AZE | RUS | ENG |

Prezident neftin ucuzlaşmasına münasibət bildirdi

Prezident neftin ucuzlaşmasına münasibət bildirdi
Azərbaycan prezidenti: “Neftin ucuzlaşmasında yeganə mənfi hal budur ki, il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik”


“Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə də, iqtisadiyyatımız sabit inkişaf edəcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində deyib.

Bu il Azərbaycanda üç faizlik artım gözlənildiyini deyən dövlət başçısı buna baxmayaraq, ümumi daxili məhsul hesablanarkən, əsasən qeyri-neft sektoruna diqqət yetirildiyini və orada vəziyyət daha yaxşı olduğunu bildirib: “Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Büdcədə neftin qiyməti 90 dollar nəzərdə tutulub. Ötən il 100 olub. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə, qiymət 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik”.

Azərbaycan prezidenti qeyd edib ki, iqtisadiyyatı builki səviyyəyədək inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb.

“Biz çalışacağıq ki, idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən 1/3-ni təşkil etsin. Artıq onda şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda, neft amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə 45 faizdir. Yəni, meyil azalmaya doğru gedir. Nəzərə almaq lazımdır ki, biz yaxın illərdə qaz hasilatının və satışının xeyli artacağını gözləyirik. Odur ki, ümumi daxili məhsulda neftin payı artacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İ. Əliyev qeyd edib ki, yerli analitiklərdən dünya analitiklərindən daha ətraflı təhlil gözləmək çətindir: “Ona görə yəqin ki, onlar dünya trendi kimi ümumi proqnoza əsaslanırlar. Heç kəs nə olacağını irəlidən dəqiq deyə bilməz. Görünür, bunun üçün obyektiv səbəblər var. Axı, indiyədək heç kəs dəqiq izah edə bilmir ki, bütün bunlar nə üçün baş verib”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908