• cümə, 29 Mart, 06:29
  • Baku Bakı 5°C

Paşinyanın separatçı bölgədə ilk turda reallaşmayan “planı”

02.04.20 17:45 1182
Paşinyanın separatçı bölgədə ilk turda reallaşmayan “planı”
Koronavirus ikinci turun keçirilməsini əngəlləyə bilər
Nikol Paşinyan koronavirus pandemiyasına baxmayaraq qondarma "DQR” ərazisində "prezident seçki”lərini reallaşdırmağa müvəffəq olub. Separatçı bölgə əhalisini təhlükə altına ataraq işğal altında olan ərazilərdə "seçki şousu” düzəltməyə müvəffəq olub. Lakin proqnoz edildiyi kimi, "qalib”i birinci turda görmək ona qismət olmayıb. "DQR”in yaydığı məlumatda bildirilir ki, birinci turun favoritləri keçmiş "baş nazir” Araik Arutunyan və qondarma qurumun xarici işlər naziri Masis Manilyandır. Məhz bu iki namizəd arasından da separatçıların növbəti lideri müəyyən olunacaq. Nikol Paşinyanın aktiv şəkildə müdafiə etdiyi keçmiş "baş nazir” Araik Arutunyan 49,26 faiz toplayıb. Ondan sonrakı yeri isə qondarma qurumun "XİN” rəhbəri Masis Mailyan tutub. Ona 26,4 faiz səs verib. Üçüncü yerdə qondarma qurumun keçmiş "təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan 14,7 faiz səslə gəlib. Bütövlükdə "prezident seçkilərində” 76 min və yaxud seçicilərin 73 faizi iştirak edib. Maraqlıdır ki, sonuncu iki namizəd hər vəchlə "seçkilərin” təxirə salınmasında israr edirdilər. Yerdə qalan 11 namizədin topladıqları səslər cüzi olub. Erməni kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, "seçkilər” tam başıpozuqluq, "bardak” vəziyyəti ilə seçilib. "Sputnik Armenia” yazır ki, ilk dəfə "beynəlxalq müşahidəçilər” də olmayıb. Jurnalistlər üçün koronavirus təhlükəsi üzündən mətbuat mərkəzləri də yaradılmayıb. Qondarma qurumun yaydığı məlumatda da "seçkilərin” jurnalistlərsiz keçdiyi bildirilib. Çoxsaylı pozuntularla bağlı məlumatlarla yanaşı, səsvermənin nəticələri barədə də narazılıqlar olub. Ermənistandan olan müşahidəçilər sosial şəbəkədə yazdıqları statuslarda üzləşdirkləri pozuntular barədə statuslar yerləşdiriblər. Bütün bunlarla yanaşı, birinci turda namizədlərdən heç biri zəruri olan 50+1 səsi toplaya bilməyib. "Prezident seçkilərinin” ikinci turu səsvermədən 14 gün sonra, yəni aprelin 14-də keçiriləcək. Qondarma quruma "prezident”lə yanaşı, "parlament” seçkiləri də keçirilib və burada Araik Arutunyanın bloku olan "Azad Vətən” bloku 40 faizlə qalib gəlib. "Seçkilər”in nəticələrinə görə, "parlament”ə beş partiya keçir. "Seçkiləri” izləyən Rusiyanın "Kommersant” qəzetinin erməni əməkdaşı prosesi "analoqsuz hal” adlandırıb. Əməkdaş yazıb ki, maska və əlcəklə keçən seçki özündə ciddi riskləri birləşdirir.

"1in.am” saytı yazır ki, söhbət ikinci turdan gedirsə, burada əhəmiyətli məsələ koronavirusla bağlı vəziyyətin necə olacağından asılı olacaq: "Birinci turda əsas tələb "seçkilər”in təxirə salınması idi. Lakin Paşinyan hökuməti bu tələbləri yerinə yetirmədi. Bəs görəsən bu dəfə vəziyyət necə olacaq?”. Müəllif ardınca yazır ki, seçkilərin təxirə salınması tələbi ilə ilk dəfə "Qarabağ klanı”nın nüfuzlu nümayəndəsi Vitali Balasanyan çıxış edib. Sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, eləcə də qondarma qurumun indiki rəhbərliyi da məhz onu dəstəkləyirdilər. Hətta Balasanyanın otağında Robert Koçaryanın fotosu da asılıb. Məqalə müəllifi belə bir sualla çıxış edir – "Balasanyanın timsalında qondarma qurum məğlub olubmu? Belə olan təqdirdə bu qanad gələcəkdə seçkilərin təxirə salınmasını irəli sürə bilərmi? Yəni daha aqressiv fəaliyyət və yaxud tələblərlə çıxış edəcəkmi? Bu suallara yaranmış mövcud vəziyyətdə aydınlıq gətiriləcək. Məsələnin dəgər tərəfi də var. Qondarma qurumda ən varlı şəxs olan Arutunyan 10 il "baş nazir” kimi çalışıb. Bir vaxtlar əvvəlki hakimiyyətin adamı olan bu şəxs indi Yerevana qarşı loyal taktika irəli sürür. Arutunyan "məxməri inqilab”dan dərhal sonra bildirdi ki, Ermənistanda baş verənlərə loyal yanaşır. Şübhəsuz, bu, bir siyasi taktikadır, lakin bu siyasi taktika əvvəlki sistemə məxsusdur, ya yox- bax, bu, sual doğurur. Əgər belədirsə, onda belə çıxır ki, keçmiş sistem ikinci turda Arutunyanın qələbəsi üçün qüvvələrini mobilləşdirəcək. Ən əhəmiyyətlisi isə ikinci tur ərəfsində Yerevandan hansı siyasi siqnalın gələcəyidir. Əlbəttə, vacib olan odur ki, Yerevandan virus Qarabağa keçməsin. Məhz bu məsələ ikinci turun keçirilməsinin əsas şərtidir”. Erməni mediası qondarma qurum ərazisinə Ermənistandan gələn iki şəxsin koronavirus üzündən karantinə alındığını yazıb.

Yeri gəlmişkən, qondarma qurumun rəhbəri olmağa iddialı Araik Arutunyan bildirib ki, koronovirus separatçı qurumda bir sıra problemlər doğurur: "2007-ci ildə baş nazir olanda səhərdən axşama kimi bar-bar bağırırdım ki, bizim təhlükəsizliklə (ərzaq, enerji və hərbi) bağlı ciddi problemlərimiz var. Əgər bu problem avqusta kimi uzanarsa, Ermənistanın, eləcə də, Qarabağın çox ağır problemləri üzə çıxacaq. Söhbət ödəmə balansından gedir. Artıq bu gün nə transferlər, nə turizm mövcuddur”.
Bir faktı da qeyd etmək yerinə düşər ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar, əksər dövlətlər separatçı qurumda keçirilən saxta seçkiləri pisləyən bəyanatlar səsləndiriblər. Ən əsası odur ki, separatçı quruma əvvəllər yardım edən Birləşmiş Ştatlar da ianəsini dayandırıb. Erməni politoloq Suren Sarkisyan hesab edir ki, Birləşmiş Ştatlar Qarabağda minatəmizləmə proqramına xitam verilməsi haqqında qərarla Ermənistan hakimiyyətinə mesaj göndərib. Sarkisyan Nikol Paşinyanın öz çıxışlarından birində Birləşmiş Ştatları tənqid etdiyini xatırladıb. Sarkisyanın sözlərinə görə, Nikol Paşinyan çıxışında bildirib ki, hakimiyyət dəyişikliyindən sonra Vaşinqton Ermənistana sıfır dərəcəsində dəstək nümayiş etdirib. Erməni politoloq qeyd edib ki, bu cür bəyanatlar cavabsız qalmır. "Bundan əlavə, Ermənistanın regional məsələlərdə xarici siyasəti də mühüm rol oynadı”, - deyə Suren Sarkisyan bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər