• cümə, 26 Aprel, 05:21
  • Baku Bakı 16°C

QOŞA XALIN “QAYIDIŞI”...

08.01.18 12:30 1159
QOŞA XALIN “QAYIDIŞI”...
Vaxtilə İrəvanda baş tutan toyların birində məşhur xanəndə Cabbar Qaryağdıoğlunun gəlin tərifi kimi səsləndirdiyi "İrəvanda xal qalmadı, O xal nə xaldı, üzə düzdürmüsən? De görüm nə xaldı, qoşa düzdürmüsən?” sözləri bir əsrdən çoxdur ki, ürəyəyatımlı musiqiyə bələnmiş tutumda biz azərbaycanlıların dilində dolaşmaqdadır, desək, yanılmarıq. Həmin qoşa xalın anadangəlmə olmasına heç birimizin şübhəsi qalmadığı halda, indi məlum olur ki, gənc qızın gözəlliyinə gözəllik qatan həmin xallar təbii deyilmiş və zamanında onları gəlinin bəyaz çöhrəsində əbədiləşdirən ustalar varmış. Bu döymələrin bədəni bəzəməsi və onun tarixi barəsində 2000-ci illərin əvvəllərində bu mövzunu təsviri sənətə gətirən mərhum rəssam Sara Manafova ilə xeyli söhbətlərimiz olmuşdu. Odur ki, bu ilin sentyabrında gənc rəssam Leyla Şahbazovanın çəkdiyi və xalq arasında daha çox tatu kimi tanınan çoxsaylı mandalaları gördükdə içimdə təsviri sənətimizə yeni nəfəs gətirmək istəyi ilə yaşayan belə bir yaradıcının mövcudluğuna çox sevindim. Bundan bir müddət sonra-ötən ilin noyabr ayında tanınmış sənətşünas Telman İbrahimovun internet səhifələrində tatuların həyatımızda yeri barəsində paylaşdığı məlumatda həmin qoşa xalın-döymənin İrəvanlı gözəlin üzündə qərarlaşmasının qədim mədəni ənənələrdən qaynaqlandığını dilə gətirməsi əslində, gənc rəssamın simasında tarixi keçmişə yeni yaradıcı münasibətin baş verdiyini söyləməyə əsas verirdi.
Tarixən kainatın həndəsi sxemi, onun quruluşu kimi təsvir olunmaqla, həm də dini mahiyyətli rəmz sayılan və öncə buddizmdə - qədim Hindistan mədəniyyətində yer almaqla dünyaya yayılan mandalanın uzaq Azərbaycana gəlişini-Qobustan qaya rəsmlərində əksini tapmasını da haradasa insanların ona olan marağı ilə izah etmək olar. Amma onun zamanında Altaydan tutmuş Türkiyə ərazisinə qədər yayılması ilə yanaşı, Qədim Mesopotamiya, Afrika və Yaxın Şərq ölkələrinin həyatında yer almasını həm də insanların yəqin ki, mandaların qoruyucu-magik gücünə inanmalarının nəticəsi sayıla bilər...
Mandalada hifz olunan fəlsəfi tutum və onun çoxqatlı məna-məzmunun müxtəlif formalı rəmzlərdən "boylanması”nın qədim tarixə malik olması bəzən onun tamaşaçısını bu tükənməz qaynağın az qala dünya naxış saxlancının qaynağı olmasına inandırır. Əsas bədii göstəricisi kvadratın daxilinə çəkilmiş dairə olan mandala cizgi ritminə, bəzən rəng uyarlıl;ğına, bəzən də -təzadına görə, sonralar Şərq mədəniyyətinin bütün sahələrinə yayılmaqla, əslində, onların həm də özünəməxsus cizgilərlə-bədii məziyyətlərlə zənginləşməsini şərtləndirmişdir. Təsviri, daha çox isə dekorativ-tətbiqi sənətin əksər sahələrinin bəzək elementinə və məna-məzmun daşıyıcısına çevrilən mandalarda cəlbediciliyin duyulası olmasındandır ki, elə ilk baxışda mənəvi qaynağa çevrilən bu sənət nümunələri ovsunlayıcı görünürlər. Leyla xanımın Bakı sərgisində də belə əsərlər kifayət qədər çox idi. Yüksək bədii-estetik dəyərinə görə həm də zamansızlığa və məkansızlığa qovuşduğunu sərgiləyən müəllifin bu mandaları göstərdi ki, o, milli təsviri sənət məkanımıza yeni rəng qatmaq gücündədir. Odur ki, həm qədim, həm də müasir olan mandalanın rəssamlığımıza yeni qayıdışını yalnız alqışlamaq olar...
Yuxarıda qeyd etdiyimiz kimi çox qədim tarixə malik olan mandalaların bizim günlərdə Leylasayağı təqdimatında da onların ənənəvi olaraq bələndikləri fəlsəfi-rəmzi qatların yeni və özünəməxsusluğu görünürdü. Bu başqalarından fərqlənmənin kökündə müəllifin fərdi yaşantılarından qaynaqlanan və rəssam təxəyyülü ilə bənzərsiz naxışlara çevrilən mandalarında həm də suallı olması durur. Qənaətimizcə, bu mənada rəssamın "sirr qatı”na bələndiyi danılmaz olan kompozisiyaları qarşısında dayanan tamaşaçı ilə təsvir arasında mənəvi dialoqun yaranmasının özü rəssamın məqsədinə çatdığının göstəricisidir. Onun rəng və cizgilərdə ifadə olunan arzu-kompozisiyalarında ümumi formadan məzmun daşıyıcılığına uzanan yol həm də zamanlar arasında mənəvi körpü yaradıcısı kimi çıxış etdiyindən, onlar ümumi görüntüsündə həm də müasirliyin duyulduğu "nur məcmusu” kimi görünürlər...
Gənc rəssamın zahiri görünüşü obrazlı görkəm almış mandalarının məna-məzmun daşıyıcılığının bilavasitə duyulası düşüncə qaynağına çevrilməsi də onun bədii axtarışlarında çoxqatlılığa-Şərq mədəniyyəti ənənələrindən qaynaqlanmağa üstünlük verməsinin göstəricisi sayıla bilər. Bu mənada Leyla xanımın bir əsərdə insanı, səmanı və dənizi, digər kompozisiyada isə nəbatat və heyvanat aləminin bitki ilə vəhdətdə təqdimatı, şəfəq formasını alan memarlıq elementlərinin nəticə kimi qəbul olunan qovşağındakı harmoniyanın gözəlliyin daşıyıcısı kimi ifadəsi cəlbedici və yaddaqalandır. Mandaların ağ-qara cizgi axıcılığında, bəzən də onlara əlavə olunmuş yığcam rənglərin ümumi tutumunda müəllifin ovqat yaratmaq istedadının işartıları görünməkdədir. Onun təkcə lələk formalı mandalasında bunu duymaq mümkündür. Bu lələyin xüsusi ritmli açılışından "boylanan” və dünyadan "buta”sını arzulayan ürəklərin göz muncuğuna tapınmasına verilən bədii görüntü ilk növbədə obyektə - mövzuya incə müəllif yanaşmasının nəticəsidir. Həmin mandalarda ali reallığın rəsm-bədii görüntü şəklində əksi fəlsəfi qata bələndiyindən tamaşaçı düşüncələrini pərvazlandırmaq gücündədir.
Tarixən məhəbbət, xoşbəxtlik, uğur və sərvəti insana cəlb etmək kimi magik gücə sahib olan qoruyucu-mandalalar gənc rəssamın təqdimatında qədim nümunələrlə anım yaradan olduqlarından tamaşaçısını ovsunlamaq gücündədir. Mandalanın klassik forması ilə səsləşən bədii "göl”ün qrafik ləçəklərindən "boylanan” Şərq ruhunda isə gənc rəssamın gerçəkliyin harmoniyasının əldə olunmasına yönəli bədii axtarışlarının uğurlu nəticəsi görünməkdədir. Müəllifin digər bir kompozisiyasında - dairəvi mandalanın ləçəklərinin memarlıq elementləri ilə anım yaradan görüntülərində də müəllifin ənənəvi olaraq "daşlaşmış musiqi” kimi qəbul olunan və insan baxışlarını ovsunlayan unikal tikili əzəmətini qabartmaq və mənalandırmaq istəyi duyulur...
Qədim zamanlardan gerçəkliyə münasibətini mağara rəsmlərində ifadə edən insanların müxtəlif, o cümlədən, də rəmzi-fəlsəfi tutumlu formalardan – mandalalardan istifadəsi də göstərir ki, bu cür özünüifadələr həm də onun yaradıcılarının ruhlarında və iç dünyalarında hifz olunan gözəllik duyumunun bədii təzahürüdür. Mandaların bir qayda olaraq klassik tutumda ikonoqrafik təsvir və mürəkkəb naxışların toplu halına gətirildiyi, kainatın müqəddəs rəmzlərdən "hörülmüş” çeşnisi olması qarşılığında ona müraciət etməyin hər yaradıcıdan həm də cəsarət tələb etdiyini etiraf etməliyik. Bu mənada ixtisasca hüquqşünas olan və rəssamlıq sahəsində xüsusi təhsil almayan Leyla xanımın çəkdiklərinin yalnız təxəyyülün nəhayətsizliyindən və fəhmdən yarandığını söyləsək, həqiqəti ifadə etmiş olarıq...
Mandaların ümumi tutumunun incəliyi birmənalı olan naxış elementlərindən yaranmasının qarşılığında, irili-xırdalı bu naxış toplusunun aşıladığı yüksək estetik dəyərlərin bir araya gələrək mənalandırılması onun müəllifinin davamlı axtarışlarının nəticəsidir, desək, yanılmarıq. Bu gözoxşayan sənət nümunələrində Leyla Şahbazova dəst-xəttinin mövcudluğunu şərtləndirən başlıca səbəb onların yaradıcı səmimiliyindən qaynaqlanmasının nəticəsidir. Etiraf edək ki, uzaq-yaxın zaman kəsiyində yaradılan zəngin "mandala ensiklopediyası”nın xofu ona təsir göstərməmiş və gənc rəssam yalnız ürəyinin səsinin, yaradıcı təxəyyülünün ruhuna tapınaraq arzularını fərqli – başqalarına da maraqlı görünə biləcək bədii tutumda gerçəkləşdirməyə çalışmışdır. Gərgin axtarışlar prosesi zamanı gənc fırça ustasının insanların bədənlərində həkk etdirdikləri mandala-rəsmlərin tətbiq sahəsinin mümkünlüyünü sərgiləmişdir. Bakı sərgisinin ekspozisiyasına daxil edilən və üzəri Leyla xanımın yaratdığı mandalarla bəzədilmiş geyimlərin orijinallığı birmənalı olan estetikası qarşılığında əminliklə söyləmək olar ki, onlar artıq həyatımıza daxil olmaq hüququ qazanıblar. Həmin geyimlərin ümumi tutumunda ifadə olunan yüksək zövq nümunəsi həm də milli moda sənətinə yeni ruh gətirmək gücündədirlər..
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər