Neftin qiymətində dalğalanma olacaq, yoxsa...

Neftin qiymətində dalğalanma olacaq, yoxsa...

İqtisadiyyat
20 Sentyabr 2019, 19:17 184
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə neft bazarındakı hazırkı vəziyyəti müzakirə edib. AZƏRTAC xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov "Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo ilə Səudiyyə Ərəbistanında baş verən son proseslər fonunda neft bazarındakı vəziyyəti müzakirə edib: "Yaxın müddətdə nə OPEC, nədəki "OPEC+” səviyyəsində hər hansı təcili iclasın keçirilməsi gündəmdə deyil".
Bəs görəsən bu proseslərin fonunda neftin qiymətində ciddi dalğalanmalar gözlənilirmi? Ümumiyyətlə, bundan sonra qiymətləri hansı faktorlar müəyyən edəcək?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, OPEC-in baş katibinin fikirləri Səudiyyə Ərəbistanında yaşanan hadisənin  kontekstində səsləndirilib. Bazar iştirakçıları və rəsmilər hesab edir ki, OPEC Səudiyyə Ərəbistanında yaranan problemlə bağlı təcili toplantı keçirərək dünya bazarlarında neftin qiymətində müəyyən mövqe ortaya qoymalıdır: "Bu gözləntilərin fonunda qeyd olunan fikirləri səsləndirilib. Məsələ burasındadır ki, bir neçə gündür, dəyən zərərin həcmi ilə bağlı müəyyən dəqiqləşmələr aparılır və aradan qaldırılması istiqamətində işlər görülür. Bu informasiya dünya bazarlarında vəziyyətin müəyyən qədər  stabilləşməsinə öz təsirini göstərir. Amma indiki halda bazarlarda qiymətlərdə dalğalanma ehtimalı çox yüksəkdir. Bu hadisədə İranın ABŞ tərəfindən günahlandırılması, eyni zamanda sanksiyaların yenidən gündəmə gəlməsi məsələsini yenidən aktuallaşdırdı. Toplantının gündəmdə olmamasını bildirməklə, OPEC  bazar üçün vəziyyətin bir o qədər də təhlükəli olmadığı mesajını verir. Yəni demək istəyirlər ki, narahatlığa əsas yoxdur. Müvafiq tələblər yerinə yetiriləcək və bazara müvafiq həcmdə neft təklif olunacaq. Səsləndirilən fikirləri mesaj kimi də qiymətləndirmək olar. Digər tərəfdən, bu açıqlama müəyyən qədər fikir qarışıqlığına da səbəb ola bilər. Çünki OPEC daxilində də ciddi fikir ayrılıqları var. Xüsusilə, Səudiyyə Ərəbistanı ilə OPEC-in digər ölkələri arasında anlaşılmazlıq var. Təşkilat bu məsələdə vahid mövqe ortaya qoya bilmir. Bu məqam bazarda qiyməti artıran istiqamətdə təzyiq formalaşdıra bilər. İstənilən halda növbəti həftə ərzində neft bazarrında qiymət sabitləşəcək. İndiki halda hər hansı ciddi dalğalanmanın və qiymət sıçrayışlarının olacağını düşünmürəm. İlin sonuna qədər qiymətlər 60 dollar ətrafında dəyişə bilər. Qısamüddətli qiymət artımları da ola bilər. Amma ümumi qiymət aralığı 55-60 dollar dəhlizində olacaq”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, Səudiyyə Ərəbistanında baş verən hadisə olduqca ciddi məsələdir: "Bundan əvvəl neftin qiymətində bir müddətlik də olsa, sabitlik yaranmışdı. Monitorinq komitəsinin iclasında belə bir razılığa gəlindi ki, qlobal neft bazarlarının 2020-ci ildə gözləntiləri daha geniş şəkildə dekabr ayında keçirilən zirvə toplantısında müzakirə olunacaq. Çünki monitorinq komitəsində bir o qədər də ciddi qərarlar qəbul edilmədi. Sadəcə olaraq Vyana sazişinin şərtləri bir daha nəzərdən keçirildi və iştirakçıların, götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirdikləri müzakirə olundu. İcra müddəti 2020-ci ildə başa çatacaq sazişin yenilənməsinə qədər bəzi məsələlər yenidən müzakirə olunacaq. Bu hadisədən sonra qlobal neft bazarında haqlı narahatlıqlar yarandı. Qiymətlərdə müəyyən sıçrayışlar müşahidə olundu. Səudiyyə Ərəbistanında bu hadisəyə qədər sutkalıq ixrac həcmləri 6,8 milyon barel təşkil edirdi. İndi bu ölkənin ixrac imkanlarında müəyyən məhdudiyyətlər yaranıb. Ölkə rəsmiləri həm Asiya, həm Aralıq dənizi, həm Avropa və Amerikadakı müştərilərinə əvvəlcədən xəbərdarlıq etdi ki, ixrac həcmlərində ciddi problem yaranmayacaq. Amma mütəxəssislər fərqli fikirlər səsləndirir. Səudiyyə Ərəbistanının 2 markalı – yüngül və ekstra yüngül ərəb neftinin ixrac imkanlarında ciddi problemlər yaranmağa başlayıb. Beynəlxalq informasiya agentlikləri bildirirlər ki, sözügedən ölkədə baş verən qəzadan sonra 20 milyon barrel həcmində neftə ehtiyac yaranıb. Bütün bu informasiyalar bazarda müəyyən siqnallar yaradır”.
Ekspert qeyd etdi ki, vəziyyət yalnız qəzanın nəticələri aradan qaldırılandan sonra  normallaşacaq. Çünki bu qəzanın miqyası olduqca genişdir: "Bundan sonra hər şey bərpa işlərinin sürətindən asılı olacaq. Neftin qəbul məntəqəsi mürəkkəb texnoloji proseslərlə idarə olunur. Əgər texnoloji qurğulara ciddi zərbə dəyibsə, onların dəyişdirilməsi, yaxud bərpa olunaraq sənaye istismarına qaytarılması xeyli vaxt tələb edəcək. Bu müddət ərzində qlobal neft bazarları tələb olunan tədarük həcmlərini bazara çıxarmalıdır. Bunun hansı vasitələrlə gerçəkləşəcəyini əvvəlcədən demək çətindir. Əgər Səudiyyə Ərəbistanı özünün kommersiya imkanlı neft ehtiyatlarına əl atarsa, vəziyyət yüngülləşə bilər. Çünki bu ölkənin həm daxilində, həm də xaricində - Yaponiyada, Misirdə və Niderlandda  kifayət qədər həcmdə neft ehtiyatları mövcuddur. Amma bu neft həcmlərinin hansı markada olmasını müəyyən etmək lazımdır. Əgər bazara tələb olunan nefti çıxarmaqda çətinlik yaranarsa, OPEC-in digər üzvləri və Vyana sazişinin iştirakçıları tədarük həcmlərini çıxara bilələr. Məsələn, İraq, BƏƏ, Küveyt, Rusiya, Qazaxıstan kimi ölkələrin imkanlarından istifadə etmək olar. Təqribən bir ay müddətində bazarda neftin qiymətində müəyyən dalğalanma ola bilər. Bunun əsas səbəbi isə məlum qəza hadisəsidir. Yəni digər səbəbləri axtarmaq lazım deyil. Qiymətlərə, gələcəkdə siyasi və eyni zamanda yaxın Şərqdəki vəziyyətlər də təsir edə bilər. Əgər fars körfəzində hərbi qarşıdurma baş verərsə, neft bazarı daha bir ciddi problemlə üzləşə bilər. Çünki körfəzdə siyasi vəziyyətin gərginləşməsi dünyanın neft təminat və təchizatında ciddi problemlər yarada bilər. Hörmüz boğazı vasitəsi ilə bir il ərzində 16-17 milyon barel neft dünya bazarına çıxarılır. Yəni hadisələrin gedişi siyasi vəziyyətdən asılı olacaq. Qəzadan əvvəl bazarda qiymətlər sabitləşməyə doğru gedirdi. Dekabr ayında OPEC zirvə toplantısında daha təsirli müzakirələr aparacaqdı. Amma bu hadisə OPEC və onun müttəfiqlərini bir qədər çətinə salıb”.

Şəbnəm Mehdizadə