AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev:

Prezident İlham Əliyev: "Vəziyyəti nəzarət altında saxlayırıq"

Siyasət
29 Mart 2020, 12:33 2926
Azərbaycan Prezidenti: "Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq
 
"İcbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq. Bildiyiniz kimi, üç şəhərdə pilot layihə həyata keçirilmişdir. Mənə verilən məlumata görə, o şəhərlərin sakinləri İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətindən çox razıdırlar, həkimlər də razıdırlar və xəstələr də lazımi müalicə alırlar".
 
Bu barədə Prezident İlham Əliyev martın 28-də Bakıda "Yeni klinika”nın açılışından sonra tibb müəssisəsinin kollektivi ilə görüşdə bildirib.   
 
Dövlət başçısı qeyd edib ki, bu ildən başlayaraq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulurdu. Ancaq koronavirus xəstəliyinin müdaxiləsi nəticəsində bu proqramın icrası müəyyən dərəcədə təxirə salına bilər: "Biz öz addımlarımızı vəziyyətə görə atmalıyıq. O cümlədən hesab edirəm ki, koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir. Hesab edirəm ki, qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdadır. Onun sözlərinə görə, Azərbaycan birinci ölkələrdəndir ki, bu təşkilatla təmas yaradıb və onların mütəxəssislərini Bakıya dəvət etdib: "Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir".
 
Alpər TURAN