• cümə, 19 Aprel, 13:33
  • Baku Bakı 25°C

Paşinyanın gülüş doğuran “proqnozu”

14.01.20 17:35 2224
Paşinyanın gülüş doğuran “proqnozu”
Rusiyalı ekspertlər hesab edir ki, bu gün Azərbaycan iqtisadi cəhətdən Ermənistandan müqayisəolunmaz dərəcədə güclüdür

Bu günlərdə baş nazir Nikol Paşinyan özündə cəsarət taparaq belə bir bəyanat səsləndirdi ki, 2020-ci ildə Ermənistan adambaşına düşən ümumdaxili məhsulun həcminə görə Azərbaycanı ötüb keçəcək. Bununla da Cənubi Qafqazda bu kriteriya üzrə qabaqcıl ölkə statusuna malik olacaq. Özü də erməni hökumətinin rəhbəri belə bir cəfəng bəyanat səsləndirməklə guya Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinad edib. "Yadınızdadırsa, parlamentdə mən vəd etdim ki, 2019-cu ildə adambaşına düşən ümumdaxili məhsulun həcminə görə biz Gürcüstanı üstələyəcəyik, 2020-ci ildə isə Azərbaycanı. İndi isə bəlli olur ki, biz artıq Gürcüstanı və Azərbaycanı üstələmişik”, - deyə Paşinyan bəyan edib. Üstündən az vaxt keçəndən sonra Paşinyan yazdıqlarını redaktə edərək bildirib ki, açıqlamasında bir sıra qeyri-müəyyənliklər olub. "Beynəlxalq Valyuta Fondu aşağıdakı qiymətləndirməni edib – 2019-cu ilin yekunlarına görə, biz Gürcüstanı keçmişik, 2020-ci ildə isə Azərbaycanı da üstələməklə Cənubi Qafqazda qabaqcıl ölkəyə çevriləcəyik. Əvvəlki yazıda qeyri-müəyyənlik var idi və buna görə üzr istəyirəm. Məsələ belədir ki, Azərbaycanı üstələyə bilməmişik, lakin bunu edəcəyik, bir qədər gec - ilin sonunda. Birlikdə, ruh yüksəkliyi ilə”, - deyə baş nazir yeni versiyasını təqdim edərkən bəyan edib.
Maraqlıdır ki, bu statistika və proqnozla nəinki Ermənistandakı iqtisadçılar, eləcə də, Gürcüstanın rəsmi şəxsləri də razılaşmayıblar. Məsələn, görün Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan sosial şəbəkədə yazdığı statusda nələri qeyd edib. "Dərhal gəlin qeyd edək ki, belə bir şey mövcud deyil”, - deyən Baqratyan əlavə edib ki, ümumdaxili məhsul barədə məlumatları Beynəlxalq Valyuta Fondu deyil, Dünya Bankı təqdim edir. Ən əsası, Dünya Bankı 2019-cu il barədə məlumatları 2020-ci ilin aprel-may aylarında təqdim edir. "2020-ci ilin statistikası barədə söhbət gedə bilməz”, - deyən sabiq baş nazir əlavə edib ki, 2018-ci ildə Ermənistan adambaşına düşən ümumdaxili məhsulun həcminə görə (4212 dollar) Gürcüstandan (4717) və Azərbaycandan (4721 dollar) 12 faiz geridə qalır. 2017-ci ildə Ermənistan (3914) Azərbaycandan 5,9 faiz (4127) və Gürcüstandan (4357 dollar) 11 faiz geridə qalıb. "Bunu Nikol Paşinyan və onun tərəfdarlarının diqqətinə çatdırmaq istərdim. Onlar əvvəlki dövrlərdə baş verən artımı istənilən halda qarət hesab edirlər”, - deyə bildirib. O ki qaldı, 2019-cu ilə, Baqratyanın qənaətincə, göstəricilərin müəyyən qədər yaxşılaşmasına səbəb iqtisadi inkişaf deyil, dramın kursunun möhkəmlənməsidir.
Gürcüstanın davamlı inkişaf və iqtisadiyyat naziri Natiya Turnava isə ümumiyyətlə bəyan edib ki, N.Paşinyanın ümumdaxili məhsulun həcminin hesablanması kimi elementar metodologiyadan xəbəri belə yoxdur. "Əgər hansısa bir siyasi xadim və yaxud ekspert uğur qazanmaq üçün belə göstəricilərdən istifadə etmək üçün can atırsa və bu məsələyə Gürcüstanı regionun digər dövlətləri ilə müqayisəsindən başlayırsa, onda onu əvvəlcə adi elementar metodologiya ilə tanış olmağa çağırıram”, - deyə gürcü nazir vurğulayıb.
Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin əmindir ki, 2020-ci ildə Ermənistanın adambaşına düşən ümumdaxili məhsulun həcminə görə, Cənubi Qafqazda qabaqcıl dövlətə çevrilməsi mümkünsüzdür. "Hesab edirəm ki, Paşinyan belə bir proqnozu emosional əhval-ruhiyyədə olarkən səsləndirib. Baş nazir sadəcə müəyyən iqtisadi uğurlardan cuşa gələrək imkanlarını həddən artıq yüksək qiymətləndirib. Bəli, Ermənistanda müəyyən pozitiv trendlər var. Lakin əhalinin gəlirlərinin artması baxımından Ermənistan Azərbaycanı üstələyə bilməyəcək. Azərbaycan son illər həddən artıq dərəcədə dinamik inkişaf edib, öz aktivinə 8-9 faizlik artım daxil edib. Ermənistanda isə bu rəqəm 5 faiz civarındadır. Bunu da nəzərə alıb müsbət nəticə hesab ediblər. Lakin ölkələrin iqtisadi potensialı prinsipi ilə mühakimə aparmaq gərəkdir. Əgər Azərbaycan iqtisadiyyatını Ermənistanın iqtisadiyyatı ilə müqayisə etsək, ortaya mütləq rəqəmlər qoyulmalıdır. İlk növbədə mütləq mənada ümumdaxili məhsulun həcmi və iqtisadi potensialı nəzərə almaq gərəkdir. Bu mənada Azərbaycanın Ermənistan üzərində üstünlüyü var - onun ixrac etməyə məhsulları var. Bura ilk növbədə qaz, neft və neft məhsullarını daxil etmək gərəkdir. Ermənistanın belə bir üstünlüyü yoxdur. Ən əsası, Ermənistan özü-öz inkişafını tormozlayır - Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ölkələr arasında yaşanan əsas problemdir. Ermənistanın ətraf aləmə çıxışı bloklanıb. Bu da iqtisadi inkişafa əsas maneədir. Azərbaycanın iqtisadi potensialına yaxınlaşmaq üçün Ermənistana xeyli vaxt gərəkdir”, - deyə rusiyalı ekspert bildirib.
Qloballaşma problemləri İnstitutunun rəhbəri, iqtisadçı Mixail Delyaqin bildirir ki, Paşinyanın bəyanatı çox qəribə təsir bağışlayır. "Belə təsəvvür yaranır ki, Cənubi Qafqaz dedikdə yalnız Ermənistanı görür, ya da onu çox spesifik hesab edir. Mənə elə gəlir ki, Ermənistanın ümumdaxili məhsulun həcminə görə, Cənubi Qafqazda lider olması və Azərbaycanı üstələməsi qeyri-realdır. Ermənistan kiçik dövlətdir və öz məhdud daxili bazarı hesabına irəliləməsi mümkünsüzdür. Zəifliyi səbəbindən müəyyən ixrac ekspansiyası həyata keçirmək iqtidarında deyil. Ölkə sırf diasporu hesabına yaşayır. Ola bilsin Paşinyan ölkəsində bir sıra qeyri-leqal müəssisələri leqallaşdırmağa çalışır. O zaman müəyyən göstəricilər əldə etmək olar. Lakin bu çox mürəkkəb prosedurdur, ən əsası, bunu hansı qüvvələr hesabına həyata keçirəcək, bəlli deyil. Əslində Paşinyanın bu "proqnozu” adi siyasi ritorikadır. Bu da ondan ibarətdir ki, Ermənistanda hamı xoşbəxt olacaq. Adi populizmdir. Azərbaycan bu gün iqtisadi cəhətdən Ermənistandan müqayisəolunmaz dərəcədə güclü dövlətdir”, - deyə fikrini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər