AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyan Tovmosyandan referendumsuz qurtulacaq

Paşinyan Tovmosyandan referendumsuz qurtulacaq

Siyasət
04 İyun 2020, 16:53 414
"Referendum haqqında” qanuna edilən dəyişiklik Konstitusiyanı dəyişməyi parlamentə həvalə edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan çox tezliklə köhnə rejimin sonuncu bastionu və ona loyal olmayan nümayəndəsindən qurtula biləcək. Söhbət 2018-ci il "məxməri inqilab”dan sonra yüksək postda qalmaqda davam edən Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyandan və bir neçə hakimdən gedir. Əvvəlcə planlaşdırılırdı ki, bu, konstitusiyaya ediləcək dəyişiklikləri nəzərdə tutan referendumdan sonra baş tutacaq. "Kommersant” yazır ki, Nikol referendumu aprelin 5-də keçirməkdə israrlı olsa da, koronavirus pandemiyası səbəbindən səsverməni təxirə salmalı oldu. Buna baxmayaraq, ötən gün Ermənistan parlamenti ümumxalq səsverməsinin keçirilməməsi barədə qanun layihəsini qəbul edib. Bunun əvəzində konstitusiyaya dəyişiklikləri deputatların həyata keçirə biləcəklərini nəzərdə tutan düzəlişlər qəbul edilib. Nəzərə alsaq ki, N.Paşinyanın tərəfdarları parlamentdə çoxluq təşkil edirlər, o zaman baş nazirə qeyri-loyal Konstitusiya Məhkəməsinin sədrinin taleyi artıq bəllidir. Parlamentdə keçən müzakirələr zamanı 82 deputat dəyişikliyin lehinə, 17 nəfər isə əleyhinə səs verib. "Referendum haqqında” qanuna dəyişiklikləri hakim "Mənim addımım” blokundan olan deputat Vaaqn Ovakimyan təklif edib. Tələm-tələsik rejimdə baxılan qanun layihəsinə görə, əgər referendum fövqəladə və yaxud hərbi vəziyyət rejiminə düşürsə, onda onu ümumiyyətlə ləğv etmək olar. Əvvəlki redaksiyada belə bir imkan yox idi: hakimiyyət orqanları səsverməni hərbi və yaxud fövqəladə rejim başa çatdıqdan ən tezi 50 və ən geci 65 gündən sonra keçirməli idi. Aprelin 5-də  karantin rejimi tətbiq edildi, mayın ortalarında isə praktiki olaraq bütün məhdudiyyətlər aradan qaldırıldıqdan sonra erməni hakimiyyət orqanları bəyan etdilər: referendumu minimum bir il ərzində keçirmək mümkün olmayacaq. Demək mövcud vəziyyətdən çıxmaq üçün digər vasitələr axtarıb tapmaq gərəkdir. Referendumda əsas qanuna dəyişikliklər nəzərdən keçirilməli idi. Bura Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin səlahiyyət müddətlərinin dayandırılması da daxil idi. Dəyişikliklər qəbul ediləcəyi təqdirdə 9 hakimdən 7-nin, o cümlədən sədr Qrayr Tovmosyanın səlahiyyət müddəti başa çatırdı. Paşinyanın Tovmosyanın istefasına nail olmaq istəyi onunla bağlı idi ki, bu şəxs "məxməri inqilab”dan sonra yüksək postda qalan sonuncu mogikan olaraq ona qarşı çıxırdı. Baş nazirin qanuni şəkildə KM sədrini istefaya göndərmək istəyi alınmırdı, səlahiyyət müddətinin başa çatmasına isə hələ çox vaxt var. 2005-ci il konstitusiyasına görə, Tovmosyan və daha dörd hakim 65 yaşa çatana kimi öz postlarında qala bilərlər. Beləliklə də, Tovmosyan 2035-ci ilə kimi postunda qala biləcəkdi.
"Mənim addımım” fraksiyasının sədri Lilit Makunts açıq şəkildə bəyan edib ki, referendum ləğv edildikdən sonra hakimiyyət KM ilə bağlı məsələni parlamentdə həll edəcək. Maraqlıdır ki, ittihamlardan qaçmaq və diqqəti özünə cəlb etməmək üçün Ədliyyə Nazirliyi Avropa Şurasının Məsləhət Şurasına, Avropa Komissiyasına, Venesiya Komissiyasına da müraciət edib. Qəbul edilən qanun layihəsinin müəllifi Vaaqn Ovakimyan hesab edir ki, o, baş nazirə siyasi rəqibindən qurtulmaq üçün kömək etməyib, sadəcə, qanunvericilikdəki boşluqları aradan qaldırıb. Öz növbəsində L.Makunts referendumun təxirə salınmasını vətəndaşların təhlükəsizliyi ilə izah edib.
Öz növbəsində müxalif "Maarifçi Ermənistan” və "Çiçəklənən Ermənistan” fraksiyaları dəyişikliklərin əleyhinə çıxıblar. "Hakimiyyət orqanlarının Konstitusiya Məhkəməsi ətrafında davam edən referendumun ləğvi təşəbbüsü çoxsaylı suallar doğurur. Qanun layihəsinin aydın olmayan və vaxtsız, eləcə də mübahisəli məsələləri bizi bu təşəbbüsə qarşı səs verməyə vadar etdi”, - deyə "Çiçəklənən Ermənistan” Partiyasının katibi Arman Abovyan "Kommersant”a müsahibəsində bildirib.
"Maarifçi Ermənistan” Partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan isə daha sərt danışıb. "Biz bildirirdik ki, dəyişikliklər özlüyündə antikonstitusion elementləri birləşdirir. Şübhələr var ki, bu, antikonstotuion layihədir və bu səbəbdən də biz dəyişikliklərin birinci oxunuşda kifayət qədər səs toplaya bilməməsi üçün səsverməni boykot etdik. Bu səbəbdən də düzəlişlər keçmədi. Lakin təəssüf ki, son nəticədə onu keçirməyə müvəffəq oldular”, - deyə fraksiya rəhbəri bildirib.
Parlamentin müstəqil deputatı Arman Babacanyan bildirib ki, hazırda Ermənistan hakimiyyəti əslində yeni böhran yaratmaq yolu ilə gedir və gələcəkdə bunun aradan qaldırılması çox çətin olacaq. "Problem odur ki, hakimiyyətin seçdiyi bu yolla biz fəaliyyətdə olan Konstitusiya Məhkəməsi üzvlərinin ən azı bir hissəsinə vəzifə tutmağa davam etmək üçün imkan verəcəyik”, - deyə A. Babacanyan bildirib. O qeyd edib ki, referendumun gündəliyi, yəni fəaliyyətdə olan Konstitusiya Məhkəməsinin tərkibinin ləğv olunması və yeni Konstitusiya Məhkəməsinin formalaşdırılması məsələsi Ermənistan parlamentinə gətirilməlidir.
Erməni hüquq müdafiəçisi Ruben Melikyan isə sosial şəbəkələrdə hakimiyyət nümayəndələrinin iddialarını xatırladıb. "Birinci iddia: son aylarda dünyada ən ciddi şey dəyişib, COVID-19 peyda olub. O, hər şeyə, eləcə də referenduma təsir edib, buna görə də biz yeni vəziyyətə uyğunlaşmalı, qanunları dəyişməli və referendumu ləğv etməliyik. İkinci iddia: sorğular göstərib ki, Ermənistan vətəndaşlarının əksəriyyəti "Konstitusiya Məhkəməsi böhranı”nı dərhal həll etməyi tələb edir”, - deyə erməni hüquq müdafiəçisi yazıb. Melikyan əlavə edib ki, ən vacib məsələ bu anlaşılmaz sorğuların nə zaman - koronavirusdan əvvəl, yoxsa sonra verilməsidir.
 
Azər NURİYEV