• cümə, 29 Mart, 16:49
  • Baku Bakı 14°C

Qayıtma

14.06.20 13:30 1372
Qayıtma
Polkovnik İsayev palıd ağacının torpağa səpələnmiş yarpaqlarının üstündən qalxır, bir neçə yerdə hələ də yaşıl donunu dəyişməyən bitkiləri görür, nədənsə ürəyində qorxu hissi yaranır, sanki yeniyetmə qız Marika Rokk "Aprelin on yeddinci anı” mahnısının sonuncu kupletini oxuyurdu. Bu ifadə ona bənzəyirdi ki, elə bil ağacların vals rəqsi ilə bərabər səmada uçan qağayı çayın gur axınına baş vuracaq və dalğaların ağuşunda boğulacaqdı. Heç kim ona kömək edə bilməyəcək. Qızın incə, məlahətli səsində mahnının son akkordları eşidiləcək. Ətrafa zəif sakitlik çökür; diktor cəbhədən gələn xəbərləri oxuyurdu.
Ştirlis maşına yaxınlaşır, radionu işə salır, sükanın arxasına oturur və Berlinə gedir...
O, maşını asta sürətlə sürürdü və tənhalıqda olduğu dəqiqələrin sakitliyini mümkün qədər uzatmağa çalışırdı.
Qayıdandan üç saat sonra baş verəcək hadisələr barədə fikirləşməyi heç təsəvvürə də gətirmək istəmirdi. Çalışırdı ki, narahatlıq hissləri keçirməsin, tam sərbəst olsun. Lakin özündən asılı olmayaraq, suallar onu rahat qoymurdu. Sual düşüncəyə qalib gəlirdi. Çətin anda necə hərəkət etməli?
Ştirlis vəziyyətdən çıxmaq üçün özünü aldatmağa çalışırdı. O, özünü, Saşenkanın sifətini gözləri önünə gətirməyə məcbur etdi. Sevdiyi xanımı iyirmi ildən bəri daim xəyalında yaşadırdı. Ancaq bu xatirələr indiki vaxtda çox həyəcanlı, keçmişdə olanlardan çox fərqli idi. Ştirlis bərk sıxılırdı, nəticədə növbəti dayanacağı keçəndən sonra öz-özünə dedi: "Bu iki yüz onuncu kilometr idi, yavaş sür, hər şey yaxşı olacaq. Əks halda ədalətsizlik baş verər, sən buna layiq deyilsən”. Məgər ədalətsizlik məfhumu qeyri-məntiqi varlığın təzahürüdür? O, yazılmayan xeyirxahlıq kodeksi ilə yaşayanların, cəzaya layiq olmayanların, bəzən üzərinə düşür. "Yaman özünü tərifləyirsən”, - Ştirlis, gülümsəyərək dedi. Sözün doğru olsa da, birmənalı səslənir. İnsanı tərifləyəndə o, yaman sevinir, tərifləyən olmayanda, deyirlər - özü-özünün ağasıdır... Yəqin fürer cavanlıqda kütlə tərəfindən ünvanına səslənən gurultulu alqışları çox eşidib. Maraqlıdır, görəsən almanlar öz fürerini psixi analizdən keçməyə məcbur edə bilərlərmi? Axı, siz paranoiksiz, sanatoriyada dincəlmək, əsəb sistemini gücləndirmək lazımdır. Rəsm çəkməyi bacarırsınız, deyirlər, akvarel əsəbləri sakitləşdirir, hətta poeziya ilə də məşğul ola bilərsiniz. Yazdığınız şerləri kütlə qarşısında oxusanız, hamı sizi alqışlayar. Gənc xanımlar qafiyəli misraları çox sevirlər. Yox, deyəsən səhv etdim, poeziya müqəddəsdir, paranoikləri ona yaxın qoymaq olmaz. Günahdır. Mənəviyyatı sağlam olmayanı poeziya özü kənara atır.
...Polkovnik İsayev ("Yustas”) otuz üçüncü ilin payızında qeyd olunan bayramı yadına saldı. O zaman komandanlıq Qvadalaxara yaxınlığında cəbhə xəttini keçməyi ona icazə verdi. Əsaslı sürətdə təşkil edilən bu keçid vaxtı sovet kəşfiyyatçısı İspaniya respublikaçılarının dəstəsinə qoşulan SD agenti ilə görüşmək tapşırığını almışdı. "Pəncərədə” – məxfi görüş yeri belə adlanır, onu Qrişa Sıroyejkin qarşıladı. Onların dostluğu iyirmi birinci ildən, Dzerjinski İsayevi Tallinə göndərdiyi vaxtdan başlamışdı. Bu iş Qoxranadan brilyantların oğurlanması ilə əlaqədar idi. Qrişa Şelexslə bərabər onunla əlaqə saxlayırdı.
Sıroyejkin onu Valensiya yaxınlığındakı bir binaya gətirdi. Artıq hamı orada toplaşmışdı; Vladimir Antonov-Ovseyenko, Mixail Koltsov, Rodion Malinovski, Hacı Murat Mamsurov və Yakov Smuşkeviç. Onların hər biri ilə Maksim Maksimoviçin inqilabın ilk illərindən möhkəm dostluq əlaqəsi var idi. Həmin illəri o, yaxşı xatırlayırdı; V.Antonov-Ovseyenkonun tez-tez Dzerjinskinin yanına gəlməsini, R.Malinovskinin V.Blyuxerlə bərabər İsayevi Vladivostoka yola salmasını və respublika aviasiya başçısının müşaviri Y.Smuşkeviç ilə Çində olan görüşləri. Orada Vasili Blyuxer və Mixail Borodin inqilabi Qırmızı Ordunun yaranması üçün fəal iş görürdülər. O, dostların əhatəsində yalnız bir gecə qaldı. Heç kim gözünü yummadı. Onlar əvvəlki dostları – Pavel Postışevı, Yakov Petersi, Nikolay Podvoyskini, Mixail Kedrovu, Qriqori Petrovskini və Nikolay Krılenkonu xatırladırdılar. Sonra İsayev Antonov-Ovseyenko ilə bərabər kiçik otağa keçdilər. O, İspaniyada baş konsul vəzifəsində işləyirdi, hər bir işə görə də məsuliyyət daşıyırdı.
- Maksim, - siqaret çəkə-çəkə dedi: - mən bilirəm, sən vətənə qayıtmaq barədə raport yazmaq istəyirsən, bilirəm, dostum, gücün tükənib, hər şeyi başa düşürəm... Ancaq mən sənin raportunu Mərkəzə göndərə bilmərəm, ona görə ki, indi faşizmlə şiddətli mübarizə gedir və bu qanlı mübarizə hələ uzun çəkəcək.
V.Antonov-Ovseyenko dərindən siqaretini çəkərək bir neçə dəqiqə susur, İsayevin fikrini öyrənməyə çalışır və sonra gülümsəyərək deyir:
- Sənə deməliyəm, mən hərbiçi kimi 1905-ci ildən praporşik olmaqla otuz iki il təcrübəm var, verilən bütün əmrlər mənə məlumdur. Lakin onlardan biri nizamnamədə yoxdur: "Sağ qalmaq!” əmri, anlayırsan?
- Anlayıram, - deyə, İsayev cavab verir. Bəs evdəkilər bunu necə başa düşsünlər?
Antonov-Ovseyenko onun sözünü kəsir:
- Maksim, orada hər şeyi yaxşı bilirlər. Aydındır?
İsayev onun sözünü təkrar edir. – "Sağ qalmaq”. Yalnız vicdan qanununa görə, əks halda məhv olmalısan. Şərəfsizliklə qazanılan həyat isə heç nəyə dəyməz.
O, iyirmi yeddinci ildə Şanxayda olarkən Menjinskidən aldığı əmri də xatırladı. Bu, nasional-sosialistlərin hərəkatına qoşulmaq əmri idi; o zaman ona elə gəlirdi ki, Hitlerin ideyasını nə qədər dərindən öyrənsə də, Mərkəzdə oturanlar bu fanatikin nə qədər təhlükəli olacağını anlamayacaqlar və onun hakimiyyətə gəlməsini utopiya hesab edəcəklər. Yalnız 1933-cü ildə İsayev anladı ki, Vyaçeslav Rudolfoviçin altı il əvvəl nasistlərin hakimiyyətə sahib olmasının bəşəriyyət üçün çox böyük faciə yaradacağını söyləməsi həqiqət imiş.
Ştirlis fürerin hakimiyyətə gəlmə səbəbini aydınlaşdırmağa çalışsa da, bu fenomeni izah etməyi bacarmırdı. Sosial-demokratlarla kommunistlər arasında ümumi cəbhənin olmaması birincilərin seçkilərdə qalib gəlməsinə mane oldu. Bəs, Hitlər bunu necə bacardı? Axı, otuzuncu illərdən başlayaraq Almaniyada konservativ və məkrli antikommunist mövqe tutanlar da qüvvətli idilər; ordu, ilk növbədə "polad dəbilqələr”, möhtəşəm "Milli Almaniya” Partiyası var idi. Necə oldu ki, bu blok yox, Hitler hakimiyyətə gəldi? İlk növbədə fəhlə-kəndli sinfini aldatmaqla, gözəl "sosializm” terminini irəli sürməklə və milli mənsubiyyəti də əlavə edərək, nasistlər səs çoxluğu qazanmış oldular. Yəni Moskvadan fərqli olaraq, beynəlmiləl yox, yalnız seçmə irqə mənsub ağaların, alman millətindən olan yüksək səviyyəli vətəndaşlara şirin vədlər verməklə qarşıya qoyulan məqsədə nail oldular. Zehinləri kor olmuş millətçi-şovinistlər, özlərini hamıdan yüksəkdə tutanlar, dünyaya ağalıq iddiasında olanlar, tarixin yaddaşını unutmaqla kütlənin gözünü bağlamağı bacardılar. Amma başqa xalqlara hökmranlıq arzusunda olanlar son nəticədə özləri məhv olublar. Necə oldu ki, paranoik Hitler Bethoven, Vaqner, Hegel və Bax kimi dahiləri olan xalqın beynini zəhərləyə bildi? O, ölkədəki iqtisadi çətinlikləri yəhudilərin və beynəlmiləl kommunistlərin boynuna yıxmaqla, xalqın azsavadlı hissəsini, böyük kütləni inandırmağa çalışaraq hakimiyyət başına gəldi. Tarixçilər sonra deyəcəklər: "Hitler və Göbbels hər çıxışı zamanı xalqın beynini narkotik kimi dumanlandırır və xoşbəxt gələcəyin yalnız onlara məxsus olacaqlarını söyləyirdilər. "Almaniya, Almaniya! Hamıdan yüksəkdədir!” şüarı ölkənin himni kimi səslənirdi. Kütlənin "Adolf Hitler!” çağırışları, ona, ölkəyə başçılıq etmək imkanı yaratdı. Hər nitqindən sonra gurultulu alqışlar eşidən fürer arzusunu həyata keçirmək üçün xalqın etimadından istifadə edərək, bu vəziyyəti pasyans oyununda kart yığını kimi işlədirdi.
Ştirlis bərk yorulduğunu hiss edirdi. Berlin uzaqda deyildi: aydın səmaya ucalan krematoriyanın kədərli qara tüstüləri və ingilis-amerikan aviasiyasının gündəlik uçuşları Reyxin paytaxtının yaxınlaşmasını göstərirdi.
Maksim Maksimoviç özlüyündə fikirləşirdi, əgər bir də maşından çıxıb, torpaq üstünə oturmalı olsam, dözməyib geriyə dönüb, Bazelə tərəf gedəcəyəm, sonra sərhədi keçib, ilk rastlaşdığım kiçik hoteldə, otağa daxil olduğum anda yatmağa çalışacağam. Burada küçələrin sakitliyini yalnız qatarların səsi pozur. Mən isə uşaqlıqdan onların səsinə alışmışam. Sənə indi yatmaq olmaz, dost. Sür maşınını, get evinə, duş qəbul et, isti kofe iç və işinə davam et!..
Mənzil başına üç döngə qalmış Ştirlis əyləci basdı, çünki qarşısından qara pişik keçdi. Burada onu ötüb keçən maşının olmayacağını bilirdi. Babelsberqdə, demək olar, maşın qalmayıb, hamısını cəbhənin ehtiyacı üçün alıblar. Köhnələri isə qarajda durur, çünki benzinə də çox ciddi limit qoyulub. Yolu keçən bir canlı da görsənmirdi. Yalnız bombalar atılan vaxtda onlar mənzildən çıxıb, təhlükəsiz yerdə xilas olmağa çalışırdılar.
Mən gözləyəcəyəm, - deyə Ştirlits mühərriki də söndürdü. Gözləməyi bacarıram. Axı, deyilənə görə, soldan sağa yolu keçən qara pişik – çox pis əlamətdir. Mən hər şeyi dərindən düşünüb, düzgün qərar verməliyəm. O gün ki Berlinə qayıtmağa razılıq verdim, başa düşdüm ki, özümə ölüm hökmü vermişəm. Yalnız xəstə adamlar qorxu hissi keçirmirlər. Deməli, qayıtmağa razılaşmaqla mən sağ qalmağa ümid edə bilərəm. Məni nədə günahlandıra bilərlər? Şübhə üçün pastor Şlaqın bacısı və onun uşaqları ola bilər. Əgər onları gestapoya aparsalar, mənim işim bitmiş olar. Ancaq deməliyəm ki, onları praktiki olaraq hansısa bir işdə müqəssir saymaq çətindir, sənədləri də etibarlıdır. Məskunlaşdıqları dağlara, amerikalılar hər an gələ bilərlər. Əlbəttə, dünyanın işini bilmək olmaz. Pastor özü necə? Onu ələ keçirmək çox çətin olar. Görəsən, Şellenberq Müllerlə kontakta girə bilərmi? Belədə onun birinci sualı bu olacaq: "Necə ola bilərdi ki, Kaltenbrunner və Borman separat danışıqlardan xəbər tuta biliblər?” Mən özümə müdafiə variantı tapmalıyam, beynimdə fikirlər dolaşır, indi də qara pişik qabağımdan keçdi. Oturub gözləyəcəyəm, heç olmasa bir nəfər bu yolu birinci keçsin. Bəlkə sərhədi qoruyanlar, Alman-İsveçrə sərhədini keçənlərin gizli yolla şəklini çəkir. Yəqin indi Müller Katya ilə mənim portretimə baxır. Niyə də yox? Bundan əlavə, onun agentləri izimə düşüb, Potsdamda və ya Veddinqdə rabitəçilərlə kontakta girəcəyim məqamda da məni tuta bilərlər.
Ştirlis yorğun halda başını qaldırır; maşının yan güzgüsündə kimsəsiz boş küçəni görür. Məni indi əsas sual düşündürür. Onu da mənə Şellenberq verəcək...
Adicə təbəssümü ilə İsveçrədə gördüyüm işlər barədə hesabat yazmağı tələb edəcək, xüsusilə də general Volfun maşında yanması barədə. Sonra pastorla keçirdiyim görüşün ünvanını, habelə zəng etdiyim telefon nömrələrini bilmək istəyəcək. Yəqin orada məni izləyənlər də olub. Axı, mən vətənə qayıtmağa razılıq alacağıma əmin idim. Ona görə də, yoxlamadan pis çıxdım. Səni çox pis yoxlayıblar, İsayev, harada iz qoyduğunu yadına sal. Əvvəla, professor Pleyşnerin qaldığı "Virdjiniya” pansionatında. Bilavasitə sübut - Müllerin idarəsindən gələn xəbər idi. "Blyumenştrasse” küçəsində gestaponun tutduğu mənzilə düşünmədən daxil olan və mənim gizli şifrəmi onlara verən ağlı çaşmış Pleyşner oldu. Lakin qoca professor səhvini başa düşəndən sonra intihar etdi. Bununla da o, Müllerin kabinetində bizi qarşı-qarşıya durmaqla gestapo şefini sevindirə bilmədi. Belə olan halda məni günahlandırmaq üçün sübut yoxdur. Başqa nə ola bilər? Sadəcə, Şellenberq pastoru çağırmağı tələb edə bilər: "Mən onu burada, kamerada görmək istərdim, orada, azadlıqda yox”. Mənim cavabım isə belə olacaqdı: "Bu, məqsədəuyğun deyil, biz Şlaqın köməyilə İsveçrədə gedən məxfi danışıqlarla kontakt bağlamalıyıq. Onunla əlaqəni kəsmək işin xeyrinə olmaz”.
Qara pişiyin yolu keçməsinin səbəbi bu qədər vaxtı yolda dayanmağım üçün də faydalı oldu. Yalnız günah sahibi olmayan adam belə edə bilər.
Berlinə çatan kimi ilk görüşəcəyim adam Borman olmalıdır. Pastor Şlaqın əldə etdiyi plyonkanı və Dalles ilə aparılan danışıqlar haqqında məlumatı da ona verməliyəm. Niyə də yox? Britaniyalılar demişkən "parçala və hökm sür”... Ancaq Bormana evdən zəng vurmaq olmaz. Kim bilir, bəlkə Müller öz adamlarına orada oturmağa əmr verib?
O, mühərriki işə saldı, mexaniki olaraq güzgüyə baxdı və gördü ki, balaca bir oğlan itlə bərabər səkinin üstü ilə qaçır. O, qorxudan başını çiyinlərinə sıxaraq qaçırdı, deyəsən, hava həyəcanı gözlənilirdi. Oğlanın sifəti qırışmış perqamentə bənzəyirdi. Belə vəziyyət ölümqabağı, qocalarda olur. Ştirlis sürət rıçaqını "birinciyə” keçirdi, "pişiyin qara xəttini” yavaş-yavaş keçərək bir anlığa əyləci basdı, ardınca həmin xətti keçən oğlana gülümsəyərək əl elədi. Bundan sonra maşını arxaya verib, səmtini dəyişdi və mərkəzə tərəf getdi.
Orada, metronun yaxınlığında, bir neçə yerdə telefon-avtomatlar işləyirdi. Fişermarkteyə məxsus olan kafelərin birindən zəng vurmaq olardı. Lakin oradan bütün danışıqlar rayon gestaposu tərəfindən yazılırdı. 1934-cü il iyun ayının 7-dən etibarən bütün restoran, mehmanxana, bar və kafelərin sahibləri hakimiyyət orqanları ilə əməkdaşlıq etməli və şübhəli qonaqlar haqqında məlumat verməyə borclu idilər. Əgər pivə içməyə gələn üzü tüklü adam səliqəsiz və yaxud əksinə, həddən artıq gözəl geyinibsə, əgər qonaq ağlayır və ya ucadan gülürsə, bir sözlə, kütlədən xeyli fərqlənirsə, o zaman onun barəsində dərhal gestapo şöbəsinə məlumat bildirməli idilər.
Ştirlis maşını "Adolf Hitler Plats” metro stansiyasının yaxınlığında saxladı. Diqqətlə nəzərdən keçirdikdən sonra maşının çirkli olduğunu görüb, onu təcili yumaq qərarına gəldi. Əks halda, polislər onun xidməti maşınının nömrəsini dərhal zəncirvari rabitə ilə bir-birinə ötürəcəklər. Çünki hər gün vəzifəli nasistin səfərləri barədə məlumat yoxlanılır və onların qeyri-standart hesab edilən marşrutları gestapoya çatdırılırdı.
Ştirlis ilk telefon zəngini Bormana etməkdən vaz keçdi. O fikirləşdi ki, belə etmiş olsa, Mülleri qəzəbləndirə bilər. Vaxtilə aralarında olmuş dialoqu o, bir daha xatırladı: "Gördünüz, Ştirlis, necə asanlıqla – on dəqiqəyə sizi aldım!”
Mən indi onun köməkçisi Ştoltsa zəng vurub deməliyəm ki, qayıtmağımı rəisinə çatdırsın və fövqəladə vacib informasiyanı ona vermək üçün vaxt təyin etsin... Ondan sonra mən Bormana zəng vuracağam. Əhsən, Ştirlis, sən vaxtında çox vacib düzəliş etdin. Deyirlər, toplananların yerini dəyişməklə cəm dəyişmir. Ancaq həmişə belə olmur. Məni indi bir məsələ daha çox narahat edir. Cavan oğlanın, barda oturduğum gün mənə qayıtmaq barədə verdiyi əmri başımdan çıxara bilmirəm. Əmr yox, əlbəttə, aydın məsələdir, bu, xahiş idi. Mən bu sualı özümə verməkdən qorxuram: "Niyə mən qayıtmalıyam?” Yəqin İsveçrədə olduğum vaxt bizim qəzetlərdən oxuduqlarımı mən, sadəcə, dərk edə bilmədim. Necə ola bilər ki, doğma evdə olanlar hansı hadisələrin baş verəcəyini, burada oturduğum yerdə, məndən yaxşı bilirlər? Bəlkə - bu, həqiqətən belədir. Elə ona görə də mən qayıdıram...”
Yulian Semyonov
Hekayəni qısa ixtisarla tərcümə etdi: Həsən Tağıyev




banner

Oxşar Xəbərlər