Parla, parlat...
Məhəmməd Hadi – 140
Görəsən (Hz) Musanı Nil çayına
təslim edərkən anası bilirdimi o, qurtula biləcək? Axı Nilin sakit axan suları
bəzən sərt üzünü daşqın şəklində bəlirdirdi insanlara. Bəlkə, dini mətnlərin
Musa və Nil əhvalatı sadəcə həyat axını mənasını ehtiva edir? Yəni həyat
adlandırdığımız axın bəzən bizi məlum olmayan, ya da gümanımıza gəlməyən
məcralara gətirib çıxara bilir.
Bəzən düşünürəm ki, Dərbənd
Şeyxülislamı olmuş Qasım bəy yerli bəylərdən biri tərəfindən düşmənçilik
məqsədilə suçlanmasaydı, əmlakı müsadirə olunmasaydı, özü isə Həştərxana sürgün
edilməsəydi oğlu Mirzə Məhəmməd Əli Kazım bəy yetişə bilərdimi? 19-cu əsrin ən
qabaqcıl ictimai fikrin görkəmli nümayəndələrindən biri olan professor Mirzə
Kazım bəyin Həştərxana məhz atasının yanına gəlişi və burada iş axtarmaq
məqsədilə xarici missionerlərə rast gəlməsi, şərq dillərini bildiyi üçün onlara
ərəb, fars dillərini öyrətməsi gələcəyin alimi üçün həyat trayektoriyasını
cızmaqda idi. Və bu zaman onun qarşısına çıxan zəka adamları eynilə Mirzə Kazım
bəydə də bu işığı gördüyündən ona həyatın növbəti pillələrində addımlamaq üçün
yardım edirdilər. Daha doğrusu, onun yol-yoldaşı savadı idi, sadəcə bunu görən,
qiymətləndirən, dini mənsubiyyətindən və milliyyətindən asılı olmayaraq ona əl
tutanların mövcudluğu Mirzə Kazım bəyi ona layiq olan zirvələrə doğru aparırdı,
Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvünə çevirirdi. Yazdığı elmi
əsərlər dünya elm qapılarını onun üzünə taybatay açırdı. Mirzə Kazım bəyi bu
hüdudlara qədər gətirən yuxarıda qeyd etdiyim həyat axını idi, bəlkə də, Nil
idi... Hadi isə dəfələrlə Nilə atılmışdı...
Doqquz yaşında ikən atasını
itirən, sonra anası tərəfindən nənəsinin himayəsinə verilən Hadinin hansı
psixoloji durumda olmasını müasir psixoloqlar asanlıqla aça bilərlər. Nənə məhəbbətinə isinişmiş Hadi
növbəti qadını Tanrının əli ilə itirir. Gənclik mərhələsində isə var sahibi
olmadığı üçün, ictimai-sosial bərabərsizlik səbəbindən həyat onu sevdiyi
xanımdan ayırır. Ard-arda qadın itkisi ilə üzləşən şair bu dünyadan incik
düşür...
Şamaxı zəlzələsi Hadiyə həyatın
növbəti mərhələsinə keçid etmək üçün təkan olur. Sözün həqiqi və məcazi
mənasında. Bu təkan onu ədəbiyyata gətirir. Qəribədir, 26 yaşı olmasına (bu
yaşa qədər o, bir sətir şeir belə yazmamışdı) baxmayaraq Hadi, ağsaqqalsayağı
dövrün gəncliyinə məsləhət verirdi, nəsihət edirdi. Bəli, həyat onu çox
böyütmüşdü, bəzən istəkləri ilə gerçəklik arasında olan təzad onun içində
fırtınalar yaradırdı. Özü qohum-əqrəbasına təhsil istəyini bildirsə də, heç kim
bu yanğının sakitləşməsi üçün heç nə etmirdi və onun istəkləri istək olaraq
qaldığından "Həyat” qəzetində çap edilən şeirləri gəncliyə maarifin, təhsilin
önəmindən danışırdı, gerçək həqiqətin nə olmasını bəyan etmək istəyirdi ("Bəyani-həqiqət”).
İçində isə ona təhsil qapılarını açmayan insanlara qarşı narazılıqları baş
qaldırırdı...Oxumaqçün nə qədər dadu-fəğan etdim isə,
Olmadı zərrə əsər bəxş şu istimdadım.
Dağa dersəm eşidir, sonra verir əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Hadi Kürdəmirə pənah gətirdikdə həmyaşıdlarıyla birgə xırda ticarətlə məşğul olsa da özünü öz qabında hiss etmirdi. Amma onu xoşbəxt insan hesab etmək olardı, çünki yanında onu duya bilən, olduğu kimi qəbul edən dostları var idi. Məhz bu dost qayğısının sayəsində təhsil susuzluğunu yatırtmaq üçün kiçicik bir otaq açmaqla öyrətmənlik etməyə başlayır, bununla böyük ideyalara doğru addımlamaq üçün heç olmasa müvəqqəti də olsa ruh yüksəkliyi qazanır. Çünki onun uşaqlıqdan formalaşmış qısacıq sevincləri istənilən işdə sona qədər mutlu olmamaq instinkti ilə özünü göstərirdi. Hadi müvəqqəti sevinclərlə ovunsa da, daha böyük nəsnələr onun daxilində böyüdüyü üçün çərçivələri sındırmağa və böyük amallar uğrunda mübarizəyə atılmağa meyllənirdi. Əslində tarixdə bu ruhda, bu ovqatda olan onlarla şəxsin adını çəkə bilirik. Məsələn, Napaleon gerçək sərkərdəyə çevrilənə qədər bütün arzularını yazılarında qeyd edirdi. E.V. Tarlenin "Napaleon”unu oxuduqca hələ litse öyrəncisi olan zaman gələcək sərkərdənin böyük ideyalarını vərəqlərə yazmasını görürük. O, döyüşə yazılarından başlamışdı və aristokratik zümrəyə malik olmadığı üçün bəzən həmyaşıdları tərəfindən məsxərə obyektinə də çevrilirdi. Boyuna-buxununa lağ edənlər tərəfindən ünvanına söylənilmiş, "Sən at üzərində əyləşincə, döyüş bitər” fikirlərinə, "Döyüş, mən ata mindikdən sonra başlayacaq” kimi cavabları verirməklə xarakter nümayiş etdirirdi. Və yazılar üzərində gələcək Fransa imperatorunun gediş trayektoriyasını hazırlayırdı.
Mənim üçün Hadinin ruhu həm də Bayronun ruhuna bənzər şəkildə
görünür. Bilmirəm, nədənsə onun həyatı ilə tanış olduqca Lord Bayron haqqında oxuduğum
çılğınlıq düşüncəmdə canlanır. Əslində bu təkcə gənclik çılğınlığı deyildi. Bu,
həqiqətən xarakter, mübarizlik, qorxusuzluq göstəricisi idi. Döyüşdən-döyüşə,
mübarizədən-mübarizəyə getmək daxili ovqatın nəticəsidir, əslində. İnsan
daxilən narahat olduğu təqdirdə özünü döyüşlərlə məşğul etmək istəyində olur və
yaxud hansısa mübarizədə iştirak etməklə həyatda qazanmadığı mənəvi, şəxsi
qələbəni real həyatın döyüş oyununda qazanmaq istəyir və bununla rahatlığa
qovuşmağa çalışır. Bəlkə də, elə bu səbəbdən bütün mübarizələr, bütün döyüşlər
Hadini öz cazibəsinə sala bilirdi. Onun narahat ruhuna müvəqqəti olaraq su
çiləyirdi.
Hadinin yaratdığı utopik dünya bu dünya ilə
üst-üstə gəlmədiyindən o, utopiya ilə real həyat arasında vurnuxurdu. Xarakter,
bitkinlik məsələsi istənilən situasiyada Hadinin gerçək simasını bizim üçün
açır. Yaradıcılıq nümunələrinin çap edilməsinə, az-para qonarar almasına
baxmayaraq, Hadinin maddi vəziyyəti heç də yaxşı deyildi. Amma qəribəsi budur
ki, bütün maddi məhrumiyyətlər onun vətən, istiqlal, hürriyyət sevdasına qarşı
sədd ola bilmirdi. Çətinliklərlə üz-üzə qalsa belə kimsəyə boyun əymək,
yaltaqlıq nümayiş etdirmək, üzünə riyakar
maskası keçirmək onun təbiətinə tamamilə yad idi. Çünki şeirlərində
cəhalət dediyi faktor həm də kimsənin önündə başıaşağı dayanmaq, diliqısa
olmaq, danışmaq mümkün olduğu halda susmaq demək idi. Gerçək düşüncə sahibinin
bu cür nadan keyfiyyətlərə malik olması Hadi əxlaqi kodeksində bağışlanmaz səhv
idi. O səbəbdən də şeirlərini qəpik-quruşa satsa da, Hadi kimsənin önündə baş
əymir, hətta ən çətin məqamında AXC naziri Behbud xan Cavanşir Hadinin yanına
gəlib, "Buyurun, maşına. Bizimlə gedək, bizə lazımsınız” söylədikdə də, "Gedin,
şairinki nazirlə tutmaz” deyir. Çünki, səhv-doğru Hadinin özü üçün cızdığı
əqidə çərçivəsindən, əqidə cızığından
çıxması özünə qarşı xəyanət etmək kimi bir şey idi. Əgər Məhəmməd Füzulinin poetik ruhu "Məni candan usandırdı, cəfadan yar usanmazmı?” söyləyirdisə, Hadinin poetik, üsyankar ruhu
İrişdi hümmət ilə milləti-məsudə məqsudə,
Keçirdik ömri-qiymətdarı biz bihudə-bihudə,
Biz olduq əhli-xüsran, həmsəfərlər yetdilər sudə,
Bu gün bizlərdən istikrah edir əqvami-mövcudə,
Dözərmi nifrətə, bilməm, həqarətdən usanmazmı,
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
- deyibən hayqırırdı.
Hadi Həştərxanda məskunlaşarkən orada nəşr edilən «Bürhani-tərəqqi» adlı qəzetlə əməkdaşlığa başlayır. Lütfi əfəndinin dəvəti ilə bir müddət orada çalışdıqdan sonra 1907-ci ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya qayıdır, Əli bəyin baş redaktoru olduğu «Füyuzat» jurnalında öz fəaliyyətini davam etdirir. Hadinin yaradıcılıq istiqamətinin möhkəmlənməsində, bacarığının, istedadının cilalanmasnda «Füyuzat»ın böyük rolu olur. Onun şeir, məqalə və tərcümələri bu jurnalın səhifələrində müntəzəm olaraq dərc edilir…
Jurnalın varlığı Hadi üçün nə qədər böyük ruh
yüksəkliyi idisə, onun qapanması əhvalına bir o qədər mənfi təsir
göstərmişdi. Hətta deyilənə görə məhz bu
hadisədən sonra mənəvi cəhətdən böhran keçirən şair içkiyə qurşanır. Şeirlərini
isə ara-sıra dostların, yazarların təkidi ilə bəzi mətbu orqanlarda çap
etdirir. Hətta 1908-ci ildə milyonçu, böyük mesenant H.Z.Tağıyevin dəstəyilə
onun şeirlərindən ibarət «Firdövsi-ilhamat» adh ilk kitabı da nəşr olunur.
Hadinin şeirlərdə vəsf etdiyi, tərənnüm etdiyi
vətən bütöv vətən idi. Bölünmüş olsa da, dörd bir yandan düşmənlər tərəfindən
acgözcəsinə didim-didim olsa belə o, vətənini yaralanmış şəkildə göstərmirdi.
Utopik olsa belə özünün düşüncələr aləmində yaratdığı vətəni vəsf edirdi, həm
də beynində cızdıgı bütöv vətən xəritəsi önündə səcdədə dayanaraq onu reallıqda
görmək istəyində idi. Psixologiyada sensor aclığı deyilən bir
anlayış var. Uzunmüddət qaranlıq mühitdə qalan insanda sensor aclığı yaranır
ki, bu da beyini təxəyyüllər aləminə baş vurmağa meyilləndirir. Hətta orta əsrlərdə insanın xarici
dünyaya çıxış duyğularını, yəni gözünü bağlayaraq, qulağını tıxaclayaraq
dünyadan təcrid etmək kimi bir cəza növü də var idi. Belə vəziyyətə düşən insan
zamanla yaddaşını itirirdi. Çünki hissiyyat üzvlərini lokallaşdırma insanı məhv
edən əsas faktordur. Hadinin önündə dayanan qaranlıq isə cəhalət və bu
anlamazlığın fonunda kütlənin böyük amallar uğrunda deyil, məişət çərçivələri
daxilində ömür sürməsi idi, ya da sürünməsi idi. Əslində, bu cür işıqlı zəka
sahibləri olan cəmiyyətlərdə belə insanların anlamaz, bilməzlər arasında
yaşamasının özü ölümdən betər idi, işgəncə idi. Qapılar döyürsən açılmır, vətən
istəyirsən yaranmır, təhsil istəyirsən daş-qalaq olunursan, türk deyirsən
pantürküst adlanırsan, sürgün edilirsən!
Düşüncəndə,
təxəyyülündə bir aləm qurmuş Hadi də gözlərini
açınca utopiyanı reallıqda müşahidə etmədikdə yenidən var gücü ilə öz xəyallar
dünyasına vararaq nə zamansa bu həqiqətin gerçək olmasına bərk-bərk inanırdı.
İnanmaqdan yorulmurdu. Qətiyyən merac aləmindən yerə enmək istəmirdi.
Stoiklərin ifadə etdiyi "ideal cəmiyyət arzulamaqdansa, hər şeyi olduğu kimi
qəbul etmək lazımdır” düşüncəsindən çox uzaq idi. Və ən qatı qaranlığın səhərə
yaxın olması gerçəkliyinə inanaraq, bütün qorxular, mümkünsüzlüklər üzərində
günəşin doğacağına daha çox ümid bəsləyirdi. Minor notlara köklənmiş istənilən
şeirində hər hansı bir sözlə, misra ilə ümid işığına da yer saxlayırdı. "Qartal
qonduğu budağın sınmasından qorxmaz. Çünki güvəndiyi budaq yox, qanadlarıdır”
misalı kimi Hadi də əqidəsinə, inanılmaz görünsə də utopik düşüncələrinin nə
zamansa reallaşacağına inanırdı. Bunun üçün cəmiyyəti qəflət yuxusundan
oyatmağa, şirin imperiya nağıllarına inanmamağa, təhsilə maarifə doğru
irəliləməyə səsləyirdi.
Çox qəribədir ki, dövrün maarifpərvərlərində eyni
daxili iztirabı, eyni təəssüfü, eyni acını müşahidə etmək mümkündür. Həsən bəy
Zərdabi haqqında oxuduqda da millət təəssübkeşliyini sezirik. Bu insanlar
xalqının maarifə, elmə, təhsilə gəlməsi üçün ömürlərini şam kimi əridiblər.
Təsəvvür edin, Zərdabi məhz maarifpərvər çıxışlarına, doğru yol carçısı
olduğuna görə dindar dairələr tərəfindən şantaj edilirdi. Türkiyə cəsusluğunda
ittiham olunurdu. Zərdabinin evində axtarış aparmaq üçün işə təhkim olunmuş
qubernator onu günahlandırmağın mümkün olmadığını görərək, "Bir halda ki, bu
qədər iztirablara – yaramaz mühitə və ləyaqətsiz adamlara dözürsünüz, görünür,
siz bu xalqı olduqca çox sevirsiniz ki, nə olursa olsun buralardan çıxıb
getmirsiniz” fikirlərini dilinə gətirmişdi.
Proqressiv sklerozdan əziyyət çəkməsinə
baxmayaraq Zərdabi ömrünün sonuna qədər məqalələr yazaraq "Kaspi” qəzetinin
redaksiyasına gedib-gəlirdi. İnsanın qayğı şkalası, xalq, vətən sevgisi hansı
həddə olmalıdır ki, canının dərdinə baxmayaraq, özünü qorumayaraq bu
fədakarlığı edəsən. Bu ömürləri, belə taleləri oxuduqca heyrətimi gizlədə
bilmirəm. Dəyanət, daxili qüvvə, böyük inam sahibi olmaq bəlkə də yalnız və
yalnız fövqəlbəşər təfəkkürə malik bir keyfiyyət olaraq dəyərləndirilə bilər.
Onlar isə yer adamları idi, yanımızda idilər, bizimlə çiyin-çiyinə idilər və
xalqın girifdar olduğu qaranlıqları işıqlandırmaq üçün yer üzərinə göndərilmiş
peyğəmbər missiyasını gerçəkləşdirirdilər. Amma doğrunu söyləyən, düzü düz,
əyrini əyri göstərən bütün zamanların düşünən beyinləri kimi dışlanırdılar,
daş-qalaq edilirdilər. Ömrünün sonuna
qədər maarifin, təhsilin, elmin vacibliyi haqqında yorulmadan çıxışlar edir,
məqalələr yazırdı Zərdabi. Hətta ölüm öncəsi də xanımına vəsiyyət də etmişdi:
"Mən öz həyat yoldaşıma vəsiyyət edirəm ki,.. ehsan və dəfn xərcləri əvəzinə öz
qərarı ilə xalq təhsilinin ehtiyaclarına ianə versin”. Böyük maarifçinin dəfn
mərasimində meydana axışan ziyalı kütləsi, xalq nümayəndələri Zərdabiyə öz
məhəbbət və ehtiramını ifadə etmək üçün xüsusi fikirlər yazılmış plakatlar
gətirmişdilər və onlardan birində "Əlvida, Həsən bəy! Sən Zaqafqaziyada
müsəlmanları oyadan ilk insan idin!” fikirləri yazılmışdı.
Estafet növbəti ziyalılara ötürülürdü və Hadi də
öz həmfikirləriylə bərabər, Hüseyn Cavid, Molla Nəsrəddinçilər, Əli bəy
Hüseynzadələrlə bərabər yorulmadan Hürriyyət! Vətən! Millət! ideyası ilə
əllərində məşəl öndə gedirdilər.
Zəhrlənmiş fikrimiz zəhrabi-mövhümat ilə,Ey həqiqət! Parla, parlat Şərqi, zülmətzardır!
- Söyləyirdilər…
"Ləng yeriməkdən yox, dayanmaqdan qorx” ( Paulo Koelyo) deyimində
olduğu kimi Hadi heç vaxt sükunətdə, ətalətdə bulunmurdu. Əgər mühitində
arzularını gerçəkləşdirə bilmirdisə, işıq axtarışında, bəlkə də ruhuna dinclik
tapmaq, növbəti mərhələlərə baş vurmaq üçün tələsirdi. Məhz bu istəklər,
ideyalar onu Türkiyəyə də gətirir. Əslində
Türkiyə, Turan sevdalılarının həm də
istinad nöqtəsi idi. İstanbulda "Tənin” qəzetində tərcüməçi kimi işləyən Hadi
bu qəzetdə şeirləri ilə, dünya ədəbiyyatından
türk dilinə tərcümə etdiyi nəsr nümunələriylə də görünməyə başlayır, türk
poeziyasında azadlıq carçıları kimi tanınan Tofiq Fikrət və Rza Tofiqlə yaxın
dostluq əlaqələri saxlayaraq burada irtica əleyhinə «Rübab», «Sərvəti-fünun»,
«Sabah» qəzetlərində fəal çıxışlar edir.
Bir
müddət sonra Türkiyənin hərbi naziri Mahmud Şövkət paşa sui-qəsd nəticəsində
həlak olduğu üçün Türkiyədə axtarışlar, şübhələr dalğası başlayır. Hadi də
«Rusiyadan göndərilmiş təxribatçı» kimi şübhə altına alınaraq o zamankı Türkiyə
imperiyasının ucqarlarından hesab olunan Salonikə sürgün edilir. Özünə uyğun
bir iş tapmayan şair bazarlıq etmiş yerli qadınların ağır zənbillərini daşımaqla
bir parça çörək üçün pul, daha doğrusu qəpik-quruş qazanır. Ardından Balkan
müharibələri (1912-1913) nəticəsində Salonik Yunanıstana birləşdirildiyindən
Hadi indi də yunanlar tərəfindən «Türkiyənin casusu» kimi şübhə altına alınaraq
taleyin növbəti ağrılı oyunu ilə üz-üzə qalır. O, qəlbi xalq, bəşər səadəti
üçün döyünən bir Azərbaycan şairi olduğuna heç kəsi inandıra bilmir. Onu
limandan yola düşən ilk gəmiyə mindirib Yunanıstandan təcili surətdə xaric
edirlər. Gəmidə isə şairin həyatına qəsd olunur. Qaragüruhçular Hadini Mərmərə
dənizinə atıb öldürmək istəyirlər. Hadi növbəti dəfə (Nilə) atılır. İndi isə
dövran, siyasi olaylar onu - Turan sevdalısını sevimli Türkiyəsindən ayırır.
Möcüzə nəticəsində sulara qərq olma təhlükəsi ilə üz-üzə dayanan şair Musa kimi,
bəlkə də Yunus kimi bir yunan keşişi tərəfindən xilas olunaraq sahilə
buraxılır…
Kiçikcə biro da içrə zavallı bir məxluq –
Yaşar… və çox gecələr olduğu otağı soyuq.
Soyuq ləyalı yaşar atəşin xəyalilə,
Düşünmədə gecələr qəlbi-pürməlalilə.
O guşədə qonulan çarpayədir yatağı,
Deyil də nəfsinə aid, kirayədir otağı.
Asılmış əlbisəsi bir tərəfdə divarə,
Şu əskilər yaxışar böylə əski divarə.
O yanda bir çamadan keçmişin nəzirəsidir,
Zavallının bu oda hücreyi-fəqirəsidir. ("Şair, hücreyi-iştiğalı və düşüncələri”)
Hadinin
təkliyini, onun yalqızlığını, düşüncələrini bu şeir qədər özündə əks etdirən
bəlkə də ikinci belə bir şeiri yoxdur…
1914-cü
ilin fevralında Bakıya qayıdan şairin ruh halı yerində olmadığından o, bir
müddət ruhi dispanserdə müalicə alır. Elə oradan çıxdıqda I Dünya müharibəsinin
başlandığını eşidərək döyüşə atılır. Milli
ədəbiyyatımızada istiqlal ideyasının başlanğıcı həm də Hadidən gəlir. Yalnız
böyük mütaliə sahibi olan insanın təfəkkürü istiqlalın nə olduğunu anlaya
bilər. Ümumiyyətlə, bu dövrün bütün ziyalılarını kitablar dünyaya gətirmişdi.
Elə həmin kitab ağırlığında olan dünya görüşü Hadilərin ruhunu cılız
bədənlərində coşdururdu və onlar lokal şəraitlərdə iynə ucu qədər işıq yeri
axtararaq qəmabadı (vətənini belə adlandırardı) günəşistana çevirmək
istəyirdilər…
Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,
Həqiqətlə edər növi bəşər təhsili-hürriyyət…
Hadinin bütün şeirlərini təftiş etsək, ən çox "işıq”, "həqiqət”, "hürriyyət”, "vətən”, "millət”, "təhsil”, "maarif” sözlərini görəcəyik. Əslində, bu sözlərin hər biri şairin şüuraltısının inam pəncərəsini bizim üçün açır. Şeirlərində bədbin notlar olsa belə bu sözlər onun inamını bizə çatdırır. Qaranlıqların bir gün bitəcəyi gerçəkliyinə şairin ümid etməsini göstərir.
Hadi
"Mən bir kitabəm”, "Mən bir günəşəm” adlı şeirləriylə öz daxilini də oxucusuna
açırdı. Onu, özünü vərəqləməyə dəvət edirdi. Amma istiqlal carçısını susdurmaq
üçün bütün dövrlərin "qəlizdir”, "qəliz yazır” ifadəsi onun kitablarını bağlı
saxlayırdı. Bu kitablar ögsüz halda kitab rəflərində oxucusunu gözləyirdi.
Oxuduqda isə şairin özünə təxəllüs olaraq götürdüyü Hadilik "doğru yol
göstərən” olmaq missiyasını, Musa kimi öz qövmünü ardınca – Hürriyyətə,
İstiqlala, Vətənə səslənişini eşitmək mümkündür.
Mən bir kitab, hər vərəqim min kitabdır,
Millət işıq olsun, məni udsun bu siyəh xak,
Ancaq dilərəm qövmüm ola sahibi idrak.
İdrakı olanlar məni sonra qanacaqdır,
Bir qövmi dirildən də cahanda qanacaqdır…
Hadinin vətəni Qəmabad idi. Hadinin taleyi də elə vətəninin taleyinə bənzəyirdi. Onun ruhu narahat idi, özündən başqa hamından narahat idi. Vətənindən, millətindən, onun gələcəyindən narahat idi, Hadi. Məhrumiyyətlərlə acınacaqlı ömür yaşayırdı. Abdulla Şaiq xatirələrində yazır ki, «bir gün küçədə Hadiyə rast gəldim. «Hərarətli şeirlərim» adlı mənzuməsini mənə uzadıb «al, beş manat ver!» dedi. Mən cibimdə olan on manatın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. «Şaiqciyim, bağışla, tanımadım» dedi. Nə qədər israr etdimsə pulu almayıb getdi… «Tutulmuş olduğu sərxoşluq onun … göz açıb dünyaya daha aydın münasibət bəsləməsinə imkan vermirdi…».
Hadi dövrünün Kefli İsgəndəri idi həm də…
Bir müddətə qədər xəyallar aləmində utopik dünya yaradaraq var gücünlə mücadilə edə bilərsən, hə, edə bilərsən, amma…sonra istəklərinin qar dənəsi kimi suya düşüb əridiyini görüncə dünyadan da, taleyindən də, elə özündən də küsməyə başlayırsan. Bir vaxtlar
Büraqa minib merac etdiyin dünyalar indi həqiqət önündə təslim olur və gücsüz
Don Kixot kimi taxta qılıncını əlindən atıb təslim olursan həyatın axarına. "Bu
qədər yaşadım, yetər” deyirsən.
Günəş doğacaqmı?
Ay səmada qalacaqmı?
Eh, artıq heç nəyin mənası yoxdur… (Masamune Akira) kimi baxırsan dünyaya. Çünki Polifem misalıtək bir pəncərədən baxanlar - təkgözlər, dar düşüncəlilər arasında özünü ögey hiss edirsən. Küsürsən, sadəcə…Əlini yelləyib gedirsən…
Deyilənə görə, M.Hadi 1920-ci ilin mayında artıq bolşeviklərin əlinə keçmiş Gəncədəki xəstəxanaların birində vəfat etmişdir. Harada dəfn edildiyi barədə uzun müddət ictimaiyyət məlumatsız qalmışdır. Görkəmli alim, Məhəmməd Hadi yaradıcılığının tədqiqatçısı Ə.Mirəhmədov 1966-cı ildə Gəncəyə gedib yerli ağsaqqalların köməyi ilə «Səbzkar» qəbristanlığında Hadinin qəbrini tapmışdır. («Bakı» qəzeti 4 iyun 1966-cı il) Hadi səssiz-səmirsiz bu dünyadan köçüb getmişdi. Yanında doğmaları, əzizləri olmadan gözünü əbədi olaraq yummuşdu. Sonda nə demişdi, hansı sözü söyləmişdi - heç kim bilmir.
"Bir
gül qədər gözəl ol, amma tikanı qədər zalım olma. Birinə elə bir söz de ki, ya
yaşasın, ya da ölsün. Amma, əsla yaralı buraxma” demişdi Şəms Təbrizi… Həyat
isə, vətən isə, elə taleyin özü də şamtək əriyən, günəştək yanan övladını
yaralı buraxdı. Ana ola bilmədi…
Günel Eyvazlı