Perspektivlər vəd edən yaxınlaşma

Perspektivlər vəd edən yaxınlaşma

Siyasət
09 Aprel 2016, 10:03 1371
Aprelin 7-də Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak ediblər.

E.Məmmədyarov bu formatda keçirilən görüşlərin ölkələrimiz arasında ikitərəfli və üçtərəfli əsasda münasibətlərin daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. O, xüsusilə dövlətlərimiz arasında “Şimal-Cənub” layihəsinin inkişafı, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər. Onlar iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahələrində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəliblər. Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzmli olduqlarını təsdiq ediblər. Onlar Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.

Bəs bu əməkdaşlıq gələcəkdə ölkəmizə hansı töhfələri verəcək? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Kaspi”yə verdiyi açıqlamada üçtərəfli əməkdaşlığın çox vacib olduğunu bildirdi. Nəqliyyat layihələrindən danışan politoloq qeyd etdi ki, burada bir çox məqamlar mühüm əhəmiyyət kəsb edir: “Bu, xüsusilə Azərbaycan üçün çox əhəmiyyətli layihədir. Onun tikilib başa çatdırılması məsələsi var. Azərbaycan öz öhdəliklərini həyata keçirib. Astara körpüsü artıq inşa edilib. Dəmir yolunun qalan hissəsini İran tərəfi çəkməlidir. Bu ilin sonuna qədər “Şimal-Cənub” layihəsi işə düşəcək. Yəni məsəl üçün, bundan sonra Moskva və Sankt-Peterburqdan çıxan qatar sonra bilavasitə İranın Astarabad limanına qədər gedib çatacaq. Bu, hər üç ölkə üçün çox böyük iqtisadi əhəmiyyəti olan böyük bir layihədir. Hesab edirəm ki, bu layihənin Azərbaycan üçün səmərəsi daha çoxdur. Xəzərin statusu məsələsinə gəldikdə isə burada müəyyən irəliləyişlər var. Lakin hələ də prinsipial olaraq razılaşdırılmamış müddəalar qalır. Bu nöqteyi-nəzərdən götürsək, bizim üçün əhəmiyyətli olan Xəzərin hüquqi statusudur. Bu məsələdə ciddi irəliləyişlərə ehtiyac var. Hələlik söhbət yükdaşımalardan əldə olunan gəlirlərdən gedir”.

Politoloqun fikrincə, layihə gələcəkdə büdcəmizə xeyli miqdarda vəsait qazandıracaq: “Bu yükdaşımalar Azərbaycan büdcəsinə xeyli miqdarda gəlir gətirmiş olacaq. Bundan əlavə, Azərbaycan həm İpək Yolu, həm də “Şimal-Cənub” layihəsi vasitəsilə yükdaşımalardan böyük gəlir əldə edəcək. Aprelin 20-də müzakirə olunacaq məsələlərdən biri də Rəşt-Astara dəmir yol xətti məsələsidir. Qeyd edim ki, bu dəmir yol xətti “Şimal-Cənub” layihəsinin tamamlanmasında böyük rol oynayacaq. Azərbaycan öz ərazisində olan dəmir yolunun tikintisini həyata keçirir. İran isə İran Astarasından Rəştə qədər olan dəmir yolunu çəkir. Bununla da “Şimal-Cənub” layihəsi tamamlanır. Astara çayının üzərində qatarların keçə biləcəyi böyük körpü tikilir”.

İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi bir vaxtda xarici işlər nazirlərinin bir araya gəlməsi problemlərin həllinə böyük dəstək olacaq. Ə.Əlirzayev həmçinin bildirdi ki, burada hər üç ölkənin mənafeyi əsas tutulmalıdır: “Bu, əslində çox vacib bir məsələdir. İran, Azərbaycan və Rusiya kimi həmsərhəd ölkələr arasında ticarət əlaqələri genişdir. Ona görə də bu ölkələrin daim bir-biri ilə təmasda olması həlledici əhəmiyyət kəsb edir. Konkret məsələlərə gəldikdə isə ticarət əlaqələrinin gücləndirilməsi, Xəzərin hüquqi statusu məsələsi, gediş-gəlişin yaxşılaşdırılması baxımından bu ölkələr daim təmasda olmalıdır. Burada çalışmaq lazımdır ki, bütün qərarlar hər bir ölkənin maraqlarına uyğun olsun. İstər Rusiya, istər Azərbaycan, istərsə də İranın təbii ehtiyatları genişdir. Bu ehtiyatlar bir-biri ilə qarşılıqlı əlaqədədir. Həmçinin qeyd edim ki, müəyyən daxili xüsusiyyətlərdə də oxşarlıq var. İranda və Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Bu ölkələrin arasında gediş-gəldiş əlaqələri yüksəkdir. Ona görə də bəzi məsələlərin kompromis variantda, yəni hər bir ölkənin mənafeyinə uyğun həll edilməsi çox vacibdir”.

Ə.Əlirzayev bildirdi ki, bu danışıqların nəticəsi Xəzərin potensialından hər bir ölkənin düzgün istifadə etməsi yollarının axtarılmasına və bu yolların həyata keçirilməsinə böyük təsir göstərəcək: “Bu danışıqlar prosesi çox vacibdir. Digər tərəfdən isə Azərbaycanda dəniz layihələrinin və yaxud da ki, qaz ehtiyatlarının daşınması üçün mühüm əhəmiyyət kəsb edir. Bu, təkcə nəqliyyat əlaqələrinin yox, İranla bizim əlaqələrimizin genişləndirilməsinə şərait yaradacaq. Rəşt-Astara dəmir yolu istifadəyə verildikdən sonra bu, iki ölkənin Rusiyaya, Avropaya çıxış yolu deməkdir. Hər üç ölkə arasında ticarət əlaqələri genişləndiriləcək. Bütün bu sadaladıqlarım hər üç ölkənin potensialından geniş istifadə etməyə şərait yaradacaq. Azərbaycan elə bir ölkədir ki, tranzit xətləri üzərində yerləşir. Tranzit ölkəsi olmaq böyük üstünlük deməkdir. Tranzit ölkələr hər zaman böyük gəlir götürmək imkanlarına malikdir. Rəşt-Astara dəmir yolunun açılması nəticəsində bütün Şərq ölkələrinə gediş-gəliş təmin olunacaq. Daha sonra isə Avropa ölkələri ilə əlaqə saxlamaq mümkün olacaq. Burdan xeyli miqdarda gəlir əldə olunacaq. Hotellər, dayanma məntəqələri, limanlar, yollar istifadəyə veriləcək. Xəzər dənizinin gəmiçilik potensialından geniş istifadə olunacaq. Xüsusilə yeni layihə çoxlu sayda yeni iş yerləri açılmasına şərait yaradacaq”.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili qəzetimizə verdiyi açıqlamada layihənin əhəmiyyətindən söz açdı: “Azərbaycan Prezidentinin təşəbbüsləri ilə həyat keçirilən layihələr bütün dünyanın diqqətini cəlb etməkdədir. Çünki bu layihələr regionlararası ənənəvi iqtisadi əlaqələrin effektivliyini və sürətini artırır. Rusiya və İran regionun böyük bazarlarına malik ölkələridir. İki ölkə arasında böyük ölçüdə ticarət dövriyyəsi var. Həmçinin hər iki ölkə Azərbaycanın iri ticarət tərəfdaşlarıdır. Ölkəmizin bu iki iri bazar arasında regional mərkəz rolunu oynaması həm iqtisadi, həm də strateji cəhətdən mühüm əhəmiyyətə malikdir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarından yararlanacaq: “Şimal-Cənub” layihəsi nəinki İran-Rusiya, həmçinin Asiya-Avropa ticarət əlaqələrinin daha sürətli, daha ucuz həyata keçirilməsinə imkan verməklə bütün region ölkələrinin diqqətini cəlb etməkdədir. Təbii olaraq Azərbaycan da bu tranzit imkanlarından xeyli gəlir əldə etməyi hədəfləməkdədir. Ümumiyyətlə, tranzit dəhlizlərinin fəaliyyətə başlaması iqtisadiyyata hər zaman əlavə təsirlər göstərir. Hər iki tərəfə mal və xidmətlərin ixracı daha ucuz və tez baş verdiyi üçün xarici investorların Azərbaycana axınını təmin edəcək”.

Rəşt-Astara dəmir yolnun əhəmiyyətini vurğulayan T.Mirkişili bildirdi ki, qısa müddətdə işlər başa çatacaq: “Bu, “Şimal-Cənub” tranzit dəhlizinin bir hissəsidir. Azərbaycan tərəfindən işlərin yekunlaşması üçün ölkə başçısının müvafiq sərəncamı mövcuddur. Qısa müddətdə işlərin yekunlaşması planlaşdırılır”.

Şəbnəm Mehdizadə