• çərşənbə axşamı, 16 aprel, 11:32
  • Baku Bakı 14°C

Polşadan Rusiyaya zərbə

11.09.19 17:17 568
Polşadan Rusiyaya zərbə
Rusiyanın başıbəlalı "Şimal axını-2” layihəsinin üzərindən qara buludlar çəkilmir. Qərbin bir sıra dövlətləri, o cümlədən ABŞ hər vasitə ilə Ukraynadan yan keçəcək bu kəmərin reallaşmasına qarşı çıxır. Bir qisim isə başda Almaniya olmaqla, nəyin bahasına olursa-olsun, onun reallaşmasına can atır. Əleyhdarların arqumenti budur ki, kəmərin reallaşması Ukraynanın iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər. Beləliklə, bu dəfə Kremlə zərbə Polşadan dəyib. Rəsmi Varşavanın tələbi ilə ona qarşı yeni bir məhkəmə qərarı çıxarılıb. "Qazprom” şirkəti bəyan edib ki, "OPAL” kəməri ilə qaz göndərişlərini məhdudlaşdıran məhkəmə qərarı çıxarılıb. Şirkət hazırda bunun hüquqi və kommersiya fəsadlarını təhlil edir. Bu kəmər Almaniyanı Rusiyanın "Qazprom” dövlət şirkətinə məxsus "Şimal axını-2” kəmərilə birləşdirir. Xəbəri "Reuters” yayıb. "Avropa İttifaqının Lüksemburqda yerləşən Ali Məhkəməsi sentyabrın 10-da çıxardığı qərarla "OPAL” ilə qaz nəqlini məhdudlaşdırıb. Bu, Avropa Komissiyasının 2016-cı ildə verdiyi qərarın ləğvi deməkdir. Aİ-nin Baş Məhkəməsi belə bir qənaətə gəlib ki, Avropa Komissiyasının 2016-cı il qərarı Polşanın qaz təchizatının təhlükəsizliyinə təsirini dəyərləndirməyib. Buna görə də, o vaxt qəbul etdiyi qərar Aİ-nin "enerji həmrəyliyi prinsipi”ni pozub. Ukrayna və Polşa bu qərarı qələbə sayır, onun, özəlliklə Kiyev üçün qaz böhranının mümkünlüyünü azaltdığını deyirlər. Bu qərar Rusiya ilə gələcək enerji danışıqlarında Ukraynaya üstünlük verəcək. Aİ, Ukrayna və Rusiyanın təmsilçiləri sentyabrın 19-da Brüsseldə danışıqlar aparacaq, Kiyevin Rusiya ilə qaz tranziti kontraktının mümkün uzadılmasını müzakirə edəcəklər. Bu sazişin müddəti yanvarın 1-də bitir. "Qazprom” isə 2020-ci ilin yazınadək "Şimal axını-2” layihəsini tamamlamağa çalışır və bundan sonra tranzit üçün Ukraynanın kəmərlərinə ehtiyacı qalmaya bilər.
Polşada gözləyirlər ki, bu qərar Ukrayna ərazisindən qaz nəqlini il ərzində 12,5 milyard kub metrə yüksəltməyə imlan verəcək. Rusiya tərəfi isə bu qənaətdədir ki, tətbiq edilən məhdudiyyət Kiyevin əlində vasitəyə çevrilə bilər. Ukraynanın layihəyə münasibəti sərtdir. Bu yaxınlarda prezident Vladimir Zelenski "Şimal axını-2” qaz kəməri layihəsinin bütün Avropa üçün təhlükə yaratdığını bildirib. Sözügedən layihənin Avropa ölkələri üçün qəbuledilməz olduğunu bildirən Zelenski, bununla yanaşı, təbii qaz tədarükünün şaxələndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin, bildirib ki, Ukrayna-Polşa-ABŞ üçbucağı çərçivəsində enerji müttəfiqliyinin tərəfdarıdır.
Rusiyalı ekspertlər isə hesab edirlər ki, məhkəmə qərarı olmadan belə, Moskva Ukrayna ərazisindən tranzitdən tam imtina edə bilməz. Qərarın qəbuluna ən çox çalışan Polşa idi. Orada hesab edirdilər ki, Avropa İttifaqının 2016-cı ildə qəbul etdiyi qərar düzgün deyil. Bu səbəbdən də 2016-cı ilin dekabrında Polşa hökuməti və bu ölkənin enerji konserni PGNiG Avropa Məhkəməsinə şikayət ünvanladılar. Onların mövqeyini Litva və Latviya da müdafiə elədi. Və üstündən üç il sonra məhkəmə qərar çıxarıb – Avropa Komissiyası öz qərarı ilə enerji həmrəyliyini pozub. PGNiG konserninin rəhbəri Petr Voznyak bildirib ki, Avropa Ədliyyə Məhkəməsinin qərarı Ukrayna ərazisindən qaz tranzitini il ərzində minimum 12,5 mlrd. kub metr artırmalıdır. Voznyakın qiymətləndirmələrinə görə, "Şimal axını” xəttinin davamı olan "OPAL” və "NEL” boru xətləri ilə qaz tranziti il ərzində 60 mlrd. kub metrdən 43 mlrd-a düşəcək. "Bu isə Ukrayna ilə danışıqlar prosesini dəyişir. Onun prosesdə mövqeyi yaxşılaşır”, - deyə o, aydınlıq gətirib. Onun sözlərinə görə, Ukrayna ərazisindən keçən qaz kəməri istifadə edilməyən imkanlara malikdir. "Enerji həmrəyliyi artıq boş söz yığnağından çıxıb”, - deyən Voznyak əlavə edib ki, ola bilsin bu qərar dərhal yerinə yetirilsin. Avropa Komissiyası alman nizamlayıcı şirkətinə bu qərar barədə məlumat verməlidir. Bundan sonra alman nizamlayıcısı, "Qazprom”, "Qazprom-ixrac” və "OPAL”ın qatıldığı dördtərəfli müqavilə fəaliyyətini dayandırmalıdır. Polşa Energetika Nazirliyi bəyan edib ki, Avropa İttifaqının məhkəmə qərarı Ukrayna ərazisindən Rusiya qazının tranziti baxımından mühüm əhəmiyyət kəsb edir: "Bununla da, "Qazprom” "Şimal axını” ilə qazın nəqlində məhdudiyyətlərlə üzləşəcək. Moskva bununla Ukrayna ərazisindən qazın nəqlindən imtina edə bilməyəcək. Nəticədə məcbur olub Avropa Komissiyası və Ukrayna ilə üçtərəfli danışıqlara gedəcək”. Əlavə edilib ki, Polşa üçün də məhkəmə qərarının əhəmiyyəti var. Bununla da "Qazprom”un Avropada monopoliyası məhdudlaşır. Polşanın energetika naziri Kşiştof Txujevski bildirib ki, Polşanın qələbəsi Ukraynada qaz böhranının baş verməsi ehtimalını azaldır. O bildirib ki, əks halda regionun bir çox ölkələri, o cümlədən Polşa ciddi zərər çəkə bilərdi.
Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen bəyan edib ki, onlar Avropa Ədliyyə Məhkəməsinin qərarını ciddi şəkildə analiz edəcəklər. Rusiyanın TASS agentliyi bu qərarla bağlı AK-dan münasibət alıb. Bildirilib ki, faktiki olaraq bu, "Qazprom”un "OPAL”-dan istifadə etmək hüququnu 50 faiz azaldır. Rusiyanın "Qazpromeksport” şirkətindən isə bildiriblər ki, onlar bu qərarın hüquqi və kommersiya nəticələrini tədqiq edirlər. "Naftoqaz Ukrayna”da isə məhkəmənin qərarını sürpriz adlandırıblar. İnkişaf Hüququ və Mediasiya Fondunun direktoru Aleksandr Paxomov hesab edir ki, bu, "Opal” ətrafında ilk və sonuncu hal deyil. Ekspert etiraf edir ki, Avropaya digər qaz kanalları inşa edilib istifadəyə verilməyənə qədər Avropa məhkəməsinin qərarı Ukrayna tərəfinin əlində təzyiq vasitəsi kimi qalacaq. Rusiya tərəfi bəyan edir ki, məhkəmə qərarı Rusiya qazının Ukrayna ərazisindən tranzitini şərt kimi ortaya qoymur.
Onu da qeyd edək ki, bu yaxınlarda Birləşmiş Ştatların bir qrup respublikaçı senatoru Kremlin qaz kəməri layihəsinə sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıblar. "ESCAPE” adlı layihə qəbul olunarsa "Şimal axını-2” layihəsinin tamamlanmasını yubada bilər. Kreml bu layihə ilə Almaniyaya dənizin dibi ilə qaz göndərməyi, Şərqi Avropadan tranzitdən yan keçməyi hədəfləyir.
Layihədə enerji ixracı layihələrini asanlaşdırmaqdan ötrü Rusiyaya investisiya, məhsul, xidmət təklif edən fərdlərə sanksiyalar nəzərdə tutulur. Layihəni senatorCon Barrassotəqdim edib. Rusiyanın "Qazprom” qaz nəhənginin tikdiyi 11 milyard dollarlıq kəmər Almaniyaya ilə 55 milyard kubmetr qaz daşıyacaq. Rusiya bildirib ki, ilin sonunadək layihənin tamamlanacağını gözləyir. Tənqidçilər bu kəmərin Avropanı Rusiya enerjisindən daha asılı edəcəyini deyirlər. "Qazprom” ötən il Avropaya 200 milyard kubmetrədək qaz göndərib və bu, regionun qaz istehlakının üçdə birindən azacıq çoxdur. Bu kəmər həm də Rusiyaya Ukrayna ərazisindən qaz göndərişlərini azaltmaq imkanı verəcək. ABŞ-ın müttəfiqi olan Ukrayna şərq vilayətlərində rusiyapərəst separatçılarla mübarizə aparır. Rusiyadan gələn qaz tranzit haqları Ukrayna hökumətinin gəlir mənbələrindən biridir.

Azər
banner

Oxşar Xəbərlər