AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pandemiya ilə mübarizə tədbirləri effektiv nəticələr verir

Pandemiya ilə mübarizə tədbirləri effektiv nəticələr verir

Siyasət
04 Sentyabr 2020, 16:32 4305
Vətəndaşlarımızın məsuliyyətli davranışı, məhdudiyyətlərə anlaşıqlı şəkildə yanaşması əldə edilmiş uğurun başlıca şərtlərindən biridir

Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə istiqamətində tədbirləri davam etdirir. Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir. Hazırda ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlər saxlanılıb. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu kimi məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlardan öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir. Gediş-gəlişlə bağlı məhdudiyyətin qüvvədə qalması da yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyıb.
 
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri
 
Onu da xatırlatmaq yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində və təlimatlarında yoluxma riski daha yüksək olan regionlarla digər bölgələr arasında gediş-gəliş məhdudiyyətlərinin tətbiqi məqsədəuyğun hesab edilir. Məhz bu amilləri nəzərə alsaq, vətəndaşlarımızın məsuliyyətli davranışı, səbr və təmkinlə, anlaşıqlı şəkildə məhdudiyyətlərə yanaşması əldə edilmiş uğurun başlıca şərtlərindən biridir.  Vətəndaşlarımız başa düşür ki, hazırda        gediş-gəlişlə bağlı məhdudiyyətin aradan qaldırılması ölkədə yoluxma hallarının artmasına, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bu da öz növbəsində sərtləşdirmə ilə bağlı yeni tədbirlərin həyata keçirilməsini zərurətə çevirəcəkdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, payız-qış mövsümü həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVİD-19-la birlikdə bu xəstəliklər insan orqanizmi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma ocaqlarının yaranmasına imkan verməməkdir. Tədris müəssisələrinin fəaliyyətə başladığı hazırkı dövrdə qarşımızda duran əsas vəzifələrdən biri isə həm də övladlarımızı bu problemdən qorumaq, onların təhsil prosesinə normal şəraitdə qovuşmasını təmin etməkdir.
 
Cəmiyyətin təhlükəsizliyinə laqeyd münasibət
 
Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlar tərəfindən gediş-gəlişlə bağlı məhdudiyyətlərin qüvvədə saxlanmasına, bir sıra məhdudiyyətlərə, qayda-qanunlara qarşı dözümsüzlük nümayiş etdirilir. Onlar mövcud təhlükəni aydın təsəvvür edə bilmir, insanlarımızın, cəmiyyətimizin, özünün, ailəsinin sağlamlığı və təhlükəsizliyinə laqeyd münasibət göstərirlər. Təbii ki, bu, yolverilməz haldır. Bir qisim insanlar isə iddia edirlər ki, sanitar-epidemioloji vəziyyət qənaətbəxş olduğuna görə muzeylərin və sərgi zallarının fəaliyyətinə icazə verilməsi aktual deyil, bundan da vacib məsələlər var. Ancaq məsələyə məntiqlə yanaşdıqda, aydın görmək olar ki, pandemiya ilə əlaqədar hələlik bəzi məhdudiyyətlərin saxlanması heç də digər sahələr üzrə yumşaldıcı qərarların qəbulunu istisna etməməlidir.
 
Dövlətin qətiyyəti, niyyəti və gücü
 
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva mövzu ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan dövləti pandemiya ilə mübarizə üçün bütün imkanlarını səfərbər edib, indiki dönəmdə ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün mühüm tədbirlər görüb. Onun sözlərinə görə, Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların açılması COVID-19-la aparılan mübarizədə dövlətin qətiyyətini, niyyətini və gücünü bir daha göstərir: "Qısa müddət ərzində ölkəmizdə modul tipli 11 xəstəxana inşa edilib, bu tibb müəssisələrində çarpayıların sayı 4100-dür. Xüsusilə belə xəstəxanalarda çox sayda intensiv terapiya-reanimasiya yerlərinin mövcudluğu koronavirusla mübarizədə əlavə imkanlar yaradır. Avqustun 31-də açılışı olan daha bir modul tipli xəstəxanada isə 820-dən çox çarpayı mövcuddur, lakin qısa müddət ərzində onların sayını 1500-ə qədər artırmaq mümkündür”.
 
Lazımi infrastruktur formalaşdırılıb
 
Həyata keçirilən tədbirlər nəticəsində hazırda Azərbaycanda koronavirus xəstələrinin sayının azalmaqda olduğunu söyləyən millət vəkili S.Vəliyeva son vaxtlar müsbət dinamika müşahidə edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu rəqəmlərə istinad edib rahatlaşmaq olmaz: "Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Əlbəttə, dövlət bütün ehtimalları nəzərə alaraq modul tipli xəstəxanaları inşa edir ki, hər bir vəziyyətə hazır olaq. Hətta bu gün mövcud xəstəxanalardakı yerlərlə yanaşı, iki Olimpiya İdman Kompleksi də koronavirus xəstələri üçün ayrılıb və orada 300-dən 500-ə qədər çarpayı var. Əgər ehtiyac yaranarsa, qısa müddətdə əlavə olaraq 1400 çarpayılıq 7 modul tipli xəstəxananın da tikintisini həyata keçirilə bilər. Bununla yanaşı, ölkəmizdə laboratoriyaların sayı 45-ə çatdırılıb və 900 mindən çox test keçirilib. Yəni, görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığını, onları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur formalaşdırıb. Azərbaycan dövləti insanların sosial-psixoloji vəziyyətini nəzərə alaraq COVID-19-la mübarizədə daha səmərəli addımlar atmaqla karantin rejimini tamamilə aradan qaldırmaq niyyətindədir. Elə bu səbəbdən görülən işlərlə yanaşı, hazırda bir neçə şirkətlə koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparılır. Heç şübhəsiz, Azərbaycan peyvəndi əldə edən birinci ölkələr sırasında olacaq”.
 
Əsassız çağırışlar edənlər səhvlərini başa düşəcəklər
 
Deputat vurğulayıb ki, ölkəmizdə tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir: "Məhz bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Lakin çox təəssüflər olsun ki, bu uğurların fonunda məsuliyyətini dərk etməyən, şəxsi maraqlarını xalqın mənafeyindən üstün tutanlar dövlətin atdığı addımlara əsassız olaraq ləkə yaxır, ictimai rəyi çaşdırmağa çalışırlar. Onlar gediş-gəlişin, restoranların açılmasını tələb edirlər. Amma bunun nəticəsini və məsuliyyətini dərk etmirlər. Əgər onların istədikləri olarsa və yoluxmaların sayı yenidən artmağa başlarsa, o zaman məsuliyyət kimin üzərində olacaq? Muzeylərin açılmasına rişxəndlə yanaşanlar onlarla, yüzlərlə insanın COVID-19-a yoluxmasına görə məsuliyyət daşıyacaqlarmı? Əlbəttə ki, yox. Bu səbəbdən də dövlətin atdığı addımları dəstəkləmək, səbirli olmaq lazımdır. Əgər tendensiya bu cür davam edərsə, qısa zaman ərzində normal həyatımıza qayıdacağıq. O zaman bu gün əsassız çağırışlar edənlər səhvlərini başa düşəcəklər”.
 
İntellektual səviyyə yüksək olmasaydı...
 
Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, koronavirus cəmiyyətimizdə ekstremal, fövqəladə vəziyyət yaradıb. Onun fikrincə, bu vəziyyətdən çıxış yolu bütün fərdlərin bərabər, sinxron hərəkəti və Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara dəqiq riayət etmələri ilə mümkündür: "Təqribən yeddi aylıq prosesdə biz bir daha əmin olduq ki, Azərbaycanda qanun hamı üçün bərabər tətbiq edilir, sosial statusundan, ictimai mövqeyindən, müxtəlif titullarından asılı olmayaraq hər bir vətəndaşın qanun qarşısında bərabərliyi təmin edilir. Bu çox mühüm amildir. Məhz ədalət də buradan yaranan hadisədir. Beləliklə də, cəmiyyət üzvləri qanunun hamıya bərabər şəkildə şamil edildiyini görür və bunu ədalətli hesab edir. Ona görə də, hazırda koronavirusa qarşı mübarizədə əldə etdiyimiz nailiyyətlər məhz bu prinsiplərlə bağlıdır - qanunun aliliyinin, ədalətli şəkildə hamının bərabərliyinin təmin olunması və karantin rejimin tələblərinə riayət olunması” Azərbaycan cəmiyyəti kifayət qədər savadlı və intellektual cəmiyyətdir. Çünki bəzi istisnalar olmaqla əsas etibarilə cəmiyyətin böyük hissəsi karantin rejiminin bəlli tələblərinə riayət edir və qanunun aliliyini, ədaləti təmin edən dövlət orqanlarının fəaliyyətini yüksək qiymətləndirir Bu amil isə mühüm məsələdir. Çünki hər bir fərd qanunu da, baş verən hadisələri də öz idraki keyfiyyətlərinə uyğun olaraq mənimsəyir. Əgər dediyim intellektual səviyyə yüksək olmasaydı, şübhəsiz ki, burada biz istisnaların daha çox nəzərə çarpmasının şahidi olacaqdıq. Ona görə də düşünürəm ki, bu gün pandemiyaya qarşı mübarizədə əldə etdiyimiz uğurlar bu məsələlərlə sıx bağlıdır”.
 
Xarici mütəxəssislərlə təcrübə mübadiləsi
 
H.Babaoğlu hökumətin gördüyü operativ və effektli tədbirlərə də diqqət çəkib. Deyib ki, tibbi sənayenin qurulması, qısa müddətdə ixtisaslaşmış xəstəxanaların açılması, dövlətimiz tərəfindən yüksək səviyyədə tibbi xidmətlərin təşkil olunması pandemiya ilə mübarizədə xüsusi əhəmiyyətə malikdir: "Bu sıraya ayrı-ayrı ölkələrdən ixtisaslı, təcrübəli həkimlərin Azərbaycana gətirilməsi və onların birbaşa virusla mübarizə prosesinə qoşulması, yerli mütəxəssislərimizlə təcrübə mübadiləsi aparmalarını aid etmək olar. Bütün bunların hamısı nəticə etibarı bizim bugünkü ümumi uğurumuzu təmin edib. Amma yenə də bu proseslərdə önə çıxan heç şübhəsiz ki, qanunun tələblərinin hamıya qarşı bərabər şəkildə tətbiq olunması və qanun qarşısında hamının eyni davranışının təşkil olunması hadisəsidir. Bu da uğurlarımızın ən mühüm səbəblərindən biridir”.
 
Vətəndaşların məsuliyyətli yanaşması
 
Milli Məclisin deputatı Azər Badamov da dövlətin pandemiya ilə mübarizə tədbirlərinin öz effektiv nəticələrini göstərdiyini vurğulayıb. Qeyd edib ki, tətbiq olunmuş karantin tədbirləri və məhdudiyyətlər COVİD-19 infeksiyasının yayılma dinamikasını azaldıb. Millət vəkili söyləyib ki, ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərargah tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar həyata keçirilir: "Paytaxtla regionlar arasında gediş-gəlişdə məhdudiyyətlər qüvvədə qalsa da təhsil müəsisələrinin, muzeylərin, sərgi salonlarının və digər ictimai qapalı müəssisələrin fəaliyyətinə icazə verilib. Lakin məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, koronavirus infeksiyası bitib. Koronavirus infeksiyası bizimlə yaşayır və həyatımızda müəyyən sərbəstlik yaranmasına baxmayaraq, biz bunu unutmamalıyıq. Dünya praktikasında görürük ki, hansı ölkələr tam yumşalmaya getdisə, həmin ölkələrdə koronavirusun yayılması yenidən sürətlənib. Hətta həmin ölkələrdə yenidən sərt karantin rejiminin yenidən tətbiqi məsələsi müzakirə olunur. Bu gün ölkəmizdəki sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir. Təbii ki, bu nəticənin əldə olunmasının əsasında dövətin gördüyü təxirəsalınmaz tədbirlər və vətəndaşların məsuliyyətli yanaşması dayanır”.
 
Tibbi maska, sosial məsafə və şəxsi gigiyena
 
Millət vəkili müasir səhiyyə ocaqlarının koronavirus xəstələrinin sağalmasına yönləndirildiyini, yeni modul xəstəxanaların istifadəyə verildiyini xatırladıb. Bildirib ki, bütün bunlar ehtiyat tədbirləridir: "Vətəndaş olaraq bugünkü tələblərə məsuliyyətlə yanaşaraq, koronavirusu aşağı həddə saxlaya bilərik. Biz unutmamalıyıq ki, peyvənd tətbiq olunana qədər tibbi maska, sosial məsafə və şəxsi gigiyenaya yüksək dərəcədə riayət etməklə yaşamağa məhkumuq. Həm də dövlətimiz yeni peyvəndin alınması istiqamətində iş görür. Biz istəyirik ki, tam sınaqdan çıxmış, etibarlı əsasları olan peyvəndi ölkəmizə gətirək və insanları vaksinasiyadan keçirək. Koronavirusun ömrü əbədi deyil. Bunun da bir sonu olacaqdır. Amma bu sonun nə vaxt olacağını heç kim deyə bilmir. Ona görə də biz vətəndaşlar olaraq öz üzərimizə düşən məsuliyyətə yüksək səviyyədə riayət etməliyik, özümüzü, yaxınlarımızı qorumaqla dövlətin gördüyü bu misilsiz işlərə dəstək vermiş oluruq”.
 
Alpər TURAN