• cümə axşamı, 28 mart, 15:36
  • Baku Bakı 16°C

“Oğru pişik” hekayəsində yazıçı təxəyyülü

21.01.20 13:00 3585
“Oğru pişik” hekayəsində yazıçı təxəyyülü
Hekayənin əsas qəhrəmanı Oğru pişik onu çox yaxşı tanıyan yazıçı Kamran İmranoğlu (Əliyev) tərəfindən ən incə xüsusiyyətlərinə qədər elə ilk sətirlərdən oxucuya çatdırılır: "...Sonra yenə ağzını açdı və yenə əsnəyə-əsnəyə, bu dəfə başını sol tərəfə çevirdi. Bədənini onurğası boyu gərib bir az da xoşhallandı. Bu əlamətlər onun yuxudan durmasının əlamətləri idi.” Hekayə boyu yazıçı qələmi ilə Oğru pişiyin düşüncələri qismində onun başına gəlmiş əhvalatlar təsvir olunur. Bir süjet içərisində bir çox hadisə bir-biri ilə vəhdət təşkil edərək nəyə görə "oğru pişik” ifadəsinin yaranması haqqında oxucuya məlumat verir. Bu əhvalatlardan hekayənin əvvəlində başlayaraq Oğru pişiyin ağacın budağına qonmuş sərçəyə uzun-uzadı baxması ilə ağlından keçən düşüncə axınından şirin təhkiyə vasitəsilə xəbər tuturuq. Pişik sərçə balasını tutmaq halında heç deyildi: "Bəlkə, uşaqlıqda nə vaxtsa bunu eləmişdi. Amma indi ona tam aydın idi ki, budağın üzərindəki sərçə balasını tutmaq mümkün deyil. Buna baxmayaraq, gözlərini yenə də oraya zilləmişdi”.
Məhəllədə hər evin öz pişiyi vardır və onlara çox bağlanmış və öz övladları kimi qayğı göstərərək qış aylarında evlərində saxlayan ev sahiblərinin pişikləri çox sevmələrinin səbəblərindən biri "siçanların qənimi” olmaları idi. Ancaq bu hekayədə söhbət o pişiklərdən deyil, məhz Oğru pişikdən gedir. Çünki o, neçə illərdir ki, 4-5 evin ətrafında dolaşardı və hər bir ev yiyəsi ilə də başqa-başqa hekayələrin yaranmasının səbəbkarı idi. Onun oğru olduğundan hamı xəbər tutsa da, heç kəs pişiyi məhəlləsindən uzaqlaşdırmırdı. Pişik bu hörməti bir neçə səbəbdən qazanmışdı. Bunlardan biri çalağanın hücumuna məruz qalan toyuğun balalarını qoruyarkən yaranan səs-küyü eşidən pişiyin onun köməyinə yetməsi idi. Bu hadisə pişiyi bir neçə gün əsas söhbət mövzusuna çevirir. Digər bir səbəb isə zəlzələ ilə əlaqəlidir. Bir gün həyətdən vahiməli səs eşidilir. Oğru pişik həyətdəki digər pişikləri də səsləyərək, o tərəf-bu tərəfə qaçır. Zəlzələni qabaqcadan insanlara bildirən pişik növbəti dəfə onların rəğbətini qazanır, bundan sonra ona "gözün üstə qaşın var” deyən olmur. Bəs pişik "oğru” ləqəbini necə qazanmışdı? Bu sətirlərdən artıq oğru pişiyin başına gələn hadisələr axınına qapılırıq: "Oğru pişik hərdən də gözlərini budaqdakı sərçə balasından yayındırıb asta-asta yumur, özünə bir az rahatlıq verirdi. Sonra yenə gözlərini açaraq sərçə balasının yerində olub-olmamasını yoxlayırdı. Qəfildən oğru pişiyin xəyalından bir vaxtlar bizim cücəni necə oğurlayıb aparması gəlib keçdi”.
Hekayədə yazıçı öz anasından da bəhs edərək, onun hər il toyuqları və cücələri lazım gəldikcə havaya çıxarmasında danışır. Belə anlarda da Oğru pişik gizlicə cücələri güdür. Yazıçının dediyi kimi onda bu marağı Şərəbanı arvad oyatmışdı. Belə ki, bir gün Şərəbanı cücələridən birinin qıçının sındığını görür və ərinin təkidi ilə onu pişiklərə yem olaraq atmasını söyləyir. Ürəyi əl verməsə də, başqa çarə tapa bilməyən Şərabanı arvad onu oğru pişiyin qarşısına atır. Burada maraqlı bir məqam baş verir. İlk öncə oğru pişik cücənin gözəlləyinə heyran olub ona diqqətlə baxır və onu sığallamağa başlayır. Mənim fikrimcə, bu hadisənin şahidi olan hər kəsdə azca da olsa, bu nəvazişdən pişiyin onun yeməməsi ilə bağlı ümid yaranardı. Ancaq belə olmur, pişik cücəni boğur və dişində daşıyaraq oradan uzaqlaşır. Bu zaman pişik oğurluq etmir, sanki cücəni ona pay kimi vermişdilər. Lakin bu hadisə onu həqiqətən oğurluq etməyə sövq edir və pişiyin cücəyə dadanmağa bu vaxtdan başlayır. Özünə tövlənin divarının bir küncündə yer tapan pişik cücələri seyr etməyi adət eləmişdi. Yazıçı öz həyətlərində baş verən əhvalatdan söz açır. Cücələr yenidən həyətdə gəzişərkən onlardan biri kolluğa girərək gözdən itir, anac toyuq balalarını səsləsə də, o cücədən səs gəlmir. Bunu duyan oğru pişik yavaş-yavaş yerindən tərpənərək ona yaxınlaşır və sonra anasının "Oğru pişik cücəmin birini aparıb” sözləri ilə insanların gözündə pişiyin "oğru” statusunu möhkəmlədir.
Belə bir oğurluq hadisəsi qonşuluqda olan Güləsər xalanın da başına gəlmişdi. Toyuq kəsdirmək üçün heç kəsi tapa bilməyən Güləsər xalanın gözünə qonşu məhəllədən olan işıq pulu yığan Hidayət sataşır. Onun könlünə toyuq əti düşən kimi, Hidayətin də könlünə yamanca qarpız düşür: "..ay Güləsər xala, qarpızdan-zaddan bir şey varsa, gətir yeyək, ürəyim yanır.” Elə bunu eşitcək, Güləsər xala qarpızının əvəzində toyuğunu kəsməyə adam tapdığından sevincək zirzəmilərindən tez qarpız gətirir. Bu əhvalatda da biz birbaşa pişiyin oğurluq etdiyinə şahid olmuruq. Sadəcə, yeməyi hazırlayarkən oğru pişik adəti üzrə onu qıraqdan süzərək, əti götürmək xəyallarına düşür. Həyətdə olan digər pişiklərin səs-küy salması ilə Güləsər xalanın diqqəti oğru pişikdən yayınır və yeməyi hazırlayır. Bəlkə də, nəvələrinin çox sevdiyi toyuq budunu götürən başqa bir pişik idi, ancaq bunu heç kim bilə bilməzdi. Özünü Güləsər xalaya göstərdiyi üçün bu hadisədə bütün oxlar öncədən də ad qazanmış oğru pişiyi göstərirdi.
Kamran İmranoğlunun (Əliyevin) hekayəsində təsvir edilən ən son hadisə Oğru pişiklə Qəssab Əli arasında olmuşdur. Qonşuluqda olan Nazəni arvad oğlundan qovurma hazırlamaq üçün toğlu kəsməsini istəyir. Oğlu isə isti yay havası olduğu üçün qovurmanın bir-iki gün saxlanılsa, gömgöy olacağını söyləyir. Anası isə öz fikrindən dönmür və məhəllənin qəssabı Əli onun yardımına yetir: "Qəssab Əli toğlunu kəsdi, bir ayağından tutun aşağı budağından asıb soydu və sonra tutun altında sərilmiş böyük bir süfrə üzərində doğramağa başladı”. Bu zaman evin pişiyi ilə oğru pişik süfrədən bir az uzaqlıqda yerə uzanıb Qəssab Əlini seyr edirlər. Qəssab əti doğradıqca bir-iki tikə də pişiklərin qabağına atır, lakin Oğru pişik evin pişiyindən fərqli olaraq atılan ətə doğru getmir, süfrəyə tərəf sürünməyə başlayır. Bunu görən Nazəni arvad "...bu pişikləri qudurtma!”- deyə ona səslənir. Qəssab Əli işini bitirdikdən sonra sağ tərəfə dönərək bıçağı və əlini yuyarkən, Oğru pişik süfrəyə yaxınlaşaraq qara tikələrdən birini götürüb üzümlüyə tərəf gedir. Bu anda qəssabın onu gördüyündən əmin olur. Qəssab Əli görsə də, heç nə bildirmir, çünki o hər atdığı əti oğru pişiyin yeyə bilməməsindən, həmçinin hər dəfə ət kəsərkən babasından qalmış ənənəyə görə itin, pişiyin payını verdiyindən dolayı heç bir şey söyləmir. Bu hadisədən bir müddət sonra Oğru pişik xəcalətindən o məhəlləni tərk edir.
Hekayə boyu əvvəldə də qeyd olunduğu kimi, bir süjet tərkibində bir neçə hadisənin təsviri vardır. Bu təsvirdə bir növ doğmalıq hiss olunur, çünki təhkiyəçi o pişiyi də, məhəllədəki qonşuluqda olan insanları da yaxından tanıyır. Bu da hekayəni oxuyarkən oxucunu sanki şahid olmadığı yazıçı xatirələrinə qonaq etmiş olur. Oxucu da həmin hadisələrdə bir tamaşaçıya çevrilir. Hadisələrin çoxluğu hekayənin zənginləşməsində çox mühüm rol oynayır. Ortaya qoyulan əsas məsələyə bir neçə tərəfdən yanaşmağa yardım edir. Hekayədə dolğun təsvir də nəzərə çarpır. Belə ki, hekayənin başlanğıcında tut ağacı altına sərilmiş pişiyin günəşin şüalarından gizlənməyə çalışması, gözlərini ağır-ağır açıb səmaya baxması, naz-qəmzə ilə nəfəs alması oxucuda aydın təsəvvür yaradır. Əsas məsələ pişiyin gözlərinin tut ağacının budağına qonmuş sərçəyə zillənməsi ilə açılmağa başlayır. Çünki pişik yerindən tərpənmir, hətta sərçə onun yaxınlığına gəldikdə, burnuna toxunduqda belə o heç bir şey etmir. Bu zaman hekayə boyu pişiyin bu hərəkətsizliyi və dalğınlığı yazıçı tərəfindən xatirələr vasitəsi ilə aydınlaşdırılır. Hekayədə yazıçının məqsədi, bəlkə də, insan əməllərini pişiyin timsalında göstərmək idi. Hər nə qədər özünə yemək axtarması, bu əməlini gizlicə görməyə çalışması pişiyin xislətində olan bir cəhət olsa da, hekayə zamanı bu adilik gözə çarpır və sanki oxucu Oğru pişiyi bir insan kimi təhlil etməyə başlayır. Buna səbəb oğru pişiyin qonşulardan apardığı yeməklərə Qəssab Əliyə qədər heç kəs şahid olmamışdı. Yalnız pişiyin bu əməlinin göründüyündən əmin olaraq, daha çox insanlarda görməyə alışqan olduğumuz xəcalət hissini keçirməsi və olduğu məhəlləni tərk etməsi məhz oxucularda bu müqayisəni aparmaq səyi yaradır.
Hekayəyə xas olan əlamətlərdən biri təsvir edilən obrazların daim hər hansı bir hadisənin içərisində olmasıdır ki, bu hekayədəki Güləsər, Şərəbanı, Nazəni, Qəssab Əli, Hidayət, Ceyran Əli qızı kimi obrazların hekayənin dolğunlaşmasında önəmli yeri vardır.
Hekayədə süjet ilk baxışdan sadə görünsə də, insanı düşüncələrə qərq edə bilər. Şərəbanı arvadla həyat yoldaşı arasında keçən qısa bir dialoqda belə insan xüsusiyyətləri nəzərə çarpır. Burada ana nəvazişi, ürəyi yumşaqlıq Şərəbanı obrazında ayağı sınmış cücəni ilk öncə pişiyə yem olaraq vermək istəməməsi kimi təsvir olunmuşdur. Bu da oxucunun həmin sətirləri oxuyarkən Şərəbanı obrazı ilə həmin hissləri keçirməsinə səbəb olur. Öz ürəyiyumuşaqlığının əksinə həyat yoldaşının soyuqqanlılığının nəticəsində yaranmış çarəsizlik oxucuda heyfislənmək hissini oyadır. Yazıçı tərəfindən bu duyğuların oyadılması da əsərdəki obrazlarla oxucular arasında bir bağ, əlaqə yaradılmasında və yazıçının çatdırmaq istədiyi ideya ilə yanaşı, qarşılığında oxucunun da mənfi və ya müsbət bir fikrə sahib olmasında mühüm rol oynayır.
Həmçinin hekayədə olan hadisələr bəzən oxucuda nələrisə xatırlamasına, özündən, yaşadıqlarından, eşitdiklərindən də bir şeyləri hekayədəki əhvalatlara bənzətməsinə gətirib çıxara bilər. Bu eynilə Güləsər xalanın nəvələri üçün hazırladığı toyuq budunun pişik tərəfindən götürüldüyünü oxuyarkən mənim də anamın anlatdığı hekayəni xatırlamağıma səbəb oldu. Mən uşaq olarkən kəndimizdə istirahət etdiyimiz günlərin birində anam günorta yeməyi üçün toyuq hazırlayıbmış və toyuğun ən dadlı yerini evin böyükləri üçün ayırmağı planlayarkən, pəncərədən baxanda pişiyin toyuq budunu ağzında daşıdığını görür. Yaddaşımda olan bu hadisənin bənzərinə bu hekayədə rast gələndə hekayənin səmimiliyinə daha da inandım: "Dünən toyuğun budunun birini göz görə-görə vurub qaçırdıb. Axşam qazandan boşqablara yemək çəkirəm, mənim də əkiz nəvələrim bud xoşlayırlar. Budun birini tapdım, qazanın içini nə qədər o tərəf-bu tərəfə çevirdim, o biri bud tapılmadı ki, tapılmadı.”
Sonda Oğru pişiyin nəyə görə hekayə boyu hərəkətsiz qalması, sanki bütün olanları düşünürmüşcəsinə xəyallara dalması məsələsi yazıçının da vurğulaması ilə, Qəssab Əli obrazı vasitəsilə açılmış olur: "Oğru pişiyə nə isti təsir eləyirdi, nə də o, sərçə balasını yemək istəyirdi. Oğru pişiyi dərd götürmüşdü, Qəssab Əli onun oğurluğunu tutmuşdu”. Bu əslində, yazıçının öz düşüncəsi, qərara gəlməsi ilə yazılmış olsa da, həqiqətən, pişiyin "oğurluq” əməlinin biri tərəfindən görüldükdən sonra bu halı yaşaması və məhəlləni tərk etməsi, onun xəcalət hissi keçirməsindən başqa bir fikrə əsas vermir. Hekayə yazıçının bu sözləri ilə bitərkən, oxucu gözündə bir rəsm əsəri, bir səhnə kimi təcəssüm olunur: "Bir neçə gün sonra Oğru pişik yoxa çıxdı. Payızda pambıq yığımında qabaqcıl pambıqçı Ceyran Əli qızı oğru pişiyin cərgələr arasından çıxıb sinə-sinə başqa bir məhəlləyə getdiyini görmüşdü”.
Demək, Oğru pişik xəcalətli olsa belə hələ də yaşayır.

Aytac Orucova




banner

Oxşar Xəbərlər