• çərşənbə axşamı, 19 mart, 09:53
  • Baku Bakı 8°C

“Nəsimi” kitabının hərfləri

27.05.19 15:15 2556
“Nəsimi” kitabının hərfləri
Keçmiş illərdə dəryadan inci çıxarmaq üçün qəvvaslar dənizə baş vuranda birdəfəyə götürdükləri 5-6 balıqqulağından ən yaxşı halda 1-2 dənə mirvari dənəsi çıxardı, ya çıxmazdı. Hər nə qədər o aləmin gözəlliyi, axtarış həyəcanı insanı valeh eləsə də, o dərinlikdə daha artıq qalmağa insan ciyərləri tap gətirmir. Beləcə, 10 gözəl mirvari dənəsi əldə eləmək üçün ən azı 10 dəfə o dərinliyə dalmaq lazım gəlirdi. Düzdür, bu gün xüsusi avadanlıqda artıq süni mirvari yetişdirilir, ancaq yenə də okeanın düz dibində təbiətin özünün yetişdirdiyi inci dənəsinin dəyəri tamam başqadır, heç bir haqq-hesaba sığmır.
Azərbaycanda "Nəsimi ili” elan olunandan bəri bu dahi mütəfəkkir haqqında deyilən sözlərin sayı artıb. Fərqli baxış bucaqlarından fərqli məzmunda, ən vacibi isə, hər kəs öz düşüncəsi və mənəvi dünyası səviyyəsində Nəsimini təqdim edir. Dilçilər, ədəbiyyatçılar, tarixçilər, mətnşünaslar yeni faktlar, əlyazmalar üzə çıxarır, bacardıqları qədər daha çox qaranlıq səhifəyə işıq salmağa çalışırlar. Beləcə, 650 il sonra Nəsiminin portretinə yeni cizgilər əlavə edilir, şeirlərində həqiqətə aparan yeni ipucları tapılır, bəzən illərlə həqiqət kimi qəbul edilənlərə qarşı şübhə toxumu səpilir, hətta həqiqətdən sapdıran iddialar da səsləndirməkdən çəkinmir. Nə qədər qəribə səslənsə də, belə bir "mövqe yarışmasında” fəlsəfə nümayəndələri nisbətən arxada qalır. Səbəb Nəsiminin fəlsəfəsinin ağırlığı, spesifikliyi də ola bilər, günün innovativ, kreativ, aktual məsələləri yanında bu hikmətin orta əsrlərdən qalma "dərviş cübbəli” təsiri bağışlaması da. Yalnız bu hikmətə dərindən bələd olandan sonra anlamaq mümkündür ki, bu cübbənin altında insanlığın zaman və məkana sığmayan nüvəsi, mənəviyyatın özəyi var.
Nəsimi dibi incilərlə dolu bir dəryadır. Ancaq nə qədər zəngin olsa da, o qədər dərindir ki, ora baş vuran uzağı 1-2 inci götürə bilir. Belə inciləri süni yetişdirmək mümkün deyil, buna cəhd etsələr belə. Bu səbəbdən Nəsimi sözünü anlamaq üçün yalnız o dəryaya baş vurmaq lazımdır, başqa cür mümkün deyil. Əslində, "Zərrəmənəm, günəşmənəm” deyən şair zərrə kimi könüllərə dolub, günəş olub gözləri aydınladır və hər insanın bəyan etdiyi elə öz şəxsiyyəti, öz kimliyi olur, çünki Nəsimi zatən "bəyana sığmır”.
Bu məqalə o dərinlikdən götürə bildiyim yalnız bir incinin gözəlliyinə həsr edilib – Nəsimi şeirlərindəki bəzi hərflərə.

Hikmətə aparan açar-hərflər

Nəsimi hikmətindəki hərfləri anlamağın tək yolu var – Qurani-Kərim. Qurani-Kərimi anlamağın yollarından biri isə təsəvvüfdür. Biz də bu yola düzəlib gedəcəyik.
Qurani-Kərimin "İmran ailəsi” surəsində deyilir "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Quran 3/7). Birinci tip ayələr əsasən tarixi, əxlaq prinsiplərini ehtiva edir. Bunları oxuyan öyrənir ki, bəşər tarixində imanlı və imansız insanların arasında necə mübarizələr gedib, bu mübarizədə insanın gücünü artıran və əksinə, onu acizləşdirən faktlar hansılardır, öz şəxsi davranışlarından tutmuş, ailəni, cəmiyyəti idarə etmək üçün hansı prinsiplərə sadiq qalmalı, hansı normalara riayət etməlidir. Gördüyü işlərin qarşılığı haqqında məlumatlar da bu qəbildən olan ayələrdir. Dini nöqteyi-nəzərdən bu qarşılığın cənnət-cəhənnəm olduğunu desələr də, burada hər əməlin istər cəmiyyətdə, istərsə də öz şəxsində necə bir əks-səda doğurmasını da qeyd etmək mümkündür. Bu baxımdan, Qurani-Kərim bir tarixi mənbə rolunu da oynaya bilir, bir əxlaq kodeksi də. Maraqlıdır ki, bəzən elmi kəşflərin izini də belə ayələrdə tapmaq mümkün olur.
İkinci tip ayələr açıq mətnlə verilməyib və onları anlamaq üçün daha dərindən düşünmək lazım gəlir. Onlar sanki bir ayna rolu oynayır. Hər insan öz ağlının, əxlaqının və mənəviyyatının əks sədası olaraq ya onlara istinad edərək "fitnə-fəsad” törədər, ya da qazandığı elmindən, ağlından və Allaha olan imanından istifadə edərək Yaradandan ona verilmiş həqiqəti dərk edər. Belə ayələr arasında "kəsik hərflər” – "hurufu muqatta`” xüsusi diqqətə layiqdir. Onlara münasibət heç vaxt birmənalı olmayıb. Bəzi hədisçilər onları Quranın sirri adlandırıb ümumiyyətlə, şərh edilməsini qadağan edib. Bir sıra təfsirçilər isə əksinə, onları açmağa ciddi-cəhd göstərib və əsasən həmin hərflərlə başlayan sözlərdən cümlə qurmaqla yenə də Qurani Kərimin hər hansı hökmünü təsdiqləmə çalışıblar. Yalnız onu əlavə edək ki, bu hərflərin mənasını açmağa göstərilən cəhdlər nə qədər maraqlı, uğurlu olsa da, həmin şəxsin təfəkkürü səviyyəsində qalıb, başqaları tərəfindən qəti hökm kimi qəbul edilməyib.
Təsəvvüfdə məsələ nisbətən fərqlidir və dediklərimizi Mənsur Həllacın nümunəsində izah edək. Belə ki, onun "Ta sin” əsəri "Nəml” (Qarışqalar) surəsinin başlığında olan iki hərfin – ta və sin-in nə təfsiri, nə də izahıdır. Ta və sin-in izahı bütöv o surədir. Hər insan onu oxuyanda məhz onun üçün nəzərdə tutulmuş ta-sini anlayır. Əslində isə, Həllacın sözləri ilə desək: "Arif – görəndir, mərifət – əbədi olanladır [Allahladır]. Arif öz irfanı ilədir, çünki o, öz irfanıdır, irfanı da odur. Mə‘rifət isə bunun arxasındadır, Məruf (tanınan, Allah – K.B.) isə bunun arxasındadır. Haqq Haqdır, xəlq – xəlqdir, vəssalam”.
Eyni mövqeni, yəni ayrı-ayrı hərflər, yaxud sözlər vasitəsilə öz fəlsəfəsini – Yaradanın məhz onun ruhuna üflədiyi həqiqəti bəyan etməyi başqa sufi mütəfəkkirlərdə də rast gəlmək mümkündür. Nəsimi də bu üsuldan istifadə edib, yəni öz düşüncəsini çatdırmaq üçün hərflərdən açar kimi istifadə edib. Hərflərə belə yanaşma olanda düşüncə, təbii ki, "kəsik hərflər”lə məhdudlaşmır və bütün hərflərə şamil edilir. Yəni hər hərfin müəyyən bir ilahi həqiqətin açarı olmaq "missiyası” var. Axı, müəllifliyi İbrahim peyğəmbərə şamil edilən qədim "Yaradılış Kitabı”nda (Yetsir Səfəri) Allah təalanın məhz 32 yolla (22 hərf və 10 gizli yol) xəlq etdiyi deyilir.
Yaradanın hikməti nə qədər sonsuz olursa olsun, insan yalnız öz düşüncəsi hüdudunda nə isə anlamağa qadirdir. Bu hüdudu təyin edən hərflərdir. Axı hətta irrasional təfəkkürün də anladıqları müəyyən hərflər vasitəsilə ifadə olunur. Biz hərf deyəndə həm sözün, həm səsin, həm də rəqəmlərin ilk anını, başlanğıcını və ifadəsini nəzərdə tuturuq. Nəsiminin təbiri ilə desək,

Nunü eynin, mimü dalın tilkə ayatül-kitab,
Lövhi-məhfuz oldu üzün, hüvə Qur’anün mübin.

Şeirlərdə söhbət əsasən 32 və 28 hərfdən (samitindən) gedir. Bu hərflərin sayı haqqında kifayət qədər sanballı tədqiqatlar var, hətta 32-nin fars deyil, məhz türk əlifbasındakı hərflərin sayına işarə edilməsi faktı da vurğulanıb. Biz məsələyə nisbətən fərqli tərəfdən işıq salaq.
Qədimdən bəri hərflərə münasibətdən belə nəticə çıxartmaq olar ki, məhz ehtiva etdikləri həqiqətlərə istinadən müqəddəs mətnlərin hərfləri də müqəddəs hesab edilib. Bununla yanaşı, insan həqiqəti hansı dildə dərk edirsə, ruhu Yaradanla hansı dildə ünsiyyət qurusa, o dilin hərfləri də ilahi həqiqətin açarı rolunu oynayır. Azərbaycan dilinin əlifbası 32 hərfdən (9 sait 23 samitdən) ibarətdir. Nəsimi dönəmində də 32 idi (yalnız samitlər). Sələflərimizin məntiqi ilə düşünsək, bizim üçün bu gün müqəddəsliyə aparan yollar məhz bu hərflərdən başlamalıdır. Bununla yanaşı, əhəmiyyətli bir incəlik unudulmamalıdır – müqəddəs kitabın əlifbası. Nəsimi düşüncəsini izləsək, belə qənaətə gəlmək olar ki, o, Qurani Kərimin öyrətdiklərini 28, öz ruhuna üflənən həqiqətləri isə 32 hərflə dərk edib. Axı, "ənə`l-Həqq” zirvəsinə ucalan insanın ruhu ayrıca Yaradanından da nələr isə öyrənir. Bax, o öyrəndikləri ana dilinin hərflərində olur! Onun "Otuz iki” rədifli şeirindəki kimi desək,

Vəhyü ilhamü ya nəbiyyü vəli,
Verən, alan əyan otuz ikidir.


Hərflərin Nəsimi təqdimatı

Nəsimi hərflərə iki cür müraciət edir – bütöv sözləri hərf-hərf çözməklə və ayrı-ayrı hərfləri izah etməklə. Söhbət burada heç də həmişə Qurani Kərimin "kəsik hərflər”indən getmir. Onu da əlavə edək ki, Nəsimi məhz müvahhid, yəni Allahın vahid olduğunu qəbul edən insan (!) mövqeyindən yazır:
Üzündə gərçi ayəti oldu otuz iki,
Hər birisi müvəhhidə yüz min nişan olur.
Axı, bütün yazılanlar, hətta Yaradana qoyulan adlar da məhz insanın düşüncəsinin məhsuludur, yaxud onun idrakı üçün verilən bələdçidir. Nəsiminin şeirlərinin birində insan-Yaradan münasibətini belə göstərir:
Bavü sin mim üçün bəşarətdir,
Əlifü lamü ha işarətdir.
Allah Təalanın zatı bütün hərflərin, adların fövqündədir. Hətta Onun adındakı "Əlifü lamü ha” hərfləri Allahın özünü ifadə edə bilməz. Ancaq Onun adı ("bismi”) – "ba sin mim” Haqqın – Allahın – əlif-ləm-ha yoluna düzələn bəşər üçün işarədir.

Bil ki, mə’nası: münzil oldu kitab,
Bu, banın nöqtəsində surətdir.


Hz. Əlinin məlum kəlamında deyilir ki, "Quranın mənası Fatihədə, Fatihəninki bismillahda, bismillahınkı bə hərfindədir. Mən bə hərfinin nöqtəsiyəm”. Əvvəla, bütün ariflərin leksikonunda olduğu kimi, Hz. Əlinin də "Mən”i bütün kamil insanlara şamil edilir. İkincisi, Nəsiminin də iddiasına görə, həm Yaradana, həm yaradılmışa işarə edən hərflərin başlanğıcı nöqtədir. O nöqtə İnsandır. Bu yaradılmış dünyanın dərkinin başlanğıcı və sonu olan İnsan! Bütöv bir həqiqətin yanında nöqtə qədər kiçik, ancaq nüvə qədər vacib olan İnsan! Bütün mikrokosmun ehtivası kimi makrokosm olan İnsan! Məhz bu məqamdan çıxış etməklə, 32 hərfin insan üzündə və bütün varlığında əks olunması faktını anlamaq mümkündür:

Otuz iki hürufu kim, üzündən həqq əyan etdi,
Bəşarət bu idi həqdən, xətdindən tavü ha gəldi.


"Ta ha” Qurani kərimin 20-ci surəsinin ilk "kəsik hərfləridir”. Lakin beytdə daha böyük bir mətləb gizlidir. Surənin bir ayəsində deyilir: "Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur”. Bu surə Musa peyğəmbər nümunəsində Allahın istədiyi bəndəsinə yardım etdiyini və ona ilahi həqiqətləri açmasını bəyan edir. Növbəti ayədə də deyildiyi kimi, "Sən ucadan söyləsən də, gizlətsən də, O sirri və gizlini bilir”. Bəli, insan özü bilsə də, bilməsə də, bunu bəyan etsə də, etməsə də, o, özündə 32 hərfin – yaradılışın, Haqqın həqiqətini özündə ehtiva edir.
Burada diqqət yerilməli daha bir məqam Nəsiminin "ta vu ha”nın xətdən gəlməsini bildirməsidir. Həllac "Ta va sin” əsərində yazır: "Nöqtə hər xəttin əslidir (təməlidir), xətt tamamilə nöqtələrin toplusudur. "Xətt üçün” nöqtə vacibdir, nöqtə üçün xətt. Hər düz və ya əyri xətt nöqtənin özündən hərəkətlidir. Onun üzərində yerləşən hər bir şeyi hər kəs görür və o, iki nöqtə arasında nöqtədir. Bu, müşahidə edilən və gözlə görülən hər bir şeydə Haqqın təcəllisinin görünməsinin dəlilidir. Buna görə də söylədim: "Mən bir şeydə Allahdan savayı bir şey görmədim”. Ta və ha Allahdan bəndəsinə uzanan həqiqət xəttinin üzərində yalnız iki nöqtədir. İnsan məhz belə nöqtələri dərk edə-edə bütöv xətti görə, dərk edə bilər və kamil məqama çatar.
Belə günün etmək olar ki, hər hərfin özünün bir hikmətə açar olması ideyası ilə Nəsimi 28 və 32 hərfin hər birinə həsr olunan bir neçə beyt yazıb. Əslində, bu üslub, yəni hərflərin "yozulması” – "akrostix” qədim dövrdən məlumdur. İlk hərflərlə gizli dua bildirər, yaxud bir ada işarə edilərdi. Sonralar şairlər bundan geniş istifadə etməyə başladılar. İslam alimləri hərfləri kitablarının başlığı kimi də istifadə edirdilər. Təbii ki, Nəsimi də bu ənənədən kənarda qalmayıb. Məsələn, onun şeirlərinin birində Allahın təkliyinin rəmzi olan əlif haqqında deyir:

Əlif – Allah, sidrə boyun münəhadır müntəha,
Çün cəmalındadır ərrəhman aləl-ərş istiva.


Yeri gəlmişkən, vurğulayaq ki, həm Allah və Əhəd (tək – Allahın adlarından biri) sözlərinin ilk hərfi olmasına, həm də bir (1) rəqəmini ifadə etdiyinə görə, əlif hər zaman Yaradana işarə edir. Nəsimi şeirlərində çox sadə yol tutur – hər hərfi onunla başlayan sufi terminlə izah edir. Məsələn, sad – sadiq, fə – fəna, kəf – kəlimullah və beləcə hər biri haqqında bir neçə şərh. Başqa sözlə desək, Nəsimi hərflər vasitəsilə gah aşiq, gah da arif kimi öz düşüncələrini dilə gətirir. Axı, insan yalnız ilahi varlıq deyil, həm də bir sosial, bioloji varlıqdır və hərflər də buna işarə edir. Beləcə, Nəsimi hərflərə həsr etdiyi beytlərdə yalnız irfandan danışmır, öz hisslərini də dilə gətirir.
Nəsimi hərflərin zahiri görkəmini də nəzərdən qaçırmır. Əhəmiyyətli məqamdır ki, burada ön plana onların yazılış şəkli olsa da, yenə də batini məna unudulmur. Məsələn, qaşların "qabi-qövseyn”ə – iki yaya bənzəməsi nə qədər poetik səslənsə də, işarənin Qurani-Kərimdə könülün Yaradana "iki yay məsafəsi qədər yaxınlaşması” (Quran 53/9) daha əhəmiyyətli məqamdır. Maraqlı bənzəyişlərdən biri də əlif-nun (nunü-əlif) tandemidir.

Fatihədir anın üzü, nunü əlifdir ayəti,
Səllü və səlləmü əla surəti-canfəzayinə!

Qurani Kərimin 68-ci surəsi nun-la və "And olsun qələmə” ayəti ilə başlayır. Həllacın məlum ifadələrinin birində deyir ki, "Yazan da, Yazdıran da Allahdır, mən və əlim sadəcə alətik”. Zahiri bənzəyişi və ehtiva etdiyi həqiqəti qarşılaşdıranda belə bir məna güman etmək olur: Əlif – Allahın təkliyinin rəmzidir, eyni zamanda qələmə bənzəyir, Yazandır. Nun isə mürəkkəb qabına bənzəyir, həqiqət aləmidir. Deməli, əlif-nun Yaradanın yazmağının, yaratmağının rəmzidir. Maraqlı məqamlardan biri də beytdəki nunü-əlif ərəb dilində "biz” mənasında olmasıdır. Qurani Kərimdə Yaradan daha çox "biz” adı ilə danışır. Burada diqqəti Nəsiminin, o cümlədən digər ariflərin də tez-tez müraciət etdiyi "Fəth” surəsinin birinci "İnnə fətəhnə” – "həqiqətən biz qələbə qazandırdıq” ayəsinə yönəldək.

Surətin mahiyyətin təfsir edər inna-fətəh,
Hüsnünün keyfiyyətidir bəs əla-xülqil-əzim.

Axı, insan yalnız Yaradanın ona verdiyi imkanlar hüdudunda nə isə dərk edib, yaradan ola bilər.
Əvvəldə dediyimiz bir fikrə təkrar qayıdaq: Nəsimi məhz Allahını tanıyan, yaradılışını dərk edən İnsan mövqeyindən çıxış edir. Bu maddi dünyanın faniliyini, mənasızlığını göstərən beytlərin birində şair deyir:

Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif,
Tərkibinə gəl bax anın, şol yavü nunü dalına.


Qəribədir ki, "ya nun dal” – (bu) dünya sözünün tərkibində əlifin – Yaradanın olmamasını da onun mənasızlığı sırasına yazır. Bəli, dünya məhz yaradılmışdır, əzəli deyil.
Nəsimi poeziyası başdan başa hərfərin sirrinin bəyanıdır və o, bunu məntiqli şəkildə, Qurana istinad edərək və bir an olsun əlif-siz – Allahsız qalmadan edir.

"Ol” əmrinin Nəsimi poeziyasında əks-sədası

Nəsimi tez-tez kəf və nun hərflərinə – yaradılış prosesinin əvvəlinə müraciət edir. Qurani-Kərimin Yasin surəsinin 82-ci ayəsində Allah Təalanın bir şeyi "Ol” – "Kun” – əmri ilə var edir.

Kafü nun əmrindən oldu mayəkun məkan ilə,
Gər bu lövhün əbcədisən, nun ilə kafın qanı?


Yaradan hər şeyi yoxdan məhz bu əmrlə, Nəsiminin təbiri ilə desək, bu iki hərflə var edir. Onu da əlavə edək ki, bu əmr Yaradanın həm Zatı, həm sifəti – sözüdür.

Kafü nun əmrində oldu kainat,
Həm sifatdır kafü nun, həm eyni-zat.
Kafü nundan vacib oldu mümkünat,
Bil ki, sənsən aləmi-zatü sifat.


Ancaq Nəsimi daha da dərinə gedir və İnsanın da bir yaradan olmağına diqqət çəkir. Allah Təalanın yaratdıqlarını tanıdan hərflər/sözlər, rəqəmlər, səslərdir. Şair sözün üzərində dayanır:

Kafü nundan vücuda gəldi cahan,
Əgər anlar isən, əyandır söz.


Hər şey adı ilə tanındığı kimi, İnsanın da kimliyi, dəyəri, missiyası məhz dediyi Sözlə bəlli olur. Bəli, İnsan Yaradanın xəlifəsi olaraq özü də bir yaradandır, sadəcə Onun qoyduğu hədd çərçivəsində və Onun verdiyi imkanlarla. Kafi-nun-la xəlq edilən insan üçün söz həm öz yaratdığıdır, həm də yaratmasının vasitəsidir. Bu baxış bucağından götürəndə, söz məhdud deyil, təfəkkürün ölçüsünə görə böyüyə, kiçilə bilər.
Qurani Kərimdə deyildiyinə görə, "Yer üzündə ağaclar qələm, dənizlər mürəkkəb olsa, bunun yeddi qatı da əlavə edilsə də, Allahın kəlmələrini yazmağa yetməz” (Quran 18/109, 31/27). Belə bir sonsuz dəryadan qidalanan ruhun, Yaradanın yer üzündəki xəlifəsinin deyəcəyi söz bitərmi?! Ən nəhayət, İnsan özü bir nöqtədən yaranan Sözdür.

Mən ərş ilə fərşü kafü nunam,
Mən şərhü bəyan, bəyan mənəm mən!


Məlum qüdsi hədisdə deyilir ki, "Mən gizli xəzinə idim (kuntu kənzən – K.B.), tanınmaq istədim və xəlqi yaratdım”. Yaradanı tanıdan yaratdıqlarıdır, çünki hər varlıqda onun Yaradanının izi var. İnsan həmin izi, nişanəni nəinki açan, tanıdan tək varlıqdır, eyni zamanda, o nişanənin özüdür:

Həqdən gələn kəlamın mö’cüzdür, ey Nəsimi,
Sənsən ki, küntü kənzin əsrarına bəyansan.


Bəli, Nəsimi əmindir ki, hər sözü ilahi qatdandır və bu dili, bu varlığı, bu idrakı ilə məhz "tanınmaq istəyən Yaradanın” bəyanıdır. Maraqlı bir məqam yaranır, Allah tanınmaq istədi və yaratdı və bütün qüdrətini tanıtmaq üçün insanı yaratdı.

Kövni-məkandır ayətim, zatidürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam.

Bu məqalə hər qəzəldən bir misra, bir beyti ancaq ehtiva edə biləcək həcmdədir. Nəticədə, Nəsimidən yaza-yaza onun üslubunu mənimsəmiş olduq – hər mətləbə bir işarə verib digərinə keçdik. Onu da vurğulayaq ki, yazdıqlarımız bütöv bir mənzərənin, daha doğrusu, bir həqiqətin hissələri, sözləridir. Bəzən belə güman edirlər ki, Nəsiminin Qurani Kərimlə əlaqəsini, ondan qidalandığını inkar etməklə onun düşüncəsinin azadlığını, sonsuzluğunu sübut edirlər. Halbuki, unutmaq olmaz ki, Qurani-Kərim zahiri dünyanın həqiqətlərinə yönəltməklə yanaşı, bilavasitə insanın batini dünyasını da anladan bir Kitabdır. İnsanın sadəcə ətdən-sümükdən deyil, həm də ruhdan-könüldən ibarət olduğunu da bəyan edən müqəddəs Kitabdır. İnsana belə bir böyük qüdrət sahibi olduğunu hiss etdirən də Qurani Kərimdir:

Mən mülki-cahan, cahan mənəm mən!
Mən həqqə məkan, məkan mənəm mən!

...
İnsanü bəşərsən, ey Nəsimi,
Həqq der ki, haman, haman mənəm mən!


Könül Bünyadzadə





banner

Oxşar Xəbərlər