AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pandemiya dövründə kölgə iqtisadiyyatı ilə mübarizə

Pandemiya dövründə kölgə iqtisadiyyatı ilə mübarizə

İqtisadiyyat
07 İyul 2020, 18:38 483
Ekspertlər bildirir ki, davam etdirilən islahatlar postpandemiya zamanı iqtisadiyyatın inkişafına müsbət təsir edəcək
 
İyulun 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Ölkə başçısı açılışdakı çıxışında bir sıra məsələlərə toxunub.
Həmçinin son dönəmlər kölgə iqtisadiyyatına qarşı aparılan mübarizədən danışıb: "Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq. Altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik”.
Ən böhranlı məqamlarda belə bu cür islahatların aparılması olduqca təqdirəlayiq haldır. Xüsusilə də bu, postpandemiya dönəmində iqtisadiyyatın əvvəlki vəziyyətinə qayıtmasına çox ciddi təsir göstərəcək. Maraqlıdır, mütəxəssislər nə düşünür, kölgə iqtisadiyyatı ilə mübarizə hansı səviyyədə aparılır?
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bu istiqamət 2020-ci ildə də davam etdirilməli idi, amma, təəssüf ki, cari ilin yanvar-fevral aylarından sonra məlum səbəblərdən ölkə iqtisadiyyatı böyük böhranla üz-üzə qaldı və əvvəlcədən nəzərdə tutulan bir sıra planların həyata keçirilməsi çətinləşdi: "Kölgə iqtisadiyyatı ilə bağlı aparılan islahatlar keçən ildən başlanılıb. Bu il də bütün çətinliklərə, böhranlı vəziyyətə baxmayaraq, davam etdirilir və olduqca müsbət haldır. 2019-cu il Azərbaycan üçün çox böyük islahatlar, dəyişikliklər ili kimi yadda qaldı. Ona görə yox ki, əmək haqqı, pensiyalar və sosial müavinətlər artırıldı. Keçən il Vergi Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilməklə, bir növ, büdcənin vergi fiskal siyasəti dəyişdirildi. Bu mexanizmlə büdcəyə fərqli və yeni yanaşma ortaya qoyuldu. Nəticədə vergi və gömrük xətti ilə dövlət büdcəsinə 1 milyarddan artıq vəsait daxil oldu, əmək müqavilələrinin bağlanma faizində ciddi artım müşahidə edildi və iqtisadiyyatda, xüsusən də onun real sektorunda kölgə iqtisadiyyatının xeyli dərəcədə zəifləməsi baş verdi. Qısa desək, iqtisadiyyatda leqallaşmanın şahidi olduq. Bu istiqamət 2020-ci ildə də davam etdirilməli idi. Amma, təəssüf ki, cari ilin yanvar-fevral aylarından sonra məlum səbəblərdən ölkə iqtisadiyyatı böyük böhranla üz-üzə qaldı və əvvəlcədən nəzərdə tutulan bir sıra planların həyata keçirilməsi çətinləşdi. Amma çox müsbət haldır ki, ilin birinci yarısı üçün əldə olunan bəzi rəqəmlər göstərir ki, bütün çətinliklərə, yəni karantin rejimi, böhran vəziyyətinə, hətta bir sıra iqtisadi obyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına baxmayaraq, keçən ildən start götürən leqallaşma prosesi bu il də davam edir. Vergi, gömrük xətti ilə dövlət büdcəsinə nəzərdə tutulandan artıq vəsaitin daxil olması olduqca müsbət haldır”.
Ekspert, həmçinin qeyd edir ki, əmək müqavilələrinin bağlanması və aşkarlanması sahəsində rəqəmlər yüksəlməkdə davam edir: "Hesab edirəm ki, proses ilin sonunadək davam edəcək. Bu, bizim həm böhrandan az itki ilə çıxmağımıza, həm də postpandemiya dövrü üçün sosial istiqamətdə həyata keçirilən islahatların yenidən davam etdirilməsinə şərait yaradacaq”.
İqtisadçı Fikrət Yusifov bildirir ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər məhz bu məqsədlə, yəni kölgə iqtisadiyyatı ilə bağlı mübarizə üçün həyata keçirildi: "Həmçinin praktiki olaraq qeyri-leqal fəaliyyətin leqallaşdırılmasına hədəflənib. Bu istiqamətdə artıq 2019-cu ildən daha ciddi addımlar atılmağa başlanılıb. Hesab edirəm ki, ötən il 1 milyarda yaxın vəsaitin yığılması, indi isə gözləniləndən də 493 milyon çox məbləğin toplanması kölgədə olan iqtisadiyyatın leqallaşdırılması istiqamətində hökumətin gördüyü uğurlu işlərin nəticəsidir.  Düşünürəm ki, atılan addımların effektiv nəticəsini indiki vəziyyətdə də görürük. Hazırda ölkəmiz pandemiya şəraitində yaşasa da, bu istiqamətdə addımlar atılmaqda davam edir. Bu kimi işlərin görülməsi gələcək üçün də vacibdir. Çünki bu islahat həyata keçirilmədikcə, ölkənin pulu büdcəyə yox, ayrı-ayrı şəxslərin cibinə gedir. "Ağartma” işinin aparılması ilə kölgədə olan iqtisadiyyat aydınlığa çıxır və bütün sahələrdə şəffaflaşma prosesi gedir. Bu isə lazımi vəsaitin dövlət büdcəsində toplanmasına şərait yaradır”.
 
Günel Azadə