• çərşənbə axşamı, 16 aprel, 22:59
  • Baku Bakı 18°C

“Onlar istintaqdan qorxub qaçırlar”

04.09.14 12:00 963
“Onlar istintaqdan qorxub qaçırlar”
Dünən Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşlarından daha biri hava limanında saxlanılıb və sərhədi keçməsinə icazə verilməyib. Buna səbəb kimi sözügedən institut haqda istintaq aparılması göstərilib. Qeyd edək ki, bir müddət öncə RATİ-nin başqa bir əməkdaşının da ölkədən çıxmasına qadağa qoyulmuşdu. Amma ölkə xaricinə çıxmasına qadağa qoyulan şəxslərin buna məhəl qoymaması birmənalı qarşılanmır və dövlətin qanunlarına qarşı hörmətsizlik kimi qəbul olunur. Belə söylənir ki, həmin şəxslər bu cür hərəkətlərə yol verməklə onlara qarşı sürülən iddiaların, ortada olan müəyyən şübhələrin həqiqi olduğunu söyləməyə rəvac verirlər. Bu mövzuda fikirlərini öyrəndiyimiz ekspertlər də istintaqa cəlb olunan şəxslərin diqqətli davranmalı olduqlarını, hüquq-mühafizə orqanlarının işini çətinləşdirməyin lazımsız addım olduğunu bildirdilər.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bizimlə söhbətində dedi ki, əgər kimsə sərhəddən buraxılmırsa, bununla bağlı hay-küy qaldırılmasına ehtiyac yoxdur. Çünki hüquq-mühafizə orqanları kimisə sərhəddən buraxmırsa, deməli, buna ciddi əsasları var: “RATİ əməkdaşının sərhəddən buraxılmaması, ölkədən çıxmasına qadağa qoyulması haqda xəbəri mətbuatdan oxudum və təəssüfləndim. Çünki belə bir məsələnin ətrafında böyük hay-küy qaldırmağın özü təəccüblü məqamdır. Belə hərəkətlərə yol verilməməlidir. Düşünürəm ki, bu cür məsələlərdə siyasi nüanslar axtaranlar, hadisəni siyasiləşdirməyə çalışanlar bir qədər tələsikliyə yol veriblər. Unudublar ki, hələ ki, istintaq yekunlaşmayıb və sonda nə qərar veriləcəyini heç kim bilmir. Ola bilsin ki, müəyyən müddətdən sonra haqqında ittihamlar irəli sürülən şəxslərdən kimlərinsə heç bir məsuliyyət daşımadığı aydınlaşar və onlar haqda çıxarılmış sanksiyalar ləğv oluna bilər. Sanki bəzi şəxslər bu başdan ehtiyat tədbiri görərək istintaqdan kənarda qalmaq istəyirlər. Bu isə onların barəsində olan şübhələri daha da artırır".
A.Quliyev nəzərə çatdırdı ki, məsələyə sırf hüquqi aspektdən yanaşır və bu kimi hallarda siyasi məqamlar axtarmır: “Hesab edirəm ki, hamı bu qərarı hüquqi cəhətdən qiymətləndirməlidir. Çünki ortada konkret ittihamlar var və bir təşkilatın adı xoş olmayan işlərdə hallanır. Ona görə də təşkilatın rəhbərliyi, üzvləri, fəalları ilə bağlı hüquqi çərçivədə addımlar atılmasına ehtiyac yaranıb. Şübhəli hesab olunan şəxslərin hər birindən ifadələr alınmalı, araşdırmalar aparılmalıdır. Bu nöqteyi-nəzərdən də, adıçəkilən təşkilatla əlaqəsi olan şəxslərin ölkə daxilində olması daha münasibdir. Hələ hüquq-mühafizə orqanları yekun qərar verməyib. Amma narazı şəxslər hər şeyi artıq siyasiləşdiriblər. Heç kimə bu cür məsələləri bir başqa cür təqdim etməyi tövsiyə etmirəm”.
Millət vəkili Çingiz Qənizadə də istintaqa şahid kimi cəlb olunan şəxslərin belə, istintaq bitənə qədər ölkədə olmasının vacib olduğunu söylədi: “ Onlar maksimum çalışmalıdırlar ki, xarici səfərlərdən imtina etsinlər. Mən təkcə RATİ əməkdaşlarını nəzərdə tutmuram. İstənilən məsələdə istintaqa cəlb olunan şəxslərin ölkə daxilində olması arzuolunandır. Çünki elə bir məqam, təxirəsalınmaz istintaq hərəkəti ola bilər ki, həmin şəxslərin təkrar dindirilməsinə ehtiyac yarana bilər. Bu baxımdan o insanlar səfərlərindən imtina etməlidirlər. RATİ əməkdaşının ölkədən çıxmasına qadağa qoyulmasına gəldikdə isə, hesab edirəm ki, buna səbəb istintaqın gedişində yaranmış hansısa zəruri məqamlar səbəb olub. İstənilən qurumla bağlı cinayət işi açılıbsa, məsələ ilə əlaqədar hətta şahid kimi dindirilmiş şəxslərin ölkədən çıxmasına müvəqqəti qadağa qoyula bilər. Bu, qanunauyğun haldır”.
Ç.Qənizadə onu da qeyd etdi ki, QHT-lərlə bağlı baş verən proseslərdə onlara dəstək verən amma “gözəgörünməz” olan bəzi insanlar var: “Onların adları layihələrdə yoxdur. Amma real layihə sahibləri onlardırlar. Əsas məsələlərə, pulların paylanmasına və s. nəzarəti həmin şəxslər həyata keçirirlər. Yəni, rəhbərlik onların əllərindədir. O adamların ölkədən çıxmağa cəhd etməsi və ya gizlənməsi onu göstərir ki, bu adamlar həqiqətən də onlara qarşı irəli sürülən ittihamlara uyğun gələn qanunsuz hərəkətlər ediblər. Əgər belə olmasaydı, tam sakit və sərbəst şəkildə ölkə daxilində gəzər, hətta mətbuatda çıxış edərdilər. Onların ölkədən kənara çıxması, bəzilərinin isə gizlənməsi haqda xəbərlər dolaşır. Elələri də var ki, xaricdən qayıtmaq istəmir. Bu məqamlar ittihamların həqiqi olduğunu deməyə əsas verən amillərdir. Düşünürəm ki, bununla onların qanun pozuntusuna yol verdikləri sübut olunur. Ona görə də məsuliyyət daşıyacaqlarından qorxaraq ölkəyə gəlməkdən, üzə çıxmaqdan çəkinirlər. Təbii ki, istintaq hələ yekunlaşmayıb və onları cinayətkar adlandırmaq olmaz. Sadəcə, onlar özlərinə qarşı şübhələri daha da artırırlar. Xalq arasında da belə sözlər gəzir ki, onlar istintaqdan qorxub qaçırlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər