AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir

Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir

Siyasət
28 May 2020, 21:11 1222
Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3” yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:

"Bu gün biz Respublika Gününü qeyd edirik. Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Bu bayram günündə məcburi köçkünlər üçün salınmış "Qobu 3” yaşayış kompleksinin açılışını qeyd edirik. Burada bütün şərait yaradılıb. İndi mən şəraitlə tanış oldum, ən yüksək səviyyədə işlər görülüb. "Qobu Park-3” bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. "Qobu Park-3” kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək. 960 şagirdlik məktəb, - özü də çox gözəl məktəbdir, - fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir.

"Qobu-1” və "Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər. Beləliklə, boş bir ərazidə böyük infrastruktur layihələri icra edildi. Çünki bütün bu binaların kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə təşkil edildi – su, qaz, elektrik enerjisi, daxili yollar, nəqliyyat məsələləri öz həllini tapdı. Burada, eyni zamanda, tibb məntəqəsi, ticarət yerləri, iş yerləri yaradılıb, - bu da nəzərə alınıb, - çünki burada yaşayacaq vətəndaşlar artıq burada işlə də təmin ediləcək. Xüsusilə qadınlar üçün burada xalçaçılıq emalatxanası fəaliyyət göstərəcək və digər istehsalyönümlü kiçik müəssisələr artıq fəaliyyətə hazırdır. Nəzərə alsaq ki, burada yaşayacaq insanlar uzun illər çox ağır vəziyyətdə yaşayıblar, - bugünkü təqdimatda onların indiki yaşayış yeri göstərilir, - əlbəttə ki, bu, ailələrə böyük sevinc bəxş edəcək.
Bu qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər özəl sektor tərəfindən görülmüşdür. Bu da çox sevindirici haldır. Şadam ki, mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim və şadam ki, mənim çağırışım cavabsız qalmayıb. Bütün tikinti işləri, bütün investisiyalar özəl sektor tərəfindən təmin edilibdir. Burada xüsusilə Paşa Holdinq şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli fəaliyyətlə məşğuldur. Bu şirkətin bütün dövrlərdə sosialyönümlü layihələri təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir reklam etmədən, necə deyərlər, özünü tərifləmədən bu işləri ardıcıl şəkildə görür. Bu gün koronavirus şəraitində Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadırlar. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır. Ona görə bu yaşayış komplekslərinin tikintisi rəmzi xarakter daşıyır. Birinci növbədə dövlət öz iradəsini ortaya qoyur. Bildiyiniz kimi, məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır. Nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycanda 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilir".