Rəssamlar
bir qayda olaraq duyğu və düşüncələrini rənglərlə ifadə etsələr də, onların əksəriyyəti
RƏNGKAR ola bilmirlər, onlar özlərinin bu ad daşıyıcısı olduqlarını tez-tez
vurğulasalar da... Bu qənaətimiz çoxlarına qəribə də görünə bilər. Amma sənətin
və əsl sənətkarlığın nə olduğunu dərindən bilənlər üçün dediklərimiz bütün mənalarda başadüşüləndir.
Başqa sözlə desək, sənət təkanında təsviri sənətin rəngkarlıq növü ilə məşğul
olanlar çox olsa da, onlar istəsələr belə rənglərin "dili”ni bilənlər barmaqla
sayılandırlar. XX əsr Azərbaycan rəngkarlığında yer almış tanınmış imzalar
arasında böyük rəngkar olması hamı tərəfindən etiraf olunan rəssamların
birincisi yəqin ki, Əbdülxalıqdır (1920–1988)...
Hamı onu elə sadəcə "Əbdülxalıq”
kimi tanıyırdı. Heç bir muzey ekspozisiyalarında, sərgi kataloqlarında və sənətşünas
yazılarında onun adının yanında soyadı yazılmazdı. Hətta 1973-cü ildə Azərbaycan
SSR Ali Sovetinin fərmanı ilə ona "Əməkdar İncəsənət xadimi” fəxri adı veriləndə
də rəsmi dövlət sənədində də onun soyadı
əvəzinə elə "Əbdülxalıq Əbdüləli oğlu” yazılmışdı. Əslində isə, onun familiyası
Rzaquliyev idi, özü də Bakıda kifayət qədər tanınan bir nəslin nümayəndələrindən
sayılırdı. Nəsillərində ondan başqa rəssam da vardı, şair də... Onun arxivində
məşhur bakılı şair Əliağa Bakirin avtoqraflı çoxsaylı qəzəllərinin mövcudluğu da,
onun ədəbiyyat dünyasına da bələdçiliyindən xəbər verir...
Görkəmli rəngkarın bədii irsindən və
əsərlərinin estetikasından söz açmazdan onun bioqrafiyası ilə tanış olaq. Məlumat
üçün bildirək ki, o əvvəlcə sonralar məşhur "Əzimzadə məktəbi” kimi tanınacaq
Azərbaycan Dövlət Rəssamlıq məktəbində (1934-1939) təhsil almışdır. Bir il
sonra V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbul olunmuşdur. Lakin
İkinci Dünya müharibəsinin başlanması onu və digər şəhərlərdə oxuyan azərbaycanlıları
təhsilini yarımçıq qoyub Bakıya qayıtmağa məcbur edir. O, müharibə illərində gənc
həmkarları B.Mirzəzadə, L.Feyzullayev və B.Maratlı ilə birlikdə bir vaxtlar
oxuduqları məktəbdə pedaqoji fəaliyyətlə məşğul olurlar. Müharibədən sonra təhsilini
davam etdirən Əbdülxalıq Rzaquliyev 1949-cu ildə diplom müdafiə edib vətənə
dönür.
Hələ 1940-cı ildə 20 yaşlı gənc rəssam
ictimailəşdirdiyi süjetli "Kolxozda bayram” tablosu ilə tamaşaçı diqqətini cəlb
etməsi ilə bədii məkanda yaddaqalan iz qoymuş olur. Onun elə müharibəsonrası – 1946-cı
ildə təşkil olunan ilk ”Payız sərgisi”ndə nümayiş etdirdiyi "Mənzərə” və
"Bazar” lövhələrində gerçəkliyə özünəməxsus – fərqli münasibət ifadə etmək
potensialına malik olduğunu sərgilədi. Əllinci illərdə keçirilən bir neçə
respublika sərgisində onun fırçasının məhsulu olan müxtəlif janrlı lövhələrin,
o cümlədən, "Natürmort”, "Pirsaat çay”, "Toran çağı”, "Dağlar”. "Günəşli gün” və
"Mənzərə” adlı etüd xarakterli əsərlərinin timsalında onun görünənlərin bələndiyi
bakirə gözəlliyin təravətini cəlbedici bədii tutumda tamaşaçıya çatdırmaq
istedadına malik olduğunu təsdiqləmiş oldu.
Bu əsərlərdə gənc rəssamın palitrasından və özünəməxsus rəng duyumundan
qaynaqlanan duyğulandırıcı kolorit bənzərsiz idi. Rəssamın müharibəsonrası
yaradıcılığında yer alan iriölçülü "Traktorçunun nəğməsi” (1957) və "Hesabat
verənlər” (1961) tablolarında həm də rəssamın
təsirli və əhatəli kompozisiya yaratmaq potensialını sərgilədi. Hər iki əsərin
məna-məzmun tutumunda zamanın tələbinə müvafiq hakim ideologiyaya müəyyən
bağlılıq mövcud olsa da, əslində, onlar həm də məşhur "Başlıcası nəyi yox, onu
necə çəkməkdir” deyiminə layiqli cavab idi. Bu mənada həyat və yaradıcılığı
bilavasitə sovet dönəminə təsadüf edən rəssamın əsərlərində nonkonformistlik
olmasa da, yaratdıqları realizmin estetik coğrafiyasını duyulası dərəcədə
genişləndirmək istiqamətində yaddaqalan addımlar olmuşlar. Odur ki, onun altmışıncı illər yaradıcılığını
əhatə edən əmək mövzulu "Kolxozçu Sevil Qazıyeva”, "Kolxoz həyəti”, "Kolxozçu
qadın”, "Balıqçılr”, "Əmək meydanında”, "Lənkəran balıqçıları” və "Məhsul
bayramı” tablolarında, həm də əmək
adamlarının təmasda olduqları yerləri tərənnüm edən "Çuxuryurd”, "Altıağac” və
"Mənzərə” əsərləri bu gün də tamaşaçılara estetik zövq verməkdədir. Rəssamın sənət
dostları Baba Əliyev və Salam Salamzadə ilə birlikdə təşkil olunan qrup sərgisində
(1962) onun nümayiş olunan 34 əsəri böyük tamaşaçı marağına səbəb olmuşdu.
Əbdülxalıqın iyirmisi portret, on dördü isə mənzərə olan əsərlərinin bədii həllində
nümayiş etdirdiyi yüksək sənətkarlıq heyranedici idi.
Əbdülxalıq rəssamların
yaradıcılığında geniş yer tutan etüdün bənzərsiz
ustası idi, desək, yanılmarıq. Bu kiçik
ölçülü lövhələrdə onun naturada gördüklərinin bütün ilkinliyinin-adi
gözlə görünməyən təravətinin böyük sənətkarlıqla ifadəsi onlara klassik-nümunəvi
bədii tutum vermişdir. Bu mənada onun Şamaxı, Zaqatala, Moskva, İstanbul və
Bakı üvanlı etüdlərinin adını çəkmək olar.
Bir çox rəssamlar kimi onun da
yaradıcılığında janr məhdudiyyətinə rast gəlinmir. Bunu onun bir qərinədən çox
dövrü əhatə edən yaradıcılığını əhatə edən süjetli tablo, portret, natürmort və
mənzərələri də sübut edir. Müxtəlif mövzu və motivlər özündə əks etdirən bu
tablolarında ilk növbədə onun rəngə əksər həmkarlarından fərqli görünən bədii-texniki
münasibətini görmək mümkün idi. Bilavasitə reallığın duyğulandırıcı təqdimatına
köklənmiş bu əsərlərdə yaxı oyunlarının kolorit bütövlüyünün əldə olunması
heyranedicidir. Rəngləri qeyri-adi sənətkarlıqla ram etməyi bacaran sənətkar,
onların bu "gücsüzləşdirilmiş” tutumu vasitəsilə kompozisiyanın cəlbedici və təsirli
olmasını şərtləndirməyi bacarırdı. Bu özünəməxsus rəng "sakitliyi”ndə
tamaşaçını ovsunlaya biləcək qəribə bir bədii enerji vardı. Qətiyyətlə demək olar ki, bu, əslində, onun rəssamlıq
məkanında sənətkar "mən”ini təsdiqləyən
tükənməz və bənzərsiz bir bədii-estetik məziyyət idi...
Rəssamın yaratdığı portretlər
qalereyası obrazların daşıdıqları mənəvi-psixoloji yükün müxtəlifliyi ilə yadda
qalır. Bu mənada görkəmli fırça ustası Əzim Əzimzadəyə, müharibə qəhrəmanı-tarixçi
alim Ziya Bünyadova, məşhur balet ustası Qəmər Almaszadəyə, partizan Mehdi
Hüseynzadəyə və neçə-neçə əmək qabaqcılına, o cümlədən, doğma anasına həsr
olunmuş portretləri qeyd etmək olar. Təkcə qəhrəmanlarının ikonoqrafik oxşarlığının
əldə olunması ilə kifayətlənməyən fırça ustası, onların ətraf mühitlə əlaqəsində
də obrazları daha da zənginləşdirə biləcək ayrıntılar axtarıb tapırdı. Bu mənada,
onun bu janrın estetikasına əlavə çalarlar əlavə etdiyini də söyləyə bilərik.
Altmışıncı illərdə sovet rəssamlarının
tərkibində Türkiyə və İtaliyada yaradıcılıq səfərində olan Əbdülxalıq həmin
dövrdə bir-birindən maraqlı əsərlər yaratmağa nail olmuşdur. Onun Azərbaycan
Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasıı bəzəyən "Venesiya” tablosunun məşhur
rəssamların vətəninə həsr olunmuş çoxsaylı əsərlər arasında xüsusi yeri vardır,
desək, heç bir mübaliğəyə yol vermərik. İri yaxılarla "bir nəfəsə” işlənmiş bu
mənzərədə çoxsaylı kanallarla əhatələnmiş şəhərin görkəmi çox yaddaqalan və təravətlidir.
Rəssamın İstanbula həsr olunmuş lövhələrində də onun "Türkiyə həsrəti”nin böyük
sevgiyə çevrildiyini görmək mümkündür.
1950-ci ildən başlayaraq
yaradıcılığını pedaqoji fəaliyyətlə əlaqələndirən Əbdülxalıq Rzaquliyevin bu
sahədə gördüyü işlər də unudulmazdır. Müstəqil yaradıcılığının pedaqoji fəaliyyətlə
məhdudlaşdırıldığını bilsə də, o, təsviri sənətimizin gələcək mənəvi yükünü ləyaqətlə
daşıya biləcək yeni nəslin yetişdirilməsini özünə böyük şərəf bilmişdir. Bu gün
Azərbaycan mədəni məkanında onun vaxtilə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
məktəbində və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs
dediyi çoxsaylı yaradıcılar fəaliyyət göstərirlər. Onların çoxunun əsərlərində
müşahidə olunan özünəməxsus kolorit və "rəngkarlıq mədəniyyəti” də bilavasitə
Əbdülxalıq müəllimin zəhmətinin hədər getmədiyinin göstəricisidir. Qənaətimizcə,
bu onun bir müəllim-rəssam kimi ən böyük mənəvi qazancıdır...