AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Radikalların Əli Kərimli bütü

Radikalların Əli Kərimli bütü

Siyasət
10 İyul 2020, 18:19 4038
Milli Şura üzvlərinin AXCP sədrini "zəmanımizin Rəsulzadəsi” adlandırması ironiya doğurur, insanları iyrəndirir
 
Xalqın etimadını itirən və buna görə də siyasi mübarizədə, o cümlədən ölkədə keçirilən bütün seçkilərdə biabırçı şəkildə məğlub olan bir sıra müxalifət funksionerləri radikallığı özlərinə həyat tərzi seçiblər. Müxtəlif təşkilat adı altında bir yerə cəm olan bu şəxslər Azərbaycanın beynəlxalq imicinə ləkə vurmaq, ölkədə həyata keçirilən siyasəti gözdən salmaq, qaragüruhçuluq etmək üçün bütün vasitələrə əl atır, hətta konstruktiv mövqe bildirən müxalifətçiləri mənəvi terrora məruz qoyur, onlar haqqında şər-böhtan yayırlar. Xatırlayırsınızsa, özünü Milli Şura adlandıran qrumun Amerikada yaşayan sədri Cəmil Həsənli bir müddət öncə Azərbaycanda olan müxalifət düşərgəsinin digər nümayəndələrini aşağılayaraq onları "tryapka” adlandırmışdı. Beləliklə də, özlərini demokrat adlandıranların qeyri-demokratikliyi, əks fikrə qarşı dözümsüzlüyü, yalnız öz dediklərini həqiqət saymaları, bir növ diktatorsayağı xarakterləri növbəti dəfə nümayiş olunmuşdu. Həmin vaxt müxalifət nümayəndələrinin C.Həsənliyə cavabı özünü çox da gözlətmədi və ona qarşı sərt etirazlar bildirildi. Lakin müxalifət nümayəndələrinin etirazlarını əhəmiyyətsiz hesab edən C.Həsənli Fransada yaşayan Qənimət Zahidin "Youtube” kanalında canlı yayım vaxtı yenidən Azərbaycanın müxalifət nümayəndələrini aşağılayıb, onları "cib müxalifəti” adlandırıb. C.Həsənli bir qədər də irəli gedərək, təhqirin "dozasını” artıb və "cib müxalifəti” dediyi şəxsləri əkin-biçin zamanı yuvalarından çıxan siçovullara bənzədib. Bu "tapıntıya” C.Həsənli və Q.Zahid ürəkdən xeyli gülüblər.
 
"Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” 
 
Milli Şuranın Koordinasiya Mərkəzinin keçirdiyi videokonfransdan yayılan növbəti görüntüdə isə C.Həsənli və ətrafı bir qədər fərqli mövzuda müzakirə açıblar. Belə ki, antimilli təşkilat üzvləri bu dəfə Rahim Hacıyevin AXCP sədri Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi” adlandırmasını müzakirəyə çıxarıblar. Milli Şura sədri Cəmil Həsənli, eləcə də qurumun üzvlərindən Vidadi Mirkamal, Gültəkin Hacıbəyli bunu ironiya ilə qarşılayaraq, kəskin etiraz ediblər. Qeyd olunub ki, aparılan mübarizənin yalnız AXCP və onun sədri ilə əlaqələndirilməsi yolverilməzdir və R.Hacıyevin belə fikirləri insanları iyrəndirir. Ə.Kərimlinin Demokratik Cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəyə tay olmaması bir yana, iclas iştirakçılarının bu davranışı onlar arasında bir-birlərinə qarşı qısqanc yanaşma olduğunu da nümayiş etdirib. R.Hacıyev buna cavab olaraq söyləyib ki, fikirlərində heç bir qüsur yoxdur və gələcəkdə hamı o deyəni təsdiqləyəcək. Mübahisələrin qızışdığı məqamda  Qənimət Zahid ironiya ilə "Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını ataraq, AXCP sədrini bu dəfə Demokratik Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi, parlamentin sədri Əlimərdan bəy Topçubaşova bənzədib. Ardınca o, gerçək həyatda R.Hacıyevdən zindeyi-zəhləsinin getdiyini vurğulayıb. Düzdür, sonra hamılıqla gülərək bunun bir zarafat olması görüntüsü yaradılıb. Lakin bir el məsəlində söylənildiyi kimi, sözün düzünü zarafatla deyərlər. Daha sonra Q.Zahid bildirib ki, Ə.Kərimli ətrafında şiddət və sair bu kimi hallar artırılmalıdır. Sabiq baş redaktorun sözlərinə görə, belə şişirdilmiş vəziyyət, yəni AXCP sədrinin "blokadası” ətrafındakılar üçün qoruyucu xətt olmalıdır. O qeyd edib ki, bu şiddətin saxlanılması, təbliğatın aparılması Ə.Kərimliyə, Milli Şuraya, AXCP-yə siyasi qazanc gətirir, təmsil olunduqları düşərgənin reytinqini artırır. 
 
"Onların hərəkətləri cəmiyyətdə ikrah hissi yaradır"

Hər iki fakt özlərini demokrat adlandıranların hansı amalda, səviyyədə olduqlarını açıq şəkildə ortaya qoyur. Milli Şuradakıların "təfəkkürünə” görə, Ə.Kərimli və trollarından başqa heç kəs müxalifətçi ola bilməz. Radikallar AXCP sədrini "bütə” çevirib hamını ona tapındırmağa çalışırlar. "Yurddaş” Partiyasının sədri Mayis Səfərli mövzu ilə bağlı bildirib ki, Milli Şura deyilən qurumun fəaliyyəti siyasətdən daha çox dramaturgiyası son dərəcədə zəif olan həvəskar aktyorlar tamaşasına bənzəyir. Onun fikrincə, özünün lağlağı davranışları, gülüş doğuran performansları ilə Milli Şura diqqət cəlb etmək, gündəmdə qalmaq istəyir. Partiya sədri deyib ki, strukturları dağılmış AXCP-dən ibarət olan bu təşkilat dövlətçilik idealarından çox uzaq düşüb: "Bu, onların siyasi dialoqa münasibətində də özünü göstərdi. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev hələ bir neçə ay bundan əvvəl ideoloji yönündən aslı olmayaraq, bütün siyasi qüvvələri dialoqa dəvət etdi. Lakin Milli Şura öz iç üzünü göstərərək, müxtəlif bəhanələrlə təmaslardan yayındı. İctimai-siyasi proseslərə təsir imkanları olmayan milli şuraçılar bu gün videokonfrans formatında yığışaraq mənasız söhbətlər edir, siyasətə, cəmiyyətə aid olmayan mövzulardan danışırlar. Doğrusu, onların hərəkətləri cəmiyyətdə daha çox ikrah hissi yaradır. Elə öz aralarında da çəkişmələrə, didişmələrə səbəb olur. Belə toplantıların birində Rahim Hacıyev adlı birinin Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi” elan etməsi isə heç bir çərçivəyə sığmır. İroniya doğuran, bu iddiaya Cəmil Həsənlinin və Vidadi Mirkamalın etiraz etməsidir ki, nu da qurumun hansı vəziyyətdə olduğunu ictimaiyyətə açıb göstərir. Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin həm ona, həm AXCP-yə, həm də Milli Şuraya dividentlər qazandırdığını deməsi, bir daha onların mübarizəsinin qarın, şəxsi maraqlar davası olduğunu sübut edir”.

Rufik İSMAYILOV