Qrafik improvizələr ustası
Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan
təsviri sənətinin dünyada ilk olaraq milli "tanınma nişanı”mıza çevrilən sahəsi
qrafika olmuşdur. Zamanın axarında bu inkişaf gah yüksəlmiş, gah da
səngimişdir. Bu mənada incəsənətimizin ümumi inkişafında xüsusi mərhələ kimi
dəyərləndirilən ötən əsrin 60-
70-ci illərində qrafika sənətində də duyulası
yeniliklər baş vermişdir.
Həmin
yetmişinci illərdə fəaliyyətə başlayan Arif Hüseynov, Arif Ələsgərov, Arif
Əzizov və Adil Rüstəmovun çoxşaxəli yaradıcılığı göstərdi ki, qrafika sahəsinə
çox ciddi bədii vəzifələri həll etməyə qadir olan gənclər gəlmişlər. Belə ki,
onların ən müxtəlif mövzuları əhatə edən yaradıcılığında dəzgah qrafikasına
bütün mənalarda yeni nəfəs gətirmək istəyi çox qabarıqdı. O vaxtdan başlayaraq
bu ümidverici qrafiklər sərgi salonlarında imzaları tamaşaçılar tərəfindən
axtarılanların sırasına daxil edildi...
Bu "bədii
kvartet”də yaradıcılığı milli mövzuları əhatə edən və müxtəlif texnikaların
tətbiqi ilə fərqlənən Arif Ələsgərovun əsərlərində ənənə ilə müasirliyin
qovşağının ifadəsinə yönəli qrafik improvizələr çox cəlbedici və yaddaqalan
idi, desək, yanılmarıq. Onun yarım əsrə çatan müstəqil yaradıcılığını
incələməli olsaq, onda arxada qalan illərin onu bir yaradıcı – başqalarını
heyrətləndirə və düşündürə biləcək əsərlər müəllifi kimi təsdiqlədiyini söyləyə
bilərik...
Əvvəlcə
məşhur "Əzimzadə məktəbi”ndə (1959-1964), sonra isə Sankt-Peterburqdakı nüfuzlu baron A.Ştiqlis adına (keçmiş
V.Muxina adına) Rəssamlıq Akademiyasında (1964-1972) təhsil alan Arif Ələsgərov
doğma Bakıya qayıdanda qrafika sahəsində əldə etdiyi bədii-texniki bilgiləri tezliklə
əyaniləşdirmək istəyində idi. Bura Bakıda B.Mirzəzadə, V.Səmədova,
L.Feyzullayev, Sankt-Peterburqda isə İ.Vaksdan aldığı dərslərə, onun yaxın
qohumu R.Babayev və Ə.Rzaquliyevin sənətinə rəğbətini də əlavə etsək, onda onun
vətənə hansı yaradıcı ruhda qayıtdığını təxmin etmək də mümkündür...Əgər Arif
Ələsgərovun müxtəlif sənət növlərini, mövzu və janrları əhatə edən
yaradıcılığının məhsulları olan əsərlərinin hər birinə nəzər yetirməli olsaq,
onlarda rəssamın həyatda gördüklərindən heyrətlənmədikdən hələ də usanmadığına
şahidlik etmək mümkündür. Hazırda
ömrünün müdriklik çağını yaşayan 75 yaşlı sənətkarın ruhuna hopmuş "mövzular
məcmusu”nda uşaqlıq xatirələrindən tutmuş bu günümüzə kimi onu izləyən ən
müxtəlif hadisələrin tərənnümünə rast gəlmək mümkündür. Bu rəngkarlıq və
qrafika əsərlərində tamaşaçısı ilə üz-üzə, göz-gözə qalan çoxsaylı obrazların
heç birində süni pafosa rast gəlmək mümkün deyildir. Əslində, onun maraq
dairəsində olan bu müxtəlif peşə adamlarının, onların gündəlik qayğılarının,
adət-ənənələrinin qorunmasının, istirahətlərinin patetik təqdimata heç bir
ehtiyacı yoxdur. Başqa sözlə desək, öz təbii həyatlarını yaşayan bu insanlar
elə olduqları kimi göründüklərindən və yaradıcı rəssam münasibəti ilə də öz
ilkinliklərini sona qədər qoruyub saxladıqlarından – dəyişmədiklərindən bu
qədər səmimi və cəlbedicidirlər. Bu müsbət məziyyətləri onun 1980-ci illərdə
yaratdığı "Doğma diyar” litoqrafiyalar silsiləsində izləmək mümkündür.
"Dulusçu” (1982), "Pinəçi” (1982),
"Musiqi alətləri emalatxansı” (1982),”Qədim qablar” (1982) və "Qəfəs” (1982)
lövhələrində ağ-qara cizgilərin çox incə keçidləri ilə əldə olunan
inandırıcılıq kifayət qədər duyğulandırıcı olduğundan uzun müddət unudulmur.
Kompozisiyaları müxtəlif peşə adamlarının təsvirindən və onların sənətini
səciyyələndirən əşyalardan ibarət olan bu qrafika nümunələrində çox
koloritli-müsbət auralı obrazlar məcmusu yarada bilməsi danılmazdır. İfadəli və
inamlı rəsmetməyə tapınan həmin əsərlərin bədii həllində nümayiş etdirilən
qrafik icra mədəniyyətinin heyranediciliyinə nail olan müəllif, bütünlükdə,
bütün kompozisiyaların uğurunu təmin etmişdir.
Amma
əlavə edək ki, rəssamın sonralar müraciət etdiyi digər texnikalar da onun
duyğularının bədiiləşdirilməsində yaddaqalan vasitələr olsalar da, səksəninci
illərdə müraciət etdiyi litoqrafiya vasitəsilə ərsəyə gətirdiyi və yuxarıda
adlarını çəkdiyimiz sadə əməkçi obrazları ilə yanaşı, Novruz ünvanlı
"Kəndirbazlar” (1982), eləcə də "Bazara” və "Uşaqlar və yaşlılar” (1982)
lövhələri müəllifin bədii məkanda, sözün
əsl mənasında, "tanınma nişanı”na çevrildi. Zamanın axarında həmin əsərlərin
milli qrafika saxlancımızın incilərinə çevrildikləri də birmənalıdır.
1986-cı
ildə Tiflisdə keçirilən Zaqafqaziya rəssamlarının biennalesində bu silsilədən
olan "Musiqi alələtləri emalatxanası” əsərinin qızıl medala layiq görülməsi həm
də bu yüksək bədii məziyyətlərin layiqincə dəyərləndirilməsi oldu. Rəssamın
1989-cu ildə Xəzəryanı ölkələrin Bakıda keçirilən biennalesində isə gümüş
medalla təltif olunduğu "Mart” əsəri fərqli texnikada işlənsə də, müəllifin
monotipiya texnikasından qaynaqlanan estetikanı tamaşaçını ovsunlaya biləcək
bədii tutuma yönəldə bilməsi duyulan idi.
Əgər
sənətkarın yaradıcılığını əhatə edən digər əsərləri yada salmalı olsaq, onda
ilk növbədə onun düşüncələrinin daha incə və tutumlu tərənnümünə imkan verən
ofort texnikasında ərsəyə gətirdiyi milli ruhlu "Köhnə Bakı-çayxana” (1981),
"Novruz” (1989), "Yuxu” (1987), "Gəzinti” (1987), "İçərişəhər” (1989), "Sübh
açılır” (1987), "Pəncərə” (1986), "Güləş” (1982), "Qocalar-idmançılar” (1981)
və s. lövhələri adını çəkmək olar. Bəzən tez-tez rast gəlinənlərə, çox vaxt isə
uzaq-yaxın illərin yaddaşından "boylanan” idman və folklor mövzulu süjetlərə
"bədii güzgü” tutan Arif Ələsgərovun bu qrafik əsərlərində ifadə olunan
"duyğular toplusu” hər kəsə doğma görünə biləcək nostalji hisslərə
bələndiyindən, tamaşaçı diqqətini cəlb edən təsirli mənəvi mənbədirlər.
Əslində, "Doğma diyar”silsiləsinə daxil olanlar da, elə ofort texnikalı əsərlərin motivləri də bu gün
yeniləşməkdən "usanmayan” paytaxtımızın görkəmi ilə müqayisədə mövzular və
obrazlar tarixi qəbul olunurlar. Rəssamın göz və qan yaddaşında həkk olmuş
həmin təsvirlər müəyyən epoxanın mənəvi-etik yükünün daşıyıcısı kimi təqdim
olunduqlarından, yaşantıların çox vaxt ağ-qara, bəzən də rəngli belə
ifadələrində tamaşaçı onu duyğulandıra biləcək bədii-psixoloji məqamları görə
və dəyərləndirə bilir...
Sənətkarın
kifayət qədər zəngin olan bədii irsində onun vətəndaş mövqeyini ifadə edən
əsərlər də az deyil. "20 Yanvar”, "Qırğın”, "Çərxi-fələk”, Başlanğıc”, "At
ili”, "Qara qüvvələr”, "Bayquş”, "Dəhşət”, "Köhnə həyət”, "Düşüncələr” və s.
qrafik lövhələrində fərdi yaşantılarını bəşəriləşən ideyalarla qovuşdurmağı
bacaran rəssam, sonda onları tamaşaçını düşündürə biləcək bədii qaynağa
çevirmişdir.
Arif
Ələsgərovun rəngkarlıq irsi də maraq doğurur. Əgər sovet dönəmində o, bu sahəyə
epizodik olaraq müraciət edirdisə, müstəqillik illərində – Karadəniz Texniki
Universitetində (Türkiyə) çalışdığı dövrdə onun rəngkarlığa davamlı müraciətini
görmək mümkündür. Onun "Füzuli dünyası” (1995),
"Ağaclar” (2003), "Xatirələr” (2001), "Pişiklər” (1983), "Qaçqınlar” (1990),
"İpək yolu” (2008,) "Bişən balıqlar” (2008), "Əntiq mallar dükanı” (2011),
"Həyatın başlanğıcı” (2011), "Həvvanın almaları” (2008), "Ərzuruma gedən
yollar” (2011), "Kapadokiya” (2013) və s. tablolarında rəng və yaxı
improvizələrinin mövzu açımına yönəli yaddaqalan tutumu ilə qarşılaşırıq. Məhz
müəllifin tətbiq etdiyi məntiqli "bədii şişirtmə” və duyulası stilizələrin
sayəsində gözümüzdə adiləşən motivlər bu əsərlərdə cəlbedici olduğu qədər də,
fikir paralayıcıdır. Rəssam üçün rəng bir çox hallarda olduğu kimi nələrisə
ört-basdır etmək yox, qabartmaq və mənalandırmaq vasitəsidir. Odur ki, onun
tablolarında hadisələr də, obraz və motivlər də çox vaxt reallıqda olduğu kimi
yox, rəssamın arzuladığı rəngdə və ifadəli plastik tutumdadır...
Təhsil
sonrası Bakının ali və orta ixtisas məktəblərində gənc rəssam kadrlarının
hazırlanmasında davamlı fəaliyyət göstərən sənətkar bu gün də bu müqəddəs peşə
ilə məşğuldur. Azərbaycan
Respublikasının Əməkdar rəssamı, professor Arif Ələsgərov hazırda müstəqil
yaradıcılıqla yanaşı, respublikamızın çox nüfuzlu sayılan təhsil ocağında –
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışmaqda, yeni-yeni əsərlər
yaratmaqdadır. Zaman-zaman fərdi və
qarışıq sərgilərdə ictimailəşən bu əsərlərin müasir ruhu görkəmli sənətkarın
qəlbinin yaratmaq eşqi ilə döyündüyündən xəbər verir...
Ziyadxan Əliyev