• cümə axşamı, 28 mart, 12:47
  • Baku Bakı 16°C

“Pambıq keyfiyyətli yaşamın əsas elementlərindən biridir”

21.04.16 14:42 4377
“Pambıq keyfiyyətli yaşamın əsas elementlərindən biridir”
Uzun müddət fasilədən sonra ölkəmizdə pambıq istehsalı ilə bağlı genişmiqyaslı işlərə başlanılıb. Başlanğıcda bu il üçün 100 min ton pambıq istehsalı planlaşdırılır. Növbəti illərdə isə bu rəqəmin daha çox olması üçün işlər görüləcəyi bildirilir. Məqsəd isə ötən əsrin 70-80-ci illərindəki pambıqçılıq ənənəsinin geri qaytarılmasıdır.
Azərbaycanda pambıqçılığın mövcud durumu və potensial inkişaf istiqamətlərinə AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı ilə aydınlıq gətirməyə çalışdıq.
- Niyə pambıqçılıq bu gün ölkə iqtisadiyyatı üçün perspektivli istiqamət hesab olunur?

- Pambıq Azərbaycanın aqrar sektorunda xüsusi yer tutan və böyük keçmişə malik bitki növlərindəndir. Ötən əsrin 70-80-ci illərində, ümummilli liderin ölkəyə rəhbərliyinin ilk dövründə Azərbaycanda pambıq istehsalı 1 milyon tona çatdırılmışdı. Lakin bu məhsul bizdə istehsal olunsa da, əsasən ilk və təkrar xammal şəklində keçmiş ittifaqın yüngül sənaye obyektlərinə satılırdı. Orada həmin pambıqdan istehsal olunan hazır məhsullar isə bizə satılırdı. Düzdür, Gəncədə, Sumqayıtda, Bakıda yüngül sənaye müəssisələri olsa da, məhsul ən çox xam şəkildə satılırdı. Ona görə də bu sahədən istədiyimiz qədər gəlir əldə edə bilmirdik. Amma bu gün imkanlarımız daha genişdir. Bütövlükdə isə pambıq dünyanın aqrar sektorunda mühüm texniki bitki növlərindəndir. Çin pambıq istehsalı sahəsində bu gün dünyanın ən böyük dövlətidir. Hindistan, Türkiyə, keçmiş SSRİ məkanından Özbəkistan dünyada pambıq istehsalı sahəsində ön yerlərdədirlər. Ənənəvi bitkiçilik sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi iqtisadiyyatda hərtərəfli formada çox böyük təkan olacaq. Azərbaycanda pambıq istehsalı ilə bağlı böyük təcrübə var. Pambıq istehsalının genişləndirilməsi həm də xeyli iş yerinin yaranması deməkdir. Pambıq alın təri ilə zəhmətin bir müddət sonra bəhrəsini verdiyi məhsuldur.
-Pambıqdan hansı formada gəlir əldə etmək mümkündür?

- Pambıq bütün parametrlərinə görə yüksək gəlir gətirən məhsullar sırasına daxildir. Bunun heç bir elementi kənarda qalmır. Pambıq çiyidindən alınan yağ mətbəxdə istifadə edilir. O, toxuculuq sahəsi üçün əsas məhsuldur. Pambıq keyfiyyətli yaşamın əsas elementlərindən birini təşkil edir. Artıq sağlamlıqla bağlı bütün dünyada həyəcan təbili çalınır. Burada əsasən sağlam qidalanma nəzərdə tutulsa da, geyimlər də sağlıqlı olmalıdır. Bu gün bütün dünyanı Çin məhsulları bürüyüb. Lakin hər bir ölkə keyfiyyətli məhsul istehlak etmək istəyir. Amma qonşunun ümidinə qalan ac qalar. Əgər yüksək keyfiyyətdə məhsul istehsal edə biləriksə, niyə onu xaricdən almalıyıq? Ölkədən xeyli valyuta xaricə axır. İstehsal ölkəmizdə olsa, xeyli iş yeri yarana bilər. Tarixən Azərbaycan aqrar-sənaye dövləti olub. O vaxt ümumdaxili məhsulda aqrar sahənin payı yüksək olub. Bu gün də ölkədə məşğul əhalinin 38 faizə qədər kənd təsərrüfatının payına düşür. Xüsusən regionlarda əhalinin iş yerləri ilə təmin olunmasında bu sahə müstəsna rola malikdir. Türkiyənin ərazisi bizdən təxminən 10 dəfə böyük olsa da, orada 11 iqlim qurşağından 7-si, bizdə isə 9-u var. Ana təbiət bizə gözəl iqlim şəraiti bəxş etdiyi halda, ondan niyə səmərəli istifadə etməyək? Artıq son vaxtlar görülən işlər və əldə olunan nəticələr onu deməyə əsas verir ki, kənd təsərrüfatı öz yüksəlişini təmin etməkdədir.
- 70-80-ci illərdəki pambıqçılıq ənənəsini qaytara biləcəyikmi?

- Hər dövrün özünə uyğun tələbləri var. Həmin dövrdə 1 milyon ton həcmdə məhsul istehsal olunmuşdu. O vaxt mülkiyyət forması başqa idi. Pambıq ictimai mülkiyyətdə, böyük kolxozlarda min hektarlarla sahələrdə əkilirdi. Təbii ki, indi başqa şərtlər mövcuddur. Əhalini pambıq əkməyə məcbur etmək olmaz. Ancaq stimullaşdırıcı tədbirlər görüb, əhalini bu məhsulu yetişdirməyə həvəsləndirmək lazımdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, pambıq üçün ayrılan əkin sahələri hələ də azdır. Birinci il üçün planlaşdırılan 100 min ton pambıq yaxşı göstəricidir və təkanverici amildir. Bu sahəni inkişaf etdirməyə bizim bütün imkanlarımız var. Buna mane olan amillər də var.
- Hansı amillər mane olur?

- Birinci amil odur ki, əkinçi istehsal etdiyi məhsulu bazara çıxara bilmirdi. Qiymət aşağı olur deyə, həvəsi olmur. Qiymət elə olmaldır ki, həm istehsal xərclərini ödəsin, həm də gəlir gətirsin. Digər məsələ isə pambıq əkininə başlamamışdan öncə əkinçiyə müəyyən məbləğdə vəsait də ayrılmasıdır. Çünki yüksək məhsuldarlığın əldə edilməsi üçün pambığın yetişdirilməsi mərhələlərində bütün tədbirlər qaydasında icra edilməlidir. Bu tədbirləri görmək üçün də maliyyə lazımdır. Azərbaycanda pambıq emalı şirkətləri pambığın istehsalı üçün müəyyən avans formasında əvvəldən maliyyə verirlər. Bir də məhsul əkini başlananda satışı da təşkil olunmalıdır. Əvvəldən müqavilə bağlananda məhsulun kimlərə satılacağı da məlum olur. Fermer alıcı axtarmır.
- Pambıqçılığın inkişafı üçün perspektivli rayonlar hansılardır?

- Ümumən, pambığın intensiv becərilməsi üçün müəyyən təbii münbit şərait olmalıdır. Temperatur mühiti pambığın inkişafına uyğun olmalıdır. Dağlıq rayonda pambıq yetişə bilməz. Bu gün əsasən 4-5 iqtisadi rayonumuzda pambıq istehsalı ilə məşğul olurlar. Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Dağlıq Şirvan iqtisadi rayonlarında, həmçinin Cəlilabad ərazisində müəyyən həcmdə pambıq yetişdirilir. Pambıq bir növ taxılın sələfidir. Növbəli əkin sistemi tətbiq olunanda həm məhsuldarlıq yaxşı olur, həm də torpaq bir növ dincəlir. Azərbaycanda 80-ci illərdə ən çox pambıq istehsal olunan rayonlardan birincisi Bərdə idi. Həmin dövrdə pambıq istehsalı ilə bağlı iqtisadi sosializm yarışı gedirdi. Bərdədən Tərlan Musayeva, İmişlidən Sərdar İmrəliyev, Beyləqandan Sevil Qazıyeva və b. bu sahədə əmək qabaqcılı kimi ad çıxarmışdılar. Yarış bir növ insanları həvəsləndirdiyi üçün yüksək məhsul əldə edilirdi.
- Bu sahədə yenidən sağlam rəqabət mühiti formalaşa bilərmi?

- Pambıqçılığın inkişafı, dediyim kimi, dövlətin dəstəyindən asılıdır. Dövlət tədbirləri ilə insan əməyini stimullaşdırmalıdır. İstehsalçıya hansı məhsul növü sərf edirsə, hansını bazara çıxarmaq problemi yoxdursa, onun istehsalında maraqlı olacaq. Ancaq bu strateji məhsulun sağlam rəqabət əsasında inkişafı mümkün və mühümdür.
- Bəs biz pambığı emal edərək istədiyimiz gəliri əldə edə bilərikmi?

- Biz məhsulun xammal satışı haqqında düşünməməliyik. Əsasən emal edilərək, hazır məhsula çevirib, bazara çıxarılmasına çalışmalıyıq. Azərbaycanda pambığın emalı ilə bağlı yaxşı infrastruktur formalaşmışdı. Bildiyimə görə, bu gün bizdə MKT şirkətinə bağlı olan 12-14 pambıq emalı zavodu var. Sumqayıtda ipəkəyirici fabrik var. Sadəcə, bu sahə ilə bağlı formalaşan infrastrukturu müasir dövrün tələblərinə uyğun bərpa etmək lazımdır.
- Pambıq toxumu ilə bağlı kifayət qədər baza varmı?

- Etiraf edək ki, bu gün dünyada pambıq sahəsində də GMO-lu toxumlardan müəyyən səviyyədə istifadə olunur. Azərbaycanda isə tarixən ekoloji təmiz dədə-baba sortları olub, bu gün isə çoxsaylı və yerli iqlimə uyğun sortlarımız var. Bidiyim qədər, Aran regionunda pambıq toxumuna nəzarət stansiyası da fəaliyyət göstərir. Bizim məhsulun fərqi odur ki, onlar hərtərəfli təmiz məhsullardır. Buna görə də, keyfiyyətin qorunub saxlanması şərtilə, daha çox yerli məhsul istehsal etməyə çalışmalıyıq. İstisna etmək olmaz ki, müəyyən pambıq toxumları xaricdən müxtəlif yollarla idxal oluna bilər. Lakin bizdə ekoloji təmiz məhsullarla bağlı xüsusi qanun fəaliyyət göstərir. Burada GMO-lu məhsulların ölkəmizə qanunsuz idxalı ilə bağlı böyük məbləğdə cərimə növləri nəzərdə tutulub. Hesab edirəm ki, son illər bu istiqamətdə atılan məqsədyönlü addımlar nəticəsində keyfiyyətsiz, sağlamlığa ziyan vuran toxumların qarşısını almaq mümkün olacaq. Sözsüz ki, biz ilk öncə daxili resurslarımıza əsaslanaraq, onları daha da zənginləşdirməliyik. Məsələn, əvvəllər müəyyən ərazilərdə istehsal olunan pambıq üçün GMO-lu toxumlardan istifadə edilmirdi, amma məhsuldarlıq yüksək səviyyədə idi. Aqrar sahədə klasterial inkişaf, aqroparkların inkişafı ilə bağlı dünya təcrübəsində özünü doğrultmuş tədbirlərdən biz də yararlana bilərik.
- Klasterial inkişaf nədir və onun pambıqçılıqda tətbiqi bizə nə verə bilər?

- İlk öncə qeyd edim ki, klaster dedikdə - müəyyən ərazi və sahə əlamətləri üzrə istehsal, infrastruktur, innovasiya, marketinq və digər çoxsaylı proseslərin bir-biri ilə qarşılıqlı əlaqədə olan və kompleks fəaliyyətini nəzərdə tutan, həmçinin yüksək rəqabətqabiliyyətlilik və iqtisadi səmərəlilik meyarlarına əsaslanan tam və bütöv iqtisadi proses başa düşülür. Aqrar sahənin mövcud durumu və inkişaf istiqamətlərinə klasterial yanaşma meylləri göstərir ki, bu prosesdə kənd təsərrüfatında hər bir bölmə və ərazinin mövcud durumu, həmçinin gələcək inkişaf perspektivləri düzgün təhlil edilməli, rəqabət baxımından daha geniş imkanlara malik olan istiqamətlərə üstünlük verilməli, müxtəlif ərazilər üzrə modern klasterlər yaradılmalıdır. Eyni zamanda, klasterial inkişafa uyğun səmərəli informasiya-texnologiya sistemlərinin işlənib hazırlanması, digər adekvat tədbirlərin görülməsi də zəruridir.
Göründüyü kimi, klasterlər iqtisadi termin kimi müəyyən bir məhsul növünün istehsalı, emalı, saxlanması, daşınması və istehlakçıya çatdırılması proseslərini əhatə edir. Bu proses aqrar sahədə müxtəlif növ məhsul növləri, o cümlədən pambıqçılıq üzrə fəaliyyət istiqamətlərini kompleks şəkildə birləşdirir. Məlumdur ki, pambıq böyük əmək tələb edən texniki bitkidir. Kənd Təsərrüfatı Nazirliyinin tərkibində Aqrar Elm və İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, onun tərkibində kənd təsərrüfatının çoxsaylı problemləri ilə məşğul olan 8-10 elmi-tədqiqat institutu var. Orada bütün məhsul növləri üzrə, o cümlədən pambıqçılıqla bağlı müəyyən tədqiqatlar aparılır. Demək istəyirəm ki, bizim yeni pambıq növlərinin yetişdirilməsi, pambığa düzgün qulluq edilməsi, yüksək məhsuldarlığın əldə edilməsi ilə bağlı böyük praktiki təcrübəyə malik olan mütəxəssislərimiz var. Elə isə göstərilən amilləri cəmləşdirərək, bu sahədə böyük təcrübəsi olan regionda, məsələn, Aran iqtisadi rayonunda nümunəvi pambıqçılıq klasterinin yaradılması məqsədəuyğun olar. Düzdür, kiçik bir regionda klasterlər yaradılmaya da bilər. Lakin əsas odur ki, bu sahədə regionlar qarşılıqlı əməkdaşlıq etsinlər. Kompleks şəkildə və modern, innovativ ideyaların tətbiqinə uyğun işlər görülməlidir ki,müsbət nəticə və səmərə əldə edilsin.
- Pambıq əkini sahələrinin hər növbəti il genişləndirilməsi planlaşdırılır. Bəs eyni torpaqda hər il pambıq əkmək olarmı?

- Məncə, növbəli əkin prosesinin tətbiq olunması zəruridir. Müəyyən bir dövrdən bir əvəzləmə yolu ilə daha yüksək məhsuldarlıq əldə etmək olar. Həm də burada əsas şərt - intensivləşməyə əsaslanan müasir texnologiyaların tətbiqi normal şəkildə həyata keçirilməlidir. Tək bir istehsalçı fərdi şəkildə bütün bu işləri həyata keçirə bilməz. Ona görə də torpaq sahibləri sağlam kooperasiya və inteqrasiya meylləri əsasında, mövcud pay torpaq sahələrindən düzgün və düşünülmüş qaydada istifadə etmək yolu ilə bu məhsulun istehsal həcminin artmasına, eyni zamanda digər analoji proseslərdən maksimum səmərəli istifadə yolu ilə daha çox qazanc əldə etməyə çalışmalıdırlar. Təbii ki, dövlətimizin bu istiqamətdə nəzərdə tutaraq həyata keçirdiyi müəyyən tənzimləyici tədbirlər nəticəsində.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər