Paşinyan prezidentlik sevdasına düşüb

Paşinyan prezidentlik sevdasına düşüb

Siyasət
09 İyul 2019, 18:20 515
Ermənistanda yaxın vaxtlarda növbəti siyasi qarşıdurmanın baş vermə ehtimalı güclənir. Belə ki, baş nazir Nikol Paşinyanın problemlərinin sırasına daha biri əlavə oluna bilər. Gərginliyin onunla prezident Armen Sarkisyan arasında yaşanacağı barədə erməni mediasında mütəmadi yazılar gedir. Bu gərginliyi isə belə desək, ABŞ-ın dünyaca məşhur Respublikaçılar İnstitutunun keçirdiyi sorğunun nəticələri yaradıb.
Xatırladaq ki, nəticələrə görə, Ermənistan prezidenti Armen Sarkisyan əhali arasında populyarlıq göstəricisinə görə baş nazir Nikol Paşinyanı üstələyib. Belə ki, baş nazirin reytinqi 56, prezidentin reytinqi isə 61 faiz təşkil edib. Prezidentin fəaliyyətində də bir neçə müddətdir ki, ciddi bir aktivlik hiss olunmağa başlayıb. O, tək ölkədaxili deyil, xarici səfərlərinin də sayını artırıb. Avropa və Rusiyanın müxtəlif strukturlarını təmsil edən şəxslərlə görüşlərinin sayı-hesabı yoxdur. Ekspertlər diqqəti ona yönəldirlər ki, prezidentin xarici səfərlərinin sayı planlaşdırıldığından da çox olub. Fransanın bir sıra siyasiləri ilə görüşüb, ABŞ-a səfər edib. Hətta Belarus prezidenti Aleksandr Lukaşenko ilə də görüşüb. Bir faktı da qeyd edək ki, Sarkisyan Paşinyandan fərqli olaraq, təcrübəli diplomat kimi tanınır. Paşinyan da bütün bunları gözəl bilir və hər vəchlə onu gözdən salmağa çalışır. Məsələn, Təhlükəsizlik Şurasının iclasını keçirir, Sarkisyanı isə ora dəvət belə etmir.
Bəziləri isə bu qənaətdədir ki, Sarkisyanın fəallaşmasının məqsədi Paşinyanın planlarını alt-üst etməkdir. Erməni mediasında yayılan xəbərlərə görə, Nikol Paşinyan prezident olmaq, ölkəni yenidən əvvəlki üsul-idarəyə qaytarmaq niyyətindədir. Bu qənaətin real olduğunu təsdiqləyən faktlar da var. "1in.am” saytı yazır ki, Konstitusiya Şurasına yeni üzv seçilən və bir çox hallarda Paşinyanın fikirlərini çatdıran Vaqe Qriqoryan parlamentdə bildirib ki, prezident üsul-idarəsi ona daha yaxındır. Sayt yazır ki, Nikol Paşinyan bütün vasitələrlə təkhakimiyyətliliyə can atır.
Yeri gəlmişkən, onun lideri olduğu "Mənim addımım” blokundan olan deputat Anna Karapetyan bu yaxınlarda "Təhlükəsizlik Şurasının formalaşması və fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklifi ilə çıxış edib. Qanuna ediləcək dəyişikliyə görə, bundan sonra Təhlükəsizlik Şurasının iclasında parlamentin sədri də iştirak edəcək. Bir çoxları tərəfindən bu təşəbbüs çox əhəmiyyətli hesab edilir. "Belə baxanda kuryoz bir haldır ki, parlament respublikasının Təhlükəsizlik Şurasında parlamentin bir nümayəndəsi belə təmsil olunmur. Belə çıxır ki, TŞ baş nazir və onun güc strukturlarının toplantısıdır. Bu isə demokratiyaya ciddi zərbədir”. Sayt yazır ki, Nikol Paşinyanın ölkədə təkhakimiyyətliliyinin möhkəmləndirilməsi istiqamətində ciddi iş aparılır. Bütün bunlar ona gətirib çıxaracaq ki, baş nazirə tək hökumət deyil, parlament də tabe olacaq. Müəllif bu qənaətə gəlir ki, "Nikol Paşinyanın siyasi komandası mövcud deyil, hakim partiya yalnız formal rol oynayır, siyasi rəqabət şəraitində ciddi subyekt kimi qarşılanmır. İndiki halda da istisna deyil ki, prezidentlik institutunu mərkəzi hakimiyyətə çevirmək cəhdi edilir”. Son nəticə isə belədir ki, yaxın gələcəkdə Nikol Paşinyana siyasi səhnədə hər hansı bir rəqabət gözləməyinə dəyməz.
Öz növbəsində "News.am”a müsahibəsində "Sosial ədalət naminə” partiyasının lideri Arman Qukasyan maraqlı bir nüansa toxunub. Onun sözlərinə görə, ölkədə hakimiyyət dəyişikliyindən sonra hadisələrin ən müxtəlif inkişaf ssenariləri mövcuddur: "Biz ya sabit, çiçəklənən dövlətə çevriləcəyik, ya geriyə, köhnə problemlərin olduğu dövrə qayıdacağıq, yaxud da sonsuz sayda daxili münaqişələr içində çürüyəcəyik”. Eyni zamanda "Xalqın səsi” ekspert qrupunun üzvü olan Qukasyanın qənaətincə, Ermənistan bu gün çox ciddi çağırışlar qarşısında qala bilər: "Birinci çağırış - daxili siyasi qeyri-sabit vəziyyətdir. İkincisi, bizim milli mənəviyyatımıza olan çağırış - hakim elitanın populist siyasətidir. Bu çərçivədə real işlərdən çox, gözəl şüarlar daha vacibdir. Köhnə hakimiyyəti dağıtmaq əsas deyil, yeni dövlət də qurmaq gərəkdir. Nəhayət, bizim üçün sonuncu çağırış köhnə rejimin qalıqlarının saxlanılmasıdır. Biz hökumətdə təkcə birinci şəxslərin dəyişilməsinə yol verməməliyik. Sistemli problemlər – korrupsiya, klançılıq, sosial bərabərsizlik məsələləri həllini tapmayıb”. Onun sözlərinə görə, ilk növbədə kadr siyasəti, biznes üçün sabit vəziyyət, əyalətlərin inkişafına diqqət ayrılmalıdır.
Partiya sədri daha sonra Paşinyanın populist çıxışlarına diqqət ayırıb. Onun qənaətincə, populizim dalğasında hakimiyyəti devirmək, milyonları cuşa gətirmək və onlara ümid vermək mümkündür: "Lakin populizm üzərində güclü, dinamik inkişaf etmiş ölkə qurmaq mümkün deyil. Sosial şəbəkə üzərində parlaq, odlu-alovlu çıxışlar etmək kifayət deyil. İnqilabın ardınca ciddi xəyal qırıqlığı gələ bilər. Bu isə sosial depressiya, uzunmüddətli apatiya doğurur. Biz bunu Saakaşvili zamanında, indiki Ukrayna timsalında gördük. Köhnə hakimiyyəti dəyişmək azdır, yeni dövlət qurmaq gərəkdir. Yeni hakimiyyət hələ də konstruktiv bir proqram irəli sürə bilməyib”. O, əlavə edib ki, investisiyaların cəlb edilməsi və biznesin inkişafı üçün heç nə edilmir: "Korrupsiyaya və sosial bərabərsizliyə qarşı necə mübarizə aparılacaq? Ən müxtəlif sahələr - tibb, səhiyyə, elm sahəsində hansı islahatlar aparılacaq? Ən əsası, Ermənistan özünü beynəlxalq arenada necə aparacaq? Ordunun potensialının gücləndirilməsi üçün nələr ediləcək? Diaspor islahatlara necə cəlb olunacaq? Xalq bütün bu sallara cavab axtarır. Eşitdiyi isə yalnız şüarlar və yaramazların cəzalandırılacağı haqda bəyanatlardır”.
 
Azər NURİYEV