AZE | RUS | ENG |

Pay torpaqlarının artellərdə birləşdirilməsi asan olmayacaq

Pay torpaqlarının artellərdə birləşdirilməsi asan olmayacaq
Ekspertlərin bunun reallaşması üçün maarifləndirmə işlərinə ehtiyac olduğunu deyirlər

Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqları olan insanların həmin torpaqları birləşdirərək onlardan müasir tipli mülkiyyət formaları - kənd təsərrüfatı artellərinin yaradılması təklif edilir. Bu təklifi irəli sürən Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, rayonlarda pay torpaqları olan insanların əksəriyyəti ya onlardan istifadə etmir, ya da onları kiməsə ucuz qiymətə icarəyə verir. Amma həmin insanlar birləşərək pay torpaqlarının hesabına təsərrüfat birliyi yaradarlarsa, torpaqlarından daha səmərəli istifadə edə bilərlər
 
Bu, kəndlərdə yaşayan insanların məşğulluğunu təmin etməklə yanaşı, şəhərlərə demoqrafik axının da qarşısını alar. Belə təsərrüfat birliklərinin dünyanın bir çox ölkələrində olduğunu nəzərə çatdıran alim İsmayıllının İvanovka kəndində buna oxşar təsərrüfatların olduğunu vurğulayıb: "İvanovkada bu tipli təsərrüfat sistemindən olduqca gözəl nəticələr əldə edirlər. Kənddə hər kəsin vətəndaş olaraq mülkiyyət payları var və onlar bundan kifayət qədər gəlir əldə edə bilirlər. Belə artelləri Azərbaycanın coğrafi xüsusiyyətlərini nəzərə almaqla, istənilən rayonda yaratmaq olar. Məsələn, Şamaxıda artellər yaratmaqla üzümçülük sahəsini inkişaf etdirmək olar. Vaxtilə Şamaxı rayonunda il ərzində 300 min tona yaxın üzüm istehsal edilib, sovet dövründə Azərbaycanda büdcə gəlirlərinin 30 faizi üzümçülükdən əldə edilib".

Ə.Əliyev qeyd edib ki, artellər yaradıldıqda onların biznes planı hazırlanıb Ədliyyə Nazirliyində təsdiqlənə və daha sonra dövlət tərəfindən birliklərə kreditlər verilə bilər. Artelləri yaradan insanlar rotasiya yolu ilə ona rəhbərlik etməklə gəlirləri də pay torpaqları və bacarıqları nəzərə alınmaqla, bölüşdürə bilərlər. Burada əsas üstünlük həm də vətəndaşın mülkiyyət hüququnun saxlanılmasıdır. Şöbə müdiri bu təkliflərini Nazirlər Kabinetinə təqdim edəcəyini də söyləyib.

Bəs görəsən pay torpaqlarının birləşdirilməsi hansı formada həyata keçirilə bilər? 

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyir ki, pay torpaqları səmərəli şəkildə istifadə olunmur: "1995-96-cı illərdə aparılan torpaq islahatının nəticələrinə görə 670 min hektar pay torpağı əmələ gəldi. Rayonun torpaq fondu hər ailə başına düşən kiçik torpaq sahəsi bir-üç hektar arasında təyin edildi. Bəziləri rayonlarda bu rəqəm bir hektardan da aşağıdır. Müasir iqtisadi münasibətlər fonunda o torpaqlar lazımi şəkildə əkilib-becərilmir. Ona görə də uzun illərdir ki, bu torpaqlar satılır və yaxud icarəyə verilir. Ölkənin dinamik iqtisadi inkişaf dövründə torpaqlarımızdan maksimum istifadə məsələsi gündəmə gəlib. Böyük torpaq sahələri təyinatına görə düzgün şəkildə istifadə olunmur. Artıq bəzi bölgələrimizdə Kənd Təsərrüfatı Nazirliyinin təşviqi ilə müəyyən korporasiyalar yaradılıb. Bu proses artıq başlayıb. Amma hələlik bu işlər istənilən səviyyədə deyil. Çünki burada minlərlə insanı inandırmaq məsələsi var. Onlara reallığı başa salmaq və inandırmaq üçün iqtisadi model ortalığa qoyulmalıdır. Əgər torpaqlarınızı birləşdirsəniz, daha səmərəli istifadə etmək mümkün ola bilər. Təbii ki, bu məsələ çoxsaylı suallar ortaya çıxarır. Əsas sual isə ondan ibarətdir ki, bu torpaqlar nəyin üzərində birləşəcək və birləşdikdən sonra insanlara nə qazandıracaq. Hesab edirəm ki, bu məsələ ilə bağlı ciddi maarifçilik işlərinə ehtiyac var. Elə kəndlər var ki, orada ailələr bir-biri ilə düşmənçilik münasibəti aparır və bu ailələri birləşdirmək heç də asan iş deyil. İstənilən halda, ortaq məxrəcə gəlmək lazımdır. Bu torpaqlar kooperasiyalaşıb birləşməlidir. Dünyada gedən proseslər və müasir kənd təsərrüfatı ölkələri kooperasiyalaşmaqdan daha çox ailə təsərrüfatlarına meyl edir. Bu ailələrə dövlət maddi dəstək göstərir. Subsidiya və digər stimullaşdırma mexanizmləri həyata keçirilir. Çünki ailə təsərrüfatının güclü olması iqtisadi baxımdan dövlətin marağına daha uyğundur. Düşünürəm ki, biz də bu prosesə qoşulmalıyıq. Elə rayonlar var ki, orada torpaqlar şoranlaşmaya məruz qalır. Bu torpaqlar mütləq birləşdirilməlidir. Bu prosesə investorlar da qoşula bilər. İnsanlar öz torpaqlarını birləşdirdikdən sonra investorlar oraya böyük həcmdə maliyyə yatırımı edə bilir. Amma bu proses insanların əmlakının əlindən alınması demək deyil. Razılaşma əsasında torpaqlar birləşdirilərək daha çox mənfəət əldə edilir”. 
 
Aqrar məsələlər üzrə ekspert Qadir Bayramovbildirdi ki, təsərrüfatların əksəriyyətində torpaq sahələri çox kiçikdir. Bu torpaqlarda kənd təsərrüfatı işləri səmərəli qaydada aparılmır: "Buna kiçik təsərrüfat hakimiyyəti deyilir. Kiçik təsərrüfatlarda müasir aqro-texniki məsələləri həyata keçirmək, son yenilikləri tətbiq etmək mümkün olmur. Fermerlərin gücü yeni texnoloji avadanlıqlara çatmır. Bu isə nəticədə istehsalda səmərəsizliyə gətirib çıxarır. Hesab edirəm ki, pay torpaqlarının birləşdirilməsinə ciddi ehtiyac var. Amma bu göründüyü qədər asan məsələ deyil. Çünki pay torpaqlarının birləşdirilməsi insanlarda sovet dövründən qalma mülkiyyət hüququnu itirilmə düşüncəsini yaradır. Bu, fermerləri bir qədər narahat edir. Amma düşünürəm ki, müəyyən təşviq vasitələri həyata keçirilə bilər. Əgər bu olarsa, maarifləndirmə yolu ilə müəyyən irəliləyişlərə nail olmaq olar”.
 
Q.Bayramov deyir ki, layihə ilk olaraq pilot qaydada həyata keçirilə bilər: "Əgər ciddi uğurlar əldə olunarsa, digər təsərrüfatlar da buna maraq göstərəcək. Dünya təcrübəsində bu üsuldan geniş istifadə olunur. Dağıstan, Rusiya, Türkiyə və Şərqi Avropa ölkələrində bu təcrübədən geniş istifadə olunur və böyük gəlir əldə edilir. Bizdə isə ilkin mərhələdə hazırlıq işləri aparılmalıdır. Müəyyən bölgələrdəki təsərrüfatlarda bu təcrübə tətbiq oluna bilər. Pay torpaqlar birləşdirilərsə, fermerlər daha yaxşı təşkilatlana bilər”.
 
Şəbnəm Mehdizadə
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974