“Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir”
Millət vəkilləri hesab edirlər ki, 2019-cu il Azərbaycan
üçün uğurlu il olub
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr
olunmuş müşavirədə 2019-cu ilin Azərbaycan üçün uğurlu il olduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr uğurla
icra edilib, Azərbaycanın dayanıqlı inkişafı təmin olunub. Beləliklə, siyasi,
iqtisadi, sosial sahələrdə böyük uğurlar əldə edilib, Azərbaycan sabitlik şəraitində
yaşayıb. Prezident İlham Əliyev sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt
olduğunu diqqətə çatdıraraq, ötən il ərzində dünyanın müxtəlif yerlərdə gərginliyin
artdığını, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis
zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin
tapdalanması kimi halların müşahidə olunduğunu söyləyib. Bildirib ki, Avropada,
Asiyada, Latın Amerikasında, postsovet məkanında, Qafqaz bölgəsində, Yaxın Şərqdə,
ümumiyyətlə dünyada gərginlik artır.
26 ildə əsrə bərabər
inkişaf yolu
Dövlət başçısı Azərbaycanın sabitlik məkanı kimi
inkişaf etdiyini dilə gətirib. Bildirib ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan
xalqıdır. Prezidentin sözlərinə görə, xalq tərəfindən hakimiyyətə göstərilən dəstək,
həyata keçirilən siyasətə verilən yüksək qiymət həm iqtidarı daha da
ruhlandırır və eyni zamanda, ölkədə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin
edir: "Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır.
Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət
həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə
sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş
verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz
tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi,
bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində
yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm
ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya
miqyasında güclü ölkələr sırasındadır”.
Beynəlxalq aləmdə Azərbaycana
olan etimad
Yeni Azərbaycan
Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər
doktoru, professor Elman Nəsirov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, həyata
keçirilən tədbirlər, əldə edilən nəticələr bütövlükdə 2019-cu ilin Azərbaycan
üçün uğurlu il olduğunu deməyə əsas verir. Politoloqun fikrincə, xüsusilə də
dünyada cərəyan edən qorxulu proseslər, tendensiyalar, qanlı toqquşmalar,
müharibələr, vətəndaş itaətsizliyi fonunda ötən il Azərbaycanda uğurların əldə
edilməsi mühüm hadisədir: "Azərbaycan sabit, təhlükəsiz ölkə kimi inkişaf edib
və bundan sonra da bu yolla irəliləməkdədir. Dünyada cərəyan edən gərginliklər
fonunda Azərbaycan öz inkişafını qoruyub saxlaya bilib. Bu baxımdan, ölkəmiz
dünyada, o cümlədən regionda, müsəlman aləmində sabitlik adasını xatırladır.
Bu, təsadüfi deyil. Azərbaycandakı sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
Bu amili Prezident İlham Əliyev müşavirədə xüsusilə vurğuladı. Hakimiyyət-xalq
birliyi, xalqın hakimiyyətə, öz Prezidentinə inamı, onu inanılmaz şəkildə dəstəkləməsi,
bunun qarşılığında Prezidentin də məhz xalqın mənafeyini, milli-dövlətçilik
maraqlarını ifadə edən daxili və xarici siyasət həyata keçirməsi ölkəmizdəki
sabitliyi, təhlükəsizliyi, əmin-amanlığı formalaşdırıb. Uğurlu inkişaf, müstəqil
siyasət, mehriban qonşuluq və etibarlı tərəfdaşlıq Azərbaycanın beynəlxalq
nüfuzunun artmasına da müsbət təsir edib. Güclü, daim inkişaf edən ölkə kimi
beynəlxalq aləmdə Azərbaycana olan etimad daha da artıb. Bunun nəticəsidir ki,
inkişaf etmiş dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər.
Yalnız ötən il 40-dan artıq dövlət və hökumət başçısının Azərbaycana səfər etməsi
deyilənlərə əyani misaldır”.
Daha sürətli inkişaf
üçün möhkəm zəmin
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa
Qasımlı 2019-cu ilin
yekunlarına həsr edilmiş müşavirədə Prezident İlham Əliyevin nitqini diqqətlə
dinlədiyini dilə gətirib. Bildirib ki, həmin nitq ölkəmizin ötən ildə keçdiyi
yola qiymət verilməsi, mövcud vəziyyətimiz, gələcək inkişaf perspektivləri
baxımından müstəsna əhəmiyyət daşıyır: "Prezident İlham Əliyevin vurğuladığı
kimi, Azərbaycan ötən il bütün sahələrdə inkişaf edib, böyük bir yol keçib.
Hansı şəraitdə Azərbaycan inkişaf edib, böyük bir yol keçib? Məlum olduğu kimi,
Azərbaycan adada yerləşən əlahiddə bir ölkə deyil. Azərbaycan digər ölkələrlə
sıx bağlıdır. İşğalçı Ermənistan istisna olmaqla, həm qonşu, həm də regionda
olan digər ölkələrlə geniş əlaqələrimiz var. Onlarda baş verən bu və ya digər
hadisələr heç şübhəsiz Azərbaycana da təsir göstərir. Soruşulur, bizim ətrafımızda,
regionda hansı hadisələr baş verir? Yaxın və Orta Şərqdə gedən proseslər bu
sualın cavabını aydın şəkildə verir. Belə bir şəraitdə Azərbaycanın sabit vəziyyətdə
inkişaf etməsi, sosial-iqtisadi, müdafiə, təhlükəsizlik, xarici siyasət sahələrində
irəli getməsi hər hansı mübaliğəyə yol vermədən söyləmək lazımdır ki, Prezident
İlham Əliyevin yürütdüyü siyasətlə bağlıdır. Azərbaycan xalqı dövlət başçımızın
yürütdüyü siyasətin xalqın maraqlarına cavab verdiyini dərindən dərk edərək
Prezidentin atdığı addımları müdafiə edir. Azərbaycan hakimiyyəti gücünü
xalqdan alır. Xalqı irəli aparan isə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan
dövlətinin yaratdığı şəraitdir. Bu gün Azərbaycan Cənubi Qafqazda bütün sahələr
üzrə ən inkişaf etmiş ölkədir. Prezident İlham Əliyevin yanında keçirilən
müşavirə bir daha göstərdi ki, Azərbaycanın 2020-ci il və bundan sonrakı illərdə
daha sürətli inkişaf etməsi üçün möhkəm zəmin var. Həmin zəminin kökləri möhkəmdir.
Azərbaycanın çox gözəl inkişaf perspektivləri var”.
Qarşılıqlı maraqlara söykənən münasibətlər
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəbildirib ki, Azərbaycandakı davamlı sabitliyin, inkişafın əsas səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalq-hakimiyyət birliyidir. Onun fikrincə, Azərbaycanın müstəqil xarici siyasəti tərəfdaşlıq üzərində qurulub: "Azərbaycanın xarici siyasəti mehriban qonşuluq, dünya dövlətləri ilə tərəfdaşlıq prinsiplərinə söykənir. İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün dünya ölkələri ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurur, zamanla bu əlaqələri inkişaf etdirir. Azərbaycan hər hansı dövlətə qarşı siyasət yürütmür, heç bir dövləti təhdid etmir, məhz əməkdaşlıq müstəvisində münasibətlər qurur və inkişaf etdirir. Azərbaycanın həyata keçirdiyi strateji layihələr hamının maraqlarına uyğundur”.
Rufik İSMAYILOV