• cümə axşamı, 28 mart, 13:40
  • Baku Bakı 16°C

Neft Fondunun vəsaitləri artmaqda davam edəcək

22.04.16 11:24 2550
Neft Fondunun vəsaitləri artmaqda davam edəcək
Bu ilin 1-ci rübündə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2 milyard 23,1 milyon manat, büdcə xərcləri isə 1 milyard 946,7 milyon manat təşkil edib. Fonddan verilən məlumata görə, 3 ay ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 1 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 4,4 milyon manat olub. ARDNF vəsaitini idarə etməklə isə 148,8 milyon manat gəlir əldə edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı fondun büdcədənkənar gəliri isə 354,1 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 milyard 660 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılıb. 5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil edib.
Beləliklə, 2016-cı il aprelin 1-ə fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 2% artaraq 34 milyard 246 milyon ABŞ dollarına bərabər olub.
Baş verən bütün siyasi və iqtisadi proseslərin fonunda Neft Fondunun ehtiyatlarının artması təbii ki, böyük sevinclə qarşılandı. Bəs vəsaitlərin artmasının əsas səbəbləri hansılardır? Ümumiyyətlə, növbəti rüblər ərzində də müsbət dinamika saxlanılacaqmı? Mütəxəssislərin yaxın gələcək haqqında proqnozlar nədir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qəzetimizə verdiyi açıqlamada bildirdi ki, fondun vəsaitlərinin artmasına bir neçə amil təsir edib: “Burada mühüm olan bir neçə səbəbin adını çəkmək olar. İlk olaraq qeyd etməliyəm ki, neft fondunun 10 milyardlıq aktivi avro ilə saxlanılır. Avronun kursunun dollara nisbətən möhkəmlənməsi isə bizim xeyrimizə oldu və bu kurs dəyişməsi Neft Fondunun ehtiyatlarının artmasında çox böyük rol oynadı. Bundan başqa Neft Fondunun ehtiyatında 30 ton qızıl var. Qızılın qiymətinin artması da fondun ehtiyatlarının artmasında rol oynayan əsas səbəblərdən biridir. Həmçinin ilk dəfə olaraq aktivləri müxtəlif valyutada diversifikasiya etmək fonda gəlir gətirdi. Bu, praktiki olaraq ilk dəfə özünü doğrultdu”.
İ.Şaban qeyd etdi ki, növbəti rüblərdə vəziyyət bir qədər dəyişə bilər: “Cari il üçün Neft Fondunun büdcəsi defisitlə proqnoz edilir. Yəni, 2016-cı ildə gəlirlər xərclərdən az olacaq. Burada əsas məsələ Neft Fondundan büdcəyə olan transfertlər olacaq. Adətən birinci rübə görə konkret olaraq nə isə proqnoz etmək mümkün olmur. Çünki birinci rübdə büdcənin özünün xərcləmələri də az olur. Nazirlər Kabineti nazirliklər üzrə büdcənin xərcləmə layihələrin təsdiq etmir. Maliyyə naziri Samir Şərifov da son müşavirədə qeyd etdi və Dövlət Statistika Komitəsi də açıqladı ki, birinci rübün nəticələrinə əsasən, büdcədə bir milyard manat profisit yaranır. Yəni büdcənin gəliri ilk rübdə xərclərindən çox olur. Lakin ilin digər rüblərində bəzi yeni məqamlar olacaq. Xərcləmələr daha çox olduğuna görə, fonddan büdcəyə daha çox transfertlər olması ehtimal olunur. Ümumiyyətlə, fondun ehtiyatlarının artması məsələsinə neftin qiymətinin artması fonunda da baxmaq lazımdır. Birinci rübdə neftin qiyməti də aşağı - təxminən 36 dollar idi. Digər tərəfdən isə ilk rübdə neftin hasilatı bir o qədər də aşağı düşməmişdi. Hasilat cəmi 1,8 faiz aşağı düşmüşdü. İlin ikinci yarısında neftin qiyməti arta və ortalama təqribən 40 dollardan yuxarı ola bilər. Amma ikinci rübdə neftin hasilatı aşağı düşəcək. Hesab edirəm ki, ümumilikdə Neft Fondunun gəlirlərində ciddi problem olmayacaq”.
İqtisadçı-alim Vüqar Bayramov isə fondun aktivlərinin artmasının vacibliyini vurğuladı: “Fondun ehtiyatlarının artması çox müsbət haldır. Çünki aktivlərin artması sığorta üçün çox vacibdir. Bu da öz növbəsində ölkə iqtisadiyyatına öz müsbət töhfəsini verir. Çünki ARDNF-in aktivləri imkan verir ki, büdcə transferlərini həyata keçirmək mümkün olsun və müxtəlif layihələrin maliyyələşməsi reallaşsın. Ümumiyyətlə, fondun ehtiyatının artmasının əsas səbəblərindən biri daxilolmalardır. Digər tərəfdən isə aktivlərin idarə edilməsindən əldə olunan gəlirlər də artıma təsir edən mühüm amillərdəndir. Menecmentdən əldə olunan gəlirlər bu baxımdan çox vacibdir. Bundan başqa, Neft Fondunun xərcləmələrinə etdiyi qənaət aktivlərin miqdarına ciddi təsir etdi. Praktiki olaraq balans formalaşdırılır və bu, gəlirlilik səviyyəsinin artmasına səbəb olur”.
V.Bayramov bildirdi ki, yaxın gələcəkdə neftin qiymətindəki artım fondun ehtiyatlarının artımındakı müsbət dinamikaya təsir edəcək: “Növbəti dövrdə ARDNF-in gəlirliyi öz xərcləmələrindən asılı olacaq. Həmçinin neftin qiyməti də aktivlərə çox ciddi təsir edəcək. Son iki gündə Brent markalı neftin qiyməti 46 dollara çatıb ki, bu da son aylar ərzində ən yüksək göstərici hesab olunur. Əgər neftin qiymətindəki müsbət dinamika davam edərsə, bu, fondun ehtiyatlarına da müsbət təsir edəcək. Bundan başqa, gələcəkdə qənaət rejimi qorunub saxlanılarsa, bu, gəlirlərin və aktivlərin optimallaşdırılmasına imkan verəcək. Hazırda gəlirlərə uyğun olan qənaət rejiminin tətbiq edilməsi, növbəti dövrlərdə də xərcləmələr baxımından aktivlərin qorunub saxlanmasından ibarətdir. Yaxın gələcəklə bağlı gəlirlərdə artım müşahidə oluna bilər. İlk növbədə vacib olan neftin qiymətidir. Çünki neftin qiyməti fondun gəlirlərinə və aktivlərinə birmənalı şəkildə təsir göstərir. Neftin mövcud qiymət səviyyəsi qarşıdakı rüblərdə də belə olarsa, bu, fonda imkan verəcək öz aktivlərini optimallaşdıra bilsin”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər