AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev: Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir

Prezident İlham Əliyev: Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir

Siyasət
02 İyul 2020, 20:43 368
Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir. Hazırkı dövrün ən aktual problemi olan koronavirus xəstəliyi dünyada faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Şərq-Qərb nəqliyyat dəhlizi ilə beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilir.
Azərbaycan 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. Keçən ilin oktyabr ayında Qoşulmama Hərəkatının Azərbaycanda Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Əfqanıstan və Türkmənistan prezidentləri tərəfindən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına dair dəyərli fikirlər səsləndirilmişdir.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü təşkil olunmuşdur. Bu görüşdə Əfqanıstan və Türkmənistan prezidentləri də iştirak etmişlər. Zirvə görüşündə iştiraklarına görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm.
Bu günlərdə mənim daha bir təşəbbüsüm – BMT Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifim dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənmişdir. Fürsətdən istifadə edərək bu təşəbbüsə verdikləri dəstəyə görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm".