• cümə, 29 Mart, 00:55
  • Baku Bakı 7°C

Pambıqçılığın inkişafında yeni mərhələ

28.03.18 10:00 2082
Pambıqçılığın inkişafında yeni mərhələ
Martın 26-da prezident İlham Əliyevin sədrliyi ilə Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib, bu sahənin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Müşavirə çıxış edən ölkə başçısı qeyd edib ki, 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsi ilə bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik: "İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Dövlət xətti ilə böyük həcmdə müasir texnika alınıb. Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış oldum. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir. Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik”.
"Pambıqçılıq əmək tutumlu sahədir, biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq” deyən dövlət başçısı qeyd edib ki, bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır: "Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.
O, həmçinin bildirib ki, pambıqçılıq çox gəlirli sahədir: "Pambıqçılıq ixracyönümlü sahədir. İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. İndi pambıqtəmizləmə zavodları işləyir. Biz indi özümüz pestisid istehsal edirik. Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu. Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq. Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik”.
Prezident pambıqçılığın iqtisadiyyat üçün faydasından da danışıb: "Görün, pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var - ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin”.
Prezidentİlham Əliyevqeyd edib ki, bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq: "Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik, 2015-ci ildə 35 min ton, bu il bəlkə də 20 min ton pambıq yığılardı-yığılmazdı, bu da bəlli deyil. Beləliklə, pambıqçılıq tamamilə məhv olub gedəcəkdi. Biz isə buna imkan vermədik. Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik. Bugünkü müşavirədə həm görülmüş işlərlə bağlı məlumatlar səslənəcək, həm də görüləcək işlərdən danışacağıq. Qeyd etməliyəm ki, növbəti illərdə bizim əsas vəzifəmiz məhsuldarlığı artırmaq olacaq. Çünki keçən ilin təcrübəsi göstərir ki, böyük irəliləyiş var. 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdı, keçən il 207 min ton. Baxmayaraq ki, böyük həcmdə məhsul götürmüşük, ancaq hektardan məhsuldarlıq lazımi səviyyədə deyil. Bərdə rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən çoxdur. Lakin bəzi rayonlarda çox aşağıdır. Bunun səbəbləri təhlil edilir və edilməlidir ki, buraxılan nöqsanlara gələcəkdə yol verilməsin, məhsuldarlıq daha da yüksək olsun”.
Bu sahənin inkişaf etdirilməsinin iqtisadiyyatda hansı irəliləyişlərə şərait yaradacağını öyrənməyə çalışdıq.
Ölkəyə valyuta daxil olması istehsalı stimullaşdırır
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, ölkəmiz pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər: "Bu sahədəki dövlət siyasəti kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın digər sektorlarının da inkişafı üçün əlverişli zəmin yaradıb. Pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin gücləndirilməsi məhsul istehsalının kəskin artmasına səbəb olub. Post-neft dövründə kənd təsərrüfatında ənənəvi sahələrin dəstəklənməsi yeni iş yerlərinin yaradılmasına səbəb olmaqla, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə gətirib çıxarıb. 2017-ci ildə 207 min ton pambıq istehsal olunub ki, bu da 2015-ci illə müqayisədə 6 dəfə çoxdur. Belə ki, 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq istehsal olunmuşdu. Ölkəmiz pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər. Eyni zamanda, qlobal ixrac və istehsal göstəriciləri təsdiqləyir ki, bəzi ölkələr istehsal etdiyi məhsulu daxili emal üçün, bəziləri ixrac, bir qismi isə hər iki məqsəd üçün istifadə edirlər. Məsələn, ABŞ istehsal etdiyi 3,7 milyon ton pambığın 87 faizə yaxınını ixrac edir, Çin isə istehsal etdiyi pambığın, demək olar, hamısını daxili emala yönəldir. Bu baxımdan Azərbaycanda istehsal edilən pambıq həm ixrac, həm də daxili tələbin ödənilməsi üçün istifadə oluna bilər ki, bu da ölkəyə valyutanın daxil olmasına şərait yaratmaqla, yerli istehsalı stimullaşdırmış olacaq”.
Yüngül sənayenin inkişafı, yeni iş yerlərinin yaradılması
Ekspert deyir ki, pambıqçılığın inkişafı yüngül sənayenin də dirçəlməsinə şərait yaradacaq: "Pambıqçılıq ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Hazırda pambığın dünya bazarında 1 paundu 86 sentə satılır. Burada söhbət birinci növ pambıqdan gedir. Bunlar Nyu-York və Liverpul standartlarına uyğun pambıqdır. Müstəqillik illərində pambığın dünya bazarında qiymətinin dəyişməsinə diqqət yetirsək, yalnız 2001-ci ildə pambığın 1 paundu 47 sentə düşüb. 2011-ci ildə isə pambığın 1 paundu 1,58 dollaradək yüksəlib. Son illər isə orta göstərici 80-90 sent arasında dəyişib. Bu o deməkdir ki, Azərbaycan pambığı xam mal və eləcə də emal edərək satışa çıxarsa, mövcud istehsalı nəzərə alsaq, sözügedən məhsulun ixracı ölkəyə təxminən 200 milyon dollardan çox vəsaitin daxil olmasına imkan verəcək. Bu sahənin inkişafı həm də ona görə lazımdır ki, pambıqçılıq yüngül sənaye üçün xammaldır. Pambıqçılığın dirçəldilməsi yüngül sənayenin də inkişafına səbəb olacaq, həmçinin emal sektorunda da yeni iş yerlərinin yaradılması ilə nəticələnəcək”.
Pambıqçılığın inkişafı üçün yeni mərhələnin başlanğıcı
Müsahibimiz vurğuladı ki, müşavirədə qeyd olunduğu kimi, pambıqçılığın inkişafı, eyni zamanda, regionlarda məşğulluğun gücləndirilməsi baxımdan da vacibdir: "Bu sahədə artıq 200 minə yaxın iş yeri yaradılıb. Pambıqçılığın inkişafı gələcəkdə bu sahədə daha çox vətəndaşın çalışmasına imkan yaradacaq. Bu, regionlarda işsizlik səviyyəsinin azaldılmasına səbəb olmaqla yanaşı, həmçinin daha çox gəlirin əldə edilməsi baxımdan da vacibdir. İlkin qiymətləndirmələr göstərir ki, pambıq istehsalının artırılması yaxın illərdə bu sahədə 300 minə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. Müşavirədə məhsuldarlığın artırılması da əsas hədəflərdən biri kimi qiymətləndirildi. Bu, bir tərəfdən əhalinin daha çox gəlir götürməsinə, digər tərəfdən isə intensiv metod ilə istehsal olunan pambıq həcminin artırılmasına səbəb olacaq. Yəni, növbəti illərdə pambıq istehsalının artırılması daha çox məhsuldarlığın yüksəldilməsi hesabına baş verəcək. Bu isə Azərbaycanda ənənəvi sektor olan pambıqçılığın inkişafı üçün yeni mərhələnin başlandığını xəbər verir”.
İstehsalı artırmaq kənd təsərrüfatı sahəsində əsas hədəflərdəndir
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycanın təbii şəraiti, xüsusilə də iqlimi və torpaqları pambıqçılığın inkişafı üçün olduqca əlverişlidir: "Son dövrlər bu sahənin inkişafına yönəlmiş tədbirlər həm əkin sahələrinin artmasında, həm də pambıq istehsalında önəmli rol oynayır. Pambıq istehsalını artırmaq kənd təsərrüfatı sahəsində əsas hədəflərdən biridir. Amma bu hədəfə çatmaq üçün bir sıra məsələlər öz həllini tapmalıdır. İlk olaraq suvarma sistemlərinin yenilənməsinə ehtiyac var. Digər tərəfdən fermerlər istehsalı elə qurmalıdırlar ki, məhsulun əsas hissəsini sentyabrın sonu, oktyabrın əvvəli yığa bilsinlər. Pambığa yağış dəyəndə keyfiyyəti xeyli dərəcədə aşağı düşür. Həmçinin aqrotexniki məsələlərə də xüsusi diqqət ayrılmalı, bu sahədə elmi tədqiqat işləri genişləndirilməlidir. Azərbaycanda bu sahədə kifayət qədər zəngin təcrübəyə malik mütəxəssislər var ki, onların təcrübəsindən istifadə olunmalıdır. Emal müəssisələrinin sayı artırılmalıdır. Orta sahibkarlara emal müəssisələrinin yaradılmasında və bazara çıxmaqda köməklik göstərilməlidir. Aqrar sığorta tətbiq olunmalıdır. Fermerlərin problemləri yerində araşdırılıb, həlli yolu tapılmalıdır”.
Pambıq məhsulları brendimizi də yarada bilərik
Ekspert deyir ki, pambıq sahələrinin genişləndirilməsi digər əhəmiyyətli əkin sahələrinin azaldılması hesabına olmamalıdır: "Əgər indiki pambıq sahələri bir az genişləndirilərsə, intensiv təsərrüfata keçməklə məhsuldarlığı artırmaq olar. Bu zaman həm yerli tələbatı ödəməyə, həm də xaricə ixrac etməyə imkan yaranacaq. Amma pambıq sahələrinin plansız genişləndirilməsi kənd təsərrüfatı üçün əhəmiyyətə malik olan digər bitkilərin əkin sahələrinin azalmasına səbəb ola bilər. Bunun üçün də planlı və məqsədyönlü şəkildə çalışmaq lazımdır. Qeyd etdiklərimiz həyata keçirilərsə, ölkəmizdə həm pambıq, həm də pambıqdan hazırlanan məhsulların istehsalını artırmaq mümkündür. Həmçinin öz pambıq məhsulları brendimizi də yarada bilərik”.
Günel Azadə
banner

Oxşar Xəbərlər