AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyanın sonu yaxınlaşır?

Paşinyanın sonu yaxınlaşır?

Siyasət
18 Sentyabr 2020, 18:18 950
İndi Ermənistanda, az qala hamı baş nazirin əleyhinə danışır
 
Ermənistanla bağlı proqnozlar və ehtimallar özünü doğrultmaq üzrədir. Artıq baş nazir Nikol Paşinyan üçün payızın isti olacağı barədə proqnozlar tam şəkildə reallaşır. Hər gün aksiya, hər gün etirazlar yaşanır, siyasi gərginlik güclənir. Bundan əlavə, mediada da Paşinyan əleyhinə saysız-hesabsız kompromat dolu materialların dərci səngimir. Bütün bunlar da qarşıdakı günlər və aylarda Nikol üçün yaxşı heç nə vəd etmir.
Baş nazir də bunları gözəl anlayır və diqqəti yayındırmaq üçün hər cür addımlar atır. Gah populist bəyanatlar səsləndirir, gah da diqqəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı avantürist bəyanatlara yönəldir. Mövcud vəziyyət isə belədir ki, aksiya və etirazlar arta-arta gedir. Məsələn, Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin istefası tələbi ilə keçirilən aksiya dünən də davam edib. Nazirliyin binası önündə baş tutan aksiyanı parlamentdə ikinci partiya sayılan "Çiçəklənən Ermənistan” Partiyası təşkil edib. Daha bir aksiya isə Paşinyanın ofisi qarşısında keçirilib. Onlar paltarlara tətbiq edilən gömrük rüsumunun artmasına bir daha etirazlarını bildiriblər. Qeyd edək ki, geyimlərə gömrük rüsumunun tətbiqi ilə bağlı hökumətin qəbul etdiyi qərardan sonra aksiyalar başlamışdı. Etirazçılar bu qərarın paltarların qiymətinin 2-3 dəfə artmasına səbəb olacağını bildirirdilər. Hakim "Mənim Addımım” fraksiyasının deputatları onların tələblərinin müzakirə olunacağını bildirmişdi. Dünənki aksiyada iştirak edənlər isə artıq onlara cavab verildiyini və "heç bir güzəşt edilməyəcəyi” barədə qəti söz deyildiyini bildiriblər. "Onlar bizə hansısa güzəşt edilməyəcəyi və yaxud vaxt verilməyəcəyini bildirdilər. Hakimiyyət bizə deyir: camaat, yığışın və köçün bu ölkədən. Buna görə də sabah böyük mitinq olacaq”, - iştirakçılar deyib.
Növbəti aksiya isə Vətəndaş Müqaviləsi Partiyasının önündə davam edib. Bu partiyanın ofisində qubernatorların, nazirlərin və "Mənim Addımım” fraksiyası deputatlarının iştirakı ilə geniş toplantı keçirilib. Toplantıda ölkənin düşdüyü vəziyyət müzakirə edilib. Toplantıya qatılan Paşinyan mitinqçilərin tələblərinə baxmayaraq, onlarla görüşməyib və jurnalistlərin sualını cavablandırmayıb. Lakin həftə ərzində aksiyaçılarla görüşəcəyini vəd edib. Gərginlik parlamentdə də davam edib. Ermənistan parlamentinin "İşıqlı Ermənistan” fraksiyasının deputatları Gevorq Qorqisyan və Ani Samsonyan özləri ilə Ermənistan parlamentinin iclas zalına "Arayik Harutyunyan, cəsarətlə uzaqlaş” yazılmış plakat keçirməyə çalışıblar. Parlamentin sədri plakatın zala daxil edilməməsi üçün müdaxilə etməyə çalışıb, ancaq onlar plakatla içəri daxil olmağı bacarıblar. Qorqisyan bildirib ki, bəzən yenilər birhakimiyyətliliyin müxtəlif təzahürləri ilə əvvəlkiləri üstələyirlər. "İnqilabla gəlmiş hakimiyyət faktiki olaraq keçmişdə sahib olduğumuzdan daha pis canavara çevrilir”, - deyə Qorqisyan qeyd edib.
Beləliklə, vəziyyət gərginliyə doğru gedir. Gərginliyi ölkə ilə bağlı dərc olunan saysız-hesabsız məqalələr də gücləndirir. ABŞ-da yaşayan erməninin "168.am” nəşrində dərc olunan məqaləsi də bu qəbildəndir. "Bir sıra uçuşların ləğv olunmasından və yeni cədvəllər təsdiqləndikdən sonra böyük maraqla vətənim Ermənistana gəldim. Səyahətimə ABŞ-dan başlamışdım. Parisdən AF 1170 təyyarəsi ilə Yerevana gəldim. Sərnişinlər və heyət üzvləri ilə birlikdə uçuşumuzun sonunda siqaret qoxusu gəldiyi üçün şok oldum”, - deyə müəllif yazır. Məqalənin müəllifi qeyd edir ki, sərnişinlərdən biri qaydaları pozan ermənini görüb, nəzakətlə qadağalara və təhlükəsizlik qaydalarına riayət etməsini, digər sərnişinlərə hörmətlə yanaşmasını istəyib. "Bu məzəmmətə cavab olaraq qaydaları pozan şəxs hirslə cəfəng sözlər söylədi, xüsusən də Aparandan (Paşinyanın doğulduğu yer) olduğunu, Ermənistanda istədiyini edə biləcəyini, heç kimin ona nə edəcəyini söyləyə bilməyəcəyini əsəbi şəkildə bildirdi. Təyyarənin ekipajı cinayətkarın təyyarə eniş edərkən rahat olmasını tələb etdi. Ona polisə müraciət edəcəkləri barədə də məlumat verildi. Təyyarədən çıxarkən Ermənistan polisinin nümayəndələrinin artıq gəldiyini gördüm. Turizmin inkişafının "üzünü” təmsil edən hava limanı acınacaqlı vəziyyətdə idi. Ermənistana əvvəlki səfərlərimlə müqayisədə hava limanında şərait kəskin pisləşmişdi. Sanitariya şəraitinin gücləndirilməsi tələblərinə baxmayaraq, tualetlər çirkli idi, işıqlar isə sönmüşdü. "Reklam olunan” COVİD-19 xəstəliyinin qarşısının alınması tədbirləri sadəcə həyata keçirilmirdi. Hava limanında testlərdən keçmək üçün şərait yox idi. Ermənistana əvvəlki səfərlərimizdə bizi qarşılayan xoşbəxt və gülərüz simalar yox idi. Növbə gözləyərkən qaydalara səthi riayət olunmasını təəssüf hissi ilə müşahidə etdim. Sosial məsafə üçün işarələr var idi, amma insanlar bunlara məhəl qoymurdular. Məsul əməkdaşlar da qaydalara nəzarət etmək barədə düşünmürdülər. Onlar şəxsi cib telefonları ilə məşğul idilər. Əşyalar və insanlar öz yerlərində deyildi. Ancaq ən böyük xəyal qırıqlığı hələ qabaqda idi. Üzündə böyük bir təbəssümlə qanuna tabe olmayan Aparan sakini növbə gözləmədən, imtiyazlı şəraitdə xidmət göstərilməklə hava limanını tərk etdi”, - deyə məqalədə qeyd olunur.
Müəllif qeyd edir ki, "Ermənistanda növbəti bir neçə gün ərzində mənə aydın oldu ki, qondarma "inqilab” və Paşinyanın saxta reklamlarına baxmayaraq, ölkə geriləyib. Təhsildən şəhərsalmanın inkişafına qədər geriləmə baş verib. Kaskad adlanan ərazinin pilləkənlərindən qalxdıqda, pilləkənlərin sağ tərəfində, şəhərsalma normalarının kobud şəkildə pozulduğu, 2019-cu ildə mövcud olmayan zövqsüz binaların inşasını dərhal görə bilərsiniz. İnqilabçı hakimiyyətin harada olduğunu, imtiyazlı cinayətkarlara nəyin müqabilində sponsorluq etdiklərini, yaxud şəhərsalma qaydalarına məhəl qoymayan və şəhərin görünüşünü pozan fərdi evlərin inşaatçılarına niyə görə dözdüklərini başa düşmək lazımdır. Paşinyanın vədləri harada qaldı?”, - deyə nəşr yazıb.
Öz növbəsində Nikolu sərt formada tənqid edən sabiq baş nazir Qrant Baqratyan isə bildirib ki, onun timsalında hazırkı hakimiyyət yanlış siyasət aparır. O qeyd edib ki, hazırkı hakimiyyətin Ermənistanı bu şəkildə idarə etməsi qəbulolunmazdır. "Ağlınızı başınıza toplayın, ölkəni bu cür idarə etmək qəbulolunmazdır. Paşinyan uzaqlaşmalıdır”, - deyə Baqratyan qeyd edib.
 
Azər