AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyan satqın “ovu”na çıxıb

Paşinyan satqın “ovu”na çıxıb

Siyasət
27 Fevral 2020, 17:51 728
Baş nazir bir müddət əvvəlki "uğur”u indi təkzib edir

Nikol Paşinyan yenə də öz ampluasındadır. Bir müddət əvvəl ölkədə korrupsiya ilə mübarizədə əsaslı nailiyyətlər əldə olunduğunu bildirən baş nazir indi bu sahədə ciddi problemlərin üzə çıxdığını vurğulayıb. Korrupsiya ilə mübarizənin tempindən narazılığını bildirərək ölkənin hüquq-mühafizə sistemində yüksək postlar tutan "satqınlardan” bəhs edib. Erməni mediası yazır ki, hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda baş nazir bildirib ki, "məxməri inqilab”dan sonra korrupsiya ilə bağlı mübarizədə aktivlik müşahidə etsə də, aparılan işlərin nəticəsindən narazıdır. Onu ən çox özündən çıxaran hal isə xalq və dövlətdən oğurlanan vəsaitlərin geri qaytarılmamağıdır. Və yaxud bu sahədə aparılan işlərin tempinin aşağı olmasıdır: "Xüsusi İstintaq Komitəsinin məlumatına görə, 2019-cu ildə təqribən 9 mln. dollar büdcəyə qaytarılıb. Bu da Xüsusi İstintaq Komitəsinin bütün tarixi ərzində geri qaytarılan vəsaitdən 7 dəfə çoxdur”. Lakin baş nazirin qənaətincə, hüquq-mühafizə orqanları əməkdaşlarının ləng fəaliyyəti nəticəsində bir qrup korrupsioner ölkədən qaçmağa müvəffəq olub, bir qrup da sübut və sənədləri məhv etməklə məşğuldurlar: "Elə də olur ki, korrupsiya sxeminə cəlb edilən şirkətlər qanunsuz şəkildə onlara məxsus mülkiyyəti başqalarının adına keçirirlər. Ya da hüquq-mühafizə orqanları heç bir sübut tapa bilmirlər. Bu kimi faktlar hüquq-mühafizə orqanlarının, bütövlükdə korrupsiyaya qarşı mübarizəni nüfuzunu aşağı salır”. Bununla yanaşı, hökumət rəhbəri əlavə edib ki, əsas cinayət işləri üzrə şahidlər və müqəssir olan şəxslər ölkəni tərk etməyə müvəffəq olublar. Bu da istintaq işlərinin dalana dirənməsinə gətirib çıxarır: "Gizlətməyəcəyəm və açıq deyəcəyəm: belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri hüquq-mühafizə orqanlarının ən yüksək vəzifələrində korrupsionerlərin olmasıdır”.
Yeri gəlmişkən, erməni mediası yazır ki, Paşinyan Milli Təhlükəsizlik Xidmətinin gizli dinləmə funksiyasını həyata keçirən bölməsinin işlərini gücləndirmək və bu işlə məşğul olanların sayını əhəmiyyətli dərəcədə artırmağı tapşırıb. Paşinyanı tənqid edən bütün şəxslərə qarşı gizli dinləmə və xarici nəzarət həyata keçirmək tapşırılıb. Təkcə Paşinyanı tənqid edənlər deyil, eyni zamanda onu tənqid edənlərin ailə üzvləri və yaxınları gizli dinləmə mövzusudur. Qeyd olunur ki, gizli dinlənilənlərin bu cür misli görünməmiş sayı heç vaxt olmayıb. Başqa cür desək, Ermənistan Milli Təhlükəsizlik Xidməti resursunun böyük bir hissəsi Ermənistanda Paşinyan əleyhdarlarına qarşı nəzarət həyata keçirmək və bu barədə ona məruzə etmək üzərində mərkəzləşib. Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti zabitlərindən bir çoxu yaranmış misilsiz vəziyyətə, sadəcə heyrət edirlər. Rəqiblərinə qarşı zorakı kampaniyanı gücləndirən baş nazir, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, ölkənin sabiq maliyyə naziri Qaqik Xaçatryanın həbs müddətini artırmağa nail olub. Xaçatryanın vəkili Erem Sarkisyan bildirib ki, o, daha 2 ay həbsdə qalmalı olacaq. Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin müstəntiqləri Qaqik Xaçatryanın həbsi müddətinin iki ay uzadılması haqqında vəsatət qaldırıblar. Xaçatryan ötən ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Xaçatryan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018-ci illər) əsas siyasi fiqurlarından biri olub. O, 2008-ci ildən 2014-cü ilə qədər Dövlət Gəlirləri Komitəsinə sədrlik edib. Xaçatryan 2014-cü ildən 2016-cı ilin sonuna kimi maliyyə naziri vəzifəsində çalışıb.
Ölkədə isə qalmaqallı məhkəmə prosesi start götürüb. Yerevan ümumi yurisdiksiya məhkəməsində üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə ilk məhkəmə iclası başlayıb. Serj Sarkisyanla birlikdə yanacaq ixracatı və satışı ilə məşğul olan "Flash” şirkətinin sahibi Barseq Beqlaryan, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, onun keçmiş müavini Samvel Qalstyan və nazirliyin Toxumçuluq İdarəsinin keçmiş rəisi Gevorq Harutyunyan xüsusilə böyük məbləğdə dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunurlar. Məhkəmə binası qarşısına Sarkisyanın yüzlərlə tərəfdaşları toplaşıb. Cinayət işinə görə, Dövlət Ehtiyat Fondundan kənd təsərrüfatı üçün dövlət yardım proqramı çərçivəsində ayrılan təxminən 1 milyon dollar məbləğində vəsaitin mənimsənildiyi və ya israf edildiyi bildirilir. Serj Sarkisyan ittihamı qəbul etmir.
Məhkəmə günü Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikaçı Partiyası cinayət işinin "sifarişli və siyasi xarakter daşıdığını” qeyd edən bəyanatla çıxış edib. Bəyanatda həmçinin deyilir: "Maraqlıdır ki, bu məhkəmə prosesinə məhz Qarabağ danışıqları kontekstində Ermənistanın fərsiz diplomatik fəaliyyəti fonunda start verilib. Bu addımı ilə hakimiyyət erməni xalqının diqqətini günü-gündən gərginləşən bir çox daxili və xarici problemlərdən yayındırmaq istəyir”.
Məhkəməyə gələn Serj Sarkisyan burada toplaşanları salamlayıb və dəstək üçün təşəkkürünü bildirib. O deyib ki, Ermənistanda həqiqətən haqq-ədalətə üstünlük verən hakimlər olduğuna əmin olmaq istəyir və toplaşanları evlərinə qayıdıb, gündəlik işləri ilə məşğul olmağa və Ermənistanın təhlükəsizliyini unutmamağa çağırıb.

Azər NURİYEV