolu olmuşdur. İlk qələm
təcrübəsində daha çox Amerikanın önə çıxmasına baxmayaraq, yunan, alman,
fransız, ingilis, italyan mədəniyyətlərinin təsiri də yazıçının bədii irsində öz
əksini tapmışdır: "Əgər sizə incəsənət və ədəbiyyat lazımdırsa, gərək
yunanların yazdıqlarını oxuyasınız”. Heç təsadüfi deyildir ki, H.Murakami
yaradıcılığının erkən dönəmlərində ölkəsində məruz qaldığı bir çox tənqidlərdən,
eyni zamanda, yaradıcılığına olan münasibətlərdən yayınmaq üçün həyat yoldaşı
ilə Avropa turuna çıxmış və bir müddət Yunanıstanda yaşamışdır. Hətta yazıçıya ədəbi
şöhrət gətirən "Norveç meşəsi” romanını bu səyahət əsnasında yazmışdır.
Murakaminin dünyagörüşünü formalaşmasına təsir göstərən
Qərb mədəniyyəti ədibin yaratdığı bütün qəhrəmanların bəhrələndiyi əsas mənbədir.
H.Murakaminin musiqi ilə bağlı zəngin və özünəməxsus dünyagörüşü sözügedən
romanda geniş şəkildə öz əksini tapmışdır. H.Murakami romanlarını unudulmaz edən
əsas xüsusiyyətlərdən biri bütün filmlərdə olduğu kimi, yazıçının hər bir əsərinin
özünəməxsus saundtrekinin olmasıdır. "Küləyin nəğməsini dinlə” romanının
saundtreki isə amerikan rok qrupu Beach Boysun "Koliforniya qızları”
(California Girls) musiqidir.
Avtobioqrafik məqamlarla dolu olan "Küləyin nəğməsini
dinlə” əsəri H.Murakaminin zəngin və özünəməxsus dünyagörüşünü özündə ehtiva edən
romandır. H.Murakaminin qeyd etdiyi kimi, çap olunacağını belə düşünmədiyi
romanda xüsusi müəllif ideayası olmamasına baxmayaraq, kifayət qədər uğurlu bir
əsər olmuşdur. H.Murakaminin çağdaş dünya ədəbiyyatında tutduğu mövqeyi məhz
ilk yaradıcılıq addımlarının doğru yöndə atılmasından irəli gəlir. Yazıçının
sonrakı mərhələdə yazdığı romanlarında müşahidə olunduğu kimi, ilk əsərində də doğma
Yaponiyasını qlobal mədəni dəyərlər və ədəbi
meyarlarla birləşdirərək oxucularına təqdim etmişdir.
Gülnar Yunusova