• cümə, 29 Mart, 06:23
  • Baku Bakı 5°C

Rok-n-rollun gizli himninin müəllifi həmişəlik “gizləndi”

03.06.20 09:30 1149
Rok-n-rollun gizli himninin müəllifi həmişəlik “gizləndi”
Onun səsi müharibədən sonrakı dövrdə insanları bir udum təmiz hava kimi ovsunlayırdı
"Rok-n-roll janrının yaradıcılarından biri - Littl Riçard 88 yaşında vəfat etdi. "Ulduz müğənninin həyatında "taleyin nişanı” vardı”. "Rolling Stone” jurnalının müğənninin oğlu Denni Pennimanın verdiyi xəbər əsasında hazırladığı məqalə məşhur artistin həyat və yaradıcılıq yoluna nəzər salmağa imkan verir. Oğlu bildirib ki, Littl Riçardın ölüm səbəbi, hələlik məlum deyil.

İngilis müğənnisi və aktyoru Mick Jaqqer "Tvitter”də kədərini bölüşüb: "Littl Riçardın ölümü haqqında eşitmək çox ağırdır. O, gənc yaşlarımda mənə çox təsir etdi və musiqisi hələ də 1950-ci illərin ortalarında olduğu kimi qüvvətli təsir bağışlayır. Həmişə onun səhnədəki hərəkətlərini izləyərək tamaşaçını necə əyləndirməyi öyrəndim. O, hər zaman məsləhət verməyə hazır idi. Riçard musiqi üçün çox şey etdi. Sənsiz darıxacağam, Ricard...”


Rok-n-rollun gizli himni

Onun mahnıları rok-n-roll janrının klassikası hesab olunur. Kompozisiyaları o vaxtdan bəri başqa müğənnilər tərəfindən də ilhamla oxunur. Onların içərisində ən məşhuru «Tutti Frutti» ("Hər nə istəsən”) mahnısıdır ki, çoxdan bütün dünyada rok-n-rollun gizli himni hesab edilir. Bu kompozisiya hətta dünyaca məşhur Elvis Preslinin ifasında da səslənib. Məhz bu kompozisiya Littl Riçardın ilk hitinə çevrilib. Bu əsər 1955-ci ildə, 22 yaşlı musiqiçinin Hollivudda kult səviyyə sayılan "Speciality Records” səsyazma studiyası ilə müqaviləsindən sonra meydana çıxıb. O vaxtdan başlayaraq artistin başqa studiyalarla da müqavilələri yaranıb və müğənninin "ulduz” saatı başlayıb. İlk səsyazma Yeni Orleanda prodüser Robert Bamps və "Fetsa Domino” qrupu ilə həyata keçirilir. Hoteldə nahar fasiləsi zamanı divarın yanında fortepiano görən Riçard klavişlərə toxunaraq çoxdan konsertlərdə ifa etdiyi kompozisiyanı səsləndirir. Kafedə oturanlarla yanaşı, prodüserin də reaksiyası heyrətamiz idi. O, kompozisiyanın təcili yazışmasını təklif edir. Bamps kompozisiyanın bütün musiqi sənayesini alt-üst edəcəyinə əmin idi. Ancaq melomanlar musiqini bir qədər təəccüblə qarşılayır.

İlk satış rəqəmləri onlara nikbinlik üçün əsas vermədi - cəmi 250 plastinka. Ancaq bir həftə ərzində növbəti tiraj 200.000 nüsxə satıldı və qısa müddətdə milyonu ötdü. Rok-n-rollun qızıl mirasına çevrilən hitlər bir-birinin ardınca yarandı: «Long Tall Sally», «Rip It Up», «Ready Teddy», «She’s Got It», «The Girl Can’t Help It», «Lucille», «Jenny, Jenny», «Keep A-Knockin»...

Riçardın səsi müharibədən sonrakı dövrdə insanları bir qurtum təmiz hava kimi insanları ovsunlayırdı. Müğənninin qeyri-adi tərzini başqa ifaçılar da yamsılayırdı.

Həmkarları onun kompozisiyalarını tezliklə təkrarlamağa başladılar. Kompozisiyalar tez bir zamanda Elvis Presli, Baddi Holli, Cerri li Luis, Bob Dilan, Cin Vinsentin ifasında səsləndi. 1967-ci ildə Littl öz karyerasında hitlərdən və emosional kompozisiyalardan ibarət «Here’s Little Richard» ("Balaca Riçard burdadır”) ən uğurlu və debüt albomunu buraxdı. Belə qarışıq janrlar onun digər albomlarında da göründü.


Narkotik, alkoqol...

Littl Riçard 12 nəfərdən ibarət böyük ailədə doğulmuşdu. "Bacı-qardaşımdan fərqlənmək üçün oxumağa başladım” - deyə uşaqlığını xatırlayırdı. Erkən yaşlarından Yeni Orlean musiqisinin təsiri altına düşərək onları öz fortepiano improvizələrinə köçürmüşdü. Atası gecə klubunda işləyirdi. Ana sədaqətli protestant idi. "Mən gecəqonduda doğulmuşam” - deyə musiqiçi 1970-ci ildə "Rolling Stone” jurnalına verdiyi müsahibədə deyib: "Din həmişə ailəmizin vacib ritualı olmuşdu. Kilsədə keçirilən konsertlərdə iştirak edirdim. Xorda oxuyarkən həmişə birinci sırada dururdum və səsimin gücü diqqəti cəlb edirdi. Beləcə, kilsə xorundakı çıxışlarım musiqiyə marağımı artırdı. Ancaq atam bu həvəsimi dəstəkləmədi. Ailəmiz ağır şəraitdə yaşayırdı. Ona görə, valideynlərim özümə gələcək üçün faydalı sənət seçməyimi istəyirdilər. Yeniyetmə ikən atamla mübahisədən sonra evdən çıxdım. Əlbəttə, həyatım asan olmadı. Qaradərililərə münasibət də fərqli idi. Yaşamaq uğrunda mübarizəmdə seçdiyim musiqi janrı mənə çox kömək elədi. Hətta deyərdim ki, bütün həyatımı dəyişdi”.

Riçard evdən ayrılanda 13 yaşı vardı. Küçələrdə sərgərdan dolaşırdı. Günlərin birində ona sığınacaq verən ağdərili ailə həm də yeniyetməyə gələcək üçün ümidlər bəxş elədi. Xoşbəxtlikdən, Littl Riçardın yeni valideynləri musiqi klubuna sahib idilər. Bu, yeniyetmənin ifası üçün yeni platforma yaratdı. Beləliklə, Riçard yaradıcılıq üçün əsil azadlıq qazandı. O, əvvəlcə konsertlərin antraktlarında çıxış edirdi. Publika onu nəinki tanımır, heç o qədər də qəbul etmirdi. Qaradərili ifaçı isə həvəsdən düşmürdü. Hardasa "ulduz saatı”nın olacağına inanırdı. Məşhurluq isə «Tutti Frutti» kompozisiyasından sonra onu haqladı və bütün dünyada tanıtdı...

Riçard sərbəst və dağınıq həyat sürürdü. Narkotik, alkoqol, seks-gecələri həyatının üfüqlərini bir-birinə qarışdırmışdı. Onu homoseksual adlandırırdılar. Müğənni bunu etiraf etsə də, 1957-ci ildə Ernestin Harvin adında qadınla evləndi. Övladlığa uşaq da götürdülər.


Tanrının xəbərdarlığı

1957-ci ilin oktyabrında Littl Riçard Avstraliyada qastrolda olarkən göydə yanan kometanı görüb onu əlamət kimi qəbul etdi. O düşündü ki, bu, Tanrının xəbərdarlığıdır - onu düzgün yola dəvət edir. Müğənni şou-biznesi buraxaraq Tanrıya sığınmağı qərara aldı. Növbəti gün mətbuat konfransında rok-n-roll fəaliyyətini bitirdiyini və özünü xristianlığa həsr etdiyini elan etdi.

Şahidlərin sözlərinə görə, qrupunun saksofonçusu Klifford Berks solistin sözlərinə inanmayaraq hirslə brilyant qaşlı üzüyünü Sidney limanına tulladı. Qalmaqal qopdu: Cin Vinsentlə Elis Lesli ilə qastrolların ləğvi promoturlar tərəfindən Riçarda qarşı məhkəmə iddiaları ilə nəticələndi. Həmin ərəfədə qəribə bir hadisə də baş verdi: Riçardın qastrolu üçün sifariş edilən təyyarə okeana düşdü və bütün sərnişinlər həlak oldu. O, bunu yenə də Tanrının xəbərdarlığı kimi qəbul etdi.

Müğənni Amerikaya qayıdandan sonra onu əvvəlcədən planlaşdırılan yeni mahnıların səsyazmasına çətinliklə razı sala bildilər. Bundan sonra o, Alabama ştatında Okvud kollecinə daxil oldu və təhsilini bitirəndə kilsədə keşiş oldu. Xoşbəxtlikdən, əməkdaşlıq etdiyi studiyalarla iş vaxtı, çox sayda kompozisiyalar yazılmışdı. Şirkətlər onları buraxmaqda davam edirdi...

Riçard hesab edirdi ki, onun musiqi xəzinəsi lazımınca qiymətləndirilməyib və buna görə ABŞ-ı irqi ayrı-seçkilikdə günahlandırırdı. Ancaq müğənni irqi fərqləri aradan qaldırmağı bacardığına görə, qürur duyurdu. "Həmişə düşünürdüm ki, rok və roll irqləri birləşdirir. Mən qara olsam da, tamaşaçılar buna əhəmiyyət vermədi. Bu, mənim çox xoşuma gəldi” - deyə sənətçi müsahibəsində bildirirdi.

Həyatının qalan hissəsində Littl Riçard rok-n-rolla kilsə arasında vurnuxdu. 1962-ci ildə o, yenidən böyük səhnəyə qayıtdı və Avropaya qastrola çıxdı.

Böyük Britaniyadakı açılış konsertlərində o zaman heç kimə tanış olmayan "The Beatles”, daha sonra "The Rolling Stones” qrupları çıxış etdi. Həmin vaxt artıq Amerikada yüksəlməyə başlayan rok-n-rollun ikinci dalğası 1960-cı illərin ortalarında ingilis rokuna da həyat verdi. Litl Riçardın yaradıcılığı 20-ci əsrin ikinci yarısının musiqisinə böyük təsir göstərirdi.


1977-ci ildə qardaşının ölümündən sonra Riçard yüksək narkotik dozasının təsiri ilə yenidən rok-n-rolldan uzaqlaşdı və kilsədə xidmət etməyə başladı. Amma bu uzun çəkmədi. 1986-cı ildə onun həyatından bəhs edən kitabla bərabər yeni "Dostun həyat yolu” adlı albomu da işıq üzü gördü. Riçard tez-tez müxtəlif filmlərdə epizodik rollarda çıxış edir, Elton Conla, Con Bon Covi, Cerri Ki Luis, Solomon Berkl və digər müğənnilərlə konsertlərdə çıxış edirdi. Amma o, yeni kompozisiyalarını yazdırmaqdan əl çəkmişdi, təbliğçiliklə məşğul olurdu. 2000-ci ildə musiqiçi haqqında bioqrafik film ekranlara çıxdı.

Litll Riçard həyatının sonlarında köhnə kompozisiyalarını oxumaqla kifayətlənirdi. Onun repertuarında yeni mahnılar nadir hallarda görünürdü. Amma hər çıxışında əvvəlki illərdəki kimi auditoriyaya enerji bəxş etməyi bacarırdı. Bu, onun illərlə dəyişməyən ritmlərindən qopan və auditoriyaya sirayət edən güc idi. O, həmçinin artıq keşiş kimi də işləmirdi. Məşhurların toylarında çıxış edirdi. Rok-n-rollun əfsanəsi gözlərini də musiqi ilə yumdi: "Mən Tanrıya sığınıram. O, məni qoruyur, səhvlərimi başa salır. İnsanların musiqimə olan sevgisi isə mənə güc verir. Həyatımda iki ortamı birləşdirməyi bacardım. Tanrı və musiqinin gücü – bu, musiqiçi üçün də, adi insan üçün də qüdrətli mənbədir”- deyən əfsanə dünyanı tərk etdi.
Xarici nəşrlərdən tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər