• çərşənbə axşamı, 19 mart, 10:40
  • Baku Bakı 8°C

Rusiyanın informasiya məkanında olmayan Ermənistan

23.01.20 18:54 4138
Rusiyanın informasiya məkanında olmayan Ermənistan
Politoloq Paşinyan hakimiyyətinin imicini necə xarakterizə etdi?

Ermənistan-Rusiya münasibətlərində son günlər yenidən "canlanma” yaranıb. Erməni rəsmilərinin Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılması ilə bağlı təklif irəli sürməsi, qarşı tərəfdə də reaksiya doğurub. Hələ ki, məsələyə Rusiyada məskunlaşan rusiyapərəst ekspert və politoloqlar reaksiya göstərir. Məsələn, Rusiya-Ermənistanın birgə layihəsi olan "Lazarev klubu”nun iclasında "Rusiya KİV-ləri və Ermənistan - açıq müzakirələr” mövzusunda keçirilən paneldə bu məsələ gündəmə gəlib. Erməni politoloq Andranik Miqranyan "pravda.ru”ya müsahibəsində iki ölkə arasında problemlərin ciddi önəm kəsb etməsindən yazıb. "Nə üçün Rusiya yeni erməni hakimiyyətinə münasibətdə gözləmə mövqeyi tutur” sualına cavab verən ekspert deyib ki, Rusiyada kimsəni Ermənistanda rus telekanallarının pis təmsil olunması maraqlandırmır. Əsas problem odur ki, Ermənistan Rusiya kütləvi informasiya vasitələrində təmsil olunmur və problem də budur. Əlavə edib ki, faktiki olaraq hər gün televiziyada çalışan biri kimi bu məsələni qabardır: "Ermənistan bu gün Rusiya KİV-lərində Burkino-Faso və yaxud Ekvatorial Qvineya kimi təmsil olunur. Yəni informasiya məkanında praktiki olaraq yox dərəcəsindədir. Əgər Rusiyada Ermənistanın problemlərini müzakirə edən hər hansı bir ciddi analitik proqram olsaydı, bu maraqlı olardı. Çünki insanlar burada nələrin baş verməsindən xəbərdar deyillər. Belə fikir də var ki, Rusiya hakimiyyət orqanları indiki Ermənistana, hakimiyyətə kifayət qədər ehtiyatla yanaşır. Bu səbəbdən də onlar özləri də yaxşı anlamır ki, nə baş verir, hansı proseslər yaşanır. Bir çoxları da bu səbəbdən gözləmə mövqeyində qalmağa çalışırlar. Mən müvafiq instansiyalarda deyirəm – gəlin bir proqramı "erməni inqilabı bir il sonra” adlandıraq. Lakin bu ideyanın anlaqlı qəbul edilməsi və dəstəklənməsi sahəsində heç bir reaksiya görmədim. Müəyyən gözləmə mövqeyi var və bu, mənim qənaətimcə, ortada olan məsələlərlə bağlıdır. Çünki müəyyən mənada hakimiyyətə əvvəllər antirusiya mövqe nümayiş etdirən şəxslər, daha dəqiq desək, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına, Avrasiya İqtisadi İttifaqı və Rusiya bazalarına qarşı çıxan şəxslər gəliblər”. Politoloq, sözsüz ki, bu şəxslər deyəndə baş nazir Nikol Paşinyanı nəzərdə tutur. Axı vaxtilə müxalifətdə olanda ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması barədə qanun layihəsi irəli sürmüşdü. Politoloqun sözlərinə görə, dəfələrlə Yerevandan bu və digər məsələlərə reaksiya vermək üçün şərh istənilib. Lakin nəsə demək mümkün deyil. Bir vaxtlar Rusiyanı sərt tənqid edən Paşinyan indi prezident Vladimir Putini dost, Rusiyanı etibarlı müttəfiq adlandırır.
Öz növbəsində Rusiyanın xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsi üzrə eksperti Qriqori Trofimçuk "Tert.am”a müsahibəsində deyib ki, Ermənistanın hazırkı rəhbərliyinə etimad azalmaqda davam edir: "Əgər Rusiya nöqteyi-nəzərindən Ermənistan rəhbərliyinin imicini iki sözlə xarakterizə etsək, bu, gözlənilməzlik və səriştəsizlikdir”. Onun sözlərinə görə, Ermənistan baş nazirinin birbaşaABŞFederal Təhqiqatlar Bürosuna (FTB) müraciət edərək keçmiş prezident SerjSarkisyanın ölkənin dövlət aktivlərini qanunsuz köçürməsi ilə bağlı bir növ "sirr”i aşkarlaması üçün kömək istəməsindən danışmağa dəyməz. "Təbii olaraq bir sual yaranır: Paşinyanın rəhbərliyi altında Ermənistanın xüsusi xidmət orqanları özləri necə, işləməyi unudublar? Xüsusən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Vanetsyanla baş vermiş insidentdən sonra. Niyə rəsmi Yerevanın, eyni zamanda avtomatik olaraq Ermənistanın KTMT-yə üzvlüyü nəzərə alınaraq, bu hərbi-siyasi blokun sirləri amerikanlara açılmalıdır? Bu, ciddi narahatlıq doğurur. Buna görə də, belə fonda Ermənistan üçün qaz qiymətləri məsələsi ən azı üçüncü dərəcəli görünür. Yuxarıda dediklərimlə əlaqəli deyil. Ancaq hansısa mərhələdə birbaşa əlaqənin olacağını da istisna etmirəm. Buna baxmayaraq, bu məsələ siyasətlə deyil, iqtisadiyyatla bağlıdır. Bildiyimiz kimi, bütövlükdə iqtisadi vəziyyət indi o qədər də əlverişli deyil. Ermənistan problemin digər tərəfini də başa düşməlidir: Rusiya qazı olmasa, başqa bir tərəf oxşar xammal ilə ən azı ikiqat tariflə təmin etməyə hazır olacaq”, - deyə ekspert əlavə edib. Trofimçuk vurğulayıb ki, Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndələrinin Ermənistana rəsmi səfərlərindən narahat olmağa dəyməz, bu səfərlər olub və olacaq: "Bu cür ziyarətlər arasındakı fasilələri saymaq, sadəcə mənasız olardı, mənim fikrimcə, bunlar Moskvanın İrəvana münasibətdə mövqeyinin dəyişməsi ilə əlaqəli olmayan məsələlərdir. Düşünürəm ki, əgər Paşinyan qəti şəkildəMoskvanı qane etmirsə, bunu ona birbaşa söyləmək üçün variant tapmaq olar, burada gizlətməli heç bir şey yoxdur”.
Diqqət çəkən məqamlardan biri də odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Davosda keçirilən illik Dünya İqtisadi Forumunda iştirakdan imtina edib. Erməni mətbuatı bunun bir sıra səbəblərlə bağlı olduğunu yazıb. Əsas səbəblərdən biri ölkədə hökm sürən gərgin atmosferlə əlaqədar daxili narahatlıqdır. Eyni zamanda, Paşinyan görüşlərin lazımi səviyyədə hazırlana bilməməsi, həmçinin, çıxışı üçün uyğun platforma təmin edilmədiyi üçün Davosdan imtina edib.
Xatırladaq ki, Ermənistan ilk dəfə 2000-ci ildə Davos forumunda iştirak edib. Bu zaman nümayəndə heyətinə ikinci prezidentRobert Koçaryan rəhbərlik edib. Növbəti dəfə Serj Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti 2009-cu ildə Davosda olub. 2018-ci ildə baş nazir Karen Karapetyan, 2019-cu ildə Nikol Paşinyan iqtisadi foruma qatılıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər