• cümə, 29 Mart, 04:38
  • Baku Bakı 7°C

Paşinyanın “Valday” fiaskosu

10.10.19 18:51 1341
Paşinyanın “Valday” fiaskosu
Rusiya prezidenti Vladimir Putinin Ermənistana bir-iki saatlıq səfərini erməni mediası ən müxtəlif prizmadan şərh etməkdə davam edir. Saysız-hesabsız məqalə və informasiyalarda rəsmi Yerevanın bu səfərlə heç nəyə nail ola bilməyəcəyi, Kremlin forpost siyasətinin davan edəcəyi əsas xətt kimi keçir. Paşinyana müxalif erməni nəşrləri, məsələn, "Past” qəzeti yazır ki, "Putin səfəri zamanı iki dəfə baş nazirlə qısa görüşmək imkanı əldə etdi. Lakin görüşdən sonra yayılan məlumatlardan bəlli olur ki, bu zaman ikitərəfli dostluq münasibətləri bəyanatlarından başqa heç bir əhəmiyyətli məsələ müzakirə olunmayıb. Ola bilsin hansısa "qaynar” məsələlər müzakirə olunub, lakin nədənsə onların mahiyyəti açıqlanmır”. Əlavə edilir ki, ümumiyyətlə belə qısa görüşlərdə nəsə ciddi bir müzakirə gözləmək də düz deyil: "Lakin baş nazirin mətbuat xidməti elan edib ki, Rusiya və Ermənistan liderləri qazın tarifi məsələsini müzakirə ediblər. Əgər Rusiya-Ermənistan münasibətlərində həqiqətən də pozitiv irəliləyişlər baş versəydi, onda Putin cəmi bir neçə saatlığa Yerevana təşrif buyurmazdı. Özü ilə geniş nümayəndə heyətini, o cümlədən biznesmenləri gətirərdi. Yüksək səviyyədə rəsmi görüşlər keçirərdi. Mahiyyət etibarilə Putinin Yerevana səfərinin heç bir praktiki nəticələri yox idi. Bununla yanaşı, Rusiya tərəfinin Ermənistan hakimiyyət orqanlarına etimadsızlığı davam edir. Bunu Rusiya kütləvi informasiya vasitələrində Paşinyan-Putin görüşünə həsr edilən məqalələr də sübut edir. Əsas qayə də odur ki, bu görüşlər sırf protokol xarakteri daşıyır”. Məqalədə daha sonra ermənilərin "Valday” uğursuzluğu məsələsinə toxunulur. Vurğulanır ki, "erməni baş nazir "Valday” Disskusiya Klubunun Soçidə keçirilən toplantısında iştirak etmədi. Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bu platformanı nəinki Azərbaycanda AES inşası ilə bağlı sazişlər ilə, eləcə də, Ermənistana qarşı bəyanatlar səsləndirməklə möhkəmləndirmək istədi. Bu mötəbər tədbirdə bir nəfər də erməni nümayəndə olmadı ki, Əliyevə cavab versin. Beləliklə, görürük ki, Ermənistan-Rusiya münasibətlərində qeyri-müəyyənlik nəinki ikitərəfli formatda problemlər yaradır, eləcə də Azərbaycan yaranmış vəziyyətdən istifadə etməyə çalışır”. "Past” qəzeti sonda yazır ki, "Ermənistan hakimiyyət orqanları Rusiya ilə münasibətlərin yüksəldilməsi üçün öz səylərini aktivləşdirməli, onları praktiki müstəviyə keçirtməyə çalışmalıdır. Əks təqdirdə vəziyyət Ermənistanın xeyrinə dəyişməyəcək”.
Yeri gəlmişkən, separatçı qurumun funksionerlərindən hesab edilən Vitali Balasanyan Paşinyan hakimiyyətini sərt tənqidi ilə diqqət mərkəzində qalmaqdadır. Bu şəxs qondarma qurumda keçiriləcək "seçkilərdə” favorit hesab edilir. Bundan əlavə, bəlli olub ki, qondarma Qarabağ rejimində 2020-ci ildə baş tutacaq "prezident seçkisin”də "xarici işlər naziri” Masis Mailyan da iştirak edəcəyini təsdiqləyib. Bu məlumatı "Joxovurd” qəzeti yayıb. Məlumata görə, hazırda Paşinyanın qondarma rejimin keçmiş "baş naziri” Araik Arutyunyana simpatiyası olmasına rəğmən, Yerevan üçün indiki dönəmdə əsas favorit Masis Mailyan sayılır: "Masis Mailyan Ermənistan hökumətinin bir qanadının favoritinə çevrilib. Belə ki, hakim komandanın bir çox deputatı və hətta vətəndaş sektorundan vəzifəyə gələnlər Mailyanla birgə Soros Fondundan pul alan təşkilatda olublar”.
Yerevan ilə "Qarabağ klanı” arasında siyasi mübarizənin yeni çalarlarını isə Rusiya Şurası beynəlxalq məsələlər üzrə ekspert Aleksey Fenenko "Moskva-Bakı” portalına müsahibəsində şərh edib. Xüsusən də separatçı qurumun nümayəndəsi Vitali Balasanyanın müsahibəsini şərh edən ekspert bəyan edib ki, bu bəyanat hazırkı Ermənistan rəhbərliyi ilə separatçılar arasında mübarizənin davam etməsindən xəbər verir. Onun qənaətincə, bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan hələ də, "Qarabağ klanı” ilə bacara bilməyib.
Ekspert daha sonra diqqəti prezidentin "Valday” klubunda etdiyi çıxışa yönəldib. "İlham Əliyevin çıxışı effektiv görünürdü və effektiv də oldu. Bu çıxış üçün "Valday” meydançasının seçilməsi Azərbaycanın xeyrinə oldu. Axı Rusiya auditoriyası "Valday”a hər zaman diqqət nümayiş etdirib. Bu səbəbdən də İlham Əliyevin Soçiyə səfəri Rusiyanın Azərbaycana və əksinə qarşı tərəfin də Rusiyaya mövqeyini nümayiş etdirmiş oldu. Bu bir daha göstərir ki, Ermənistana kor-koranə orientasiya - heç də Rusiya siyasəti deyil. İlham Əliyev əlbəttə ki, Paşinyanın qalmaqallı və təxribatçı çıxışını cavabsız qoya bilməzdi. Lakin hesab edirəm ki, Paşinyan da çıxışını məhz belə bir cavaba hesablamışdı. Baş nazir yenə də danışıqlar prosesini pozmağa çalışır. Bu qarşı tərəfdən düşünülmüş təxribat idi. Məqsəd də, uzunmüddətli perspektivdə danışıqlar prosesini dəfn etməyə yönəlmişdi”, - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, Paşinyanın Qərblə oyunu Moskvada ciddi həyəcan doğurur. Əgər Yerevanın ilk bəyanatları yeni bir ritorika kimi qarşılanırsa, indi onun Rusiyadan uzaqlaşma fakta çevrilir. "Valday”da Rusiya XİN, Moskva bir daha Paşinyana göstərmək istədilər ki, artıq dayanmaq vaxtıdır. Lakin mənə elə gəlir ki, Paşinyan dayanmayacaq.
"168 Jam”a müsahibəsində politoloq Qriqori Trofimçuk isə bildirib ki, Rusiya Paşinyana Lavrovun simasında Qarabağla bağlı ilk siqnalını verdi. "Lavrovun açıqlaması Nikol Paşinyana uzun illər davam edən danışıqlar prosesini məhv etməməsi ilə bağlı xəbərdarlıq idi. Rusiya tərəfi Paşinyanın bəyanatları qarşısında uzun müddət susdu və nəhayət, ilk siqnalını verdi. Ekspert kimi mən belə siqnalı gözləyirdim. Başqa sözlə desək, Moskva imkan verməyəcək ki, bu münaqişə Paşinyanın müraciətindən çıxarılan tezislər əsasında Cənubi Qafqazda stabilliyi pozsun”, – deyə o bildirib. Trofimçuk Paşinyanın qeyri-müəyyən siyasəti nəticəsində Azərbaycanın Rusiyanın strateji tərəfdaşına çevrilməsinin normal hal olduğunu deyib: "Rusiya burada balansı pozmur. Keçən ilin yazından balansı Ermənistanın yeni hökuməti pozur”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər