AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiya mediası Ermənistanın birinci ledisini hədəf seçdi

Rusiya mediası Ermənistanın birinci ledisini hədəf seçdi

Siyasət
21 May 2020, 17:07 380
"The Moscov Post”: "Antikorrupsioner "inqilab”ın korrupsiya yekunları”
 
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu iki illik müddəti məhsuldar qiymətləndirməyə çalışsa da, əksəriyyətin, onun populist fikirlərindən bezdikləri bəllidir. Əgər əvvəllər yalnız müxalifət və müstəqil siyasətçilər, politoloqlar inqilabçı hakimiyyətin fəaliyyətini mənfi qiymətləndirirdilərsə, indi artıq sadə vətəndaşlar da həyatlarında heç nəyin dəyişmədiyi qənaətinə gəliblər. Yeni hökumətin fəaliyyətini diqqətdə saxlayan Rusiya mediasında bu istiqamətdə çoxsaylı məqalələr dərc olunur. Bu dəfə isə hədəf kimi Ermənistanın birinci ledisi hesab edilən Anna Akopyan seçilib. "The Moscov Post” nəşri yazır ki, 2018-ci il mayın 8-də Ermənistanda "məxməri inqilab” başa çatdı və əvvəllər də olduğu kimi, proses antikorrupsiya şüarları altında aparıldı. Nəşr yazır ki, üstündən iki il keçib və maraqlıdır, görəsən bu müddət ərzində "inqilabçılar” nəyəsə nail olublar, verdikləri vədləri yerinə yetiriblərmi? Baş nazir Nikol Paşinyan ilk gündən ölkənin biznes-elitasına, əsas da əvvəlki rəhbərliyə və Rusiya aktivlərinə qarşı kampaniyaya başladı: "Bütün bu fəaliyyət ölkə üçün çətin olan günlərdə adi bir koronavirus pandemiyası səbəbindən çat verən iqtisadiyyatı xilas etmək məqsədilə əhaliyə "oğurlanan pulların” geri qaytarılması kimi yeridilməyə başlayıb. Müsahibələrinin birində Nikol oliqarxları "asfalt”a döşəməyi və qarət olunanları geri qaytarmağı vəd edib”. Rusiya nəşri yazır ki, bəli, pulları qaytarıb. Rəsmi məlumatlara görə, antikorrupsiya siyasəti nəticəsində dövlətə 80 mln. dollar qaytarılıb: "Serj Sarkisyanın prezidentliyi dövründə gizli iqtisadiyyatın payı 40 faiz təşkil edirdi. Yəni il ərzində korrupsiya gəliri il ərzində 400 mln. dollar idi. Bu rəqəmi Sarkisyanın 10 ilik prezidentliyinə vuranda 4 mlrd. dollar edir. Belə çıxır ki, baş nazirin qaytardığı 80 mln. dollar xeyli azdır. O zaman ortaya belə bir sual çıxır - oliqarxlardan alınan vəsaitin qalanı hara gedir? Yerevan ekspertləri bildirirlər ki, antikorrupsiya kampaniyasının yeni dalğası böyük siyasi kontekst kəsb edir – məqsəd də Sarkisyanın kürəkəni Mikael Minasyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vaneçyanın həbsidir. Baş nazirin ofisi təqsirsizlik prezumpsiyası prinsipini pozaraq, onların üzərinə korrupsioner damğası vuraraq yüz milyonlarla dollar mənimsəmədə günahlandırıb. Media məkanında gedən söz davasında Paşinyanın qaynı, parlamentin deputatı Qraç Akopyan da aktivdir. Xüsusi xidmətin keçmiş rəhbərini xarici kəşfiyyat tərəfindən ələ alınmaqda ittiham edib. Əlbəttə, ölkə adı çəkilməsə də, Ermənistanda bilirlər ki, söhbət Rusiyadan gedir. Əgər bu ittihamlar Vaneçyanı işdən çıxarmaq üçün əsas olubsa və ictimaiyyətin də diqqətinə çatdırılırsa, onda niyə onu hələ də tutmurlar? Korrupsionerlərə qarşı aparılan mübarizədə ciddi uğur qazana bilməməyi keçmiş jurnalist Paşinyanın  təcrübəsizliyinə yazmaq olar. Lakin elə bu ərəfədə küncə sıxışdırılan Minasyanın "inqilab tribunları”nın korrupsiya mexanizmi barədə səsləndirdiyi fikirlər açıq səmada ildırım çaxması effekti doğurdu. Bu bəyanat bir sıra faktları ortaya qoydu və əsas fiqurant kimi də baş nazirin xanımı Anna Akopyan oldu. Minasyan video bəyanatında bildirib ki, Romada o zaman nazir olan Vaneçyanla görüşüb. O da bildirib ki, görüşün məqsədi Paşinyanın mesajını çatdırmaq olub. Minasyan Anna Akopyanın nəzarəti altında olan fondlara pul köçürməlidir. Vəd edilib ki, Minasyanın adı hər hansı bir antikorrupsiya kampaniyalarında hallanmayacaq. Ermənistanda korrupsiya qalmaqalları prosesi artıq güclənir, iri şirkətlərə qarşı cinayət işləri açılır, səhmdarlardan, öz paylarını dövlətin və yaxud fərdi şəxslərin, baş nazirin ailəsinə yaxın adamların xeyrinə geri çəkmək tələb edilir.
Bir sıra ekspertlərin qənaətincə, Anna Akopyan mətbuata, əsasən  "Aykakan Jamanak” qəzeti vasitəsilə informasiyalar sızdırır. Artıq bu nəşr sahibkarlarla problemlərinin "həllində” effektiv vasitəyə çevrilib. Hökumət fondlarla bağlı qanunvericilikdə dəyişikliklər edərək xeyriyyə fondlarına iqtisadi fəaliyyətlə məşğul olmağa icazə verib. Bu da Anna Akopyanın "Mənim addımım” və "Gülüşlər şəhəri” fonduna rəsmən Ermənistanın biznes sahələrində payçıya çevrilməyə imkan verdi. Hökumətin diqqət mərkəzindən kənarda qalan yeganə hal xeyriyyə fondlarına edilən ianələrin mənbəyi olub. Akopyan ianələrin mənbəyi barədə deyib ki, onun üçün pulların mənbəyi əhəmiyyət kəsb etmir. Bu pulların mənbəyinin haradan olması vacib deyil, əsas odur ki, bu pullar xoş işlərə sərf olunur.
 O zaman belə bir sual ortaya çıxır – Annanın himayəsi altında olan fondlara daxil olan pullar istintaqdan yayınmaq üçün ödənilən pullar ola bilərmi? Əgər cavab müsbət olarsa, onda belə çıxır ki, baş nazirin xanımının rəhbəri olduğu infrastruktur yaradılıb. Keçmiş oliqarxlar da öz bizneslərini saxlamaq üçün bura pul köçürürlər. Təqib olunan oliqarxlar vəsait ödədikdən sonra müxtəlif sferalarda monopoliyalarını qoruyub saxlamağa müvəffəq olublar. Belə bir praktika artıq var. "Çiçəklənən Ermənistan”ın rəhbəri Qaqik Çarukyan və ailəsi inqilabın ilk günlərində belə bir ianələr ediblər. Belə bir xəbər dolaşır ki, oliqarx Samvel Aleksanyanın oğlu baş nazirin böyük qız ilə ailə qurmağa hazırlaşır və bizneslərini nikahla möhkəmləndirəcəklər. Samvel Aleksanyan Paşinyanın qaynının seçkiqabağı kampaniyasında iştirak edib. Hökumət Aleksanyanın toxuculuq müəssisəsi gömrük rüsumlarından azad olunub”.
Rusiya nəşri qeyd edir ki, baş nazirin qohumlarının sözəbaxan oliqarxlarla ittifaqı, eyni zamanda  kriminal xronikadan da xəbər verir: "Məsələn, Anna Akopyanın qardaşının adı 40 tonluq siqaret qaçaqmalçılığında keçir. Bu mal Rusiya hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunub. Onun qardaşı ilə yanaşı, Paşinyanın qohumları, deputat Sipan Paşinyanın və Xaçatur Sukiasyanın da adı hallanır. Anna Akopyan isə bu konfiqurasiyada əsas rol oyanır. Onun adı ətrafında çoxsaylı sözəbaxan biznesmenlər rol oynayır. Baş nazirin xanımı ərinə güclü təsir etmək imkanına malikdir və birinci ledi rolu ilə kifayətlənmək istəmir. Öz ətrafında işgüzar, iradəli qadın imici formalaşdırmağa çalışır. Baş nazirin emosionallığı ətrafında incə bir oyun oynamaqla, asanlıqla onu məmurlar və biznesmenlərlə üz-üzə qoyur. Bir tərəfdən də komandada ortaya çıxan problemləri ört-basdır etməyə çalışır”.
Məqalədə bir faktda da toxunulur ki, tək 2018-ci ildə ölkədən 1,2 mlrd. dollar çıxarılıb. Bir çoxları bunu inqilab dövründə bir çox sahibkarların öz pullarını çıxarmağa çalışmaları ilə əlaqələndirsələr də, 2019-cu ildə kapitalın çıxarılması 1 mlrd. dollar təşkil edib: "Yəni proses davam edib. Kimin pulları ölkədən çıxarılır? Axı bu məbləğ dövlət büdcəsinin üçdə birini təşkil edir? "Mənim addımım” və "Gülüşlər şəhəri” xeyriyyə fondlarının rəsmi tərəfdaşlarına nəzər salsaq,  hansı maliyyə institutları vasitəsilə Paşinyan-Akopyan ailəsinin hesabına pul köçürülməsini görmək olar. "Kompromat MDB” teleqram kanalın məlumatına görə, ötən ilin sonunda Brüsseldə belə bir hesabat dərc edildi ki, Paşiyan-Akopyan ailəsi ölkədən 1,5 mlrd. avro çıxarıb. Hesabatda bildirilir ki, iri biznesmenlər baş nazirin ailəsinin təqiblərindən qurtulmaq üçün Anna Akopyanın nəzarət etdiyi fondların xaricdəki hesablarına iri məbləğdə pul köçürür. Maraqlıdır ki, ötən il əsas müzakirə mövzusu Annanın xarici səfərləri oldu. Xanım Avropada daşınmaz əmlak və zinət əşyaları almağa maraq göstərib. Kanadaya səfər zamanı isə öz maliyyəsini leqallaşdırmağa cəhd göstərib. Burada rəsmi görüşlərdən çox, bahalı mülklər almağa maraq göstərib. Milyonlar artıq Ermənistan rəhbərliyinin həyat tərzinə də təsir edib. İnqilabdan sonra ailə asket həyat tərzi keçirməyi nümayiş etdirirdilər - velosipedlə gəzir, çəmənlikdə şəkil çəkdirirdilər. Lakin bir il sonra ailə həyatı lükslə əvəzləndi. Baş nazirin iqamətgahı təmir edildi və bu da büdcəyə 2 mln. dollara başa gəldi, avtomobil parkı yeniləndi - 540 min dollarlıq maşınlar alındı. ABŞ və Kanadaya səfərlər büdcəyə 350 min dollara başa gəldi”.
Məqalənin yekununda bildirilir ki, istintaq orqanları Minasyan və Venaçyanın  Paşinyan-Akopyan ailəsinin korrupsiya sxemi ilə əlaqəsini təhqiq edəcəklərini vəd ediblər: "Lakin Ermənistanda başa düşürlər ki, istənilən qərar baş nazirin neqativ emosional reaksiyası ilə qarşılanacaq. O isə qisas almağı bacarır. Tək Robert Koçaryanın taleyi göz önündədir - heç bir hakim ona qarşı cinayət işi başlada bilməz. Halbuki faktlar xeyli yığılıb. Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyanın qohumlarına qarşı aparılan həbslər və məhkəmə sisteminə qarşı açıq hücum hakimləri baş nazir üçün sərf edən qərarlar qəbul etməyə vadar edir”.

Azər NURİYEV