Planetin ən gözəl qadını
Aktrisa
və ya qadın kimi həyatın bütün gözəlliklərini yaşayan Ornella Muti 65 yaşında
O,
14 yaşından jurnalların üz qabığı üçün fotosessiyalarda iştirak edib. Kinoya çəkilməsi
üçün kamera qarşısında durması da təxminən o illərə təsadüf edir. Onu
qalmaqallı adlandırmaq olmaz. Ancaq uşaqlıqdan bəri bir sıra dəlisov hərəkətləri
olub.
Françeska
Romana Rivelli çox da varlı olmayan ailədə doğulub. 10 yaşı olanda atası artıq
yox idi. Anası üçün iki əkiz qızı böyütmək çox çətin idi. Hətta, yeməyə pul
tapa bilmirdilər. Ailədə dəbli geyim haqqında isə ümumiyyətlə söhbət gedə bilməzdi.
Françeska Romada doğulsa da, onun Estoniyada qohumları vardı. Anası Renata İlze
Krauze əslən Baltik almanlarından idi. Onlar zamanında İtaliyaya köçmüşdülər.
Françekanın
13 yaşı olanda artıq gözəgəlimli idi, qəşəng fiqurası vardı. Onun ağlına işləmək
ideyası gələndə bədii məktəbə yollandı və model kimi fəaliyyətə başladı.
Françeka rəssamların diqqətini çəkir, onları heyran edirdi. Qazancı pis
deyildi. Başa düşürdü ki, gözəlliklə pul qazanmaq olur. Gənc qız daha cəsarətli
addım atdı – jurnalların fotosessiyasında iştirak etməyə başladı. Düşünürdü ki,
bu, anasından və oxuduğu məktəbdən gizli qala bilər. Ancaq belə olmadı.
Françeskanın fotosu məktəb direktorunun və anasının əlinə düşdü. Qalmaqal
qopdu. Anası onu döyməklə, direktor isə məktəbdən qovmaqla cəzalandırdı. Ancaq
Françeska ailəni ağır vəziyyətdən xilas etmişdi. O hadisədən pərişan olmuş anasına və məktəb rəhbərliyinə:
"Bəli, mən belə pul qazanıram! Oğurluq etmirəm ki...” deyə bildirəndə
ona başa saldılar ki, vicdanla pul qazanmaq lazımdır, aldatmaqla yox. Nəhayət,
direktor yumşaldı və qalmaqalı unutdu.
Günlərin
birində bacısı Klaudiya kino çəkilişləri üçün elan olunan sınaq haqqında məlumatı
eşidib özünü sınamaq qərarına gəldi. O, Françeskanı da özü ilə apardı. Rejissor
Klaudiyadan çox, diqqətini Françeskaya yönəltdi və ona «Ən gözəl həyat yoldaşı»
filmində rol təklif etdi. Bu hadisə bacıların arasında mübahisə yaratmadı, hətta,
Françeska məşhurlaşanda belə onların münasibətləri daha da istiləşdi. Rejissor Damiani gənc qıza təxəllüs də verir. Beləcə,
14 yaşlı aktrisanı dünya Ornella Muti adı ilə tanıdı. Karyerasının
başlanğıcında Ornellaya aşağı büdcəli filmlərdə rol verirdilər. Rollarının əksəriyyəti
də çılpaq qadın obrazları idi. Beləcə rejissorlar kişi auditoriyasının diqqətini
kinoya çəkirdilər. 21 yaşında Ornellanın çəkildiyi «Axırıncı qadın» filmi
"Sezar” mükafatına iddia edirdi. Aktrisanın filmdəki partnyoru Jerar Depardye
idi. Film Ornellaya dünya şöhrəti gətirdi. Bundan sonra ona ciddi rollar təklif
etməyə başladılar.
«Donna-Bambina» - qadın-uşaq
Ornella
Muti ona sevgi təklifləri edən partnyorlarını seçməkdə çətinlik çəkirdi. Onun
ilk macərası 18 yaşına təsadüf etdi. Düzdür, tərəfmüqabilinin adını gizlədirdi,
çünki o, evli idi. Bioqrafları iddia edirlər ki, bu sirli aşiq prodüsser Xose
de Kastro idi. Aktrisa ondan hamilə qaldı və qızıNaikenı
doğdu. Qəribədir ki, qız da böyüyəndə anasının taleyini yaşadı. Erkən filmlərə
çəkilməyə, açıq-saçıq foto-sessiyalarda iştirak etməyə başladı, erkən hamilə
qaldı. Bu hadisədən sonra Ornella ilə qızı arasında münaqişə yarandı. Nəvəsi
doğulandan sonra isə Muti qızı ilə barışdı.
Ornellanın
«Ən gözəl həyat yoldaşı» filmindəki tərəfmüqabili Alessio Orano gənc qızla
yaxından maraqlandı. Ornellanın şəxsi həyatı peşəkarlığı qədər hay-küylü idi.
Alessio Ornellanı uşaqla qəbul edib onunla evləndi. Aktrisa bunu sonradan
etiraf etdi. Alessio gözəl ata və həyat yoldaşı idi. Ancaq Ornellaya sakit və
xoşbəxt ailə həyatı qismət olmadı. O, dalbadal filmlərə çəkilir, erotik
rollardan imtina etmirdi. Uşaqlıq yaddaşındakı pul çatışmazlığı problemi onun
üçün daim təzə idi. Qarşıda isə onu bütün İtaliyanın sevimlisi Adreano
Çelentano ilə görüş gözləyirdi. Onun xətrinə Ornello növbəti ağılsızlığa yol
verdi - qayğıkeş və sevimli ərindən ayrıldı. Bu cür düşünülməmiş hərəkətlərinə
görə onu «Donna-Bambina»- qadın-uşaq adlandırırdılar. Muti və Çelentanonun «Dəlicəsinə
aşiq» filmi böyük uğur qazandı. Aktyorlar arasındakı münasibət tamaşaçıları
kinoteatra cəlb elədi. Ornellanın həmin filmdəki paltarı auksionda 18 min
dollara satıldı. «İnadkarın ram edilməsi» filmi ekranlara çıxanda isə artıq
aktrisanın şöhrəti ölkəsindən kənara yayılmışdı. Bu filmdən sonra Ornella dünya
miqyaslı aktrisaya çevrildi. Həmçinin filmdən sonra onun Çelentano ilə macərası
başladı. Ancaq Çelentano öz ailəsindən ayrılmaq niyyətində deyildi. Muti isə
ona görə ailəsini dağıtdı...
Bir
müddət sonra aktrisanın rejissor Mark Pereri ilə macərası başladı. «Triyestdən
olan qız» filmindən sonra aktrisa rejissorun bir neçə filmində yaddaqalan
obrazlar oynadı. Hər sevgi macərası Ornellaya maraqlı rollar və karyera bəxş
edirdi. Ornella sanki göyün yeddinci qatında idi - bütün İtaliya onun filmlərini
izləyirdi.
"Planetin ən gözəl qadını”
1994-cü
ildə "Class” jurnalının oxucuları onu "Planetin ən gözəl qadını” adlandırdılar.
Onda Ornellanın 39 yaşı var idi. 52 yaşı olanda o, məşhur jurnalların birinin
üz qabığına çılpaq çəkilməklə yenidən pərəstişkarlarını heyrətə saldı. Pərəstişkarlarına
karyerasına açıq-saçıq fotosessiyalarla başladığını xatırlatdı.
Ornella
başqa ölkələrin rejissorlarından da dəvətlər alırdı. 80-ci illər onun
yaradıcılığının ən pik nöqtəsi idi. Sovet-İtalyan layihəsi olan Qriqori
Çuxrayın «Həyat gözəldir» filmi isə aktrisanı rus tamaşaçılarına sevdirdi.
Filmdə Ornellanın tərəfmüqabilləri Canini, Regimanta Adamaytis, Yevgeni
Lebedyev, Otar Koberidze idi. Ekran əsəri İtaliyada olduğu kimi, SSRİ-də də
prakatda mühüm yer tutur.
Ornellanın ikinci əri Federiko Fakinetti aktrisanın
adına külli miqdarda saxta çeklər yazaraq onun pullarından israfçılıqla istifadə
edir. Məlum olur ki, eyni zamanda onun məşuqəsi də varmış. Andrea və Carolina
adlı qızlarının olmasına baxmayaraq, aktrisa ondan ayrılır.
2008-ci
ildə Ornella özündən 10 yaş kiçik olan plastik cərrah Stefan Pikkolo ilə
rastlaşır. Bir çox bioqraflar iddia edirlər ki, Muti gözəlliyini qorumasına görə
məhz ona minnətdardır. Ancaq Ornella müsahibələrində deyib ki, heç vaxt plastik
cərrahların müdaxiləsindən istifadə etməyib. Öz bədən quruluşunu qoruyub
saxlamaqda ona düzgün qidalanması, zərərli vərdişlərdən uzaq durması və müntəzəm
idmanla məşğul olması kömək olub.
Aktrisa
10 il birgə yaşadıqdan sonra Stefanodan da ayrılır. İş adamı Fabrisio Kereli ilə
macərası Ornella haqqında yeni söhbətlər üçün əsas olur. Fabrisio biznesini
Rusiyaya daşıyandan sonra aktrisa da Sankt-Peterburqda görünür. 2010-cu ildə o,
bu şəhərdə Rusiyanın baş naziri Vladimir Putinlə birlikdə xeyriyyə tədbirində
görünür. Aktrisa öz vətənindəki tamaşalarını "səhhətinə” görə təxirə salır.
Yalanın üstü açılanda isə müqavilə şərtlərini pozduğuna görə, İtalyan məhkəməsi
aktrisanı 8 aylıq həbs cəzası və 800 avro dəyərində cərimə edir. Bir ildən
sonra Apellyasiya Məhkəməsi cəzanı 6 aya, cəriməni isə 500 avroya endirir. Məhkəmə
ilə problem yaşayan Muti üzünü Rusiyaya çevirir və yerli mətbuata verdiyi
müsahibələrində italyan vətəndaşlığını Rusiya vətəndaşlığı ilə əvəzetmə
arzusunu bildirir. Az sonra mətbuat aktrisanın Moskvada mülk aldığını müzakirəyə
çıxarır. Adətən kiminsə "ulduz” statusu varsa, bu cür qanunpozmalara dövlətlər
xeyirxahlıqla yanaşır. Məsələn, əvvəllər Fransa qanunları ilə problem yaşayan
Jerar Depardye də Rusiya vətəndaşlığı almışdı.
2017-ci
ilin yayında Ornella Muti Moskva Kino Festivalının münsiflər heyətinin üzvlərindən
biri idi. 2018-ci ildə isə Mutinin Rusiyada iki teatr tamaşasına quruluş verməsi
ilə bağlı da məlumatlar yayıldı.
Ornella
Muti hazırda geniş mağazalar şəbəkəsinə malikdir. Onun satışa çıxardığı bəzək əşyaları
İtaliya, Fransa, Latviya, Çexiya və Qazaxıstanın dizayn işlərində istifadə
olunur. 65 yaşı tamam olan aktrisanın kino bioqrafiyasında 112 film yer alıb.
O, Piter Qrinuey, Vudi Allen kimi rejissorların filmlərində çəkilib. Silvester
Stallone, Alen Delon, Depardye kimi məşhur aktyorlarla tərəfmüqabil olub. Əfsanəvi
Avropa və dünya aktyorları ilə eyni filmdə çəkilmələri aktrisanı 80-ci illərin
seks-simvolu səviyyəsinə qaldıraraq onu Sofi Loren, Monika Belluççi, İzabella
Rosselini və Klaudiya Kardinali ilə bir cərgəyə çıxarıb. "Xoşbəxtlik üçün daha
nə lazımdır ki” deyə aktrisa həyatından məmnunluğunu gizlətmir: "Bir aktrisa və
ya qadın üçün həyatda hansı gözəlliklər varsa hamısını yaşamışam...”
Rusiya
mətbuatından tərcümə etdi
Təranə
Məhərrəmova