Paşinyanın “səlib yürüşü”

Paşinyanın “səlib yürüşü”

Siyasət
12 Dekabr 2019, 18:52 115
"Politnaviqator”: Ermənistan hakimiyyəti korrupsiyaya qarşı mübarizə adı altında keçmiş rəhbərliyə hücumu davam etdirir

Rusiya nəşrləri Ermənistanın baş naziri Nikol Paşinyanın sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyana qarşı hücumunun arxasında nələrin durduğu, aparılan təqiblərin mahiyyətini araşdırıb. Əsas hədəfin heç də korrupsiyaya qarşı mübarizə deyil, qisasçılıq olduğu qənaətinə gəlinir.
Məsələn, "Politnaviqator” nəşri yazır ki, Ermənistanda hakim maydaunlar və qrantyeyənlər qrupu korrupsiyaya qarşı mübarizə adı altında keçmiş rəhbərliyə qarşı səlib yürüşünü davam etdirir. "Lakin qəribə təsadüflə nədənsə paşinyançların hədəfinə sırf Qarabağ klanının nümayəndələri düşür. Bəlli olduğu kimi, hüquq-mühafizə orqanlarının 3 mln. dollar rüşvət və mənimsəmə faktını "sırımaq” istədikləri Robert Koçaryan absurd - konstitusiya quruluşunu dağıtmaq və 2008-ci ilin martında insanları gülləbaran etmək ittihamı ilə həbsxanaya salınıb. Koçaryan Paşinyanın iradəsi ilə həbsxanaya salındıqdan sonra növbə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana gəlib çatdı. Sabiq prezident 1 milyon dollar vəsaitin mənimsənilməsində ittiham olunur. Bu barədə Xüsusi İstintaq Xidmətinin saytında yazılıb. Bildirilir ki, Sarkisyan hakimiyyətdə olduğu 2013-cü ilin 25 yanvar - 7 fevral tarixlərində iri məbləğdə dövlət vəsaitlərini mənimsəyib. Dövlətə dəyən ziyanın ümumi məbləği 489,16 milyon dram (1 milyon dollardan çox) göstərilir. Sarkisyanın İstintaq komitəsinə çağırıldığı qeyd edilir”, - deyə müəllif yazır.
Maraqlıdır ki, qanunvericiliyə görə, keçmiş prezidentin məsuliyyətə cəlb olunması qadağan olunsa da, Paşinyan hakimiyyəti bu qanunu pozmaqdan belə çəkinmir. "Bu, boş formallıqdır: biz onu impiçment haqqında qanuna əsasən cinayət məsuliyyətinə alacağıq. Maraqlıdır ki, impiçment indiyə qədər yalnız fəaliyyətdə olan prezidentə qarşı həyata keçirilirdi. İstefada olan şəxsə qarşı impiçment elan edilməsi isə nonsens deyil - əsl marazmdır”, - deyə məqalədə vurğulanır. Əlavə edilir ki, "əgər Paşinyan və ətrafının Sarkisyanı korrupsiyaya görə cəzalandırmaq üçün əlləri gicişirsə, onda konstitusiyaya dəyişikliklər etsin. Nikol Paşinyan bir şeyi də anlamalıdır - əbədi olaraq bu postu tutmayacaq”. Müəllif sonra maraqlı bir məqama toxunur: "Nədən Paşinyan əvvəllər Serj Sarkisyanın məsuliyyətə cəlb olunmasına çalışmırdı? Axı niyə məhz indi? Eks-prezident, sonradan baş nazirə çevrilən Sarkisyan axı hakimiyyəti ona nimçədə təqdim edib. Belə təsəvvür yaranır ki, qisasçılıq hissi onda ciddi şəkildə baş qaldırıb. O ki qaldı Sarkisyana, 2008-ci ilin fevral seçkilərindən sonra prezident seçilərək bütün rəqiblərini, o cümlədən Levon Ter-Petroyasnı üstələməyə müvəffəq oldu. O zamanlar Paşinyan Ter-Petrosyanın əl buyruqçusu qismində idi”.
Rusiya nəşri yazır ki, Sarkisyan sakitcə oturub həyat sürməkdənsə, noyabrın sonunda qəfildən Paşinyan və ətrafını sərt tənqid etməyə başladı. Xorvatiyada Avropa Xalq Partiyasının qurultayında olarkən N.Paşinyanı populizmdə, eləcə də erməni dövlətçiliyini dağıtmaqda ittiham edib. Bundan əlavə, Sarkisyan yaxın günlərdə Avropa İttifaqı və Rusiyaya səfər etməyə də hazırlaşırdı. Lakin indi eks-prezident ölkə hüdudlarını tərk edə bilməz - artıq onun pasportunu alıblar.
Siyasi və iqtisadi kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neymjakov Xorvatiyada səslənən cəsarətli fikrə görə Paşinyanın qisas aldığına şübhə edir. "Əslində vəziyyət başqa cürdür. Sarkisyan vəziyyətinin ağırlaşdığını görüb, birinci zərbə vurmaq istəyib. Məsələn, oktyabrın sonunda məktəblərdən birində diplom verilməsi mərasimi zamanı açıq şəkildə həbsinin mümkünlüyündən bəhs edib. Eks-prezidentə qarşı cinayət işi məsələsi çoxdan müzakirə olunurdu. Məsələn, bunu açıq şəkildə onun kürəkəni Mikael Minasyan deyirdi. Eləcə də vitse-spiker Alen Simonyanın Sarkisyana ünvanlanan sərt ittihamını unutmaq gərək deyil. O bildirirdi ki, "Sarkisyan hər yatıb duranda qorxmalıdır”. Yaxud da N.Paşinyanın mütəmadi şərhlərini yada salmaq gərəkdir. Sarkisyana qarşı ittihamların arxasında qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən seçkilərin də şübhəsiz ki, rolu var”, - deyə ekspert vurğulayıb. Onun fikrincə, uzunmüddətli səbəblər də ola bilər: "Bəlkə də N.Paşinyanın komandası Leninin "dünən tez idi, sabah isə gec olacaq” prinsipi ilə hərəkət edir. Bir neçə il sonra hazırkı parlamentin səlahiyyəti başa çatana qədər Sarkisyanın antireytinqi ola bilsin qalsın. Ancaq əhalinin gurultulu antikorrupsiya proseslərinə münasibəti daha skeptik olacaq”.
Ekspertlər məsələnin Sarkisyanın həbsinə səbəb olacağını söyləməyin çətin olduğunu düşünürlər. Yəni bir növ onu "ittiham olunan” statusunda saxlayacaqlar. M.Neyjakov istisna etmir ki, zərbə altında Sarkisyanın ailə üzvləri qalacaq. O xatırladıb ki, bununla bağlı N.Paşinyan bir dəfə deyib ki, bu ailədə "ən günahsız şəxs” Aleksandr Sarkisyan olub.
 
Azər