Onlayn psixoloji xidmət canlı konsultasiyanı əvəz edir?
"İşdən çıxa bilmədiyim
üçün demək olar ki, mümkün olan qədər xidmətlərdən onlayn yararlanıram. Eləcə də
psixoloq konsultasiyası... Düzdür, elə çox psixoloqa işim düşmür, amma bir neçə
dəfə şəxsi problemlərim olanda hiss etdim ki, işləyə bilmirəm, gördüyüm işdə
çox səhvlər olur. Ona görə onlayn psixoloji məsləhət aldım” – bu sözləri bizimlə
söhbətində Günel Həsənova bildirdi.
G.Həsənovanın sözlərinə
görə, canlı olaraq psixoloq qəbuluna getmədiyi üçün bunlar arasındakı fərq
haqqında nəsə deyə bilmir: "Onlayn xidmət mənə müəyyən qədər kömək etdi. Əslində,
məndə vəziyyət çox ağır deyildi, bəlkə də ona görə onlayn xidmətlə də problemi
həll edə bildim”.
Lakin Kəmalə Səfərova onlayn xidməti effektli
hesab etmir: "Elə oldu ki, bir müddət psixoloji konsultasiya almağa məcbur
oldum. Sonra işdən çıxa bilmirdim deyə, psixoloq təklif etdi ki, skaypla edək.
Vaxt cəhətdən uyğun gəldiyi üçün razılaşdım. Bir dəfə də etdik. Düzdür, heç
getməməkdənsə, görüntülü söhbət yaxşıdır, amma real getməyin yerini vermədi.
Canlı konsultasiyanın 50 faiz nəticəsini onlayn xidmətdə almaq olur, məncə”.
İnsanlar və xarakterlər fərqli
olduğu üçün fikirlər də müxtəlif ola bilər. Bu, normaldır, amma internetdə
araşdırma aparsaq, görərik ki, bizdə hələ yeni-yeni tətbiq olunmağa başlayan
onlayn psixoloji xidmətdən dünyanın bir çox yerlərində istifadə olunur. Bəs bu
xidmətin effekti haqqında mütəxəssislər özləri nə deyirlər? Onlayn formada
aparılan konsultasiyanın müsbət və məni tərəfləri nələrdir?
Psixoloq
Elnur Rüstəmov deyir ki, onlayın psixoloji xidmətin müsbət tərəfləri
çoxdur: "Bu bizdə indi yaranıb, amma dünyada çoxdan var. Onlayn psixoloji xidmətin
üstünlükləri nədən ibarətdir? Tutaq ki, insan xaricdə ola bilər. Orada müvəqqəti
yaşayanlar, tələbələr var. Bir çox problemlərdən dolayı, insanlar getdikləri
ölkənin yox, ölkəmizin mütəxəssislərindən məsləhət almağa ehtiyac duyurlar.
Çünki psixoloji xidmət zamanı fərdi xüsusiyyətlər nəzərə alınır. Dil baryeri
ola bilər, yaxud mədəniyyət, adət-ənənə fərqləri var. Bu zaman yerli mütəxəssislərimizin
köməyindən yararlanmalıdırlar. Amma belələri hər dəfə psixoloji yardım lazım
olanda, ölkəyə gəlib-gedə bilməzlər. İnsan da var ki, sosial fobiyası var, evdən
çölə çıxa bilmir. Yaxud hansısa əməliyyat keçirib, o halda psixoloqa gedə
bilmir, hərəkət imkanı məhdud ola bilər. Elə pozitiv tərəfini düşünək, işi-gücü
çoxdur, yolda vaxt itirmək istəmir. Fikirləşir ki, bir saat getmək, elə o qədər
də qayıtmağa sərf edəcək. Ondansa, onlayn olaraq yararlansın. Bu kimi hallarda
onlayn psixoloji xidmət çox yaxşı təsir göstərir. Bu çox normal bir şeydir və
inkişaf etmiş ölkələrdə onlayn psixoloji xidmətdən geniş istifadə olunur.
Rusiya, Türkiyədə bu iş çox geniş şəkildə tətbiq edilir. Azərbaycanın özündə də
bizə onlayn psixoloji dəstəklə bağlı kifayət qədər müraciət daxil olur. Ehtiyac
olduğu üçün biz də onu təmin edirik”.
E.Rüstəmov bildirdi ki,
canlı konsultasiyanı daha effektli hesab edir: "Biz insanların zamanını, şəraitini
nəzərə alırıq. Elə hallar olur ki məcbur olub onlayn dəstək göstəririk. Amma
canlı kömək etməyi daha effektli hesab edirik. Ancaq onlayn konsultasiyanın
effektsiz olduğunu da demək olmaz”.
Psixoloqun sözlərinə görə,
onlayn xidmət böyüklərdən fərqli olaraq uşaq psixologiyası sahəsində effektli
olmaz: "Böyüklər üçün problemə uyğun olaraq onlayn psixoloji dəstəyin müsbət tərəfləri
var. Amma uşaqla bağlı problem olanda, hər hansı psixoloji xidmət istənilən səviyyədə
təsir etməyəcək. Onlayn olaraq valideynlərə hər hansı məsləhət verə bilərik”.
E.Rüstəmov qeyd etdi ki,
dünya təcrübəsində onlayn psixoloji xidmətin qiyməti canlı konsultasiyadan çox
bahadır: "Onlayn xidmət göstərmək üçün mütəxəssis yüksək səviyyədə texnoloji
imkanlar tətbiq etməlidir. Eyni zamanda, mütəxəssis də özünü təcrid edir. Azərbaycanda
o qədər baha deyil, amma dünya təcrübəsində onlayn psixoloji xidmət bahadır”.
Psixoloq
Vəfa Əkbər deyir ki, onlayn psixoloji xidmət ani kömək etmək lazım olarkən
effektlidir, amma sonrakı mərhələ canlı konsultasiya olmalıdır: "Onlayn
psixoloji xidmətin çatışmayan tərəfləri də var, müsbət mənada özəllikləri də.
Müsbət odur ki, ani köməyə ehtiyac olanda onlayn üsulla daha tez xidmət almaq
olur. Onlayn psixoloji xidmət o adamlara göstərilir ki, həmin an gərgin,
çıxılmaz vəziyyətdə olur, heç kim onu anlamır, özünü tam olaraq ifadə edə
bilmir, qarşısındakılar tərəfindən istənildiyi kimi qarşılanmır. Bu halda tez
bir zamanda ona kömək lazımdır. Mənfi tərəfi də var. Məsələn, psixoloq həmin
vaxt onlayn yardımı ilə onu həmin vəziyyətdən çıxara bilsə də, bu müvəqqətidir.
Real ünsiyyətin özəlliyi odur ki, psixoloq canlı görüş zamanı qarşısındakı
insanı daha çox tanıya bilir. Onun oturuş formasına, səs tembrinə, üz
mimikasına fikir verir, doğru danışıb-danışmadığını müəyyənləşdirə bilir,
problemin özəyini çözərək, o insana xas müəyyən metodikalar istifadə edərək
problemini həll etməyə çalışır. Amma onlayn və ya virtualda bu, çox nadir
hallarda uğurlu alınır. Çünki o insan yalan danışa, nəyisə gizlədə bilər. Çox
vaxt uzun-uzadı yazmaq da olmur. Yazmaq çox vaxt aparır”.
V.Əkbər bildirdi ki,
onlayn xidmətdə psixoloq diaqnozu daha çox pasientin dediklərinə əsasən qoyur,
bu isə onun məsləhətinin effektini sual altında salır: "Onlayn xidmətdə
psixoloq pasientin dediklərinə əsasən diaqnoz qoyur. Əgər hər hansı yanlışlıq
olarsa, pasient nəyisə düz deməzsə, psixoloqun verdiyi tövsiyə də uğurlu təsir
etməyəcək. Bu zaman isə adətən psixoloqu günahlandırırlar. Amma psixoloq onun
danışdıqlarına əsasən diaqnozu qoyur, əgər pasient nəyisə səhv deyirsə, təbii
ki, məsləhət istənilən təsiri göstərməyəcək. Real ünsiyyətdə isə problemi daha
tez anlamaq olur”.
Psixoloq bildirdi ki, özü
onlayn formada istiqamətləndirmə xarakterli kömək edir, amma xidmət göstərmir:
"Onlayn xidmət göstərmirəm. Onlayn formada ancaq məlumat vermək olar. Rayonda,
yaxud xarici ölkədə olanlar var ki, Bakıya gələ bilmirlər, bu zaman problemləri
ilə bağlı istiqamətləndirmə xarakterli kömək edirəm. Psixoloqa, yaxud digər mütəxəssislərə
- psixiatra, ya nevropatoloqa yönəldirəm. Onlayn psixoloji xidmətin effekti çox
az olur”.
Aygün Asimqızı