AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezidentlər Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə edib

Prezidentlər Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə edib

Siyasət
01 Aprel 2021, 17:00 713
Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib.
İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib.
Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.