Nimdaş təfəkkürdən doğan “birlik”
Ekspertlərin fikrincə,
Müsavat Partiyasının qərargahında keçirilən dəyirmi masa gündəmdə qalmaq
cəhdidir
Xalqın etimadını itirən və
buna görə də ölkədə keçirilən bütün seçkiləri uduzan radikallar siyasi səhnədən
silinib tarixin arxivinə atılmamaq üçün müxtəlif vasitələrə əl atırlar. Heç bir
potensiala, gücə, elektorata sahib olmayan radikalların indiyə qədər bir çox
təşkilatlar yaratması, birlik-bərabərlik görüntüsü yaratmaq istəməsi də məhz
gündəmdə qalmağa xidmət edib. Bu məqsədlə zaman-zaman SİDSUH, Demkonqres,
İctimai Palata, "Azadlıq” Bloku, Milli Şurada bir araya gələn radikallar az
keçməmiş bir-birinin ünvanına ən kəskin ittihamlar, təhqirlər səsləndirərək
yollarını ayırıblar. Dünən Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Pənah Hüseyn,
Mehman Əliyev və Əli İnsanovun dəyirmi masa ətrafında bir araya gəlməsi də
radikalların yenidən birləşmək arzusundan qaynaqlanan məsələdir, ənənəvi
mənzərədir. Sadəcə, burada diqqəti çəkən vacib məqam sabiq səhiyyə naziri
Ə.İnsanovun da radikalların sırasında yer almasıdır. Çünki, vaxtilə vəzifədə
olanda Ə.İnsanov bu radikalların ünvanına ən sərt tənqidlər, hətta təhqirlər
səsləndirib. Görünür hansısa maraq müqabilində İ.Qəmbər və onunla eyni cəbhəni
bölüşənlər Ə.İnsanovun vaxtilə ünvanlarına səsləndirdiyi təhqirləri unudublar.
Yeni
Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki,
müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa sadəcə, gündəmə
gəlmək cəhdidir: "Vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və
Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu
şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən
xoda düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi
maraqlandırır? İstər İsa Qəmbərin, istər Əli Kərimlinin, istərsə də Arif Hacılının
hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı
yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o
nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar
gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir
orta məktəbin idarəsini belə tapşırmaq olmaz.Pənah Hüseynin özü vaxtilə
hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdi, Azərbaycanın
dövlət büdcəsinə süpürgə çəkirdi. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi
gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə
olduqları zaman ən böyük anti-demokratik hərəkətləri bunlar etdilər.İsa Qəmbər Ali Sovetin
sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi idi. O zaman bu
"demokratlar” Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan
vermədilər”.
S.Novruzov vurğulayıb ki, o
vaxt Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırmaq
lazımdır: "Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qədrinə
qalır. Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki,
"İsa Qəmbər genetik xəstədir”. İndi görəsən o xəstədən ona hər hansı bir
infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və
dəqiqədə-bir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir, halbuki,
vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi.Vaxtilə Əli İnsanov
insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə
qərarlarını cırıb atırdı ki, "mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi
və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən
uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud
demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur? Ona görə ki,
bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət
onlar üçün arxa plandadır. O dəyirmi masada olanlar hərəsi bir qütbdə,
ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti
qeyri-mümkündür.Yəni o dəyirmi masada
oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq
tarixin qaranlıq bir arxivindədirlər. Ona görə də təzədən ortaya çıxıb nəsə
etmək çox gecdir, qatar artıq gedib. Müxalifətin özündə islahat getməlidir.
Ancaq bunlar islahat etmək istəyəndə də kimisə ya partiyadan uzalqaşdırırlar,
ya ona qarşı ciddi təhqirlərə başlayırlar”.
S.Novruzov vurğulayıb ki,
bu dəyirmi masa da sadəcə gündəmdə qalmaq cəhdidir: "Onlar insanların yadından
çıxıb. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu
dəyirmi masa özlərini yada salmaq üçün separat danışıqlardır. Bilirsiniz ki, AXCP
ilə Müsavat arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında
daim mübarizə olub. Bu gün də süni şəkildə orada bir yerdə olduqlarını
göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birilərinə necə ağır
ittihamlar və sözlər demələrinin şahidi olacağıq”.
Media
eksperti Müşfiq Ələsgərlihesab edir ki, noyabrın 5-də Arif Hacılının
təşəbbüsü ilə partiyasının qərargahında siyasi partiya liderlərinin və
siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilməsi müxalifətin növbəti dəfə "birlik”
nümayiş etdirmək cəhdidir. Onun qənaətincə, müxtəlif vaxtlarda belə formatları
gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdləri yeni
qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə
nəticələnib: "Bu dəfə başdan-ayağa korrupsiya və rüşvətxoşluq çamuruna bulaşmış
keçmiş məhbus Əli İnsanovun "müxalifət birliyi"nə "pənah"
gətirməsi cəmiyyətdə belə bir sual yaradır: Əli Kərimli Əli İnsanova beyət
edəcəkmi? Digər diqqət çəkən məqam sözügedən toplantıdakı "yer davası”dır.
Onların kimsəni ağsaqqal seçə bilməməsində bir haqq var. Çünki, bu masa
ətrafında oturanların hər biri haqqında ən ağır, nalayiq ifadələri elə özləri
səsləndiriblər. İndi kimə və hansı üzlə "beyət etsinlər”? Aralarında sözünü
eşidəcəkləri, kritik anlarda ağsaqqal sayacaqları kimsə qalmayıb,
özləri-özlərini hörmətsiz ediblər. Tədbir başlayan andan onların aralarında
qeyri-səmimilik, perspektivsizlik özünü göstərib. Arif Hacılı bu tədbirdə
"Dəyirmi Masa iştirakçılarının əlifba sırasına uyğun olaraq çıxış edəcəklərini”
bildirib. "Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Deyirlər ki,
tədbirdən öncə ən ciddi müzakirələrdən biri "kimin harada, hansı stolda”
oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ
bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər. Bu
təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?”.
Azərbaycan
Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) sədri Cavid Şahverdiyev də
qəzetimizə açıqlamasında deyib ki, bir qrup müxalifət liderinin birlik yaratmaq
ideyasını gerçəkləşdirməkdən ötrü toplanması, xüsusən də sabiq səhiyyə naziri
Ə.İnsanovu aralarına qatması, əsl şoudur. Onun fikrincə, radikallar artıq
özləri də bilmirlər ki, hansı istiqamətdə addımlayırlar: "Bu gün radikallar
"insanlaş”maq istədiklərindən İnsanovu özlərinə dost sayıblar. Əli Kərimli, İsa
Qəmbər, Arif Hacılı, Pənah Hüseyn və İnsanovu öz yanlarında görən başqaları da
uzaq tarixi yaddan çıxarmayıblar. Əli İnsanov həbs edildikdən sonra evindən çıxan
külçə qızıllar, milyonlarla dollarların efirdə göstərilməsindən xəbərsiz
olmayıblar. Hansılar ki, elə o masa arxasında əyləşənlər Əli İnsanov həbs
edilərkən onun ünvanına ağır, təhqiredici ittihamlar söyləmişdilər. Əli
İnsanovun özü də hakimiyyətdə təmsil olanda radikallara qarşı nifrətini
söyüşlə, təhqirlə ifadə etmişdi. İndi bir masa arxasında oturmaq birlik
yaratmaq haqqında fikir mübadiləsi aparmaq nəyə hesablanıb?”.
QHT sədri bildirib ki,
orada oturanlar arasında heç bir səmimilik və etibarlıqdan söhbət gedə bilməz:
"Vaxtilə bir-birlərinə xəyanət edənlər, bir-birlərinə arxadan zərbələr
endirənlər arasında hansı birlikdən söhbət gedə bilər? Bu gün bir az da Əli
İnsanovdan pul qopartmaq məqsədi güdürlər. Dəyirmi masa ətrafında əyləşənlər
yaxşı bilirlər ki, nə ayrı-ayrılıqda, nə də birlikdə bir güc olmayacaqlar.
Onların birliyi şəxsi ambisiyalar üzərində qurulacaq. Bu birlikdə hər biri öz
şəxsi mənafeyini güdəcək, kim daha çox qazanacaq prinsipi ilə hərəkət
edəcəklər. İnsanovun kif atmış, Kərimli kimi radikalların nimdaşlaşmış
təfəkkürlərindən heç bir birlik modeli çıxmayacaq”.
Rufik
İSMAYILOV