• çərşənbə axşamı, 19 mart, 09:53
  • Baku Bakı 8°C

“Onun yanına gəlirdimsə, bilirdi ki, Laçına gedəcəyəm, ona görə...”

05.12.20 12:01 1607
“Onun yanına gəlirdimsə, bilirdi ki, Laçına gedəcəyəm, ona görə...”
İlham Qəhrəman: "Bizim sevgimiz də işğal altında idi, anamızın başımızı sığallaması ilə bağlı xatirələrimiz də”
"Deyir ki, yurdundan sürülən, ölənəcən ağlayar. Qaçqınların bütün xatirələri işğal altında olur. Bizim sevgimiz də işğal altında idi, anamızın başımızı sığallaması ilə bağlı xatirələrimiz də. Məktəb yolları ilə bağlı xatirələrimiz, müəllimlərimizi xatırlamağımız, qonşuluq münasibətlərimiz, quzu, inək otarmağımız, kövşəndə ot çalmağımız... Bunlar hamısı işğal altında olub və ağır dərdlərdir”.

Bu fikirlərin sahibi şair-publisist İlham Qəhrəmandır. O İlham Qəhrəman ki, 28 ildir ki, doğma torpağı Laçına həsrətdir, o şair ki, şeirlərinin bir çoxu vətən, torpaq həsrəti ilə yazılıb. Laçının düşmən tapdağından azad olunduğu günlərdə onunla söhbətləşdik, o xatirələrdən, Laçınla bağlı hazırda ürəyində olan arzulardan danışdıq.

Uşaqlıq illəri ilə bağlı yaddaşının tamamilə Laçınla bağlı olduğunu deyir: "Laçında doğulmuşam, orda böyümüşəm. Uşaqlıq illəri ilə bağlı xatirələrim də bu torpaqla bağlıdır. Laçında Həkəri çayı vardı, uşaq vaxtı anamızdan gizlin qaçıb çaya gedirdik. Yaz vaxtı dağlarda qar əriyəndə, yağış, leysan yağanda, çay daşırdı. Bu vaxtlar deyirdilər ki, çay göy ilə gedir. Həkəri çayının yatağı tez-tez oynayırdı, sonra müəyyən yerlərdə göllər əmələ gəlirdi. Biz əvvəlcə o göllərə girib iti daş olub-olmadığını yoxlayırdıq, sonra "kəllə vururduq”. Çayda qarmaq sallamağım heç yadımdan çıxmaz. Həkəri çayında qəşəng, dadlı balıqlar olurdu. Laçında həm də qəşəng bağ-bağçalar var idi. Bostançılıq və ot biçini yadımdadır. Ən ağır işimiz ot biçini və yeri belləmək, əkin işi olurdu. Laçın şəhərinin üstündə Göl deyilən bir yer var idi. Əslində göl deyildi, dağın sinəsində stadion kimi düz yer idi, niyə Göl deyirdilər bilmirdik. Orda futbol oynamağımız yadımdadır. Müəllimlərim tez-tez yadıma düşür. Laçında biliyini, qabiliyyətini şagirdinə ötürməyə həvəsli olan, peşəsini sevən yaxşı müəllimlər var idi”.


banner

Oxşar Xəbərlər