AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edilir

Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edilir

Siyasət
10 İyul 2020, 15:19 398
Azərbaycan Prezidentinin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edilib.

Bu təkliflə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, alim Nuran Abdullayev çıxış edib.

Alim xatırladıb ki, dünyanın bir çox dövlətlərində ölkə başçısının səhiyyə məsələləri ilə məşğul olan köməkçi vəzifəsi mövcuddur.

O bildirib ki, ölkədə koronavirus infeksiyasının yayıldığı bir dövrdə savadlı, peşəkar tibb mütəxəssisinin dövlət başçısının səhiyyə məsələləri üzrə köməkçisi vəzifəsində çalışmasına ehtiyac var: "Hesab edirəm ki, koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində görülən işlərlə bağlı Prezidenti mütəmadi olaraq məlumatlandırmaq, ölkədəki cari vəziyyəti analiz etmək üçün tibb sahəsində peşəkar mütəxəssis olan köməkçi zərurəti yaranıb. Nəzərə almaq lazımdır ki, xalqımız müharibə şəraitində olan bir ölkədə yaşayır və Azərbaycan rəhbəri ölkənin daxili və xarici siyasətində balansı qorumaq üçün çalışır. Dövlətin idarə olunması da təkcə daxildə yürüdülən siyasətdən ibarət deyil, bu siyasət həm də xaricdə də davam etdirilməlidir və etdirilir. Ona görə də bütün bunları, eləcə də ölkədəki pandemiya şəraitini nəzərə alıb Prezidentə bu sahədə xüsusi kömək lazım olduğunu düşünürəm".
 


"Hazırda bütün dünyada olduğu kimi bizim də ölkəmiz təhlükəli pandemiya ilə üz-üzə qalıb. Azərbaycan hökuməti də ilk gündən pandemiya ilə mübarizədə tədbirlər görməyə başladı. Bu tədbirlər sonda daha da sərtləşdirildi. Amma görünən odur ki, virusun yayılma sürəti görülən qabaqlayıcı tədbirləri üstələyir. Belə olduğu təqdirdə düşünürəm ki, dövlət başçısına bunun səbəblərini incələyib və problemləri zamanında çatdıra biləcək səhiyyə məsələləri üzrə köməkçi lazımdır. Bu, həm də nəinki xalqın tibbi problemlərini, eləcə də səhiyyə işçilərinin problemlərini gecikmədən bir başa Prezidentə məruzə etmək və onların qısa zamanda həll olunmasına köməklik göstərmək deməkdir. Həmin köməkçi vəzifəsinə isə gənc və perspektivli, tibb sahəsində peşəkar və kifayət qədər elmi nəaliyyətləri olan mütəxəssis layiq görülməlidir. Məhz köməkçi pandemiya zamanı ölkədə xəstəliklə bağlı vəziyyəti hər gün, hər saat birbaşa dövlət başçısına məruzə etməli və həmçinin də Prezidentin tapşırıq və tövsiyələri vaxtında icra olunmalıdır", - azərbaycanlı alim bildirib.

Azərbaycanda səhiyyə sahəsində görülən işlərdən danışan alim vurğulayıb ki, yeni səhiyyə ocaqlarının inşası, ümumilikdə səhiyyə infrastrukturun inkişaf etdirilməsi Prezident İlham Əliyevin insanların sağlamlığına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu da pandemiyadan sonra yeni və daha da güclü səhiyyə sisteminin qurulmasına bir başa şərait yaradır.