• cümə axşamı, 28 mart, 20:19
  • Baku Bakı 13°C

"Qırxıncı otağ"a gedən yol

07.10.19 13:30 1349
"Qırxıncı otağ"a gedən yol
AMEA Folklor İnstitutunun əməkdaşı, çağdaş poeziyamızın nümayəndəsi Atif İslamzadənin "Qırxıncı otaq” şeirlər kitabı məndə son dərəcə böyük maraq yaratdı. Onu da qeyd edim ki, kitabın "Qırxıncı otaq” adlandırılması diqqətimi daha çox cəlb etdi. Şeirləri oxuduqca belə bir qənaətə gəldim ki, müəllif sərlövhəni təsadüfi olaraq seçməmiş, kitabı məqsədli şəkildə belə adlandırmışdır.
Bilinmir bu necə qapı-bacadır,
Sim-sim oxuyan da tilsim açanmaz.
Elə bil bu otaq bir tapmacadır,
Heç kim aça bilər, heç kim açammaz.
Heç kim olduğunu dərk etsən ancaq,
Sən də bu qapıdan girə bilərsən.
Könül otağıdır qırxıncı otaq,
Orda öz könlünü görə bilərsən.
Buradan göründüyü kimi, nağıllar aləmində öz sehri, əfsunu ilə fərqlənən "qırxıncı otaq” şairin "könül otağı”dır. Doğrudan da, insanın bütün əməllərinin, fikir və hisslərinin mənbəyi könüldür, qəlbdir. Bu kitabda da şairin lirik qəhrəmanının qəlbi dünyamızın taleyi, insanların gələcək səadəti üçün narahat duyğularla döyünür.
Müəllif kitabdakı şeirləri "Məqam”, "Vaxt”, "Duyğu”, "Uşaqlar sevgi işığı”, "Sərbəst səhifə”, "Yaddaş arxası” və "Qırxıncı otaq” adlanan 7 müxtəlif başlıq altında qruplaşdırmışdır.
Atif İslamzadənin lirik-psixoloji, milli-ictimai baxışlarının ifadəsi olan şeirlərində vətənpərvərlik ruhu çox güclüdür. Həyatın mürəkkəb hadisələrindən, vətənə məhəbbətdən, sevgi duyğularından, bir sözlə, nədən bəhs edirsə etsin, Atif müəllim aşağıda nümunə verdiyimiz "Sevgi payı” şeirində olduğu kimi həmişə oxucuda özünə qarşı etimad duyğuları oyada bilir.
Bizə də sevgidən çox pay düşübmüş,
Sevdik, bu dünyada hamını sevdik.
Balaca ürəyə hamı sığırmış,
Sevdik, bu dünyada hamını sevdik.
Bir əlçim atəşə bir damla suyuq,
Hərə bir cürədi, bax biz də buyuq.
Ən əvvəl-axırı gor qonşusuyuq,
Sevdik, bu dünyada hamını sevdik.
Əsl insanın, vətəndaşın həyat kredosu, yaşamaqda məqsədi nə olmalıdır? Bu sual Atif müəllimin, demək olar ki, bütün yaradıcılığında bir xətt kimi keçir, onu daima narahat edir. Şairin bu sual barəsindəki aydın qənaətini "Özünü axtar” şeirində görə bilərik:
Çaxmaq istəyirsən, ildırım ol çax,
Yerlər silkələnsin misri səsindən.
Yağmaq istəyəndə yağış kimi yağ,
Axma samovarın dar lüləsindən.
Yananda elə yan, aləmi yandır,
Sənin yanmağına aləm inansın.
Selin qabağını sel ol dayandır,
Novalça suyuna çətin dayansın.
Atif müəllimin yaradıcılığında ana dili mövzusu da önəmli yer tutur. Şair ana dilini xalqın varlığının, tarixi yaddaşının daşıyıcısı olan bir nemət kimi mənalandırır, onu yaşatmağı, daha da zənginləşdirməyi hər bir vətən övladının müqəddəs borcu sayır. "Dil uğrunda” şeirində şair həmvətənlərini dilimizi özgə dillərin təsirindən mühafizə etməyə, onu saflaşdırmaya səsləyir:
Gəlin yad sözləri varaqdan deyil,
Dildən təmizləyək, dildən biz ancaq!
Bildiyimiz kimi, bədii ədəbiyyatın başlıca predmeti insandır, onun həyatı və daxili aləmidir. Yaradılan heç bir əsəri bu predmetdən kənarda təsəvvür etmək mümkün deyil. Bu baxımdan Atif müəllim də xüsusi poetik fiqurlardan, orijinal təsvir və ifadə vasitələrindən istifadə etməklə insanı təsvir edir və öyrənir. Onun şeirlərində cəmiyyətin sosial-ictimai gerçəkliyi, psixoloji, dini, fəlsəfi görüşləri, mənəvi problemləri hər şeydən əvvəl insan şəxsiyyəti, insan xarakterləri vasitəsilə təcəssüm etdirilir. "Haralısan?”, "Yaddaş məhkəməsi”, "Özündən dönüklər”, "Ədalət sorağında”, "Nizam”, "İnsan”, "Həqiqətin öz üzü”, "Su boğaza çıxanda”, "Adsız şeir”, "Yuxu ömrü” və başqa şeirlər buna əyani sübutdur.
Müasir insan, onun əməlləri, həyəcanları, fikir və hissləri, bütün bunların mənbəyi olan insan qəlbi, bu qəlbin sevinc və fərəhi, əzab və iztirabları şairin lirikasının əsas materialını təşkil edir. "Ana”, "Ata ürəyi, "Gözəllik”, "Dost nəvazişi”, "Sevgi axtarışı”, "Gizlədə bilmədim”, "Qaytar mənim sevgimi”, "Duyğu” və s. şeirlərdə məhz insanın keçirdiyi hiss və həyəcanlar, mənəvi təlatümlər öz bədii ifadəsini tapmışdır.
İnsan hansı gözəlliyin sirdaşı,
Tarix hansı gözəlliyin yaddaşı...
Yaradıbdı acı dərdin göz yaşı,
Füzulinin qəzəlində gözəllik!
Bir söz deyim, bundan başqa sözüm yox,
Gülən gülsün, uydurmağa üzüm yox.
Gözəllərin gözəlində gözüm yox,
Qəlbindədir gözəlin də gözəllik.
İncə lirizm, fikir və hissin pozulmaz vəhdəti A.İslamzadə poeziyasının yalnız mövzusuna aid olan cəhət deyil, həm də onun poetikasının canına hopmuşdur.
Bu şeirdə əvvəldən axıradək vətəndaşlıq və humanizm duyğuları hökm sürür. Fikrimizcə, necə ki bu şeir Atif İslamzadə şəxsiyyətinin manifestidir, "Qırxıncı otaq” şeirlər kitabını da Atif İslamzadə yaradıcılığının manifesti hesab etmək olar.
Beləliklə, Atif İslamzadənin şeirlərində çağdaş milli poeziyamızın yeni, perspektivli meyil və axtarışlarını görürük. Bu meyllərdə ən əsas cəhət isə şeirdə şair dünyagörüşünün dolğun inkişafına yol açmaqdır.
Bundan başqa Atif İslamzadə poeziyasının özəlliyini müəyyənləşdirən əsas cəhətlərdən biri də şifahi xalq yaradıcılığından bəhrələnmədir. Şairin lirikasında xalq həyatına, xalq mənəviyyatına dərin və üzvi bir bağlılıq vardır. Belə ki, xalqın həyatını, məişətini, işini onun bədii yaradıcılığından ayrı təsəvvür etmək olmur. İnsan dünyaya gələndən dünyadan köçənədək layladan tutmuş ağıyadək xalq şeiri ilə mənəvi bağlanır, bu tükənməz xəzinədən qidalanır. Əgər bu insan yaradıcı şəxsiyyət olarsa, öz əsərlərində şifahi xalq ədəbiyyatına münasibətini bildirmədən keçinə bilmir, çünki folklor bütün sənət növlərinin örnəyidir.
Atalar sözlərinə, xalq deyimlərinə, inanclara, bir sözlə, folklorizmlərə şairin əksər şeirlərində rast gəlinir. "Balta dəsti”, "İynə”, "Mənim bu köpəyə yazığım gəlir”, "Yüz ilin palazı”, "El üçün ağlayaq!” və s. şeirlərdə biz bunun şahidi oluruq.
El üçün ağlayan kor olar – dedin,
Sən nə dediyini fikirləşmədin.
Ağlaya bilməyən göz nəyə gərək,
Elə əvvəlindən o kordur demək!
Məni kötəklərsə zalımlar bu gün,
Kötək hazırlanır sabah səninçün.
Biz eyni ruhluyuq, eyni qanlıyıq,
Biz eyni məsləkə and-amanlıyıq.
Gözümüz kor olar, qulağımız kar,
Ayıra bilməsək qaranı ağdan.
Elə "sənə nə var”, "mənə nə var”lar,
Yaranıb el üçün ağlamamaqdan!
Beləliklə, şairin istər vətənpərvərlik, istər lirik-psixoloji, istərsə də ictimai aspektdə yazdığı əsərləri özünəməxsusluğu ilə seçilir. Atif müəllimi bu son dərəcə maraqlı və məzmunlu "Qırxıncı otaq” şeirlər kitabı münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Gülnar OSMANOVA
filologiya üzrə fəlsəfə doktoru

banner

Oxşar Xəbərlər