Norveçli blogger:

Norveçli blogger: "Azərbaycanın çox güclü Prezidenti var" - Fotolar

Müsahibə
29 İyul 2019, 15:08 17135
Bu gün elə əcnəbilər var ki, Azərbaycana dost olmağı özlərinə şərəf bilirlər. Belə insanlar Azərbaycanı kəşf etdikdən sonra səmimi şəkildə öz sevgilərini ifadə edirlər. Necə ki, Norveçdə öz yazıları ilə Top trendə düşən məşhur blogger Jeanette Elise Hildebrandt Azərbaycanı elə ilk dəfə gəlişi ilə kəşf edib. O, Norveçin tanınmış dizayner/fotoqrafı, YNG by Yang şirkətinin rəhbəri Edmond Yangla birlikdə CAN təşkilatının sədri Şervin Nəcəfpurun təşəbbüsü ilə həyata keçirilən "Milli mirasımızın mənşəyini kəşf et" ("Discovering The Land of our Origin") layihəsi çərçivəsində Azərbaycanda səfərdə olub və çəklişlər aparıb. "Azərbaycanın dostları" rubrikasında Jeanette Elise Hildebrandtın ölkəmizlə bağlı düşüncələrini təqdim edirik. Xatırladaq ki, Jeanette Elise Hildebrandt Azərbaycan səfəri haqqında öz bloqunda yazı və fotosessiya ilə çıxış edəcək. Bundan başqa Norveç televiziyalarında yayımlanmaq üçün filmin hazırlanması nəzərdə tutulub.
 
 
 
- Xanım Jeanette, öncə Azərbaycan oxucularına özünüz haqda danışmağınızı istərdik.
- Mənim adım Jeanette Elise Hildebrandtdır. 1994-cü ilin dekabrın 2-sində Norveçin Sarpborg şəhrində anadan olmuşam. Oxford Universitetində Biznes və Menecment üzrə bakalavar təhsili almışam. ABŞ-da 1 il yarım yaşayıb, "Disney" şirkətində Norveçin Mədəniyyət üzrə təmsilçisi kimi işləmişəm. Hazırda Osloda yaşıyıram. Özümün dəb, gözəllik, həyat tərzi, səyahət üzrə bloqum(jealise.blogg.no) var. Çalışıram ki, öz təəssüratlarımı oxucularımla bölüşüm. Özüm gəzməyi, yeni mədəniyyətlərlə tanış olmağı xoşlayıram. Hər gün yeni bir şeylər kəşf edib öyrənməyi çox sevirəm. Çünki insanlar gəzdikcə maariflənir. Və CAN təşkilatının "Milli mirasımızın mənşəyini kəşf et" ("Discovering The Land of our Origin") layihəsinə məhz bunun üçün qoşuldum.
 
 

- Azərbaycanla bağlı təəssüratlarınız necədir?
- Azərbaycanla bağlı ilk məlumatı bu ölkədə "Eurovision" musiqi yarışı keçirilən zaman əldə etmişdim. Yəni Azərbaycan, hər gün haqqında eşitdiyim bir ölkə deyil. Mən bu layihəyə qoşulanda və bloqumda bunu yazanda çoxlu neqativ reaksiyalar aldım. İnsanlar çox zaman məlumatları olmadığı mövzulara mənfi yanaşırlar. Bu, məni daha çox həvəsə gətirdi ki, Azərbaycanı kəşf edim və ölkə ilə yaxından tanış olub, öz təəssüratlarımı oxucularımla bölüşüm. Azərbaycan haqqında bir az məlumatım var idi. Dostlardan eşitdiyim, xəbərlərdə gördüyüm və oxuduğum, həmçinin internetdə araşdırmalarım olmuşdu. Gəlməmişdən əvvəl gözəl və zəngin bir neft ölkəsi kimi tanıdım. Amma mən elə bilirdim ki, burada insanlar bizim kimi rahat yaşamır. Gəldikdən sonra gördüm ki, burada daha çox demokratiya var. Onu da deyim ki, Norveç mətbuatında yazılanlar və Azərbaycanda gördüklərimiz qətiyyən uyğun gəlmir. Ora gəlib həqiqətləri gördükdən sonra, xususi ilə son vaxtlar yazılanlarla heç razı deyiləm. Həyat Azərbaycanda çox gözəldir, hər kəsə qucaq açırsınız. Mən bir cümlə ilə deyim: Azərbaycana vuruldum.
 
 

- Azərbaycana gəldikdən sonra bu ölkə haqqında fikirlərinizdə nə kimi dəyişikliklər oldu?
- Azərbaycanda insanların vətənpərvərlik ruhu çox yüksəkdir. Burada yaşayan insanlar və xaricdə yaşayan azərbaycanlılar öz ölkələrinə bağlıdır, vətənpərvərdirlər. Və diasporunuzdan bunu başa düşdüm ki, hər kəs Azərbaycan tarixini və mədəniyyətini qorumaq üçün çox böyük işlər görür, harada yaşamalarına baxmayaraq, Azərbaycanın adını yaşadırlar. Düşündüyümdən daha gözəl, qonaqpərvər bir ölkəniz var, insanlara süfrənizi açırsınız. Azərbaycanda insanlar öz tarixinə və mədəniyyətinə çox dəyər verir. Bizi Azərbaycanda milli musiqi və rəqs ilə qarşıladılar. Mən birinci sizin milli mətbəxtinizə vurulmuşam. Sizdə yeməkləri çox dadlı birşirirlər. Azərbaycana gələndə elə bildim ki, mətbəxt cənnətinə düşmüşəm. Sizin qutabınızı, paxlavanızı öyrənib bişirəcəm. Hətta Norveçə qayıdan kimi birinci gedib türk mağazasından paxlava çörəyi aldım. Arzu edirəm ki, sizin kimi dadlı bişirməyi öyrənim. Məhz sizin yeməklər üçün ən yaxın vaxtda yenə də Azərbaycana gəlmək istəyirəm. Bunu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı çox şeylər sərf edir ki, tarixi abidələrini qorusun. Sizdə dahi şəxsiyyətlərə böyük hörmətlə yanaşırlar, dövlət qurucuları ilə daima fəxr edirlər. Mən hiss etdim ki, Azərbaycan xalqı müstəqil Azərbaycan Respublikası ilə fəxr edir. Sizin bu böyük sevginizi və hörmətinizi görəndə böyük şərəf hissi duydum. Çünki Azərbayacan xalqı çox böyük əziyyət ilə bu torpaqları qazanıb. Onu da bilirəm ki, ölkənizin 20 faizi hələ də işğal altındadır. Və mən bu hisslərdən sonra başa düşmüşəm ki, sizlər həmrəyliyi dəyərləndirirsiniz, dostluq münasibətlərinə dəyər verirsiniz. Çox səmimi dostluq münasibətlər qurursunuz. Hazırda Azərbaycandakı qarşılaşdığım o isti qonaqpərvərliyi yad edirəm. Yeri gəlmişkən, sizdə çörək bölüşmək müqəddəsdir. Bu gözəl, müqəddəs adəti mənimlə bölüşdüyü üçün Azərbaycan xalqına dərin təşəkkür edirəm.
 
 
 
- Azərbaycanda sizə Tur Heyrdalı xatırladan, yada salan nəsə oldumu?
- Biz Qobustana gedəndə bir anlıq hiss etdim ki, doğulduğum şəhərdəyəm. Hətta elə bildim ki, Norveçdə bir muzey gəzintisinə çıxmışam. Qobustan mənə çox doğma göründü. Bizdə də eyni qayalar var və çox sevindirici haldır ki, aramızda kilometlərlə məsafə olmasına baxmayaraq, bizim Azərbaycanla, əslində uzun illərə dayanan bir bağımız var. Hətta mən Vikinq gəmilərinin çizgilərini görəndə dostlara dedim ki, mənim ata-babalarım bəlkə Nörveçə buradan köçüblər. Çox istiyərəm ki, norveçlilər Qobustana gəlsinlər və mənim keçirdiyim o hissləri yaşasınlar.
 
 

- Norveçlə Azərbaycan arasında nə kimi oxşarlıq və fərqlilik hiss etdiniz?
- Norveç ilə oxşarlıq budur ki, Azərbaycanın da çox güclü bir Prezidenti var və onun da məqsədi öz ölkəsini xalqı ilə gücləndirməkdir. Mən Azərbaycanda şahid oldum ki, Prezident xalqın sosial rifahı üçün çalışır. Yəni xalqa böyük fürsətlər yaradılır: təhsil pulsuzdur, ehtiyacı olanlara ev verilir və s. Bu nəticə göstərir ki, Prezidentiniz öz xalqını gücləndirir. Bundan sonra azərbaycanlılar daha güclü bir dövlətə sahib olar. Digər bir misal çəkim, Şamaxının dağları və təbiəti Norveçə çox oxşayır. Azərbaycan gözəl təbiəti və müasir böyük şəhərlərilə Norveçə bənzəyən bir ölkədir. Bakı avropalıların və xüsusilə norveçlilərin səyahət edə biləcəkləri populyar bir şəhərdir. Hətta Bakının hər guşəsi "İnstagram"da şəkillərlə paylaşmaq üçün uyğun olan kadrlardır. Sizdə zəngin mədəniyyətiniz və tarixinizdən ibarət olan çox gözəl, cəlbedici turistik məkanlar var. Ən böyük fərqlilik mədəniyyət faktorlarındadır. Məncə, norveçlilər sizlərdən çox şeylər öyrənib. Hətta norveçlilər Azərbaycanı özlərinə nümunə götürməlidir. Azərbaycan xalqı çox vətənpərvər və qürurlu bir millətdir. Sizlər öz mədəniyyətinizi qorumaq üçün səy edirsiniz, ancaq Norveç tarixini unudub müasirləşir. Norveçdə milli mətbəxt yeyilmir, milli geyim ildə 1 və ya 2 dəfə geyilir və Norveç xalq mahnılarını kimsə səsləndirmir. Və mən bir qadın olaraq hiss etdim ki, Azərbaycanda qadınlara xususi diqqət və böyük hörmət var. Norveçdə isə qadınsan deyə kimsə sənə xüsusi hörmət etmir. Amma bu, o demək deyil ki, qadınlara hörmət unudmalıdır. Məsələn, öz yol çantalarımı götürməyə gücüm çatırdı, amma Azərbaycanda könüllü şəkildə mənə kömək edirdilər ki, yorulmayım. Bu mənim üçün yenilikdir və çox xoşuma gəldi. Başqa bir fərqlilik budur ki, sizdə dahilərinizin abidələrinə böyük hörmət ilə yanaşılır. İllər əvvəl Azərbaycan tarixində böyük rol oynayan şəxsiyyətləri bu gün belə, anırsınız, unudmursuz və tanıdırsınız. Xatirələrini daima yaşadırsınız, bu məni çox duyğulandırdı. Amma tarix və mədəniyyəti qorumaq məsələsin çıxsaq, ümumi baxanda Azərbaycan və Norveç o qədər də fərqli ölklər deyil. Azərbaycandan ala bildiyim ən böyük dərs isə həmrəylik və bərabərlikdir. Bütün çətinliklərə və fikir çatışmazlıqlarına baxmayaraq, Azərbaycanı qorumaq hər bir azərbaycanlının missiyasıdır. Azərbaycanlıları birləşdirən də məhz budur və bu, təkcə azərbaycanlıları birləşdirmir, eyni zamanda Azərbaycanı sevənləri də birləşdirir.
 
 

- Artıq sizə "Azərbaycanın dostu" deyə bilərikmi?
- "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bu sözləri mənə Şervin öyrətdi və bu, çox xoşuma gəldi. O, mənə sonra izah etdi ki, Azərbaycanın Ulu Öndəri Heydər Əliyev bir çıxışında bu cümləni ifadə etmişdi. Mənim üçün "Azərbaycan dostu" sayılmaq böyük fəxrdir. Özüm də təəccüblənirəm ki, çox qısa müddətdə məndə Azərbaycan sevgisi formalaşdı və buna görə də səbirsizlənirəm ki, sizin ölkəyə bir daha gəlim.
 
 
 
- Azərbaycanla bağlı hər hansı planınız varmı?
- Ümid edirəm ki, Azərbaycan xalqı bizim layihəmizi bəyənər. Biz bu işi sevərək və böyük zövq ilə etmişik. Mən çox istəyirəm ki, norveçlilər Azərbaycanla və eyni zamanda azərbaycanlılar mənim vətənimlə tanış olsun. CAN təşkilatının missiyası Azərbaycan və Norveç arasında güclü dostluq münasibəti yaratmaqdır və mən inanıram ki, bizim bu layihə çox gözəl bir dostluğa yol açacaq. Arzu edirəm ki, yenə sizlər ilə əməkdaşlıq edə bilim, ölkənizə sıx-sıx gəlib tanış olum, fərqli, füsünkar şəhərlərinizə gedib yeni gözəlliklər kəşf edim. Hələ də inana bilmirəm ki Yanardağdaki alov həqiqidir. Bu, mənə möcüzə kimi görünür. Hazırda ən böyük missiyam Azərbaycanı norveçlilərə layiqincə təqdim etməkdir. Fikrimcə, Azərbaycan daha çox tərifə layiq olan bir ölkədir və çalışıram ki, mənim də Azərbaycanın xaricdə tanıtımına qatqım olsun.