• cümə, 26 Aprel, 16:05
  • Baku Bakı 23°C

Obamanın məktubu - həqiqətin yüksək səviyyədə etirafı

09.11.13 10:25 1520
Obamanın məktubu - həqiqətin yüksək səviyyədə etirafı
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda ABŞ prezidenti iki ölkə arasındakı strateji tərəfdaşlıq üzrə önəmli məsələlərə dair müzakirələri davam etdirməyi səbirsizliklə gözlədiyini bildirib. Qeyd edib ki, iyirmi ildən artıq davam edən ikitərəfli əlaqələr regional sabitliyə mühüm töhfələr verib. B.Obama ötən müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışladığını, tərəfdaşlığın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığın dərinləşdirilməsinə sadiq qaldıqlarını vurğulayıb. Bildirib ki, ABŞ və Azərbaycan bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda BMT Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Ağ Ev rəhbəri Amerikanın Azərbaycanla Əfqanıstandakı tərəfdaşlığına və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığına da toxunaraq, bunu yüksək dəyərləndirib. Onu da əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Azərbaycan prezidenti ilə əməkdaşlıq etməyə hazırdır.
Amerika prezidentinin məktubunu, orada ifadə olunan fikirləri “Kaspi”yə şərh edən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Ağ Ev rəhbərinin təbrikini gözlənilən hal kimi qələmə verib. Deyib ki, Azərbaycandakı prezident seçkiləri ilə bağlı vəziyyət heç də ABŞ Dövlət Departamentinin yaydığı məlumatdakı kimi olmayıb. Onun fikrincə, Departamentin mövqeyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatına istinadən meydana gəlib ki, həmin münasibətdə də qeyri-obyektivlik, qərəz açıq şəkildə hiss olunub: “Onlar hesab edirdilər ki, böyük dəstək verdikləri Cəmil Həsənli, Milli Şuranın namizədi daha çox dəstək qazanacaq, yaxud xalq seçkilərdən narazılığını hansısa kütləvi formada ifadə edəcək. Lakin bunların heç biri olmadı. Çünki Azərbaycan xalqının, seçicilərinin mütləq əksəriyyəti prezident İlham Əliyevi dəstəklədi. Baş verən hadisələr Amerika xalqının, ABŞ rəsmilərinin diqqətindən yayınmadı. Ona görə də Barak Obama Azərbaycan xalqının seçiminə hörmətlə yanaşdığını göstərərək, rəsmi qaydada cənab İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi. Bu, həqiqətin yüksək səviyyədə etirafıdır. Dünyada söz sahibi olan superdövlətin başçısı bununla Milli Şuranın, onun namizədinin prezident seçkiləri ilə bağlı yaratmış olduğu yanlış rəyi, bəzi beynəlxalq təşkilatların qərəzli hesabatlarını da darmadağın etdi”.
Millət vəkili bundan sonra ABŞ-la Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini vurğulayıb. O, Azərbaycanın Qərbə, Amerikaya, Avropaya inteqrasiya yolunu tutduğunu dilə gətirib: “Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Amerika ilə hərtərəfli münasibətlərin inkişafında maraqlıdır. Biz bu münasibəti qarşı tərəfdən də gözləyirik. Azərbaycan demokratik prinsiplərə söykənən vətəndaş cəmiyyətinin inkişafında, hüquqi dövlətin formalaşmasında maraqlı olduğunu ortaya qoyub. Bununla bağlı prinsipial mövqeyini nümayiş etdirir. Azərbaycan tutduğu yola hər zaman sadiqlik nümayiş etdirib, Qərbə, Avropa məkanına inteqrasiyaya daha çox üstünlük verib. Azərbaycan öz suverenliyini məhdudlaşdıran Avrasiya Birliyi, Gömrük İttifaqı kimi təhlükəli təşkilatlara üzv olmağı heç zaman planlaşdırmayıb. Bu təşkilatlarda təmsil olunanlar hansısa formada Rusiyadan asılı olan dövlətlərdir. Azərbaycan isə müstəqil siyasət yürüdən bir ölkədir. Digər tərəfdən, torpaqlarımızı işğal edən Ermənistanla eyni məkanda, eyni birlikdə olmağımız qeyri-mümkündür”.
Politoloq Fikrət Sadıqov da ABŞ prezidentinin təbrik məktubunu müsbət qarşılayıb. Siyasi şərhçi təbrik məktubunun mətninə, orada yer alan bir sıra maraqlı məqamlara diqqət çəkib: “Məktubda ABŞ prezidenti İlham Əliyevə həm təbriklərini çatdırır, həm də Azərbaycanla əməkdaşlıq etmək fikirlərini bölüşür, ABŞ-Azərbaycan arasındakı ikitərəfli münasibətlərin bundan sonra da inkişafını zəruri sayır. Eləcə də, ölkəmizi Amerikanın strateji tərəfdaşı kimi qələmə verir, müxtəlif layihələrdə birgə iştirakın, bir sıra çağırışlara qarşı birgə mübarizənin əhəmiyyəti vurğulanır. Barak Obama Azərbaycanı regionda aparıcı bir ölkə kimi görür və ona arxalanır. Təbrik məktubundakı əsas məqamlar bundan ibarətdir. Amerika kimi güclü bir ölkənin başçısının dilindən belə sözlər səslənirsə, demək bu, reallıqdır”.
Politoloq ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da strateji tərəfdaşlıq səviyyəsində olacağına əminliyini söyləyib. Bildirib ki, bütün hallarda bu məktub Azərbaycan prezidentinə dəstək xarakterlidir: “Barak Obamadan əvvəl bir çox Avropa ölkələrinin rəsmiləri də prezident İlham Əliyevə, ölkəmizə dəstək xarakterli təbrik məktubları göndərmişdilər. Bir qədər əvvəl Almaniya kanslerinin və prezidentinin, eləcə də Fransa prezidentinin, Böyük Britaniya baş nazirinin təbrik məktubunda da bu cür dəstək məqamları hiss olunurdu. Azərbaycanla konkret əməkdaşlıq barədə fikirlər, niyyətlər ortaya qoyulurdu. Azərbaycan açıq şəkildə dəstəklənirdi. Ona görə də ölkəmizin Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” üzrə sammitində iştirak etməsini, Amerika və Avropa ilə əməkdaşlığını zəruri sayıram. Lakin bundan fərqli olaraq, Gömrük İttifaqına, Avrasiya Birliyinə üzvlük Azərbaycan üçün heç bir aktuallıq kəsb etmir. Aydın məsələdir ki, bu birliklər Rusiyanın təşəbbüsü ilə meydana gəlib. Məqsəd də keçmiş SSRİ-ni fərqli formada bərpa etməkdir. Hələlik bu layihələr reallaşmayıb, gələcəyinə də inam yoxdur. Azərbaycanın yeri dünyanın aparıcı dövlətlərinin yanındadır. Xüsusən də Avropa Birliyi ölkələri, onların birləşdiyi məkanda”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər